Mayın 13-də Azərbaycan Milli Elmlər
Akademiyasının (AMEA) İnformasiya
Texnologiyaları İnstitutunda (İTİ) "İnformasiya
cəmiyyətinin əsasları" kursu çərçivəsində Bakı
Dövlət Universitetinin (BDU) jurnalistika
fakültəsinin tələbələri ilə birgə Dünya
Telekommunikasiya və İnformasiya Cəmiyyəti
Gününə həsr olunmuş forum keçirilmişdir.
AMEA-dan AzərTAc-a bildirmişlər ki, İKT-nin
minilliyin inkişaf məqsədlərinin uğurla bərqərar
olmasında getdikcə daha böyük əhəmiyyətə malik
olduğunu söyləyən institutun direktoru, AMEA-nın
müxbir üzvü Rasim Əliquliyev bu günün yaranma
tarixi barədə məlumat vermişdir.
Azərbaycanda Dünya Telekommunikasiya və
İnformasiya Cəmiyyəti Gününün ilk dəfə 2007-ci
ildə qeyd edildiyini bildirən alim yeni
cəmiyyətin təşəkkülü və bərqərar olmasında
bilavasitə iştirak edən, İnternetin demokratik
imkanlarından, innovativ mobil xidmətlərindən
geniş bəhrələnən ölkəmizdə regionların qlobal
şəbəkə ilə təmin edilməsi istiqamətində görülmüş
işləri diqqətə çatdırmışdır. Alim həmçinin
İnternetə çıxış sürəti və imkanlarının
artırılması, genişzolaqlı İnternet xidmətlərinin
təşkili, bir sözlə, şəbəkədən keyfiyyətli
istifadə siyasətinin həyata keçirilməsi
istiqamətində müvafiq dövlət qurumları
tərəfindən davamlı kompleks tədbirlərin
görüldüyünü bildirmişdir. Direktor
telekommunikasiya və İKT sektorunun dinamik
inkişafı üçün peyk şəbəkələrinin tətbiqi və
rəqabətədavamlılığının artırılması istiqamətində
tədbirlərin görülməsinin vacibliyini
vurğulamışdır.
Natiq müasir dövrdə dünyanın nüfuzlu informasiya
texnologiyaları, universitet və mərkəzləri,
elmi-tədqiqat institutları ilə davamlı elmi
əməkdaşlıq əlaqələrinin yaradılması, bilik və
təcrübə mübadiləsinin aparılmasında innovativ
mobil texnologiyaların yaratdığı imkanlardan da
söhbət açmışdır. Bununla bağlı videokonfrans və
telekörpülərin əhəmiyyətindən danışan
R.Əliquliyev institutun Tədris-İnnovasiya
Mərkəzinin nəzdində yaradılmış və bu yaxınlarda
istismara verilmiş Distant Tədris Mərkəzinin
fəaliyyətini yüksək qiymətləndirmişdir. O,
Naxçıvan Dövlət Universiteti, Qars Qafqaz
Universiteti və İTİ arasında təşkil edilmiş
videokonfransın əhəmiyyətini qeyd edərək bu kimi
tədbirlərin keçirilməsinin üstünlüklərindən
danışmışdır.
Tələbələrin maraq dairəsində olan çoxsaylı
sualları cavablandıran alim ölkəmizdə biometrik
pasportların, o cümlədən təhsil sistemində
distant tədrisin tətbiqi ilə bağlı aparılan
işlər, həmçinin YouTube, Facebook, Twitter kimi
sosial şəbəkələrdən istifadə qaydaları haqqında
da məlumat vermiş, bu məsələlərlə bağlı fikir və
tövsiyələrini bildirmişdir.
Qeyd edək ki, İTİ-də BDU-nun jurnalistika
fakültəsi ilə birgə informasiya cəmiyyətinin
əsasları fənninin tədrisinə dair innovativ
layihə 2008-ci ildən həyata keçirilir. |