Azərbaycan kimya elminin uğurlu gələcəyinə
etibarlı zəmin yaradan gənclər
Vaqif ABBASOV,
AMEA-nın müxbir üzvü, professor
Azərbaycan
xalqı bütün tarixi boyu istənilən elm sahəsində
dünyaya çox böyük şəxsiyyətlər bəxş edib. Kimya
elmi də bu sahədə istisna deyil. Son 120 ildə
Azərbaycanın dünya şöhrətli kimya elmi məktəbi
yaranıb və onun uca zirvəsi akademik Yusif
Məmmədəliyevdir. XX əsrin əvvəllərində Mövsüm
bəy Xanlarov və Sadıq Hüseynovla başlayan
Azərbaycan kimya elmi məktəbi əsrin ortalarında
dünya elminə akademiklər Yusif Məmmədəliyev,
Rüstəm İsmayılov, Murtuza Nağıyev, Əli
Quliyev,Vahab Əliyev, Mark Dalin, Soltan
Mehdiyev, Toğrul Şaxtaxtinski, Bahadur Zeynalov,
Musa Rüstəmov, Məhərrəm Məmmədyarov, Sahib
Əliyev, Həbib Şaxtaxtinski, Ayaz Əfəndiyev,
Nadir Seyidov, Ramiz Rzayev, Kamil Sadıqov,
Vaqif Fərzəliyev, Ağadadaş Əliyev, Abel
Məhərrəmov, Siyavuş Qarayev kimi görkəmli
alimlər bəxş etmişdir. İndi bu alimlərin hər
birinin tanınmış elmi məktəbi var.
XX əsrdə Azərbaycan kimya elminin inkişafında
akademiyanın müxbir üzvləri Məmməd Mövsümzadə,
Məcid Mərdanov, Xuda Məmmədov, Şamxal Məmmədov,
Bilal Dadaşov, Paşa Rüstəmov, Yunus Qəmbərov,
Rəfiqə Əliyeva, Fəzilə Səmədova, Nazil
Canıbəyobv, Akif Əzizov, Dilqəm Tağıyev, Fuad
Əliyev, Mübariz Əhmədov, Abbasqulu Quliyev,
Mustafa Salahov, Adil Qəribov və başqalarının
böyük xidmətləri olub və bu gün onların çoxu
ölkəmizdə öz kimya məktəblərinə rəhbərlik
etməkdə davam edirlər.
Azərbaycanın neft-kimya elmi və bütövlükdə kimya
elmi özünün inkişaf səviyyəsinə görə dahi
Yusif Məmmədəliyevə borcludur.
Rus alimləri tərəfindən "Alkilləşmənin kralı"
adlandırılmış Yusif Məmmədəliyevin çox
istiqamətli tədqiqatları əslində ölkəmizdə kimya
elminin müasir istiqamətlərinin təməli olmuşdur.
Y.Məmmədəliyevin yüksəkoktanlı benzin
komponentinin alınma texnologiyasını yaratması
İkinci Dünya müharibəsində SSRİ-nin Almaniya
üzərində qələbəsində müstəsna rol oynamışdır.
Onun dünya şöhrətli tələbəsi akademik Əli
Quliyevin yaratdığı Aşqarlar Kimyası İnstitutu
ölkəmizdə üzvi sintezin, xüsusən də incə üzvi
sintezin bir elmi istiqamət kimi formalaşması və
inkişafında müstəsna rol oynamışdır.
Hazırda ölkəmizdə fəaliyyətdə olan kimya
institutlarının əksəriyyəti dünya miqyasında
nüfuza malik elmi mərkəz olan Neft-Kimya
Prosesləri İnstitutunun tərkibindən ayrılaraq
formalaşmışdır.
Əslində adları qeyd edilən alimlər və kimya üzrə
çoxlu elmlər doktoru və professorlar
Azərbaycanda təkcə kimya elminin yox, həm də
neft və qaz emalı, neft-kimyası sənayelərinin də
formalaşmasında, inkişafında öz töhfələrini
vermişlər.
