Çapel-Hill Şimali Karolina Universiteti
(University of North Carolina at Chapel Hill)
ABŞ-da Şimali Karolina ştatının ən tanınmış
şəhəri olan Çapel-Hilldə yerləşir və ştatın ən
böyük dövlət universitetidir.
Böyük Britaniyanın "Times Higher Education
Supplement - QS World Universities Rankings"
jurnalının 2009-cu ildə apardığı dünya
universitetlərinin reytinqinə əsasən, Çapel-Hill
Şimali Karolina Universiteti 100 ən yaxşı ali
məktəb arasında 78-ci yerdə olub. 2010-cu il
üzrə dünyanın ən nüfuzlu universitetləri
arasında Çapel-Hill Şimali Karolina Universiteti
"Times Higher Education World University
Rankings"in apardığı araşdırmaya əsasən 30-cu,
"QS World University Rankings"in açıqlamasına
görə isə 57-ci yerdə qərarlaşıb.
Tarixi
1789-cu
il dekabrın 11-də Şimali Karolina ştatının Baş
Assambleyası yeni universitet yaradılması
haqqında qanun qəbul edir. 1793-cü ildə şəhər
kənarındakı qədim kilsə dağıntılarının yanında
universitetin ilk təməli qoyulur və artıq
1795-ci ildə Şimali Karolina Universiteti
tələbələrini qəbul edir.
ABŞ-da vətəndaş müharibəsi dövründə Şimali
Karolina ştatının əhalisi çox itki verir.
1870-ci ilin dekabrından 1875-ci ilin
sentyabrınadək Şimali Karolina Universiteti
fəaliyyətini bərpa etmək məqsədi ilə bağlı qalır.
1963-cü ildə bu ali məktəbdə oğlanlarla qızların
birgə təhsilinə keçid baş tutur. Nəticədə Qadın
Kolleci Qrinsboro Şimali Karolina Universiteti,
Şimali Karolina Universiteti isə Çapel-Hill
Şimali Karolina Universiteti adlandırılır.
1960-cı ildə ali məktəbin kampusunda
vətəndaşların bərabər hüquqlarının təmin
olunması, irqi ayrı-seçkiliyin aradan
qaldırılması məqsədilə etiraz aksiyaları
keçirilir. 1964-cü ildə "Vətəndaş hüquqları"
haqqında qanun qəbul olunanadək şəhərdə kütləvi
aksiya və iğtişaşlar davam edir.
Büdcəsi və təhsil haqqı
2010-cu
ildə Çapel-Hill Şimali Karolina Universitetinin
ianə fondunun gəlirləri təxminən 2 milyard ABŞ
dolları təşkil edib.
2010-2011-ci tədris ilində Çapel-Hill Şimali
Karolina Universitetinin bakalavr pilləsində
təhsil haqqı yerli tələbələr üçün ildə 7008,
əcnəbi tələbələr üçün isə 26834 ABŞ dolları olub.
Magistratura və doktorantura səviyyələrində
yerli tələbələrin təhsil haqqı ildə 8646, əcnəbi
tələbələrin təhsil haqqı isə 24332 ABŞ dolları
arasında dəyişib.
2010-2011-ci tədris ilində Çapel-Hill Şimali
Karolina Universitetində oxumaq üçün bakalavr
səviyyəsində yerli tələbəyə təhsil haqqı daxil
olmaqla ümumilikdə 20660, əcnəbi tələbəyə isə
41140 ABŞ dolları lazım gəlib. Həmin vəsaitin
5520 ABŞ dollarına yataqxana, 1150 ABŞ dollarına
kitab və dərs ləvazimatları, 750 ABŞ dollarına
nəqliyyat, 926 ABŞ dollarına tibbi sığorta, 5306
ABŞ dollarına isə digər xərclər daxildir.
