Bakı Dövlət Universitetində YUNESKO-nun dəstəyi
ilə 2011-ci il BMT tərəfindən elan edilmiş
"Kimya ili" çərçivəsində Almaniyanın NETZSCH
(Neç) qrupu və həmin qrupa daxil olan "Wesemann
İnternational" (Vezerman) Məhdud Məsuliyyətli
Cəmiyyətin istehsal etdiyi cihazlarla tanışlıq
məqsədilə seminar keçirilmişdir.
Seminarın açılışında çıxış edən rektor, akademik
Abel Məhərrəmov YUNESKO-nun "Kimya ili"
çərçivəsində keçirilən tədbirin əhəmiyyətindən
danışıb. Rektor NETZSCH (Neç) qrupu və bu qrupa
daxil olan firmaların təkcə Almaniyada deyil,
bütün dünyada istehsal etdiyi malların
keyfiyyətinə və səmərəliyinə görə öz əhəmiyyətli
yerini həmişə qorumasına diqqət çəkib. Bildirib
ki, qrupa daxil olan firmalar tərəfindən
istehsal olunan termiki analiz cihazları
keyfiyyətə nəzarət və elmi-tədqiqat işlərində,
xüsusilə polimer, neft və kimya sənayesində,
qeyri-üzvi və tikinti materialları sahəsində,
ətraf mühit kimyasında, bərk maddələrin, sulu
məhlulların termofiziki xassələrinin öyrənilməsi
istiqamətlərində yüksək müvəffəqiyyətlə istifadə
olunur.
Daha sonra NETZSCH-ın (Neç) Şərqi Avropa üzrə
satış meneceri Lex Gersiq, qrupa daxil olan
"Wesemann İnternational" (Vezerman) Məhdud
Məsuliyyətli Cəmiyyətin direktoru Valentin
Fişer, NETZSCH-ın (Neç) Azərbaycan təmsilçisi
Gülçin Abbaszadə çıxış edərək qrupun istehsal
etdiyi malların keyfiyyətindən, qrupa daxil olan
firmaların istehsal etdiyi cihazlara olan
maraqdan bəhs ediblər.
Qeyd edək ki, seminar iştirakçıları Bakı Dövlət
Universitetinin kimya fakültəsində olub, bu
qrupun və ona daxil olan firmaların istehsalı
olan STA-449 F3 Yupiter kütlə - spektrometrlə
birləşdirilmiş derivatoqrafın işə salınmasında
iştirak edib, onun iş prinsipi ilə tanış
olublar.
Sonda onu da qeyd edək ki, seminarda BDU ilə
NETZSCH qrupu arasında yeni əməkdaşlıq
müqaviləsi imzalanıb.
Mətbuat və informasiya şöbəsi |