Aprelin 26-da şagirdlər, müəllimlər və dəvət
olunmuş qonaqlar Azərbaycan tarixində şərəfli
yeri olan Nəriman Nərimanovun xatirəsini anmaq,
onun keçdiyi mənalı həyat yoluna nəzər salmaq
üçün Bakıdakı A.Səfərov adına 114 nömrəli tam
orta məktəbin akt zalına yığışmışdılar.
N.Nərimanovun xatirə ev-muzeyi və məktəbin birgə
təşkil etdiyi tədbir "Dövrünün görkəmli
mütəfəkkiri" adlanırdı.
Gənc nəslə vətənimizin tarixi, dəyərli övladları
barədə bilgilər vermək məqsədini güdən muzeyin
əməkdaşları bu il artıq ikinci dəfə idi ki, bu
kollektivin görüşünə gəlmişdi. Əməkdaşlarımızın
təqdim etdiyi "N.Nərimanov dövrünün görkəmli
mütəfəkkiridir" adlı səyyar sərgi, tarixi sənəd,
foto və kitablar hamının marağına səbəb oldu.
Azərbaycan Respublikası Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının dosenti
Firdovsiyyə Əhmədovanın N.Nərimanovun fəaliyyəti
ilə bağlı yeni faktlarla zəngin, maraqlı çıxışı
diqqətlə dinlənildi.
Məktəbin informatika müəllimi Nazxanım
Tahirovanın Nərimanovla bağlı hazırladığı
videomateriallar nümayiş etdirilərkən hamının
diqqəti zaldakı böyük monitora yönəldi. Nəhayət,
növbə şagirdlərə çatdı. Onlar dövlət xadimləri,
yazıçı və tarixçi alimlərimizin N.Nərimanovla
bağlı fikirləri, Azərbaycan şairləri Almas
İldırımın "Nəriman" şeiri, Nəriman Həsənzadənin
"Nəriman" poeması, türk yazıçısı İrfan Ülkünün
"78 il sonra Nərimanovun Bakı ilə telefon
danışığı" və "Nərimanov" şeirləri, N.Nərimanovun
səhnə əsərləri, eləcə də oğlu Nəcəfə və bütün
gənclərimizə ünvanlanmış dəyərli nəsihətləri
əsasında hazırlanmış bədii kompozisiya və musiqi
nömrələri ilə çıxış etdilər. Balaca "aktyorların"
Nərimanovun "Nadanlıq", "Şamdan bəy" və "Nadir
şah" dramlarından oynadıqları kiçik səhnəciklər
alqışlarla qarşılandı.
Tədbirin sonunda N.Nərimanovun xatirə
ev-muzeyinin direktoru Kamilə Hüseynova çıxış
edərək məktəbin direktoru Ceyran Novruzovaya,
tədbirin təşkilinə və hazırlanmasına böyük
məsuliyyətlə yanaşan müəllimlər N.Tahirovaya,
N.Ələkbərovaya və Ü.Vəliyevaya, eləcə də
şagirdlərə minnətdarlığını bildirdi.
N.Nərimanovun kitablarını, məqalə və
məktublarının surətlərini məktəbə hədiyyə etdi.
Rəna QƏHRƏMANOVA,
N.Nərimanovun xatirə ev-muzeyinin elmi işçisi |