Magistratura və doktorantura səviyyələrində
təhsil alan yerli tələbələrə təhsil haqqı daxil
olmaqla ümumilikdə 29984, əcnəbi tələbələrə isə
45670 ABŞ dolları tələb olunur. Bu məbləğin
11040 ABŞ dollarını yataqxana, 1150 ABŞ
dollarını kitab və dərs ləvazimatları, 1404 ABŞ
dollarını nəqliyyat, 926 ABŞ dollarını tibbi
sığorta, 6818 ABŞ dollarını isə digər xərclər
təşkil edir.
Çapel-Hill Şimali Karolina Universiteti
tələbələrə ayırdığı Morhed-Kain təqaüdü ilə
tanınır. Bu təqaüd təhsil haqqı, yataqxana və
qida, kitab və dərs ləvazimatları və s. 4 illik
xərcləri tamamilə ödəyir. Eyni zamanda ali
məktəb Robertson, Trumen, Qolduoter, Mitçell,
Çerçill, Fulbrayt, Marşall, Udoll, Mellon təqaüd
proqramları ilə də öyünə bilər.
Universitet bu gün
Çapel-Hill
Şimali Karolina Universitetinin kampusu 729 akr
(3 km2) sahəni - Polk və MakKorkl ərazilərini
əhatə edir. Polk ərazisi universitetin məzunu
olmuş ABŞ-ın 11-ci prezidenti Ceyms Polkun,
MakKorkl ərazisi isə universitetin nizamnaməsi
olan qanun layihəsini işləmiş Samuel Eusebius
MakKorklun şərəfinə adlandırılıb. Qeyri-rəsmi
olaraq ali məktəbin kampusu Şimali, Mərkəzi və
Cənubi şəhərciklərə bölünüb. Şimali kampusda
Pit, Frenk Porter Qrem Tələbə Təşkilatı binaları,
Uilson kitabxanası yerləşir. Mərkəzi kampusda
Fetzer Fild, Vullen Gimnaziyası, Kenan
Memorial, Boşamer stadionları, Eddi Smit Fild,
Karmaykl auditoriyası, Hökumət, Hüquq məktəbləri,
Sonya Haynes Ston Qaraların Mədəniyyəti və
Tarixi, Corc Uotts Hill Məzun mərkəzləri və s.
binalar yerləşir. Cənubi kampusda kişilər
üçün Din Smit basketbol mərkəzi, Tibb Məktəbi,
universitet xəstəxanaları, Kenan-Fleqler Biznes
Məktəbi, ən yeni yataqxanalar yerləşir. Ali
məktəbin ərazisindəki ən məşhur tikililərdən
biri 1916-cı ildə Uilyam Şekspirin 300 illiyi
şərəfinə tikilmiş açıq Meşə teatrıdır. Daşdan
olan amfiteatrın səhnəsi təpənin aşağısında sıx
ağacların arasında, oturacaqları isə təpədə
yerləşir.
Çapel-Hill Şimali Karolina Universitetinin Yeni
Peyk kampusu 2007-ci ildə Horas Uilyams
aeroportunun yerində tikilib. Burada yeni
elmi-tədqiqat parkı, yataqxanaların tikintisi
həyata keçirilir.
Çapel-Hill
Şimali Karolina Universitetinin simvollarından
biri qədim Fontanın yerində tikilmiş klassik
rotonda (girdə və ya yarımgirdə qübbəli kiçik
bina) - Qədim Bulaq tikilisidir. Bu bina Qədim
Şərq və Qədim Qərb yataqxana komplekslərinin
arasında, MakKorkl ərazisinin cənubundakı
qazonun yaxınlığında yerləşir. Rotondada içməli
su bulağı quraşdırılıb. Deyimə görə, bu bulaqdan
su içən birinci kurs tələbəsini bütün təhsili
boyu uğurlar gözləyir. Ali məktəbin digər
simvolu isə Davie-Pappel - 300-375 yaşı olan
qovaq ağacıdır. Digər deyimə görə isə bu ağac
mövcud olduqca Çapel-Hill Şimali Karolina
Universiteti də çiçəklənəcək və inkişaf edəcək.
