Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

20 May 2011 - ¹19

 

Dünya təhsili

 

Norveç Krallığının təhsil sistemi

 
 

Norveç Krallığı

 
Ərazisi: 384802 kv.km.       
Əhalisi: 4,8 milyon nəfər 
Paytaxtı: Oslo şəhəri
Dövlət dili: Norveç dili 
Pul vahidi:  Norvç kronu
 

Təhsil sistemi 

Norveç Krallığında milli və irqi mənsubiyyətindən, cinsindən, sosial vəziyyətindən asılı olmayaraq hər kəsin bərabər təhsil almaq hüququ var. Ölkədə təhsil siyasətinin ana xəttini "hamı üçün təhsil" şüarı təşkil edir.

Norveçdə müasir təhsil sisteminin əsası 250 il bundan əvvəl qoyulub. 1889-cu ildən etibarən 7 illik icbari təhsil həyata keçirilməyə başlanıb. 1969-cu ildən icbari təhsil 9 illik, 1997-ci ildən isə 10 illik olub.

Ölkədə müvafiq yaş qrupundakı əhalinin təxminən 31 faizi orta təhsilin aşağı, 44 faizi isə yuxarı pilləsini bitirib. Əhalinin 25 faizinin isə kollec və ya universitet təhsili var.

Norveçdə məktəbəqədər təhsil könüllülük prinsipinə əsaslanır. İldə təxminən 235000 uşaq adi və ya ailə bağçalarına cəlb olunur.

1997-ci ildən etibarən Norveçdə uşaqlar 6 yaşından məktəbə qəbul edilir. İcbari təhsil 10 il davam edir və üç pillədən ibarətdir:

* ibtidai pillə - I-IV siniflər (6-10 yaş);

* orta pillə - V-VII siniflər (11-13 yaş);

* aşağı orta təhsil pilləsi VIII-X siniflər (14-16 yaş).

Yuxarı orta təhsil pilləsi isə üç il davam edir. Bu pillə ümumi və ya peşə təhsilindən ibarətdir.

Norveçin dövlət və özəl ali təhsil müəssisələrində təxminən 195000 tələbə oxuyur. Onların böyük əksəriyyətinə (təxminən 143000 nəfər) Loan Dövlət Təhsil Fondu dəstək verir. Bundan başqa, təxminən 14000 tələbəyə xaricdə ali təhsil, 8000-ə qədər tələbəyə isə xaricdə dərəcə almaq və ya mübadilə proqramında iştirak etmək üçün köməklik göstərilir. Norveçdə ali təhsil müəssisələrinin əksəriyyəti dövlətə məxsusdur. Ölkədə universitet, universitet səviyyəsində ixtisaslaşmış institut, dövlət kollec universiteti, dövlət incəsənət institutu, özəl kollec universiteti və özəl institutlar fəaliyyət göstərir. Özəl institutlar da daxil olmaqla bütün akkreditə olunmuş institutların fəaliyyəti eyni qaydalar çərçivəsində tənzimlənir. 2001-ci ildə Norveç Parlamenti ali təhsildə Keyfiyyət İslahatı haqqında qərar qəbul edib.   

Məktəbəqədər təhsil 

Qeyd etdiyimiz kimi, Norveçdə məktəbəqədər təhsil könüllülük prinsipinə əsaslanır. Uşaq bağçaları 6 yaşına qədər uşaqlar üçün nəzərdə tutulub. Məktəbəqədər təhsil müəssisələri dövlət, bələdiyyələr və valideynlər tərəfindən maliyyələşdirilir.

Ölkədə uşaq bağçalarının daha səmərəli fəaliyyətinə nail olmaq, təhsilin əlaqəli və davamlı təşkilini təmin etmək məqsədilə 2005-ci ildən etibarən məktəbəqədər müəssisələr Uşaq və Ailə Məsələləri Nazirliyindən alınaraq Təhsil və Tədqiqat Nazirliyinin tabeliyinə verilib. Müvafiq qaydalara əsasən, bağçalarda uşaqların hərtərəfli inkişafı üçün hər cür şərait yaradılır. Odur ki, ölkədəki bütün məktəbəqədər müəssisələr qayğı, tərbiyə, oyun və eyni zamanda təhsili özündə birləşdirən tədris ocaqları kimi qəbul olunur.

