Naxçıvan Dövlət Universitetinin "Qeyrət"
nəşriyyatının direktoru, şair-publisist Vaqif
Məmmədov bədii yaradıcılığı ilə təkcə muxtar
respublikada və Azərbaycanda deyil, türk
dünyasında da kifayət qədər tanınan qələm
sahiblərindəndir. Hələ sovetlər dönəmində
1983-cü ildə Özbəkistanda keçirilən "Daşkənd
təranəsi" beynəlxalq şeir müsabiqəsinin qalibi
olan şair Azərbaycanın müstəqilliyi dövründə öz
yaradıcılıq üfüqlərini daha da genişləndirmiş,
onun şeirləri müxtəlif dillərə tərcümə olunaraq
Türkiyə, İran, İraq, Özbəkistan, Belarus,
Ukrayna, Rusiya ilə yanaşı, Almaniya,
Yunanıstan, Bolqarıstan, Pakistan, ABŞ kimi
ölkələrdə də çap olunmuşdur. Bu ölkələr
içərisində Vaqif Məmmədovun yaradıcılığı üçün
qardaş Türkiyənin ayrıca yeri var. Hələ 1992-ci
ildə ulu öndərimiz Heydər Əliyev tərəfindən
"Ümid körpüsü" adlandırılan Sədərək-Dilucu
körpüsünün açılışında "Xoş gəldin Türküm, xoş
gəldin" şeiri ilə çıxış edən şairin Türkiyə
ədəbi mühiti ilə əlaqələri gündən-günə
genişlənmiş, Ankara, İstanbul, İzmir, Ərzurum,
Qars, Bayburt, Elazığ, Ərdəhan və s. şəhərlərdə
müxtəlif mətbuat orqanlarında şeirləri, eyni
zamanda yaradıcılığı haqqında məqalələr çap
olunmuşdur.
2007-ci ildə Ankarada "Renk-ofset" nəşriyyatında
"Özünə dön xalqım" adlı şeirlər kitabı çap
olunan V.Məmmədov tanınmış türk yazıçısı İslam
Beytullah Erdinin "Vicdanın üsyanı", "Gəlinuçdu"
və "Yaşamaq haqqı" kitablarını azəri türkcəsinə
çevirərək Bakıda çap etdirmişdir. Bundan əlavə,
V.Məmmədov Anadolu və Balkanlarda yaşayan qırxa
yaxın türk şairinin şeirlərini toplayıb
Azərbaycan dilinə çevirərək "Anadolu və
Rumelidən əsintilər" adlı kitabda Bakıda çap
etdirmişdir (İ.B.Erdi ilə birlikdə). Bu
xidmətlərinə görə Vaqif Məmmədovun ədəbi
tərcümeyi-halı 3 cildlik "Türkiyə Yazarlar
Ensiklopediyası"na (Ankara, 2004) və on cildlik
çox nüfuzlu "Türkiyə Ədəbiyyatçılar və Kültür
adamları" ensiklopediyasına (Ankara, 2006) daxil
edilmiş, 2005-ci ildə şair Türkiyənin nüfuzlu
yaradıcılıq təşkilatlarından olan İLESAM-a
(Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək
Birliyi) üzv qəbul edilmişdir.
Bu günlərdə Vaqif Məmmədovun ünvanına Ankaradan
daha bir xoş xəbər gəlmişdir. O, təkcə
Türkiyənin deyil, türk dünyasının ən nüfuzlu
yaradıcılıq təşkilatlarından olan Avrasiya
Yazarlar Birliyinə üzv qəbul edilmişdir. Bu
münasibətlə Avrasiya Yazarlar Birliyinin sədri
Yaqub Dəliöməroğlunun imzası ilə gələn məktubda
deyilir:
"Hörmətli Vaqif Məmmədov!
Sizin müraciətinizdən sonrakı ilk iclasımızda
Sizi Avrasiya Yazarlar Birliyinə üzv qəbul
etdik. Sizin kimi türk dünyası üçün önəmli
fəaliyyətləri olan şair və elm adamının
üzvlərimiz arasında olması bizim üçün böyük
fəxrdir. Ümidvarıq ki, bundan sonra da "Qardaş
qələmlər" dərgimiz və Avrasiya Yazarlar Birliyi
ilə daha sıx əlaqə saxlayacaqsınız".
Qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyinin
və Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan
Vaqif Məmmədov Avrasiya Yazarlar Birliyinə
Naxçıvan Muxtar Respublikasından üzv qəbul
edilən ilk nümayəndədir.
Mehriban SULTAN |
|