Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və
xanımı Mehriban Əliyeva Almaniyanın Düsseldorf
şəhərində keçirilmiş "Eurovision-2011" mahnı
müsabiqəsində qələbə qazanmış Azərbaycan
nümayəndələrini mayın 16-da qəbul etmişlər.
Dövlət başçısı
nümayəndələri təbrik edərək dedi:
-Mən sizi
ürəkdən təbrik edirəm. Siz "Eurovision" mahnı
müsabiqəsində ölkəmizi çox ləyaqətlə təmsil
etmisiniz, böyük qələbə qazanmısınız. Bu qələbə
ölkəmizin qələbəsidir, sizin qələbənizdir. Bu
qələbə ilə siz bütün Azərbaycan xalqını
sevindirmisiniz. Yəqin bilirsiniz ki, qələbədən
sonra dərhal minlərlə insan küçələrə çıxıb sizin
qələbənizi qeyd etdi. Azərbaycan bayrağı
dalğalanırdı. Biz çox gözəl anlar yaşadıq. Siz
doğrudan da ölkəmizi ləyaqətlə təmsil etdiniz.
Biz
"Eurovision" müsabiqəsində dördüncü dəfədir ki,
iştirak edirik. Bütün bu illərdə yaxşı nəticələr
göstərmişik. Ancaq bu nəticə əlbəttə ki, ən
gözəl nəticədir və zirvədir.
Onu da deyə
bilərəm ki, "Eurovision"da iştirakımızın
təşəbbüskarı Heydər Əliyev Fondu, Mehriban xanım
olmuşdur. Biz bu yarışa onun təşəbbüsü ilə
qoşulduq və bütün bu illərdə Heydər Əliyev
Fondu, Gənclər və İdman Nazirliyi, İctimai
Televiziya və digər qurumlar çox fəal işlədilər.
Hər il biz qələbəyə daha da yaxınlaşırdıq.
Bu müsabiqə
deyə bilərəm ki, dünyanın ən mötəbər mahnı
müsabiqəsidir. Əlbəttə ki, bu, Avropa ölkələrini
əhatə edir. Ancaq hesab edirəm ki, dünya
miqyasında buna oxşar ikinci müsabiqə yoxdur.
Tamaşaçı auditoriyası haradasa 100 milyondan
artıq idi. Belə mötəbər yarışda birincilik əldə
etmək tarixi qələbədir. Bu, ilk növbədə sizin
qələbənizdir. Mən sizi bir daha təbrik edirəm.
Bu, Azərbaycan gəncliyinin, Azərbaycan xalqının
və Azərbaycan dövlətinin qələbəsidir. Bu, artıq
tarixdə qalacaqdır. Siz də artıq tarixdə
varsınız. "Eurovision" tarixində Azərbaycan öz
sözünü demişdir. Bu, əlbəttə ki, hamımızı çox
sevindirir.
Mən sizi bir
daha təbrik edirəm! Sizə uğurlar arzulayıram!
Əminəm ki, bundan sonra da siz ölkəmizi
ləyaqətlə təmsil edəcəksiniz. Beləliklə,
Azərbaycan bu sahədə də dünyada öz sözünü dedi.
Biz idmanda qələbələrə öyrəşmişik.
İdmançılarımız müxtəlif yarışlarda qələbələrlə
bizi sevindirirlər. Bu sahədə isə birinci
qələbədir.
Bir daha sizi
təbrik edirəm və sizə yeni uğurlar arzulayıram!
Sonra Heydər
Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci
xanımı Mehriban Əliyeva "Eurovision-2011" mahnı
müsabiqəsinin qaliblərini təbrik etdi, onlara
gələcək fəaliyyətlərində uğurlar arzuladı.
Eldar Qasımov
təşəkkür edərək dedi:
-Mən Sizi
təbrik etmək istəyirəm. Çünki bu, bizim
qələbəmizdir, bütün Azərbaycanın qələbəsidir.
Sonda xatirə
şəkli çəkdirildi.
AzərTAc |