Bunun üçün ağac betonla möhkəmləndirilib və
troslarla ətraf ağaclara birləşdirilib.
Çapel-Hill Şimali Karolina Universitetində 14
məktəb, eləcə də İncəsənət və Dəqiq Elmlər
Kolleci fəaliyyət göstərir. Universitet 77
bakalavr, 107 magistr, 69 doktorluq və 6 peşə
proqramı təklif edir.
İncəsənət və Dəqiq Elmlər Kolleci universitetin
ən böyük akademik bölməsidir. Kollec Afrika və
Afro-Amerika tədqiqatları, Amerika, Asiya
tədqiqatları, İngilis və müqayisəli ədəbiyyat,
German, Roman, Slavyan dilləri və ədəbiyyatları,
Linqvistika, Antropologiya, İncəsənət, Dramatik
incəsənət, Klassika, Musiqi, Fəlsəfə,
Psixologiya, Sosiologiya, İlahiyyat,
Kommunikativ tədqiqatlar, Tarix, Biologiya,
Kimya, Dəniz elmləri, Şəhər və regional
planlaşdırma, İqtisadiyyat, Coğrafiya, Geologiya
elmləri, Aerokosmik tədqiqatlar, Kompüter
elmləri, Riyaziyyat, Fizika və astronomiya,
Fiziki tərbiyə və idman elmləri, Hərbi elmlər,
Hərbi-dəniz elmləri, Siyasi elmlər, İctimai
siyasət, Statistika və əməliyyatlar tədqiqatları,
Qadın tədqiqatları fakültələri, Afrika, Qədim
Dünya tədqiqatları, İncəsənət və Dəqiq Elmlər
Fondu, Karolina Asiya, Yaxın Şərq və Müsəlman
Mədəniyyəti, Yəhudi Tədqiqatları, Karolina
Sahibkarlıq Təşəbbüsü, Cəmiyyət Birliyi, Avropa,
Slavyan, Avrasiya və Şərqi Avropa tədqiqatları,
Şəhər və Regional Tədqiqatlar, Uinston Haus
Avropa Tədqiqatları, Ceyms Conston Bakalavr,
Əlillərin Tədrisi, Luis Harris Verilənlər Arxivi,
Parr Etika, Pleymeyker, Cinsi Tədqiqatlar
mərkəzləri, İncəsənət və Humanitar Elmlər,
Amerika Tədqiqatları, Açıq Dram institutlarından
ibarətdir.
Stomatologiya
Məktəbi Stomatoloji ekologiya, Diaqnostika
elmləri və ümumi stomatologiya, Endodontiya,
Cərrahiyyə stomatologiyası, Ağız və üz-çənə
cərrahiyyəsi, Ortodontiya, Uşaq stomatologiyası,
Parodontologiya, Protezləşdirmə fakültələrindən
ibarətdir. Məktəbdə bakalavr səviyyəsi üzrə Diş
gigiyenası, Stomatoloji gigiyena, Ümumi
stomatologiya üzrə təhsilin davam etdirilməsi,
Stomatoloji yardım, Ağız və üz-çənə cərrahiyyəsi,
magistratura səviyyəsində Endodontiya,
Stomatoloji gigiyena təhsili, Stomatoloji
cərrahiyyə, Ağız və üz-çənə cərrahiyyəsi,
Ortodontiya, Uşaq stomatologiyası,
Paradontologiya, Protezləşdirmə, doktorluq
səviyyəsi üzrə Ağız biologiyası, Ağız
epidemiologiyası, doktorluqdansonra isə Ağız
xəstəliklərinin kliniki tədqiqatları proqramları
təklif edilir.