Adlarını
qeyd etdiyim və etmədiyim görkəmli kimyaçılar
yüzlərlə yüksək səviyyəli alimlər yetişdirməklə,
eyni zamanda kimyaçı kadrlar hazırlanması
sahəsində və bununla təhsilin inkişafına da
əvəzsiz xidmət etmişlər
Təsadüfi deyil ki, bu gün həmin alimlərin çoxu
BDU, NDU, SDU, GDU, ADNA, ADPU-da kimyaçı
kadrların hazırlanması sahəsində uğurlu
fəaliyyət göstərirlər.
Azərbaycanın elə alimləri də olub ki, SSRİ-də
qapalı mövzular üzrə işlər apardıqlarından
onların adları ictimaiyyətə məlum olmayıb və bu
gün də çox az məlumdur. Belə alimlərimizdən biri
də görkəmli kimyaçı alim, kimya elmləri doktoru,
professor Abbas Çayxorski olmuşdur.
Abbas Çayxorski 1941-ci ildə Bakı Dövlət
Universitetinin kimya fakültəsinə daxil olmuş,
1946-cı ildə Sankt-Peterburq Universitetində
yeni yaradılan radiokimya fakültəsinə oxumağa
göndərilmiş və oranı "əla" qiymətlərlə
bitirdikdən sonra Çelyabinskdə, Kurçatovun
yanında işləməyə başlamışdır. Bütün həyatını
neptunium kimyasına həsr edən Abbas Çayxorski
SSRİ-də atom silahının yaradılmasında xüsusi
xidmətlər göstərib. O, 12 il SSRİ-də atom
enerjisinin dinc məqsədlərlə istifadəsi üzrə
dövlət komissiyasının sədri olub.
Abbas Çayxorski özünün aldığı elmi nəticələr və
digər görkəmli alimlərin nəticələrinə
əsaslanaraq daha mükəmməl elementlərin dövri
sistemi cədvəlini yaradıb. Kimyaya beşinci kvant
ədədinin gətirilməsi ideyasının müəllifidir.
O, 1997-ci ildə ABŞ-a, oğlunun yanına köçərkən (sağlamlığı
ilə əlaqədar olaraq) Rusiyanın hökumət orqanları
onu bütün titullardan məhrum etmiş və atom
kimyası sahəsində tədqiqatlar aparmayacağı
haqqında ondan yazılı iltizam almışdır. 2004-cü
ildə Azərbaycan Milli Elmlər Akademiyasının
Rəyasət Heyəti ona fəxri doktor adı vermişdir.
"Neptunium kimyası" monoqrafiyasının müəllifi
olan Abbas Çayxorski xalqımızın və elmimizin
fəxr edə biləcəyi alim idi. O vəsiyyət etmişdir
ki, vəfat etdikdə onu Bakıda köhnə
qəbiristanlıqda qohumlarının yanında dəfn
etsinlər. Əslən Basarkeçər rayonunun Çaxırlı
kəndindən olan dünya səviyyəli alimimiz 2009-cu
ildə vəfat etmiş və onun külü vətəninə
gətirilərək köhnə qəbiristanlıqda dəfn
edilmişdir.
Bu gün müstəqil Azərbaycan Respublikası bütün
sahələrdə sürətlə inkişaf edir.
Hələ keçən əsrin 70-ci illərindən ulu öndər,
dünya şöhrətli siyasətçi Heydər Əliyev müstəqil
olacaq ölkəmizin bu günü üçün yüksək ixtisaslı
kadrlar hazırlanması işinə çox böyük diqqət
yetirirdi. Müstəqillik illərində elm və təhsilə
diqqət və qayğı daha da artır. Bu diqqət və
qayğı sayəsində kimya elminə çox istedadlı
gənclər gəlməkdədir. Fəxrlə deyə bilərəm ki,
məktəblilərin kimya olimpiadasını keçirən
münsiflər heyətinin sədri kimi 19 illik
fəaliyyətimdə yüzlərlə belə istedadlı gənclərlə
görüşmüş, onların uğurlu inkişafının şahidi
olmuşam.
Qeyd edim ki, bu uğurlar çox hörmətli
Prezidentimiz İlham Əliyev cənablarının təhsilə
xüsusi qayğısı, Təhsil Nazirliyinin uğurlu
təhsil islahatları sayəsində mümkün olmuşdur.
