Mayın
17-də Bakıdakı 276 nömrəli tam orta məktəbdə
məktəbəqədər təhsil müəssisələrindəki mövcud
vəziyyətlə bağlı müşavirə keçirildi.
Müşavirədə təhsil naziri Misir Mərdanov,
nazirliyin Strateji təhlil, planlaşdırma və
kadrların idarəolunması şöbəsinin müdiri Fərzəli
Qədirov, Məktəbəqədər təhsil sektorunun müdiri
Nərminə Alnağıyeva, Bakı Şəhəri üzrə Təhsil
İdarəsinin müdiri Nailə Rzaquliyeva, idarənin
məsul əməkdaşları və paytaxtın məktəbəqədər
təhsil müəssisələrinin müdirləri iştirak
edirdilər.
Müşavirəni təhsil naziri Misir Mərdanov açaraq
ölkədə şəffaflığın artırılması və korrupsiyaya
qarşı mübarizənin dövlət başçısı cənab İlham
Əliyev tərəfindən diqqətdə saxlanılan başlıca
məsələlərdən biri olduğunu nəzərə çatdırdı. Bu
istiqamətdə görülən işlərdən söz açan nazir
korrupsiyaya qarşı mübarizə ilə bağlı Təhsil
Nazirliyi tərəfindən də davamlı tədbirlərin
həyata keçirildiyini bildirdi.
Məktəbəqədər
təhsilin inkişafı ilə bağlı son illər bir sıra
işlərin görülməsindən bəhs edən təhsil naziri
bir çox yeni bağçaların tikildiyini və ya əsaslı
təmir olunduğunu söylədi. Təhsil naziri Misir
Mərdanov "2011-2013-cü illərdə Bakı şəhərinin və
onun qəsəbələrinin sosial-iqtisadi inkişafına
dair Dövlət Proqramı"nın təsdiq edilməsi
haqqında Azərbaycan Respublikası Prezidentinin 4
may 2011-ci il tarixli Sərəncamının məktəbəqədər
təhsil sahəsində nəzərdə tutulmuş işlərin
davamlı olaraq aparılmasına daha geniş imkanlar
yaradacağına ümidvar olduğunu bildirdi.
Nazir təhsil sahəsində əldə olunan uğurlarla
yanaşı, bir sıra problem və çatışmazlıqların
hələ də mövcud olduğunu təəssüf hissi ilə qeyd
etdi. Məktəbəqədər təhsil müəssisələrindəki
neqativ halların aradan qaldırılması
istiqamətində ciddi tədbirlərin həyata
keçirildiyini önə çəkən təhsil naziri bu
məsələnin daim nəzarətdə saxlanıldığını
vurğuladı.
Nazir Bakı şəhərinin məktəbəqədər təhsil
müəssisələri ilə bağlı 2011-ci ilin yanvar-may
aylarında Təhsil Nazirliyinin "Qaynar xətt"
xidmətinə daxil olan müraciətlər barədə məlumat
verdi. Cari ildə paytaxtın məktəbəqədər təhsil
müəssisələrində baş verən xoşagəlməz hallarla
əlaqədar "Qaynar xətt" xidmətinə 50 müraciətin
daxil olduğunu söyləyən nazir Misir Mərdanov
həmin bağçalardakı mövcud vəziyyətə dair konkret
faktlar sadaladı. Qeyd olunan məktəbəqədər
təhsil müəssisələrindəki durumla bağlı kəskin
narazılığını bildirən təhsil naziri bağça
müdirlərinə ciddi xəbərdarlıq etdi, mövcud
nöqsanların tezliklə aradan qaldırılması ilə
əlaqədar təkliflər irəli sürdü. Nazir həmçinin
bağça rəhbərlərinə işlərində dönüş
yaratmalarını, məsuliyyət hissini artırmalarını
tapşırdı. Xüsusilə vətəndaşların daha çox
şikayət etdiyi uşaq bağçalarının fəaliyyətinə
toxunan təhsil naziri Misir Mərdanov Bakı Şəhəri
üzrə Təhsil İdarəsinin rəhbərliyinə həmin
məktəbəqədər təhsil müəssisələrinin işində dönüş
yaratmaq barədə müvafiq tədbirlərin görülməsi
üçün tapşırıqlarını verdi. Təhsil naziri eyni
zamanda müvafiq qurumların bu sahə üzrə məsul
əməkdaşlarının Bakıdakı məktəbəqədər təhsil
müəssisələrində olmalarını, valideynlərlə
görüşlərin keçirilməsini tövsiyə etdi.
Samirə KƏRİMOVA |