Eşelman Əczaçılıq Məktəbində Tibbi kimya və
təbii məhsullar, Molekulyar əczaçılıq,
Farmakoterapiya və eksperimental terapiya,
Əczaçılıq nəticələri və siyasəti, Əczaçılıq
təcrübəsi və eksperimental təhsil
departamentləri, İnteqral Kimyəvi Biologiya və
Dərman Kəşfləri, Dərman Çatdırılması
Nanotexnologiya, Əczaçılıqda Pedaqoji Üstünlük
mərkəzləri, Farmakogenomika və İndividual
Terapiya İnstitutu fəaliyyət göstərir.
Tibb Məktəbində fundamental elmlər üzrə Qarışıq
tibbi elmlər, Biokimya və biofizika, Biotibbi
mühəndislik, Hüceyrə və inkişaf biologiyası,
Hüceyrə və molekulyar fiziologiya, Genetika,
Mikrobiologiya və immunologiya, Patalogiya və
laborator tibb, Əczaçılıq, Sosial tibb
departamentləri, kliniki elmlər üzrə isə
Anesteziologiya, Dermatologiya, Təcili tibbi
yardım, Ailə tibbi, Tibb, Nevrologiya,
Neyrocərrahiyyə, Qidalanma, Mamalıq və
ginekologiya, Oftalmologiya, Ortopediya,
Otolarinqologiya, baş və boyun cərrahiyyəsi,
Patalogiya və laborator tibb, Pediatriya, Fiziki
tibb və reabilitasiya, Psixiatriya, Radiasiya
onkologiyası, Radiologiya, Cərrahiyyə
departamentləri, 50-dən çox elmi-tədqiqat
mərkəzi, institut və xəstəxana mövcuddur.
Tibb
Bacısı Məktəbinə Səhiyyə, Ailə sağlamlığı, Yaşlı
və geriatrik sağlamlıq, Tədqiqat, Əməkdaşlıq və
təcrübə bölmələri daxildir. Məktəbdə tədqiqatlar
əsas beş sahə üzrə aparılır: Profilaktika,
xroniki xəstəliyin və digər xəstəliklərin
müalicəsi, Səhiyyə və xəstələrin müalicə
nəticələrinin keyfiyyətinin yüksəldilməsi,
Anlayış, biodavranış, xəstəlik və sağlamlığın
genetik əsasları, Elmlərə innovativ yanaşma və
onun təcrübədə istifadəsi.
Gillinqs Qlobal İctimai Səhiyyə Məktəbinin
Biostatistika, Ekologiya və texnika,
Epidemiologiya, Sağlamlıq üzrə davranış və tibbi
məlumatlandırma, Səhiyyə siyasəti və idarəetməsi,
Ana və uşaq sağlamlığı, Qidalanma, Səhiyyə üzrə
liderlik proqramı departamentləri, 20-dən çox
institut, laboratoriya və elmi-tədqiqat mərkəzi
mövcuddur.
Pedaqogika Məktəbində ümumtəhsil məktəblərində
müəllim çatışmazlığı, şagird nailiyyətlərinin
qiymətləndirilməsi, kənd yerlərində təhsilin
keyfiyyəti, kiçik yaşlı uşaqların inkişafı və
digər məsələlər üzrə tədqiqatlar həyata
keçirilir. Burada Kənd Təhsilinin İnkişafı üzrə
Milli Elmi-Tədqiqat, Elmin İnkişafı mərkəzləri,
Frank Porter Qrem Uşaq Tədqiqatları İnstitutu
fəaliyyət göstərir.
Hüquq Məktəbi hüquq və qanunlar üzrə tədqiqatlar
aparır, Bank İşi və Maliyyə; Vətəndaş Hüquqları;
Mübarizə, İş və İmkanlar; Hüquq, Ətraf Mühitin
Mühafizəsi, Uyğunlaşma və Resurslar; Hüquq və
Hökumət; Fənlərarası; İntellektual Mülkiyyət
Təşəbbüsü mərkəzlərindən ibarətdir.
