Kürdəmir
Rayon Təhsil Şöbəsinin müdir müavini Əsgər
Hüseynovdan aldığımız məlumatda bildirilir ki,
rayonun Bala Kəngərli kənd ümumi orta məktəbi
üçün yeni tədris binası istifadəyə verilib. Bu
məktəb binası Yaponiya hökumətinin "Ot kökləri
və insan təhlükəsizliyi" qrant vəsaiti hesabına
"Sülh" qeyri-dövlət humanitar təşkilatı
tərəfindən tikilib. Məktəbin açılışında rayon
icra hakimiyyəti başçısının təhsil, səhiyyə və
mədəniyyət məsələləri üzrə müavini Əbülfət
Mikayılov çıxış edərək təhsilin maddi-texniki
bazasının möhkəmləndirilməsi istiqamətində
həyata keçirilən tədbirlərdən danışıb.
Məktəbin müəllimi Vidadi Dəmirov, kənd
ağsaqqalı İkram Əzizov, şagird Nərmin Əzizova və
başqaları çıxış edərək Yaponiya hökumətinə,
eləcə də məktəbin tikilib istifadəyə
verilməsində zəhməti olan şəxslərə
təşəkkürlərini bildiriblər.
Sonra "Sülh" qeyri- dövlət humanitar
təşkilatının sədri Dilşad Ağalarova təhsil
ocağının istifadəyə verilməsi ilə əlaqədar
müəllim və şagirdləri təbrik edib, son vaxtlar
təşkilatın rayonda həyata keçirdiyi layihələrdən
söz açıb.
Tədbirin sonunda Kürdəmir Rayon İcra
Hakimiyyətinin başçısı Fəxrəddin Məlikov
məktəbin şagird və pedaqoji kollektivini, kənd
sakinlərini yeni tədris binasının açılışı
münasibətilə təbrik edib və bu xeyirxah işdə
əməyi olan bütün insanlara öz minnətdarlığını
bildirib.
Şakir CƏFƏROV |