Son zamanlar müəllimlərin dərsdə İKT
vasitələrindən, müasir təlim forma və
üsullarından istifadə, kurikulumların tətbiqi
ilə bağlı bacarıq və qabiliyyətlərini nümayiş
etdirmələri, bu istiqamətlərdə topladıqları
təcrübəni bölüşmələri məqsədi ilə təhsil
ocaqlarında tez-tez "açıq dərs"lər keçirilir.
Belə "açıq dərs"lərdən biri də mayın 12-də Bakı
şəhər 8 nömrəli tam orta məktəbdə oldu.
Məktəbin ibtidai sinif müəllimi Kəmalə
Yusifovanın rus bölməsi üzrə II "c" sinfində
riyaziyyatdan apardığı "açıq dərs"də Bakı Şəhəri
üzrə Təhsil İdarəsi Metodik Mərkəzinin
Multimedia bölməsinin müdiri Vasif Mirzəyev, 8
nömrəli məktəbin direktoru Aytən Baxşıyeva,
direktor müavini Sevinc Əliyeva, ibtidai sinif
müəllimləri ilə yanaşı biz də iştirak etdik və
müəllimin yaradıcı axtarışlarının bəhrəsi olan
dərsdən çox razı qaldıq.
"Cəld hesablama bacarığı" mövzusunda keçdiyi
dərs üçün müəllim maraqlı və orijinal forma
tapmışdı. 7 qrupa bölünmüş sinifdə motivasiya
yaratmaq üçün müəllim uşaqlara öncə çox
sevdikləri multfilmlərin birindən bir parçanı
nümayiş etdirdi. Uşaqlar filmin qəhrəmanını -
Spanç Bobu dərhal tanıdılar.
Beləliklə, dərs başladı. Müəllim əvvəlcə
ayrı-ayrı ölkələrin pul vahidləri haqqında
məlumat verdi və şagirdlərdən bizdə pul
vahidinin necə adlandığını soruşdu. Onların
cavabından sonra müəllim pulun dövlət atributu
olduğunu, üstündəki nişanlar, harada çap
olunması və s. barədə şagirdlərə məlumat verdi.
Sonra proyektor vasitəsi ilə interaktiv lövhədə
müxtəlif tapşırıqlar əks etdirildi. Şagirdlərə
ədədləri ən azından və ən çoxundan başlayaraq
artan və azalan sıra ilə düzməyə, buraxılmış
rəqəmləri yerinə yazmağa aid tapşırıqlar verildi.
Hər tapşırığın qarşısında isə onun pulla "dəyəri"
göstərilirdi. Şagirdlər 4-4 lövhəyə çıxaraq
həmin tapşırıqları həll etdilər. Sonra lövhədən
yanında qiymətləri yazılmış müxtəlif əşyaların
əks olunduğu plakat açıldı. Uşaqlar həmin
əşyaların birlikdə dəyərinin neçə manat olduğunu
hesabladılar.
Müəllim dərsarası fasilə verib şagirdlərə ritmik
musiqi ilə müşayiət olunan idman hərəkətləri
etdirdi.
Sonra şagirdlərlə toplama və çıxmaya aid
misallar həll etdirildi. Şagirdlər müəllimin
müstəqil iş üçün payladığı iş vərəqləri üzərində
də işlədilər və cavablarının təqdimatını etdilər.
Spanç Bobla bağlı məsələlər də həll olundu.
Təbii ki, hər misal və məsələnin pulla ifadə
olunmuş öz "dəyəri" var idi və onları daha cəld
və səhvsiz həll edənə müəllim həmin qiymətin
yazıldığı "çek" verirdi.
Dərsdə şagirdlərin qiymətləndirilməsi də müəllim
tərəfindən onların fəallığı nəzərə alınmaqla
aparıldı.
Dərsdə həyat bilgisi fənninin iqtisadiyyat, pul,
büdcə və s. mövzuları üzrə bacarıqla inteqrasiya
yaradıldı. Yarış formasında olduqca maraqlı
keçən dərsdə şagirdlərin demək olar ki, hamısı
fəal iştirak etdilər.
Dərsi dinləyənlər müəllimin ona hərtərəfli
hazırlaşdığını, maraqlı forma seçdiyini və
qarşıya qoyulan məqsədlərə nail olduğunu
bildirdilər.
Yusif ƏLİYEV |