İctimai
Fəaliyyət Məktəbi Cordan Ailə İnstitutu ilə
əməkdaşlıq edir. 1920-ci ildə yaradılan bu
məktəb dünyada yoxsulluğun aradan qaldırılması,
psixi sağlamlıq, zorakılıq, psixotrop maddələrin
qəbulu, təbii fəlakət və digər qlobal məsələlər
üzrə tədqiqatlar həyata keçirir.
Hökumət Məktəbində Vətəndaş təhsili, Ailə hüququ,
Cəmiyyət və iqtisadi inkişaf, Səhiyyə və sosial
xidmət, Problemlərin birgə həlli və əməkdaşlıq,
İnsan resurslarının idarə olunması, Düzəlişlər,
İnformasiya texnologiyaları, Məhkəmələr və
məhkəmə administrasiyası, Həddi-buluğa
çatmayanların hüququ, Kriminal hüquq, Torpaq
istifadəsi planlaşdırması və inkişafı, Təhsil
qanunu, Liderlik və idarəetmə, Əmək hüququ,
Yerli maliyyə hökuməti, Ətraf mühit, Yerli
qanunvericilik hökuməti, Qiymətləndirmə və ölçmə,
Ştat hökuməti akademik proqramları təklif olunur.
Kenan-Fleqler Biznes Məktəbi biznes, maliyyə,
menecment, iqtisadiyyat və s. üzrə akademik
proqramlar təklif edir. Məktəbdə Hava Ticarəti,
Biznes Proqnozlaşdırması, Korporativ Maliyyə,
Qarşılıqlı Mədəni və Xarici Dil Təhsili,
İqtisadi İnkişaf, Sahibkarlıq Tədqiqatları,
Beynəlxalq Biznes Təhsili və Tədqiqatı,
Logistika və Rəqəmsal Strategiya, Daşınmaz
Əmlakın İnkişafı, Sabit Müəssisələr, Akademik
Vergi Tədqiqatları, Şəhər İnvestisiya
Strategiyaları mərkəzləri, Davranış
Laboratoriyası, Kenan Asiya İnstitutu fəaliyyət
göstərir.
Jurnalistika və Kütləvi Kommunikasiya Məktəbi
jurnalistika, reklam, ictimaiyyətlə əlaqə,
kommunikasiya, eləcə də qrafik dizayn, redaktə
etmə, elektron kommunikasiya (televiziya və
radioyayım), multimedia, fotojurnalistika,
hesabat, strateji əlaqə sahələri üzrə müxtəlif
akademik proqramlar təklif edir. Burada
Biznes-jurnalistika, Tibb və jurnalistika
elmləri, İdman kommunikasiyası, Fənlərarası
səhiyyə kommunikasiyası, Latın Amerikası
jurnalistikası və media tədqiqatları, eləcə də
digər xüsusu proqramlar mövcuddur.
İnformasiya və Kitabxanaçılıq İşi Məktəbində
tələbələrə informasiya axtarışı, davranış
informasiyası, istehlakçı sağlamlığı, metadata,
uşaq ədəbiyyatı, elektron kitabxanalar, arxiv və
rəqəmsal qoruma, kiberinfrastruktur, elmi
kitabxana işi, informasiya agentliklərinin idarə
olunması, tarix və folklor, eləcə də digər bir
çox sahələr üzrə təhsil verilir. Məktəb Muzey və
Kitabxana Xidmətləri, Milli Səhiyyə institutları,
Milli Elmi Fond, Arxiv və Sənədlərin İdarə
olunması, Milli Tarixi Nəşrlər və Hesabat
Komissiyası mərkəzləri ilə əməkdaşlıq edir.
Yuxarıda sadalanan məktəblərlə yanaşı,
universitetdə Yay Məktəbi, magistr, doktorant və
diplomdan sonra təhsil üzrə mütəxəssislər
hazırlayan Ali Məktəb, eləcə də Uilyam və İd
Cümə Əlavə Təhsil Mərkəzi fəaliyyət göstərir.