Dairə idarələri Təhsil və Tədqiqat Nazirliyinə məktəbəqədər təhsil müəssisələrinin səmərəli idarə olunmasında müvafiq köməklik göstərir. Dairə idarələri ümumi nəzarət etmək, inzibati tapşırıqlar və bələdiyyələr üçün təlimatlar verməklə məktəbəqədər təhsil strategiyasının həyata keçirilməsində yaxından iştirak edir.

Mövcud olan 6500-ə yaxın uşaq bağçasının təxminən yarısını özəl məktəbəqədər təhsil müəssisələri təşkil edir. Uşaq bağçalarının fəaliyyətinin səmərəli təşkilində bələdiyyələr də mühüm rol oynayır. Bələdiyyələr bağçaların daha çox ehtiyac duyulan ərazilərdə yerləşməsini tənzimləyir, onların işinin düzgün qurulmasına nəzarət edir.

Bələdiyyələr tabeliyində olan bağçaların təminatı və idarə olunmasına, eləcə də həm dövlət, həm də özəl bağçalara nəzarətin həyata keçirilməsinə cavabdehlik daşıyırlar. Bələdiyyələrin, bundan əlavə, təlimatlar vermək səlahiyyəti vardır. Bələdiyyələr müvafiq dövlət vəsaitlərinin tabeliyindəki bağçalara bərabər şəkildə bölüşdürülməsini təmin edirlər.

Uşaq bağçalarında 3 yaşa qədər 7-9, 3 yaşdan yuxarı 14-18 uşağa 1 müəllim tələb olunur. Hazırda Norveç uşaq bağçalarında ixtisaslı müəllimlərə ehtiyac duyulur. 

Ümumi orta təhsil 

Norveçdə ümumi orta təhsil ibtidai təhsil, orta təhsilin aşağı və yuxarı pillələrinə bölünür.

6 yaşından başlayan icbari ibtidai təhsil və orta təhsilin aşağı pilləsi 10 il davam edir. İcbari təhsil iki pilləyə bölünür:

* ibtidai təhsil - I-VII siniflər (6-13 yaş);

* orta təhsilin aşağı pilləsi - VIII-X siniflər (14-16 yaş).

Norveçdə ibtidai məktəb və orta məktəbin aşağı pilləsi bütün şagirdlər üçün nəzərdə tutulub. Təxminən 3100 ibtidai və aşağı orta məktəbdə  620000 şagirdin təlim-tərbiyəsi ilə 64000 müəllim məşğul olur. Onlardan özəl əsaslarla fəaliyyət göstərən 150 (4,7 faiz) məktəbdə 14000 şagird təhsil alır.

2006-cı ildə həyata keçirilən islahat nəticəsində ibtidai və orta məktəbin aşağı pilləsinin bütün sinifləri üçün yeni tədris planları tətbiq edilir. İbtidai məktəb və orta məktəbin aşağı pilləsi üçün təhsilin, təlimin məqsəd və keyfiyyət meyarı Biliyin Təkmilləşməsi Milli Kurikulumunda öz əksini tapır.

Orta təhsilin aşağı pilləsini başa vurmuş hər bir şagirdin orta təhsilin yuxarı pilləsində üçillik təhsil almaq hüququ var. 1976-cı ildən etibarən Norveç hökuməti ümumi və peşə təhsili olaraq iki yerə bölünən orta təhsilin yuxarı pilləsinin vahid strukturunu formalaşdırıb.

 Bu pillədə bütün şagirdlər alternativ təhsil proqramını seçmək imkanına malikdirlər. Belə ki, orta təhsilin yuxarı pilləsində peşə təhsili istiqaməti üzrə və ya ümumi təhsil proqramları arasında seçim etmək mümkündür.

