Dövrünün tanınmış siyasi və ictimai xadimi Həmid
bəy Xəlil oğlu Şahtaxtinski 1880-ci il martın
12-də Azərbaycanın Naxçıvan qəzasının Şahtaxtı
kəndində anadan olub. Azərbaycan Xalq
Cümhuriyyətinin görkəmli xadimlərindən olan
Həmid bəy Şahtaxtinskinin adı XX əsr Azərbaycan
dövlətçiliyi və təhsili tarixində şərəfli
yerlərdən birini tutur. 1918-ci il mayın 28-də
Azərbaycanın müstəqilliyini elan etmiş Milli
Şuranın üzvü olan Həmid bəy İstiqlal
Bəyannaməsinin qəbuluna səs vermiş, 1918-ci il
dekabrın 7-dən fəaliyyətə başlayan Azərbaycan
Parlamentinin üzvü kimi milli dövlətçilik
tarixinə imza atmış böyük tarixi şəxsiyyətlərdən
biridir.
O,
həm görkəmli təhsil təşkilatçısı, böyük maarifçi
kimi də milli təhsil tariximizə öz şərəfli adını
həkk edib, Xalq Cümhuriyyətinin 2, 3, 4-cü
hökumət kabinetlərində maarif nazirinin müavini,
5-ci Hökumət Kabinetində isə
(24.12.1919-01.04.1920) maarif və dini etiqad
naziri kimi Azərbaycanın milli təhsil
salnaməsinə şanlı səhifələr yazmışdır.
Həmid bəy Xəlil oğlu Şahtaxtinski ilk təhsilini
mollaxanada alıb. Naxçıvan 3-cü dərəcəli şəhər
məktəbini bitirən Həmid bəy İrəvan Müəllimlər
Seminariyasına daxil olub, 1899-cu ildə oranı
uğurla bitirib. Yüksək istedadı ilə seçilən
Həmid bəy seminariyada saxlanılıb, rus və
Azərbaycan dilləri müəllimi kimi pedaqoji
fəaliyyətə başlayıb. Seminariyadakı pedaqoji
fəaliyyətlə yanaşı, o, Müsəlman Xeyriyyə
Cəmiyyətinin üzvü kimi azərbaycanlılar arasında
maarifin yayılmasına köməklik göstərib.
Ali təhsil almaq arzusu ilə Odessaya gedən Həmid
bəy Şahtaxtinski, oradakı Novorossiysk
Universitetinin hüquq fakültəsinə daxil olub.
Təhsil illərində həmin universitetdə
azərbaycanlı tələbələr tərəfindən yaradılmış
"Azərbaycan Həmyerliləri" təşkilatının
(xatırladaq ki, vaxtilə bu təşkilatda Nəsib bəy
Yusifbəyli, Nəriman Nərimanov, Xosrov bəy
Sultanov və başqaları fəaliyyət göstəriblər)
rəhbərlərindən biri kimi siyasi fəaliyyətə
başlayıb. 1912-ci ildə həmin universitetin hüquq
fakültəsini bitirən Həmid bəy Gəncəyə gəlib,
şəhərin ictimai-siyasi və mədəni həyatında
yaxından iştirak edib.
1914-cü ildə Gəncə quberniyasının xalq
məktəbləri inspektoru vəzifəsinə təyin edilən
Həmid bəy maarifçiliklə yanaşı, Gəncə şəhər
dairə məhkəməsində andlı müvəkkilin yardımçısı
(müavini) vəzifəsində vəkilliklə də məşğul olub.
O, 1916-cı ildə Bakıya köçərək, şəhər dairə
məhkəməsində eyni vəzifədə vəkillik fəaliyyətini
davam etdirib.
1917-ci ildə Rusiyada baş verən Fevral
çevrilişindən sonra Həmid bəy həmin ilin
payızında yaradılan "İttihadi-İslam" ("İslam
Birliyi") partiyasına üzv olub. Həmin ilin
avqustundan Çənubi Qafqaz Təhsil Dairəsi üzrə
inspektor kimi təhsilin idarə olunmasında fəal
iştirak edib.
Həmid bəy Şahtaxtinski Azərbaycanda Xalq
Cümhuriyyəti qurulduqdan və Müvəqqəti hökumət
Tiflisdən Gəncəyə köçdükdən sonra (16.06.1918)
ölkənin maarif və dini etiqad naziri
vəzifəsindən istefa verənədək (05.04.1920)
Azərbaycanın maarif sisteminə rəhbərlik
edənlərdən biri kimi təhsil müəssisələrinin
milliləşdirilməsinə, ölkənin şəhər və
kəndlərində ana dilində məktəb və
seminariyaların açılmasına böyük əmək sərf edib.
