Bakının
Binəqədi rayonunda yerləşən Q.Abbasov adına 284
nömrəli tam orta məktəbdə şagirdlərin "Enerjiyə
qənaət və ətraf mühit" mövzusunda elmi-praktik
konfransı keçirildi.
Konfransı məktəbin direktor müavini Abbas
Məmmədov açaraq bildirdi ki, tədbirdə Norveç
Təbiəti Mühafizə Cəmiyyətinin Beynəlxalq
Layihələr Departamentinin rəhbəri İ.Lorehtzen,
layihənin meneceri K.Shorlien, ölkə üzrə
əlaqələndiricilər G.İsmayılova və M.Məmmədov
iştirak edirlər.
SPARE Beynəlxalq məktəbli proqramının üzvü,
məktəbdə proqram rəhbəri Sevinc Abbasova
çıxışında bildirdi ki, məqsəd ekologiyanın və
ətraf mühitin çirklənməsinin qarşısını almaq və
enerjiyə qənaət etməkdir. Qeyd etdi ki, təhsil
ocağı artıq üç ildir ki, SPARE-nin üzvüdür. O,
bu müddət ərzində tədris ocağında şagirdlərdən
ibarət "gənc spareçilər" klubunun da
yaradıldığını dedi. Klubun rəhbəri IX sinif
şagirdi C.Qurbanlı qonaqlara proqram
çərçivəsində görülən işlərlə bağlı ingilis
dilində hesabat verdi.
Şagirdlər SPARE-də öyrəndikləri "Enerjiyə
qənaət və ətraf mühit" barədə təcrübələrini
iştirakçılara praktiki şəkildə nümayiş
etdirdilər.
Məktəbin biologiya müəllimi F.Poladlı
iştirakçısı olduqları proqram çərçivəsində
gerçəkləşdirilən Belarusa səfərləri barədə
təqdimatla çıxış etdi.
Azərbaycan, rus və ingilis dillərində keçirilən
konfransın iştirakçılarına "Ekologiya ili"
çərçivəsində məktəbdə görülən işlərlə bağlı
məlumat verildi, bukletlər paylandı. Qeyd olundu
ki, məktəb 2010-cu ildə "Təbiət mənəm" rəsm və
"Xəzər enerji" sərgilərində iştirak edərək
qabaqcıl yerləri tutub.
Tədbirin sonunda SPARE proqramı çərçivəsində
film nümayiş olundu.
Rəşad ZİYADOV |