1997-ci ildə mənim təşəbbüsüm və beynəlxalq və
dünya kimya olimpiadalarına hazırlıq mərkəzi
yarandı və istedadlı şagirdləri bu mərkəzə
hazırlığa dəvət etdik. Uğurlar özünü çox
gözlətmədi.
1998-ci ildə Beynəlxalq Mendeleyev kimya
olimpiadasında Rüfət Əzizov bürünc medala layiq
görüldü və Moskva Dövlət Universitetinə (MDU)
imtahansız qəbul olundu. 1998-2010-cu illərdə
şagirdlərimiz beynəlxalq və dünya kimya
olimpiadalarında 80-dən çox qızıl, gümüş və
bürünc medallar qazandılar və onlardan 21 nəfəri
Moskva Dövlət Universitetinə imtahansız qəbul
olundu və demək olar ki, onların hamısı bu
universitetin ən sevimli tələbələri oldular.
Onların böyük uğurlarında pedaqoji elmlər
doktoru M.M.Abbasovun, N.A.Abışovun,
İ.Q.Nəzərovun, N.Şıxəliyevin, X.Əsədovun,
Y.Abdullayevin böyük əməklərini qeyd etmək
istərdim. Bu uğurlarda "Çağ" Öyrətim İşlətmələri
Şirkətinin, Təhsil Nazirliyinin və Milli Elmlər
Akademiyasının birgə əməkdaşlarının çox böyük
rolu olmuşdur. Şagirdlərimizin dünya miqyaslı
yarışlara hazırlıq işləri indi də davam edir.
Təhsilimizin dünya miqyasında şərəflənməsində öz
töhfələrini vermiş bir neçə gənci xüsusi qeyd
etmək istərdim.
Vüsal
Məmmədəli oğlu Şəfiyev
1982-ci il avqustun 20-də Bakı şəhərində anadan
olub. Orta təhsilini başa vurduqdan sonra
2000-ci il Beynəlxalq Mendeleyev Kimya
Olimpiadasının qızıl mükafatçısı kimi Moskva
Dövlət Universitetinin kimya fakültəsinə
imtahansız qəbul olunub.
2005-ci ildə MDU-nu müvəffəqiyyətlə bitirdikdən
sonra Azərbaycana qayıdıb, həmin ildə
Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ)
aspiranturaya daxil olub. Aspiranturaya qəbul
olduğu vaxtdan bir il sonra ABŞ-ın Florida
Universitetinin Kimya Mühəndisliyi fakültəsində
magistr dərəcəsi üzrə təhsil almaq üçün dəvət
alıb. Oxuduğu institutdan məzuniyyət götürərək
Florida Universitetində magistr dərəcəsi almış
və 2008-ci ildə oranı müvəffəqiyyətlə bitirərək
yenidən vətənə qayıdıb, BP şirkətində kimya
mühəndisi vəzifəsində çalışmağa başlayıb. Eyni
zamanda elmi işini davam etdirərək 2010-cu ilin
yanvarında kimya üzrə fəlsəfə doktoru alimlik
dərəcəsini almaq üçün dissertasiya müdafiə edib.
Azərbaycanda oxuduğu müddətdə bir neçə
beynəlxalq elm yarışmalarına (2009 və 2010-cu
illər Beynəlxalq Çevrə Olimpiadası, 2009-cu il
Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadası,
2010-cu il 44-cü Beynəlxalq Mendeleyev Kimya
Olimpiadası) münsif olaraq dəvət alıb.
Rüfət
Eyvaz oğlu Əzizov
Lənkəran Özəl Türk Liseyini bitirib. 1998-ci
ildə kimya üzrə respublika olimpiadasında
birinci yerə layiq görülüb, həmin ildə Belarusda
keçirilən Beynəlxalq Mendeleyev Kimya
Olimpiadasında bürünc medala layiq görülüb və
Moskva Dövlət Universitetinin kimya fakültəsinə
imtahansız qəbul olunub. 2003-cü ildə
universiteti fərqlənmə diplomu ilə bitirib və
orada aspiranturada saxlanılıb. 2007-ci ildə
dissertasiya müdafiə edərək kimya üzrə fəlsəfə
doktoru elmi dərəcəsi alıb. 2006-2008-ci illərdə
Böyük Britaniyada Beynəlxalq Peşəkar
Sertifikasiya sertifikatı alıb. 2009-cu ildən
Xəzər Mühəndisləri İctimai Birliyinin sədridir.