Onu da qeyd edək ki, orta təhsilin yuxarı pilləsi ümumi təhsil və peşə təhsili proqramlarına bölünməklə, 12 müxtəlif tədris proqramı əsasında təşkil olunur.

Ümumi təhsil proqramları:

* ümumi təhsil üzrə ixtisaslaşmış proqramlar;

* idman və fiziki təhsil üzrə proqramlar;

* musiqi, rəqs və dram proqramları.

Peşə təhsili proqramları:

* tikinti və konstruksiya üzrə proqramlar;

* dizayn, incəsənət və tətbiqi sənət üzrə proqramlar;

* elektrik avadanlıqları və elektronika üzrə proqramlar;

* səhiyyə və sosial xidmət üzrə proqramlar;

* mətbuat və informasiya üzrə proqramlar;

* kənd təsərrüfatı, balıqçılıq və meşəçilik üzrə proqramlar;

* restoran və yeyinti sənayesi üzrə proqramlar;

* xidmət və nəqliyyat üzrə proqramlar;

* texniki və sənaye mallarının istehsalı üzrə proqramlar.

Peşə təhsili proqramlarına tədrislə yanaşı, müəssisələrdə iş təcrübəsi də daxildir. Peşə təhsilinə yiyələnmiş şagirdlər universitet və ya kollec universitetlərə qəbul olmaq hüququ verən buraxılış şəhadətnaməsi almaq üçün əlavə proqramı da mənimsəməlidirlər.

Ölkədə orta təhsilin yuxarı pilləsi üzrə fəaliyyət göstərən 450 məktəbdə təhsil alan 190000 şagirdin təlim-tərbiyəsi ilə 23000 müəllim məşğul olur. Həmin tədris ocaqlarından 75-i özəldir. Bu məktəblərdə 10000 şagird təhsil alır. Orta təhsilin yuxarı pilləsində oxuyan şagirdlərin 34000-i isə peşə təhsili istiqaməti üzrə müxtəlif ixtisaslara yiyələnir.

Bununla yanaşı, yaşlılar üçün həyatboyu təhsil imkanlarının yaradılması sayəsində hər bir yaşlı insana ibtidai və orta məktəbin aşağı, eləcə də orta məktəbin yuxarı pillələrində təhsil almaq hüququ verilir. Hər il yaşlıların təhsili imkanlarından istifadə edən təxminən 10000 nəfər ibtidai və orta məktəbin aşağı, 20000 nəfər isə orta məktəbin yuxarı pilləsinə cəlb olunur. 

Peşə təhsili 

Orta təhsilin yuxarı pilləsini bitirmiş şagirdlər ali təhsilə alternativ hesab edilən peşə təhsilinə yiyələnə bilərlər. Peşə təhsili müəssisələrinə qəbul olmaq üçün şagirdlərdən heç bir imtahan tələb olunmur.

Norveçdə peşə təhsili yarım ildən 2 ilə qədər davam edir. Ölkədə dövlət və özəl peşə təhsili müəssisələri mövcuddur. Həm dövlət, həm də özəl peşə təhsili müəssisələri tərəfindən müasir dövrün tələblərinə uyğun ixtisaslar təklif edilir. Dövlət (Dairə idarələri) tərəfindən maliyyələşən texniki idarəetmə və dənizçilik ixtisasları verən ənənəvi məktəblərdən başqa bütün peşə təhsili müəssisələri özəldir.

Bütün peşə tədris proqramları Norveç Təhsildə Keyfiyyətin Təminatı Agentliyi (NTKTA) tərəfindən akkreditə olunur. 2002-ci ildən fəaliyyət göstərən Norveç Təhsildə Keyfiyyətin Təminatı Agentliyinin əsas vəzifəsi ali və peşə məktəblərində tədrisin keyfiyyətini təmin etməkdən ibarətdir. 

