Qlobal dünyanın təhsil paradiqması
"Məktəbəqədər
tərbiyə" anlayışının "məktəbəqədər təhsil"
anlayışı ilə əvəz olunması ilkin yanaşmada bu
dəyişikliyin səbəbi barədə sual doğurur. Heç
şübhəsiz, bu mütərəqqi yanaşma tərzi barədə
təhsil sahəsində çalışan hər bir kəsin subyektiv
fikri ola bilər. Lakin ən başlıca cəhət bu
əvəzlənmənin ciddi sosial-pedaqoji xarakter
daşımasını, yeni pedaqoji təfəkkürün
formalaşdığı bir zamanda həmin proseslərin
müşahidə olunduğunu qəbul etməkdən ibarətdir.
Artıq tərbiyə ənənəvi pedaqogikanın əsas
anlayışlarından biri kimi müasir təhsil
müstəvisində şəxsiyyətin inkişafının mühüm
atributlarından biri olmaq missiyasını təhsil
anlayışına ötürür. Təbii olaraq bu mübadilədə
təhsil də özünün mənasını genişləndirir,
şəxsiyyətin zəruri keyfiyyətlərinin ifadəçisi
olan dəyərləri də ehtiva etməyə başlayır.
Ənənəvi təhsildən fərqli olaraq, yeni konsepsiya
əsasında həyata keçirilən təhsil yalnız nəticə
deyil, həm də dəyər, o cümlədən proses, sistem
kimi başa düşülür.
Yeni əsrin əvvəllərindən başlayaraq təhsilə
yanaşmalar yeniləşməkdədir. Ciddi sosial fenomen
kimi təhsilin mahiyyəti, məzmunu, forması,
mərhələləri və s. barədə müzakirələr davam edir.
Cəmiyyətin təhsil mərhələsindən keçməsi ciddi və
məsul bir hadisə kimi nəzərə alınır. Bu
problemin nəzəri və praktik cəhətdən
öyrənilməsinin zəruriliyindən bəhs edilir.
YUNESKO bəşəriyyətin çoxillik inkişaf
təcrübəsinə istinad edərək XXI yüzilliyi "Təhsil
əsri" adlandırıb. Görkəmli psixoloq, professor
Əbdül Əlizadə bütün bu prosesləri izləyərək
haqlı olaraq belə bir qənaətə gəlmişdir ki, "XXI
yüzillik ağılın, intellektin təntənəsi əsridir.
Müstəqillik yoluna çıxmış respublikamızın milli
mənafeyi Azərbaycan məktəbinin, ilk növbədə,
məhz ağıl, intellekt məktəbi olmasını tələb edir"
(Əlizadə Ə. Müasir Azərbaycan məktəbinin
psixoloji problemləri. Bakı, "Ozan", 1998,
səh.97).
Şəxsiyyətin həyatı boyu inkişafını tənzimləyən
təhsil müxtəlif mərhələ və səviyyələrdə onun
dəyərlərə yiyələnməsini bir məqsəd kimi həyata
keçirir. İnsanın öyrənməsinə, inkişafına və
mədəniyyətlərə sahib olmasına şərait yaradır.
Müasir dünyanın təhsil paradiqmasında daha aydın
görünən xüsusiyyətlər diqqəti cəlb edir.
Onlardan birincisi şəxsiyyətin formalaşması
problemidir. Başqa sözlə, şəxsiyyətin
formalaşması təhsilin ana xəttidir. Bütün digər
fəaliyyətlər bu xətdə birləşərək ümumi məqsədin
reallaşdırılmasına təkan verir. "Təhsil haqqında"
Azərbaycan Respublikasının Qanununda qeyd
olunduğu kimi, "yaradıcı şəxsiyyət və vətəndaş
formalaşdırmaq" ("Təhsil haqqında" Azərbaycan
Respublikasının Qanunu. "Kurikulum" jurnalı,
2009, N 4, səh.131) zəruri tələblərdən biridir.
Bu həm təhsilin məzmunu, həm də təşkili üçün
əsas kriteriyalardandır.
Təhsilin yaradıcı şəxsiyyət formalaşdırmaq
missiyası onun humanist, humanitar xarakterini
meydana çıxarır, yeni məzmun, pedaqoji
texnologiyalar və idarəetmə sistemində
gözlənilməsi ciddi tələb kimi nəzərə alınır.
Yeni konsepsiyaya uyğun olaraq təhsilalanlarda
keyfiyyət göstəricilərinin, dialoji mədəniyyətin
formalaşdırılmasına üstünlük verilir.
Məlum olduğu kimi, mədəniyyətlərin
formalaşdırılması təhsil üçün önəmli problemdir.
Lakin ənənəvi olaraq bu mədəniyyətlərin "subyekt-obyekt"
münasibətləri əsasında formalaşmasına istinad
olunmuşdur. Demokratik prinsiplər əsasında
yaranan təhsilin isə ən xoşagələn cəhətlərindən
biri onun "subyekt-subyekt" münasibətlərinə
əsasən təşkil edilməsi və həyata keçirilməsidir.