2005-ci ildən BP şirkətində Material, korroziya,
inspeksiyalar, texniki bütövlük üzrə baş
mühəndis işləyir. 2008-2009 və 2010-cu illərdə
BP şirkətinin müxtəlif nominasiyalarda "İlin
mühəndisi" mükafatına layiq görülüb. 15 elmi
məqalənin müəllifidir. 2011-ci il aprelin 21-də
respublika Prezidenti İlham Əliyev cənablarının
ölkə gənclərinin nümayəndələri ilə görüşündə
iştirak edib.
Sənan
Zabit oğlu Eminov
1994-2000-ci illərdə Bərdə şəhəri 3 nömrəli
məktəbdə, 2000-2005-ci illərdə Mingəçevir Özəl
Türk Liseyində təhsil alıb.
2003, 2004, 2005-ci illərdə respublika kimya
olimpiadasının qızıl medallarına layiq görülüb.
2003, 2004, 2005-ci illərdə uyğun olaraq
Yunanıstanda, Almaniyada və Tayvanda keçirilən
dünya üzrə kimya olimpiadalarının bürünc və
qızıl medallarına layiq görülüb. Tayvan
olimpiadasında nəzəri suallara 100% düzgün cavab
verdiyi üçün eyni zamanda dünya kubokuna da
sahib olub. Bu, Azərbaycan məktəblilərinin bütün
fənlər üzrə dünya olimpiadalarında iştirak
tarixində ən yüksək nəticədir. O, 2000-ci ildə
Ankaradakı Orta Doğu Texniki Universitetinə
daxil olub, orada bir il təhsil alandan sonra
Almaniyanın Bremen şəhərindəki Yakobs
Universitetinə dəvət alıb və 2010-cu ildə həmin
universiteti uğurla başa çatdıraraq iki ixtisas
üzrə diplom alıb.
2010-cu ildə İngiltərənin İmperial Kollecinə
dəvət alıb və hazırda orada magistraturada
oxuyur. İmperial Kollecin rəhbərliyi onu
doktoranturada saxlamaq qərarını qəbul edib.
İsmayıl
Teyyub oğlu İsmayılov
1991-1996-cı illərdə Bakı şəhərindəki 115
nömrəli məktəbdə, 1996-1997-ci tədris ilində 83
nömrəli liseydə, 1997-2001-ci illərdə
iqtisadiyyat təmayüllü Özəl Türk Liseyində
oxuyub.
2001-ci ildə kimya üzrə respublika
olimpiadasının gümüş medalına, Moskvada
keçirilən 35-ci Beynəlxalq Mendeleyev Kimya
Olimpiadasının bürünc medalına layiq görülüb.
2001-ci ildə Moskva Dövlət Universitetinin kimya
fakültəsinə imtahansız qəbul olunub. 2008-ci
ildə universiteti müvəffəqiyyətlə bitirərək
M.V.Lomonosov adına Moskva Dövlət Zərif Kimya
Texnologiyası Akademiyasında saxlanılıb. 2011-ci
il iyunun 10-da neft kimyası üzrə fəlsəfə
doktoru elmi dərəcəsi almaq üçün dissertasiya
müdafiə edəcək. İ.İsmayılov 16 elmi əsərin
müəllifidir və əsərlərinin əksəriyyəti Rusiya
Federasiyasının ən nüfuzlu jurnallarında nəşr
olunub.
Sadiq
Əyan oğlu Ağazadə
Astara şəhərində doğulub. Birinci sinifdən
altıncı sinfə qədər Astara şəhərindəki 2 nömrəli
məktəbdə, yeddinci sinfi Krasnoyarsk şəhərində,
VIII-XI-ci sinifləri Bakı şəhərindəki 160
nömrəli məktəbdə oxuyub. Onuncu və onbirinci
siniflərdə oxuyarkən məktəblilərin kimya
olimpiadalarının respublika turlarında uyğun
olaraq gümüş və qızıl medala layiq görülüb.
Onbirinci sinifdə oxuyarkən Beynəlxalq
Mendeleyev Olimpiadasında bürünc medal qazanaraq
Moskva Dövlət Universitetinin kimya fakültəsinə
imtahansız qəbul olunub. Elə həmin ildə
Macarıstanda kimya üzrə dünya olimpiadasında
gümüş medal qazanıb.
