Azərbaycan
Dillər Universitetində "Bakıda Avstriya
ədəbiyyatı günləri" adlı ikigünlük tədbir öz
işinə başlayıb. ADU və Avstriyanın
Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə
keçirilən tədbirin açılış mərasimində
universitetin rektoru, professor, millət vəkili
Səməd Seyidov, Avstriyanın Azərbaycandakı
fövqəladə və səlahiyyətli səfiri Silvia
Mayer-Kaybiç, Avstriyanın Klagenfurt şəhərinin
Alpen-Adria Universitetinin Robert Muzil adına
Ədəbiyyat İnstitutunun rəhbəri, professor Klaus
Amman, həmin institutun bölmə rəhbəri Valter
Fanta və universitetin əməkdaşı Maja Haderlap,
eləcə də müxtəlif universitetlərdən almandilli
ədəbiyyatla məşğul olan azərbaycanlı və xarici
müəllimlər də iştirak ediblər.
Tədbir Azərbaycan və Avstriya Respublikalarının
Dövlət himnlərinin səslənməsi ilə başlayıb.
Mərasimi giriş sözü ilə açan ADU-nun rektoru,
professor, millət vəkili Səməd Seyidov Avstriya
ədəbiyyatının rəhbərlik etdiyi universitetdə
öyrənilməsinin tarixi ənənələrinin olduğunu
bildirib. Dünya ədəbiyyatında Avstriya
ədəbiyyatının özünəməxsus yeri olduğunu deyən
S.Seyidov bu ədəbiyyatın Azərbaycan ədəbiyyatı
ilə oxşar cəhətlərinin olduğunu diqqətə
çatdırıb. Ötən ilin yayından ADU-da Avstriya
kitabxanasının fəaliyyət göstərdiyini bildirən
rektor bu kitabxananın hər iki ölkənin ədəbiyyat
nümunələrinin tərcümə edilməsində mühüm rol
oynadığını vurğulayıb. Gənclərin almandilli
ədəbiyyata böyük maraqla yanaşdığından danışan
S.Seyidov bunun üçün ADU-da bütün mümkün
imkanların mövcud olduğunu qeyd edib. O, yaxın
zamanda Avstriya universitetlərində Azərbaycan
ədəbiyyatı günləri ilə bağlı konfransın
keçiriləcəyinə ümidvar olduğunu bildirib.
S.Seyidov bildirib ki, universitetdə yalnız
Avropa ölkələrinin mədəniyyət mərkəzləri deyil,
eləcə də Asiya dövlətlərinin mərkəzləri də
fəaliyyət göstərir.
Avstriyanın Azərbaycandakı fövqəladə və
səlahiyyətli səfiri Silvia Mayer -Kaybiç isə
çıxışında ADU ilə qurulan səmimi münasibətlərdən
söz açıb. Diplomat ADU ilə birgə işləməkdən
zövq aldıqlarını bildirib. Səfir tədbirin
ölkələr arasında mədəni sahədə mövcud
münasibətlərin daha da dərinləşməsinə töhfə
verəcəyini vurğulayıb.
Sonra ADU ilə Avstriyanın Alpen-Adria
Universiteti arasında əməkdaşlıq müqaviləsi
imzalanıb.
Müqavilənin məqsədi ikitərəfli əlaqələri, elmi
araşdırmaları inkişaf etdirmək, birgə
seminarlar, dərslər, görüşlər və konfranslar
keçirməkdir.
Şakir CƏFƏROV |