Ali təhsil 

Norveçdə ali təhsil müəssisələrinin əksəriyyəti dövlətə məxsusdur. Ölkədə 7 universitet, universitet səviyyəsində 7 ixtisaslaşmış institut, 24 dövlət kollec universiteti, iki dövlət incəsənət institutu və 2 özəl kollec universiteti, 31 özəl institut (onlardan 22-si dövlət tərəfindən müəyyən maliyyə yardımı alır) fəaliyyət göstərir. Ali məktəblərdə oxuyan təxminən 195000 tələbədən 24500-ü özəl kollec və ya kollec universitetlərdə təhsil alır.

Norveçin ən qədim və nüfuzlu ali təhsil müəssisəsi Oslo Universitetidir. Bu tədris ocağı 1811-ci ildə fəaliyyətə başlayıb. 1939-cu ildən Oslo Universiteti adlandırılıb. 1946-cı ilə qədər ölkədə yeganə universitet olub.

Universitetdə hüquq, tibb, humanitar, riyaziyyat, ilahiyyat, təbiət elmləri, sosial elmlər, təhsil və digər ixtisaslar üzrə 30000-ə yaxın tələbə təhsil alır. Dünyada aparıcı universitetlərdən biri olan bu ali məktəb xaricdə təhsil və tədris üzrə ixtisaslaşmış "Quacquarelli Symonds" (QS) şirkətinin 2010-cu ildə tərtib etdiyi dünya universitetlərinin reytinq siyahısında 100-cü pillədə qərarlaşıb. Universitet məzunlarından bir çoxu müxtəlif illərdə Nobel mükafatına layiq görülüb.

Son illər Norveç ali təhsilində aparılan islahatlar müsbət nəticələr verir. İslahatlar sayəsində Boloniya prosesinə uyğun olaraq dərəcə strukturu, qiymətləndirmə sistemi və keyfiyyətin təminatı sistemi müəyyənləşdirilib. Ali təhsilin dərəcə strukturuna əsasən 3 illik bakalavriatura, 2 illik magistratura və 3 illik doktorantura (fəlsəfə doktoru) müddəti müəyyən edilib. Avropa Kredit Transfer Sisteminə əsasən qiymətləndirmə hərflər vasitəsi ilə aparılır (A-əla, E-keçid, F-qeyri-kafi).

Özəl institutlar üçün akkreditasiya könüllü xarakter daşıyır. Son illər akkreditasiyadan keçmiş bəzi kollec universitetlər universitet olmaq şansı qazanıblar.

Ali təhsil müəssisələri arasındakı fərq əsasən onların akkreditasiya hüquqları ilə əlaqədardır. Məsələn, kollec universitetləri magistr və fəlsəfə doktoru dərəcələri vermək məqsədi ilə akkreditasiya üçün müraciət etməli olduqları halda, universitetlərin qarşısında belə bir şərt qoyulmur. Burada həmçinin bir sıra özəl ali məktəblərin də magistr və fəlsəfə doktoru dərəcələri vermək hüququ əldə etmək üçün akkreditasiyadan keçməsi ilə bağlı tələblər mövcuddur. Bu müəssisələr Norveç Təhsildə Keyfiyyətin Təminatı Agentliyi tərəfindən akkreditə olunmuş tədris proqramları təqdim edirlər.

Norveç Təhsildə Keyfiyyətin Təminatı Agentliyi ali və peşə təhsili müəssisələrində tədrisin keyfiyyətinin təmin olunması prosesini müxtəlif üsullar vasitəsilə həyata keçirir:

* ali təhsil müəssisələrinin akkreditasiyası;

* ali təhsil proqram və kurslarının akkreditasiyası;

* akkreditasiya prosesinin yoxlanılması;

* ali təhsil müəssisələrində daxili keyfiyyətin təminatının  qiymətləndirilməsi;

* təhsilin qiymətləndirilməsi;

* texniki peşə təhsilinin tanınması;

* xarici ixtisasların tanınması.

Yaşlılar üçün həyatboyu təhsil imkanlarının yaradılması Norveçdə təhsil siyasətinin əsas prioritetlərindəndir. Başlıca məqsəd yaşlı nəsil nümayəndələrinin öz peşələrinə uyğun olaraq bacarıqlarını möhkəmləndirməsinə əlverişli şərait yaratmaqdan ibarətdir.