Birinci və ikinci kursda ilboyu dərslərə yüksək
səviyyədə hazırlaşdığından kimya imtahanlarından
azad edilib. 2010-cu ildə "Fizika tverdoqo tela"
jurnalında (Moskva) elmi məqaləsi çıxıb. Bakıda
Mendeleyev Kimya Olimpiadasının beynəlxalq
münsiflər heyətinin üzvü olub.
Məmməd
Faiq oğlu Mirzəliyev
1996-2002-ci illərdə Quba rayonu Qəçrəş kənd
orta məktəbində, 2002-2007-ci illərdə isə Quba
Özəl Türk Liseyində oxuyub. 2004 və 2005-ci
illərdə respublika kimya olimpiadalarında uyğun
olaraq üçüncü və dördüncü yerlərə, 2005-ci ildə
Türkiyədə keçirilən İNEPO-AVRASİYA Ətraf Mühitin
Mühafizəsi Beynəlxalq Layihə Olimpiadasında
gümüş medala, 2006-cı ildə respublika
olimpiadasında gümüş medala layiq görülüb,
2006-cı ildə İNEPO-AVRASİYA Ətraf Mühitin
Mühafizəsi Beynəlxalq Layihə Olimpiadasında
qızıl medala layiq görülüb. 2007-ci ildə
Azərbaycan Dövlət Pedaqoji Universitetinin kimya
fakültəsinə daxil olub. Sonra 2008-ci ildə
yenidən imtahan verərək Türkiyənin Ağdəniz
Universitetinin tibb fakültəsinə daxil olub.
Hazırda III kursda oxuyur, dərs əlaçısıdır.
Elşad
Əhməd oğlu Abdullayev
1991-ci ildə Bakıdakı 196 nömrəli məktəbə daxil
olub, 1993-cü ildən 1996-cı ilə qədər 281
nömrəli məktəbdə təhsilini davam etdirib,
1996-cı ildə Bakı Özəl Türk Liseyinə daxil olub
və 2001-ci ildə məktəbi bitirib.
1999-cu ildə respublika kimya olimpiadasının
gümüş, 2000-ci ildə bürünc, 2001-ci ildə qızıl
medallarını alıb.
2000 və 2001-ci illərdə Beynəlxalq Mendeleyev
Kimya Olimpiadasının müvafiq olaraq gümüş və
bürünc medallarına layiq görülüb.
Beynəlxalq olimpiadanın qalibi kimi Moskva
Dövlət Universitetinin kimya fakültəsinə daxil
olub.
O, universitetdə yalnız "əla" qiymətlərlə oxuyub.
Universiteti bitirərkən əldə etdiyi
nailiyyətlərə görə Elşad Abdullayev "Ən yaxşı
tələbə" adını qazanıb və "Rusiya İntellektual
Resursları" siyahısına daxil edilib.
Rusiya Federasiyasında təhsil aldığı müddətdə
Azərbaycanın həmin ölkədəki səfirliyi ilə
Ümumrusiya Azərbaycan Konqresinin tələbələr
arasında keçirdiyi tədbirlərin fəal iştirakçısı
olub və buna görə də Konqresin Fəxri fərmanı ilə
mükafatlandırılıb.
2006-cı ildə Elşad Abdullayev ABŞ-ın Luziana
Texnologiya Universitetinə mühəndislik üzrə
aspirantura proqramına daxil olub. Universitetdə
oxuduğu müddətdə 25-ə qədər beynəlxalq
konfransda məruzələrlə çıxış edib. 2009-cu ildə
Nevada ştatında Las Veqasda Qərb Örtüklər
simpoziumunda ən yaxşı texniki poster mükafatı
ilə mükafatlandırılıb və Amerika Kimyaçılar
Cəmiyyətinə üzv qəbul edilib.
On elmi məqaləsi dərc olunub.
2010-cu ildə Elşad Abdullayev kimya üzrə fəlsəfə
doktoru alimlik dərəcəsi alıb.