Çapel-Hill Şimali Karolina Universitetinin 6
milyona yaxın kitab və digər kolleksiyaya malik
kitabxana sistemi ölkənin ən zəngin
kitabxanalarından biridir. Kitabxanada ədəbiyyat,
vizual və təsviri incəsənət, tarix, mədəniyyət
sahələrinə aid misilsiz material toplanıb. Əsas
Devis kitabxanasından başqa universitetin
kitabxana sisteminə digər bölmə
kitabxanaları-Uilson, Nadir kitablar və Cənubi
Folkloristika, RB Haus Bakalavr kitabxanaları
daxildir. Devis kitabxanası ali məktəbin nəhəng
akademik fonduna malikdir və 1984-cü ildə açılıb.
Bu kitabxana Şimali Karolina ştatının məşhur
xeyriyyəçisi Uolter Royal Devisin şərəfinə belə
adlandırılıb. Robert Hausun şərəfinə
adlandırılmış RB Haus Bakalavr kitabxanası
1968-ci ildə açılıb və Devis kitabxanası
yaradılanadək ali məktəbin əsas kitabxanası kimi
fəaliyyət göstərib. Hazırda bu kitabxana xüsusi
tədbirlərin, sərgilərin keçirildiyi və nadir
kitabların toplandığı əsas məkandır.
2002-ci ilin yazında Çapel-Hill Şimali Karolina
Universitetinin kitabxanası iki hissədən ibarət
kolleksiya (Parisdəki qədim rus kitabları
satılan mağazanın sahibi Andrey Savinin
sağlığında və onun ölümündən sonra mağazanın
anbarında qalmış materialları) əldə edib. Bütün
bu kolleksiya ümumilikdə 60000 kitab, jurnal və
digər dövri nəşrlər, əlyazma və çap sənədləri,
şəkillər, səsyazmalar, poçt açıqçaları, pul
kupürləri nümunələri və s. materiallardan
ibarətdir. Bu kolleksiyaya aid 16000 kitab
dünyanın müxtəlif şəhərlərində rus diasporu
tərəfindən nəşr edilmiş kitablardır. Çapel-Hill
Şimali Karolina Universitetinin kitabxanasında
həmin kolleksiyaya İnternet vasitəsi ilə çıxış
yaratmaq məqsədi ilə "Rusiyadan kənarda Rusiya"
mərkəzi yaradılıb.
Çapel-Hill Şimali Karolina Universitetinin 10-cu
kansleri hazırda kimya üzrə professor Herbert
Holden Torpdur. Ali məktəb Qəyyumlar Şurası
tərəfindən idarə olunur. Şuraya III Robert
Uinston rəhbərlik edir. Onun müavini isə xanım
Barbara Rosser Hayddır. Universitetdə ümumilikdə
12500-ə yaxın işçi çalışır. Onların 4000-ə
qədəri akademik, qalanları isə inzibati heyətdir.
Ali məktəbdə təhsil alan tələbələrin sayı 30000
nəfərə qədərdir. Tələbələrin 20000-ə yaxını
bakalavr, qalanları isə magistrant və
doktorantlardır.
Çapel-Hill Şimali Karolina Universitetinin
kampusunda 13 müxtəlif yaşayış ərazilərinə
bölünmüş 32 yataqxana kompleksi fəaliyyət
göstərir. Yataqxana kompleksi bir və bir neçə
binadan ibarətdir, əsasən Qədim Şərq və Qədim
Qərb yataqxana kompleksləri ərazilərinə bölünüb.
Kompleksin direktor, menecer, məsləhətci,
köməkçi daxil olmaqla xüsusi işçi personalı
mövcuddur. Ali məktəbin Cənub kampusunda Meyson
Farm Roud, Beyli Hill, Kreyc, Erinqus, Hardin,
Horton, Kori, Morrison yataqxanaları, Odum, Ram
tələbə kəndləri, Şimali kampusda Oldermen,
Aleksandr, Aykok, Kobb, Konnor, Everett, Qrehem,
Qrayms, Coyner, Kenan, Lyuis, Manqam, Spenser,
Steysi və s., Mərkəzi kampusda isə Eyveri,
Karmaykl, Parker, Tiq yataqxanaları yerləşir.
