Bakı
Slavyan Universitetində Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin anadan
olmasının 88-ci ildönümünə həsr edilmiş
"Humanitar elmlərin aktual problemləri"
mövzusunda magistrantların I beynəlxalq
konfransı keçirilib. Bakı Slavyan
Universitetinin təşəbbüsü ilə təşkil olunan
tədbirdə Azərbaycan universitetlərinin
nümayəndələri ilə yanaşı Rusiya, Belarus,
Gürcüstan, Türkiyə, Koreyadan olan magistrantlar
da iştirak ediblər.
Konfransda Naxçıvan Dövlət Universitetinin
magistrantlarından Azərbaycan dili
ixtisaslaşması üzrə II kurs tələbəsi Röyal
Məmiyev və bu sətirlərin müəllifi
universitetimizi təmsil ediblər.
Tədbirin ilk günü iştirakçılar Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin
məzarını ziyarət edib, ümummilli liderin abidəsi
önünə gül-çiçək dəstələri düzüblər. Konfransın
açılış mərasimində Bakı Slavyan Universitetinin
elmi işlər üzrə prorektoru, professor Məmməd
Əliyev, Kutaisi Dövlət Universitetinin
magistrantı Elizabet Adeişvili, Naxçıvan Dövlət
Universitetinin təmsilçilərindən bu sətirlərin
müəllifi, BSU-nun magistrantı Pərvin Eyvazov,
İstanbul Kültür Universitetinin magistrantı
Aysel Hüseynova çıxış edərək konfransın işinə
uğurlar arzulayıblar. Digər universitetlərin
tələbələri Bakı Slavyan Universitetinin
maddi-texniki bazası ilə tanış olublar.
Sonra konfrans öz işini 4 bölmədə - dilçilik,
ictimai elmlər, ədəbiyyatşünaslıq və pedaqoji
elmlər bölmələrində davam etdirib. Bölmələrdə
ümumilikdə 249 tezis müzakirə edilib.
Konfransın bağlanış mərasimində Bakı Slavyan
Universitetinin rektoru, Milli Elmlər
Akademiyasının müxbir üzvü Kamal Abdullayev
çıxış edib. Konfrans iştirakçılarının və
qonaqların çox mühüm müzakirələr apardıqlarını
bildirən rektor Azərbaycanda elmin inkişafında
ümummilli lider Heydər Əliyevin mühüm
xidmətlərini qeyd edib. Daha sonra bölmə
rəhbərləri hesabat veriblər. Əldə edilən
nəticələr müzakirə edilib, fərqlənən
magistrantlara diplom və təşəkkürnamələr,
hədiyyələr təqdim olunub.
Elnur KƏLBİZADƏ,
NDU-nun I kurs magistrantı |