Hər il təxminən 15000 tələbə yaşlıların təhsili proqramları çərçivəsində dövlət universitetlərində və kollec universitetlərdə təhsil alır. 70000 nəfər isə əlavə təlim kurslarında təhsilini davam etdirir.

Yaşlıların təhsilinin daha yaxşı təşkili məqsədilə hökumət tərəfindən təsirli tədbirlər həyata keçirilir. Hökumət yaşlıların təhsili ilə məşğul olan qurumları maliyyələşdirir və onların fəaliyyətini stimullaşdırır. Ölkədə yaşlıların təhsili ilə məşğul olan təxminən 20 cəmiyyət dövlət dotasiyası alır. Bu baxımdan, yaşlıların oxu, yazı, riyazi və kompüter bacarıqlarının təkmilləşdirilməsi üzrə yüksək keyfiyyətli kursların təşkili məsələsi daha aktualdır. Odur ki, qeyri-hökumət təşkilatlarının, bələdiyyələrin yaşlıların təhsilinin təşkilinə cəlb olunmasına xüsusi önəm verilir.

Distant (məsafədən) təhsil Norveçdə geniş yayılıb və əsasən qiyabi kurslardan ibarətdir. Lakin hazırda tədricən distant təhsil daha çox İnternetə əsaslanır. Hər il təxminən 20000 nəfər distant təhsil müəssisələrini bitirir.

Məktəbəqədər təhsil müəssisələrində dərs demək üçün kollec universitetlərində üçillik təhsil almaq tələb olunur. İbtidai məktəblərdə dərs demək üçün kolleclərdə ümumi fənn müəllimi (4 illik təhsil) və ya fənn müəllimi (3 illik) ixtisaslarına yiyələnmək lazımdır.

3 illik təhsilə əsaslanan ilk universitet dərəcəsi almış müəllimlər orta məktəbin aşağı pilləsində dərs demək hüququ qazanır. Universitet dərəcəsi əldə etdikdən (5-6 il) sonra bir il əlavə müəllim təlimi proqramlarında ixtisas almaqla orta məktəbin yuxarı pilləsində dərs demək olar.

Tibb, hüquq, iqtisadiyyat, mühəndislik elmləri üzrə universitet proqramı 4, 5 və ya 6 ildir. Bu ixtisaslara yiyələnmiş mütəxəssislər daha nüfuzlu kadr kimi işə qəbul olunur və yüksək maaş alırlar. Əcnəbilərin bu ixtisaslara qəbulu baxımından müəyyən məhdudiyyətlər mövcuddur. 

Təhsilin idarə olunması 

Norveç parlamenti və hökuməti təhsil sahəsində əsas məqsədləri müəyyənləşdirir və təhsil sektorunun inkişafına dair müvafiq qərarlar verir. Hökumət, həmçinin təhsilin keyfiyyətinin yüksəldilməsi, idarə olunması, maliyyələşməsi üzrə səlahiyyətə malikdir. İbtidai və orta təhsilə dair qaydaların icrası, məzmun və bu təhsil pilləsinin maliyyələşməsi məsələlərinə dövlət cavabdehlik daşıyır.

Norveç Təhsil və Tədqiqat Nazirliyi ölkənin milli təhsil strategiyasının həyata keçirilməsini təmin edir. Nazirlik tərəfindən hazırlanan müvafiq qanunlar, qaydalar, kurikulum və çərçivə planları vasitəsilə milli təhsil standartları müəyyən olunur.

Norveç Təhsil və Təlim İdarəsi Təhsil və Tədqiqat Nazirliyinə tabe olan icraedici orqandır. İdarənin əsas vəzifələri keyfiyyətin yüksəldilməsini təmin etmək, keyfiyyəti qiymətləndirmək, təhlillər aparmaq və müvafiq təhsil pilləsi ilə bağlı inzibati vəzifələri icra etmək, eləcə də ibtidai və orta təhsil pillələrinə nəzarəti həyata keçirməkdir.

