Nəinki
paytaxtımızın, həm də ölkəmizin ən nümunəvi
ümumtəhsil müəssisələrindən biri olan Bakı
Avropa Liseyinin 20 yaşı tamam olur.
Bu münasibətlə mayın 15-də Heydər Əliyev adına
Respublika sarayında yubiley mərasimi
keçirildi. Yubileydə möhtəşəm bir tədbir
hazırlanmışdı. Onun bədii hissəsində ancaq
liseyin şagirdləri çıxış edirdilər. Tədbirdə
liseyin 1060 şagirdindən 780 nəfəri iştirak
edirdi.
Tədbir qeyri-adi rəqs nömrələri ilə başlandı.
Sonra Bakı Avropa Liseyinin direktoru,
psixologiya elmləri üzrə fəlsəfə doktoru,
əməkdar müəllim Zülfiyyə Veysova mərasimi açaraq
qonaqları salamladı, onlara bu möhtəşəm zalda
liseyin yubileyini birgə qeyd etmək üçün
toplaşdıqlarına görə minnətdarlığını bildirdi. O
həmçinin hamını "Eurovision-2011" müsabiqəsində
Azərbaycanın qələbəsi münasibəti ilə təbrik
etdi.
Sonra söz şagirdlərə verildi. Aparıcılar
qonaqlara liseyin yaranma tarixi və inkişaf yolu
haqqında danışdılar. Konsert proqramının
birinci hissəsi bir sıra siniflərin liseyə həsr
olunmuş rəqs, mahnı, səhnəcik və videoçarxlardan
ibarət təbrik çıxışlarından ibarət idi.
Əvvəlcə məktəbin ibtidai sinif şagirdləri çıxış
etdilər. Yaşlarının az olmasına baxmayaraq,
müxtəlif rəqs nömrələrini məharətlə nümayiş
etdirən balacalar tamaşaçılar tərəfindən
alqışlarla qarşılandılar.
Aparıcılar bütün konsert boyu liseyin uğurları
haqqında geniş məlumat verdilər. Bildirdilər
ki, Bakı Avropa Liseyi Azərbaycanda istedadlı
uşaqlar üçün yaradılmış birinci və unikal təhsil
müəssisəsi olaraq təhsildə çoxlu sayda
innovasiyalar tətbiq etmiş və təhsil islahatına
öz töhfələrini vermişdir. Bu təhsil ocağının
yetirmələri dünyanın müxtəlif ölkələrində
Azərbaycanın adını ucaldırlar. İstər təhsil və
elm, istər idman, istərsə də incəsənət sahəsində
böyük nailiyyətlər əldə edirlər.
Konsert proqramı çox zəngin və orijinal
çıxışlarla yadda qaldı. Səhnədəki çıxışlar
bir-birini əvəz etdikcə zalda fərqli bir
canlanma yaranırdı. Çünki çıxışlar bir-birindən
gözəl idi. İbtidai sinifləri orta təhsil
pilləsinin şagirdləri əvəz etdikcə repertuardakı
məzmun dolğunluğu diqqəti cəlb edirdi.
Söylənilən şeirlər, oxunan mahnıların məzmununda
Azərbaycana, ana dilimizə, doğma xalqımıza və
doğma təhsil ocağına məhəbbət əks olunurdu.
Şagirdlərin siniflə və fərdi çıxışları yüksək
peşəkarlıq səviyyəsi ilə tamaşaçıları
heyrətləndirirdi. Bəzi şagirdlərin ifaçılıq
qabiliyyəti onlarda əsl istedadın olmasını,
gələcək "Eurovision" və digər musiqi
müsabiqələri üçün potensialın mövcudluğunu
təsdiq edirdi. 2a1 sinif şagirdi Hüseyn
Həsənovun ifasında korifey sənətkarımız Müslüm
Maqomayevin repertuarından seçilmiş
"Azərbaycan" mahnısı tamaşaçıları ayağa qalxmağa
məcbur etdi.
4r2 sinif şagirdi Nuranə Əhmədova, 2r2 sinif
şagirdi Kərimov Rüstəm, 8a1 sinif şagirdi Akif
Hacıyev, 11r2 sinif şagirdi Aydan Nurəlizadə,
9a sinif şagirdi Fərhad Abbasov, 9r1 sinif
şagirdləri Cavid Məmmədov və Nərminə Abbasova
yüksək səviyyəli vokalı ilə seçilirdi. Liseyin
skripkaçıları, bədii qimnastika ustaları da öz
məharətlərini nümayiş etdirdilər.
