Mayın
13-də Litvanın Azərbaycandakı səfiri Kestutis
Kudzmanas Bakıdakı 6 nömrəli məktəb-liseydə
oldu. Tədbirdə məktəbin müəllim-şagird
kollektivi ilə yanaşı qonaqlar da iştirak
edirdi.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru
Gülşən Orucova bildirdi ki, ölkənin göstəricisi
onun yeraltı və yerüstü sərvətləri ilə deyil,
kadr potensialıdır. Bu gün xaricdə təhsil
alaraq doğma vətənə layiqli bir vətəndaş,
peşəkar mütəxəssis kimi dönən gənclərə böyük
ehtiyac var. Qeyd edək ki, Dövlət Proqramına
əsasən 2007-2015-ci illərdə 5000 tələbənin
xaricdə təhsil alması nəzərdə tutulub.
Məktəbimizdə Beynəlxalq Bakalavriat proqramının
qəbul edilməsi məhz Dövlət Proqramının həyata
keçməsi üçün aparılan işlərdən biridir. Təhsil
Nazirliyinin dəstəyi ilə məktəb Beynəlxalq
Bakalavr Təşkilatının (İnternational
Baccalaurate Organization) İBO proqramını
tətbiq etməyə çalışır. Bu proqram 14 ildir ki,
TİSO məktəbində tətbiq olunur. İkiillik təhsil
dəyəri 71000 dollar olan bu proqram dövlət
məktəbi olaraq bu məktəbdə pulsuz olacaqdır. Bu
proqram hazırda Xəzər Universitetinin nəzdindəki
"Dünya" məktəbində tətbiq olunur. G.Orucova bu
proqramın həyata keçirilməsində əsas problemin
kadrlarla bağlı olduğunu, lakin məktəbin
müəllimlərinin proqramla bağlı İsveçrənin Sürix
şəhərində təşkil olunmuş treninqlərdə iştirak
etdiklərini bildirdi. İBO proqramının
əhəmiyyətindən danışan G.Orucova qeyd etdi ki,
məktəbi bitirənlər İB diplomunu alacaqlar ki, bu
da onlara dünyanın 138 ölkəsindəki ali
məktəblərdə təhsillərini davam etdirməyə imkan
verəcək. Maksimum 45 bal toplayan şagirdlərə isə
Oksford, Kembric, Harvard kimi universitetlərdə
təhsil almaq imkanı verir. İB məktəb sistemi
gəncləri axtarışa sövq edir, onların təfəkkürünü
inkişaf etdirir. Direktor bu proqramın tətbiq
olunduğu Litvadakı həmkarları ilə əlaqələr
yaratdıqlarını və yaxın günlərdə məktəbin bir
qrup müəlliminin bu ölkəyə səfər edəcəyini
iştirakçıların nəzərinə çatdırdı.
Tədbirdə çıxış edən Litvanın Azərbaycandakı
səfiri Kestutis Kudzmanas Litvanın təhsil
sistemi haqqında iştirakçılara ətraflı məlumat
verdi. Dövlətlərarası əlaqələrin gündən-günə
inkişaf etdiyini, bu baxımdan təhsil sahəsində
də əməkdaşlığın genişləndirilməsinin vacibliyini
vurğulayan səfir belə tədbirlərin keçirilməsini
təqdirəlayiq hal kimi qiymətləndirdi. Səfir 6
nömrəli məktəbdə İB proqramının tətbiq edilməsi
istəyini alqışladı və öz tərəfindən lazımi
dəstək göstərəcəyini bildirdi. Belə ki, 4
müəllimin 16-18 may tarixində Litvadakı İB
məktəblərinə gedərək məlumat mübadiləsi və
əməkdaşlıq etmələri üçün ezam olunmalarını
nəzərə çatdırdı. Məktəbin müəllim və
şagirdlərinin, KİV nümayəndələrinin suallarını
cavablandıran səfir görüşdən məmnun olduğunu
bildirdi.
Niyazi RƏHİMOV |
|