Mayın
19-da "Vətən" Respublika İxtisaslaşdırılmış
Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol
Məktəbinin açılış mərasimi keçirildi.
Mərasimdə təhsil naziri Misir Mərdanov, gənclər
və idman naziri Azad Rəhimov, AFFA-nın və
Dövlət Neft Şirkətinin prezidenti, millət
vəkili Rövnəq Abdullayev, Binəqədi Rayon İcra
Hakimiyyətinin başçısı Alı Qocayev, təhsil
nazirinin müavini Elmar Qasımov və digər rəsmi
şəxslər iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan təhsil nazirinin
müavini Elmar Qasımov futbol məktəbinin
istifadəyə verilməsi münasibəti ilə məktəb
kollektivini təbrik etdi. Azərbaycan
Respublikasının Dövlət himni səsləndi. Elmar
Qasımov AFFA ilə Təhsil Nazirliyinin birgə
yaratdıqları idman məktəbinin ulu öndər Heydər
Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr
olunduğunu diqqətə çatdırdı. Sonra təhsil
naziri Misir Mərdanov idman məktəbinin
istifadəyə verilməsi ilə bağlı iştirakçıları
təbrik etdi. Bildirdi ki, belə yüksək səviyyədə
olan məktəbin yaradılması Azərbaycanın idman
həyatında mühüm bir hadisədir. Misir Mərdanov
ölkə Prezidenti cənab İlham Əliyevin
respublikanın bütün sahələrində olduğu kimi,
idmana da böyük diqqət və qayğı göstərdiyini
bildirdi. Qeyd etdi ki, məhz bunun nəticəsində
idmançılarımız dünya arenalarında idmanın
müxtəlif növləri üzrə böyük uğurlar qazanaraq
üçrəngli bayrağımızı zirvələrə qaldırır, Dövlət
himnimizi səsləndirirlər. Biz onlarla fəxr
edirik.
Misir Mərdanov idman məktəbinin Azərbaycan
futbolunda önəmli rol oynayacağına və burada
peşəkar idmançıların yetişəcəyinə ümidvar
olduğunu diqqətə çatdırdı.
Tədbirdə çıxış edən AFFA-nın prezidenti Rövnəq
Abdullayev, gənclər və idman naziri Azad
Rəhimov, Binəqədi Rayon İcra Hakimiyyətinin
başçısı Alı Qocayev idman məktəbinin,
meydançanın yeniyetmələr və uşaqlar üçün böyük
hədiyyə olduğunu vurğuladılar. Ölkə başçısı
tərəfindən idmançılar üçün yüksək şərait
yaradıldığını diqqətə çatdırdılar.
Sonra qonaqlar idman məktəbində yaradılan
şəraitlə yaxından tanış oldular.
Rəşad ZİYADOV |