Konsert proqramının ikinci hissəsi Azərbaycana
həsr olunaraq, onun tarixi məqamlarını və
mədəniyyətini, vətənə olan sevgini əks
etdirirdi. IX-X sinif şagirdlərinin
vətənpərvərlik mövzusunda hazırladıqları
kompozisiya isə hamını vəcdə gətirdi.
Kompozisiya müharibə şəraitində yaşayan
Azərbaycanın qələbə çalacağına inamına həsr
olunmuşdu.
Yubileydə liseyin məzunları da iştirak
edirdilər. Onlar doğma liseylərini təbrikə
əliboş gəlməmişdilər. Məzunlarını yenidən
səhnədə görmək müəllimlərin qəlbində qürur hissi
yaratdı.
Tədbirə valideynlər də qoşulmuşdular. 3r1 sinif
şagirdləri öz valideynləri ilə birlikdə səhnədə
liseyi təbrik etdilər. Ata-anaların məktəbli
formasında lisey haqqında ifa etdikləri mahnı və
rəqs gur alqışlarla qarşılandı.
Yubileydə Azərbaycan Respublikasının təhsil
naziri Misir Mərdanov və digər hörmətli qonaqlar
iştirak edirdilər.
Təhsil naziri Misir Mərdanov çıxış edərək
liseyin rəhbərliyini, müəllim kollektivini,
şagirdləri və valideynləri 20 illik yubiley
münasibətilə təbrik etdi.
Misir Mərdanov liseyin fəaliyyəti haqqında
danışaraq qeyd etdi ki, Bakı Avropa Liseyi
Azərbaycan təhsilində islahatların həyata
keçirilməsində böyük rol oynayan təhsil
müəssisəsidir. Bakı Avropa Liseyi inkişaf etmiş
xarici ölkələrin hər hansı bir məktəbi ilə
yarışa girməyə qadir olan bir tədris ocağıdır.
İzlədiyimiz bu tədbirin yüksək səviyyədə
təşkili, keçirilməsi, müəllim və şagird
kollektivinin əməyi bunu bir daha sübut edir.
Təhsildə olan bütün layihələrə birinci Bakı
Avropa Liseyi qoşulur, sonra isə bütün Bakı
məktəbləri də bu təcrübədən yararlanırlar. Lisey
daim təhsil yeniliklərinin təşəbbüsçüsü kimi
çıxış edir.
Liseyin müəllim kollektivi haqqında yüksək
fikirdə olan nazir buradakı müəllimlərin
peşəkarlığından danışdı. Bakı Avropa Liseyində
işləməyin çətinliyini, hər müəllimin bu
çətinliyə dözə bilmədiyini xüsusilə qeyd edən
nazir liseyin bugünkü uğurlarında müəllimlərin
böyük rolu olduğunu vurğuladı.
Çıxışının sonunda təhsil naziri Bakı Avropa
Liseyinin müəllimlərinin bir qisminin
"Qabaqcıl təhsil işçisi" döş nişanı və Təhsil
Nazirliyinin Fəxri fərmanları ilə təltif
olunduğunu bildirdi, liseyin müəllimlərini
təbrik etdi, onlara işlərində uğurlar arzuladı.
Liseyin direktoru Zülfiyyə Veysova da, öz
növbəsində, müəllimlərin liseyin Fəxri
fərmanları ilə təltif edildiyini söylədi, onları
təbrik etdi.
Böyük konsert proqramı onlarca nömrədən ibarət
olsa da, tamaşaçıların marağını axıra qədər cəlb
etdi. Liseyçilər 4 saat müddətində zalı həyəcan
içində saxlamağa nail oldular. Liseyin həm
ibtidai, həm də yuxarı sinif şagirdləri gözəl
musiqi nömrələri ilə öz doğma liseylərini
ürəkdən təbrik etdilər. Şagirdlər bir də təsdiq
etdilər ki, onlar əsl istedadlı uşaqlardır.
Y.ƏLİYEV |