Bütün ABŞ universitetləri kimi, Çapel-Hill
Şimali Karolina Universiteti də əvəzolunmaz
idman nailiyyətlərinə malikdir. Ali məktəbin
idman üzrə ən məşhur yetirməsi əfsanəvi
basketbolçu Maykl Cordandır. Universitetin digər
çempionları arasında basketbolçular Fil Ford,
Tayler Hansbro, Antuan Ceymison, Vins Karter,
Ceyms Uorti, otüstü xokkey oyunçusu Reyçel
Douson, qadın futbolçular Mia Hamm, Kristin
Lilli, Tişa Venturini və digərlərinin adlarını
sadalamaq olar. Universitetdə, əsasən, idmanın
basketbol, futbol, reqbi, otüstü xokkey, tennis,
beysbol, lakross və s. növləri inkişaf etdirilib.
Çapel-Hill Şimali Karolina Universitetinin idman
komandaları ümumilikdə "Tar Heels" (Qatran
dabanlar) adlandırılır. Komandaların talismanı
isə Ramzes (buynuzlu qoç), İribuynuzlu Ramdır (Şimali
Amerikada xırda buynuzlu heyvan, qoyun növü).
Çapel-Hill Şimali Karolina Universitetinin
missiyası tədqiqatların aparılması, müxtəlif
ixtisas bacarıqlarına malik bakalavr, magistr və
doktorlar, gələcək liderlər nəsli yetişdirmək,
ölkə və dünya əhalisinin həyat tərzini
yüksəltmək üçün ən müasir xidmətlər göstərmək,
mövcud olan əsas problemlərin həllini tapmaqdır.
Əsas prinsipi və şüarı "İşıq və azadlıq"
sözlərindən ibarət olan Çapel-Hill Şimali
Karolina Universiteti sürətlə inkişaf edərək
gələcəyin lider elmi-tədqiqat mərkəzinə
çevrilmək niyyətindədir.
Universitetin məşhur məzunları
|
Ceyms Noks Polk |
ABŞ-ın 11-ci prezidenti |
|
|
Uilyam Kinq |
ABŞ-ın 13-cü vitse-prezidenti |
|
|
Con Henri İton |
ABŞ-ın Hərbi məsələlər üzrə 13-cü dövlət
katibi |
|
|
Con Meyson |
ABŞ-ın Hərbi dəniz donanmasının sabiq
rəhbəri, ABŞ-ın 18-ci baş prokuroru |
|
|
Pol Kolton |
Amerika Fond Birjasının sədri |
|
|
Markus Smit |
ABŞ-ın "Speedway Motorsports" şirkətinin
prezidenti |
|
|
Hyu Mak-Kol |
"Bank of America"nın sabiq baş direktoru |
|
|
Meri Syu Koulman |
Miçiqan Ştat Universitetinin prezidenti |
|
|
Elson Floyd |
Vaşinqton Ştat Universitetinin
prezidenti |
|
|
Kerol Qarrison |
Birminhem Alabama Universitetinin
prezidenti |
|
|
Hizer Monro-Blyum |
MakGill Universitetinin vitse-kansleri |
|
|
Robert Furçqott |
tibb və fiziologiya üzrə Nobel mükafatı
laureatı |
|
|
Sara Koen |
jurnalistika tədqiqatları üzrə Pulitzer
mükafatı laureatı |
|
|
Horasi Karter |
dövlət qulluğu üzrə Pulitzer mükafatı
laureatı |
|
|
Cef MakNelli |
cizgi filmləri redaksiyası üzrə üçqat
Pulitzer mükafatı laureatı |
|
|
Maykl Cordan |
dünya üzrə tanınmış ABŞ basketbolçusu |
|
Hazırladı:
Lamiyə ƏLİYEVA |
|