Azərbaycanın ümumtəhsil məktəbləri üçün milli
dərsliklərin hazırlanması, Azərbaycan dilində
elmi terminologiyanın tərtibi üzrə hökumət
komissiyalarının sədri olmuş Həmid bəy yeni
Azərbaycan Əlifbası üzrə Dövlət Komissiyasının
üzvü kimi də təhsil quruculuğu və əlifba
islahatları işinə əvəzsiz töhfələr verib.
Məktəb islahatı sahəsində məsələləri müzakirə
etmək, müəyyən təkliflər hazırlayıb hökumətə
təqdim etmək məqsədilə Nazirlər Şurasının qərarı
ilə 1919-cu il avqustun 20-dən sentyabrın 1-dək
Bakıda keçirilmiş Azərbaycan müəllimlərinin III
qurultayına maarif nazirinin müavini Həmid bəy
Şahtaxtinski rəhbərlik edib, qurultayda geniş
nitq söyləyib.
Qurultayın Xalq Maarifi Nazirliyinə təqdim
etdiyi təkliflər əsasında məktəb islahatı, o
cümlədən ümumi təhsilin məzmunca
milliləşdirilməsini nəzərdə tutan proqram və
dərslik islahatı üzrə Dövlət Proqramı hazırlamaq
məqsədilə 1919-cu il noyabrın 7-də Xalq Maarifi
Nazirliyi yanında Həmid bəy Şahtaxtinskinin
sədrliyi ilə Hökumət Komissiyası yaradılıb.
Həmin Komissiya yeni məzmunlu milli dərsliklərin
hazırlanması işinə böyük töhfələr versə də,
Aprel işğalı nəticəsində Azərbaycan Xalq
Cümhuriyyətinin süqutu səbəbindən həmin islahat
proqramını axıradək reallaşdırmaq mümkün
olmayıb.
Həmid bəy Şahtaxtinski bunlarla yanaşı, Bakı
Dövlət Universitetinin yaradılmasında xüsusi
xidmətlər göstərib, universitetdə rus dili və
ədəbiyyatından dərs deyib, bir müddət prorektor
kimi tədrisin təşkilinə böyük əmək sərf edib.
Sovet hakimiyyəti illərində də Həmid bəy
universitetdə prorektor (1920-1925) kimi
fəaliyyətini davam etdirib, Bakı Xalq Maarifi
şöbəsinin nəzdindəki ikiillik Müəllimlər
İnstitutunda dərs deyib. O, 1928-ci ildə
Tiflisdəki Zaqafqaziya Universitetinin tibb
fakültəsini bitirib, Azərbaycan Tibb
İnstitutunda (1930-1940) professor kimi çalışıb.
Həmid bəy əslən Şahtaxtı kəndindən olan xalası
qızı Səkinə xanımla evlənib, bu izdivacdan 4 qız
övladı (Məsmə, Leyla, Aliyə və Səidə) dünyaya
göz açıb. Onların hamısı yüksək təhsil alıb və
Bakıda yaşayıblar. Hazırda Leyla xanımın qızı,
Səkinə xanımın isə oğlu Bakıda yaşayırlar.
Məlum olduğu kimi, Azərbaycan tarixində
Şahtaxtinski soyadını daşıyan ziyalıların
özünəməxsus yeri və böyük xidmətləri vardır. Bu
məşhur nəslin nümayəndələri görkəmli dövlət
xadimi, ictimaiyyətçi, diplomat, hərbçi, həkim,
müəllim kimi və digər sahələrdə doğma xalqa hər
zaman layiqincə xidmət ediblər. Onlardan İsa
Sultan Şahtaxtinski, Məhəmmədağa Şahtaxtlı,
Əbülfət Şahtaxtinski, Leyla xanım
Şahtaxtinskaya, Baxşəli ağa Şahtaxtinski, Behbud
bəy Şahtaxtinski, Həbibulla bəy Şahtaxtinski,
Elmira xanım Şahtaxtinskaya, Toğrul
Şahtaxtinski, Məhəmməd Şahtaxtinski və Aleksis
Şahtaxtinski nəinki Azərbaycanda, eləcə də
dünyada xalqımızı layiqincə təmsil edərək, öz
dövrlərinin nüfuzlu simalarından olublar.
Repressiya dalğası onu 1941-ci ildə yaxalayıb.
Həmid bəy Şahtaxtinski 1944-cü il fevralın 3-də
Arxangelsk vilayətində dünyasını dəyişib. |