Həştərxandakı 11 nömrəli məktəbə ümummilli lider
Heydər Əliyevin adı veriləcəkdir. Bu barədə
AzərTAc-ın müxbirinə Ümumrusiya Azərbaycan
Konqresinin Həştərxan vilayət təşkilatının sədri
Ədalət Hüseynov məlumat vermişdir.
O bildirmişdir ki, Həştərxan vilayətinin
Azərbaycan diasporu Azərbaycan hökumətinin
dəstəyi ilə paytaxt Bakının adını daşıyan küçəni
abadlaşdırmağa çalışır. Ə.Hüseynov demişdir: "İstəyirik
ki, bu küçədə Azərbaycanla bağlı olan çoxlu
mədəniyyət və təhsil müəssisəsi olsun.
Azərbaycan Prezidentinin tapşırığına əsasən küçə
tamamilə yenidən qurulacaqdır. İki yeni korpus,
idman meydançası inşa ediləcək, məktəbin
sinifləri və otaqları ən müasir avadanlıqla
təchiz olunacaqdır. İstəyirik ki, bu məktəb
Rusiyanın ən nümunəvi məktəblərindən birinə
çevrilsin".
Ə.Hüseynov bildirmişdir ki, yenidənqurma
işlərindən sonra məktəbdə 800-dək şagird təhsil
ala biləcəkdir. Təmir işləri yayın axırınadək
başa çatacaq, sentyabrda isə məktəbin açılışı
olacaqdır. İlk vaxtlar burada Həştərxanda
yaşayan azərbaycanlı ailələrin uşaqları üçün
bazar günü məktəbi açılacaqdır. Gələcəkdə isə
Azərbaycan dilinin tədrisi nəzərdə tutulur.
|