Mən
Bakıdakı 7 nömrəli orta məktəbin 11-ci sinif
şagirdiyəm. Hərdən fikirləşəndə ki, artıq
məktəbi bitirirəm və bir daha şagird kimi
məktəbə qədəm qoya bilməyəcəm, bu məni
kədərləndirir. Çünki uşaqlığımızı, gəncliyimizi
həsr etdiyimiz bu doğma ocaq bizə çox şey
öyrətmiş, gələcəkdə necə addımlamağı, vətənə,
dövlətə sadiq bir vətəndaş kimi yetişməyimizi
aşılamışdır. Bu gün təhsil aldığım məktəb
haqqındakı hisslərimi qələmə almağı düşündüm və
bu yazıda buna nail olmağa çalışmışam.
İlk dəfə 7 nömrəli məktəbə qədəm qoyanda hiss
elədim ki, bu təhsil ocağının özünəməxsus
ab-havası var. Belə ki, istər şagirdlərdə,
istərsə də müəllimlərdə xüsusi ciddilik və
nizam-intizam mövcud idi. Bununla yanaşı
məktəbimizdə hər zaman birinci şagirdi dinləmək
və şagirdlərin daxilini üzə çıxarmaq kimi
məsələləri müəllimlər diqqətdə saxlayırlar.
Məktəbimizin zəngin maddi-texniki bazası var ki,
bu da bizə dərslərimizi günün tələbləri
səviyyəsində qurmağa kömək edir. Şagirdlər
siniflərdə kompüter və proyektorlardan səmərəli
istifadə edirlər. Məktəbimiz Heydər Əliyev Fondu
tərəfindən əsaslı təmir edilib və pilot
məktəbdir. 2009-cu ildə İnnovativ məktəblər
layihəsinin qalibi olmuş bu təhsil ocağı 30
ölkədən seçilən məktəblər sırasına daxildir.
Məktəbimiz 61 ölkədən olan məktəblər şəbəkəsinə
daxildir və ayda bir dəfə bu məktəblərlə
İnternet vasitəsilə əlaqə yaradırıq. Şagirdlər
bu günü səbirsizliklə gözləyirlər. Məktəbimizin
beynəlxalq əlaqələri bizi çox sevindirir. Bu
yaxınlarda Almaniyadan məktəbimizə qonaqlar
gəlmişdi. Onlar şagirdlərimizi bu ilin
noyabrında Almaniyada 27 Avropa ölkəsinin
iştirakı ilə keçiriləcək olimpiadaya dəvət
etdilər. Hazırda məktəbimiz bu olimpiadaya
yüksək səviyyədə hazırlaşır.
Son illər ölkəmizdə aparılan geniş quruculuq
işləri və xüsusən də doğma Bakımızın gündən-günə
çiçəklənməsi hamı kimi məni də çox sevindirir.
Möhtərəm Prezidentimiz İlham Əliyevin və Heydər
Əliyev Fondunun prezidenti Mehriban xanım
Əliyevanın misilsiz xidmətləri və səyi
nəticəsində respublikamız inkişaf edir, Avropa
ölkələrinə sürətlə inteqrasiya olunur.
Prezidentimizin gənclərə xüsusi diqqəti və
qayğısı bizləri gələcəkdə daha da məsuliyyətli
olmağa sövq edir. Prezidentimiz cənab İlham
Əliyev çıxışlarında qeyd edir ki, "Biz çox
istəyirik ki, gənclərimiz həm peşəkar, həm
bilikli, həm də Vətənə, dövlətə bağlı olsunlar,
Vətəni sevsinlər. Haqlı olaraq fəxr etsinlər ki,
onlar Azərbaycan vətəndaşlarıdır". Biz gənclər
bu fikirlərdən böyük qürur hissi duyur və vətənə
layiqli vətəndaş olmaq üçün əlimizdən gələni
etməyə çalışırıq.
Məktəbimizin direktoru Gülnaz Mehdizadə və sinif
rəhbərimiz Zinnun Zərbəliyev ən çətin
məqamlarımızda belə bizə kömək edirlər və öz
dəstəklərini əsirgəmirlər. Biz müəllimlərimizə
hörmətlə yanaşırıq və daim çalışırıq ki, onların
rəğbətini qazanaq. Çünki müəllim müqəddəsdir və
ata-ana qədər bizlərə əzizdir. Müəllimlərimizdən
Ziyafət müəllimin, Kubra müəllimin, Solmaz
müəllimin adlarını xüsusilə qeyd etmək
istəyərdim. Çünki onlar bizə necə şəxsiyyət
olmağın sirrini dərindən öyrədiblər.
Sinif yoldaşlarımla səmimi münasibətlərimiz
var. Tural, Nihat, Leyla, Kəmalə və Əzizlə
daha çox vaxt keçirirəm. Biz bir yerə toplaşaraq
gələcək planlarımız haqqında danışır, məktəb
xatirələrindən söhbət açır, "son zəng" mərasimi
barəsində düşünürük. Məktəbimiz hər il "son
zəng"i maraqlı keçirir. Biz bu günü
səbirsizliklə gözləyirik.
Əli ƏLİYEV,
Bakıdakı 7 nomrəli məktəbin XI sinif şagirdi
|
|