Dairə idarələri həm Təhsil və Tədqiqat Nazirliyi ilə Təhsil və Təlim İdarəsi, həm də bələdiyyə və dairələrdəki təhsil sektoru arasındakı əlaqələri təmin edir. Bu qurum müvafiq qaydalar, keyfiyyətin təmin olunması və digər inzibati məsələlərlə bağlı şikayətlərin həllinə məsuldur.

Bələdiyyələr ibtidai və aşağı orta təhsil məktəblərinin idarə olunmasını yerinə yetirirlər. Dairə idarələri isə yuxarı orta təhsil məktəblərində təhsil və təlimə cavabdehdirlər. Qanunvericilik və qaydalar, o cümlədən milli kurikulumun ümumi çərçivəni təşkil etməsinə baxmayaraq, bələdiyyələr, dairə idarələri və müəllimlər təhsil, təlim prosesinin icrasına təsir edə bilərlər. Hər bir məktəbin direktoru, müxtəlif idarəetmə şuraları və komitələri vardır.

Təhsil və Tədqiqat Nazirliyinə tabe olan universitet və kolleclərin fəaliyyəti dövlət tərəfindən tənzimlənir. Akkreditasiyadan keçmiş təhsil müəssisəsinə böyük akademik səlahiyyətlər verilir. Belə müəssisələr müstəqil olaraq tədris etdikləri kursu müəyyənləşdirə bilərlər. Kolleclər yalnız birinci təhsil pilləsində hansı kursları və mövzuları tədris edəcəklərinə dair qərarları qəbul etmək səlahiyyətinə malikdirlər. Universitetlər isə bütün təhsil pillələrində, o cümlədən doktorantura pilləsində də bu baxımdan tam sərbəstdirlər.

Qeyd edək ki, Norveç Təhsildə Keyfiyyətin Təmin Olunması Agentliyi və Norveç Ali Təhsildə Beynəlxalq Əməkdaşlıq Mərkəzi də universitet və kolleclərin idarə olunmasında mühüm rol oynayırlar. 

Beynəlxalq  əməkdaşlıq 

Norveçdə beynəlxalq əməkdaşlıq, təhsil və tədqiqat sahələrində əlaqələrin genişləndirilməsi məsələlərinə xüsusi önəm verilir. Bununla da mütəxəssislərin qabaqcıl beynəlxalq təcrübəyə yiyələnməsinə və ölkələr arasında elm, təhsil sahələrində səmərəli qarşılıqlı əlaqələrin qurulmasına geniş imkanlar açılır.    

 Təhsil və təlimlə bağlı beynəlxalq proqram və tədbirlərin həyata keçirilməsi üzrə rəsmi qurum olan Norveç Ali Təhsildə Beynəlxalq Əməkdaşlıq Mərkəzinin fəaliyyəti bu baxımdan xüsusilə diqqəti cəlb edir. Mərkəz 2004-cü ildə Təhsil və Tədqiqat Nazirliyinin nəzdində təşkil olunub.

Beynəlxalq əməkdaşlıq sahəsində Norveç digər ölkələrdə elmin, təhsilin inkişafına layiqli töhfələr verməklə, həm də elm və texnologiya sahəsindəki innovasiyalardan yararlanır. Belə əməkdaşlıq mədəniyyətlərarası anlaşmanı asanlaşdırır, ölkələrin ikitərəfli əlaqələrinin inkişafına təkan verir. Norveç bu istiqamətdə Avropa İttifaqı, Avropa Şurası, Skandinaviya ölkələrinin Nazirlər Şurası, AİƏT (Avropa İqtisadi Əməkdaşlıq Təşkilatı), YUNESKO kimi nüfuzlu təşkilatlarla və dünyanın bir çox ölkələri ilə sıx əməkdaşlıq edir. 

Hazırladılar:
Bəşarət MƏMMƏDOV,

Ramil HÜSEYNOV
Yazının hazırlanmasında Norveçin Təhsil və Tədqiqat Nazirliyinin
rəsmi materiallarından istifadə olunub.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov