Mayın
17-də Bakıdakı T.Həsənov adına 23 nömrəli tam
orta məktəbdə bu yaxınlarda yaradılmış "Kiçik
Akademiya"nın açılışı oldu. Açılış mərasimində
Azərbaycan Respublikasının təhsil naziri Misir
Mərdanov, Təhsil Problemləri İnstitutunun
direktoru Abdulla Mehrabov, Bakı Şəhəri üzrə
Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva, onun
müavini Məhəmməd Bayramov, Milli
Valideyn-Müəllim Assosiasiyasının icraçı
direktoru Təranə Şərifova, tanınmış alimlər
iştirak edirdilər.
Mərasimi açan aparıcılar naziri və digər
qonaqları salamlayıb tədris ocağında fəaliyyət
göstərən Məktəb Parlamenti barədə məlumat
verdilər, bu qurumun şagirdlərə idarəetmə
sahəsində bir sıra zəruri ilkin bacarıq və
vərdişlərin aşılanmasında mühüm rolu olduğunu
vurğuladılar. Sonra Məktəb Parlamentinin
spikeri, mədəniyyət və incəsənət, hərbi-idman,
ekologiya, təhsil nazirləri parlamentin
strukturu və görülmüş işlər, həyata keçirilən
tədbirlər haqqında qısa təqdimat çıxışları
etdilər.
Məktəbdə yeni yaradılmış "Kiçik Akademiya"nın
prezidenti, 9 "b" sinif şagirdi İ.Rəsulzadə
rəhbərlik etdiyi qurumun məqsəd və
vəzifələrindən danışdı. Bildirdi ki, "Kiçik
Akademiya"nın yaradılmasında məqsəd
məktəblilərin təhsilə və elmə daha yaxından cəlb
olunması, istedadlı şagirdlərin aşkar edilməsi,
onların yaradıcılıq qabiliyyətlərinin və
vərdişlərinin inkişaf etdirilməsidir.
Təhsil naziri Misir Mərdanovu "Kiçik
Akademiya"larının fəxri prezidenti seçdiklərini
deyən İ.Rəsulzadə fəxri prezidentlik lentini
nazirə təqdim etdi.
Təhsil naziri Misir Mərdanov məktəblilərə
minnətdarlığını bildirdi, "Kiçik Akademiya"nın
açılışı münasibəti ilə müəllim və şagirdləri
təbrik etdi.
Təbrik çıxışında nazir şəhərimizin mərkəzində
yerləşən, qədim tarixə və böyük ənənələrə malik
23 nömrəli məktəbə gəlişindən məmnunluq
duyduğunu bildirib, məktəbin ölkənin ən yaxşı
ümumtəhsil müəssisələrindən biri olduğunu
vurğuladı. Təxminən 10 il əvvəl bu təhsil
ocağında Azərbaycanın birinci xanımı, millət
vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə qısa
müddətdə yüksək səviyyədə aparılmış əsaslı təmir
işlərini xatırladan nazir, müstəqil
Azərbaycanda məktəblərin əsaslı təmirinə məhz bu
məktəbdən başlandığını söylədi və təhsil
işçiləri adından bu tədris ocağının məzunu
Mehriban xanıma minnətdarlığını bildirdi. Nazir
habelə ötən müddət ərzində böyük şagird və
müəllim kollektivi olan tədris ocağını qoruyub
saxlaya bildiyi üçün məktəbin rəhbərliyinə
təşəkkür etdi.
Nazir bildirdi ki, məktəbin valideynləri bu
tədris ocağında yenidənqurma işlərinin
aparılması xahişi ilə Azərbaycan Respublikasının
Prezidentinə müraciət ediblər və cənab Prezident
bununla bağlı araşdırmalar aparılmasını
tapşırıb. Dövlət başçısının tapşırığına əsasən
məktəb yenidən qurularaq şagirdlərə və
valideynlərə təqdim olunacaq. Bu isə məktəbdə
təhsil mühitinin daha da yaxşılaşdırılmasına,
təhsil xidmətinin yüksəldilməsinə imkan verəcək.
Təhsil naziri iştirakçısı olduğu tədbirdən razı
qaldığını dedi və məktəbin özünüidarəsində
şagirdlərin bilavasitə iştirakına imkan
yaradılmasını müsbət hal kimi dəyərləndirərək,
Məktəb Parlamentinin və "Kiçik Akademiya"nın
işinə uğurlar arzuladı.
Açılış mərasimindən sonra "Kiçik Akademiya"nın
xətti ilə məktəblilərin ayrı-ayrı fənlər üzrə
hazırladıqları elmi işlər dinlənilərək
dəyərləndirildi, fərqlənənlərə sertifikatlar və
diplomlar təqdim olundu.
Yusif ƏLİYEV |