Birləşmiş Millətlər Təşkilatı 2011-ci ili "Beynəlxalq
kimya ili" elan edib. Bunun səbəbi elm və
texnologiyalar əsri olan XXI əsrin başlanğıcında
şagirdlərdə təbiət elmlərinə, o cümlədən kimyaya
marağın azalması ilə bağlıdır. Bu vəziyyət
ölkəmizdə də müşahidə olunur. Çox böyük və
sürətlə inkişaf edən neft və qaz sənayesinə,
neft emalı və neft kimya komplekslərinə malik
ölkəmiz üçün gələcəkdə yüksək səviyyəli
kimyaçılar, kimya mühəndisləri, kimyaçı
texnoloqlar, kimyaçı ekoloqlar çox lazım olacaq.
Bu problemi həll etmək üçün nə etməliyik?
1. Azərbaycanın qabaqcıl kimya müəllimləri
V.Əliyev (Bakı), M.M.Abbasov (Bakı), H.Qədirov (Yardımlı),
T.Talıbov (Tovuz), Əhməd Əhmədovun (Qəbələ) və
b. qabaqcıl iş təcrübələrini kimya müəllimləri
arasında yaymaq lazımdır.
2. Təhsil Nazirliyinin saytında nüfuzlu
müəllimlərin təcrübələrlə müşayiət olunan "açıq
dərs"lərini yerləşdirmək yaxşı olar.
3. Məktəblərin kimya laboratoriyaları ilə təmin
olunması işi daha da sürətləndirilməlidir.
4. Kimya müəllimləri hazırlayan
universitetlərimizdə mütləq olaraq kimyanın
tədrisi metodikası kafedraları yaradılmalı,
həmin kafedralara yalnız tədris metodikası üzrə
mütəxəssis olan müəllimlər cəlb olunmalıdır.
5. Elektron dərsliklərin daha mükəmməl
variantları hazırlanmalı və şagirdlərin
istifadəsinə verilməlidir.
6. Kimyadan fakültativ məşğələlərin təyinatı
üzrə istifadəsinə xüsusi diqqət yetirilməlidir.
7. Müəllimlərə kömək üçün kimyadan maraqlı və
əyləncəli təcrübələr toplusu yaradılmalıdır.
8. Məktəblilərin kimya ilə bağlı obyektlərə
səyahətlərinin təşkili işi bərpa olunmalıdır.
9. Şagirdlərin kimyəvi biologiyaya maraqlarını
artırmaq üçün kimya və biologiya üzrə beynəlxalq
və dünya olimpiadalarının qaliblərinin (qızıl,
gümüş və bürünc medal alanların) təkcə kimya və
ya biologiya ixtisasları üzrə mütəxəssislər
hazırlayan universitetlərə yox, həm də tibb
universitetinə də imtahansız qəbul olmalarına
aid məsələ öz həllini tapmalıdır. Bu,
şagirdlərdə beynəlxalq və dünya olimpiadalarına
marağı və rəqabəti artırar, şagirdlər ölkəmizi
daha yaxşı təmsil edə bilərlər.
10. Görkəmli kimyaçı alimlərin məktəblilərlə
sistemli görüşləri təşkil olunmalıdır və hər bir
kimyaçı alim ən azı bir məktəb ilə mütəmadi
əlaqə saxlamalıdır, şagirdlərin təbiət elmlərinə
marağının artırılmasında kimya müəllimlərinə
kömək etməlidir.
11. Kütləvi informasiya vasitələrində kimya
əleyhinə məlumatların verilməməsi sahəsində
jurnalistlər məlumatlandırılmalı, ekoloji
problemlərin səbəbləri təhlil olunarkən əsassız
olaraq problemin mövcudluğu kimya ilə
əlaqələndirilməməli, cəmiyyətdə kimya xofu
yaradılmamalıdır.
12. Kimyanın müasir cəmiyyətdə müstəsna müsbət
rolu haqqında məlumatların populyar dildə
cəmiyyətə çatdırılması sahəsində işlər
genişləndirilməlidir.
Təhsil kimi müqəddəs işdə hər bir kəs öz
köməyini əsirgəməməlidir.
Təhsil-elm-texnologiya-sivilizasiya inkişaf
sisteminin birinci pilləsinin təhsil olduğu və
digər mərhələlərin məhz onun üzərində inkişafı
unudulmamalıdır. |