"Subyekt-subyekt" münasibətlərində qurulan
mədəniyyət dialoji xarakter daşıyır.
Təhsildə, onun müxtəlif mərhələlərində belə bir
kommunikativ ünsiyyətin qurulması, ilk növbədə,
təhsilalanların öyrənməyə olan marağını artırmaq
baxımından əhəmiyyət daşıyır. İkincisi, "öyrədən-öyrənən"
münasibətləri nümunəsində güclü peşəkarlıq
nümayiş etdirilir.
Məlum olduğu kimi, bütün bu münasibətlərin
bünövrəsi məktəbəqədər təhsil mərhələsində
qoyulur.
Məktəbəqədər təhsil təhsildə ilk pillədir
Dünyaya gələn hər bir uşaq özü ilə gətirdiyi
potensial imkanlara söykənməklə yanaşı, düşdüyü
mühitin təsiri ilə inkişaf edir, formalaşır.
Bəşəriyyətin tarixi boyu bu inkişaf diqqət
mərkəzində saxlanılmış, idarə olunmuşdur. Təbii
ki, bu idarəolunma ayrı-ayrı zamanlarda müxtəlif
cür məzmun və xarakter daşımaqla fərqlənmişdir.
Lakin məsələ ondadır ki, həmişə uşaqların taleyi
valideynlərini daha çox düşündürmüş, onları bu
işin bünövrəsini daha əsaslı qoymağa sövq
etmişdir.
Məktəbəqədər təhsilin inkişaf problemlərindən
bəhs edən tədqiqatçılar da öz araşdırmalarında
bu məsələni birmənalı şəkildə qeyd etmişlər.
Onlar uşaqların lap kiçik yaşlarından müxtəlif
dəyərlərə yiyələnmələrinin çıxış yolunu ailə ilə
yanaşı, həm də xüsusi təlim-tərbiyə
müəssisələrində axtarmağa başlamışlar. Bu
araşdırmalar təhsilin çox dəyərli bir
mərhələsinin yaranması ilə nəticələnmişdir.
Başqa sözlə, məktəbəqədər təhsil müəssisələri
meydana gəlmişdir.
Bu gün cəmiyyətin inkişafının hazırkı səviyyəsi
bu zərurətin daha mükəmməl qaydada təşəkkülünü,
onun daha uğurlu və etibarlı dayaqlar üzərində
inkişaf etməsini bir vəzifə kimi qarşıya qoyur.
Azərbaycan Respublikasının təhsil naziri Misir
Mərdanovun qeyd etdiyi kimi, "Məktəbəqədər
təhsil təhsilin ilk pilləsi olmaqla, ailənin və
cəmiyyətin maraqlarına uyğun olaraq uşaqların
erkən yaş dövründən intellektual, fiziki və
psixi inkişafını, sadə əmək vərdişlərinə
yiyələnməsini, istedad və qabiliyyətinin üzə
çıxarılmasını, sağlamlığının qorunmasını,
estetik tərbiyəsini, təbiət və insanlara həssas
münasibətinin formalaşmasını təmin edir" (Mərdanov
M. Azərbaycan təhsili: islahatların uğurlu
nəticələri. Bakı, "Şərq-Qərb", 2010, səh.26). O,
özünün gələcək perspektivlərinin başlanğıc
mərhələsini məhz məktəbəqədər təhsil
müəssisələrində qərarlaşdırır. Həyatı boyu sərf
edəcəyi bacarıqlarının özülünü uşaq bağçasında
qoyur.
Məktəbəqədər mərhələnin təhsildə ilk pillə
olması onun əhəmiyyətini bir neçə cəhətdən
şərtləndirir. Onlardan birincisi uşaqların
sosiallaşmasının təmin olunmasıdır.
Məlum olduğu kimi, sosiallaşma müasir dövrün
zəruri ictimai hadisəsi kimi əhəmiyyət daşımaqla
cəmiyyətin inkişafında önəmli rol oynayır.
Təhsil müəssisələri bu ictimai hadisənin
reallaşdırılmasını təmin edən, ona imkan yaradan
vasitə kimi əvəzsiz əhəmiyyət daşıyır. Müşahidə
və təcrübələr göstərir ki, məktəbəqədər təhsil
müəssisələri bu baxımdan digər təhsil
müəssisələrindən fərqlənir. İlk növbədə, o,
uşaqların 5 yaşa qədərki dövrünü əhatə etməklə
daha çox praktik bacarıqlar formalaşdırmaq
imkanına malik olur. Uşaqlar bu dövrdə daha
geniş idrak fəaliyyəti göstərə bilməkdən əlavə,
öyrəndiklərini möhkəm mənimsəməklə uzun müddət
yadda saxlayır və istifadə edirlər.
Bundan əlavə, məktəbəqədər təhsil müəssisələri
uşaqlarda formalaşan şəxsi keyfiyyətlərin
əsasında durmaqla baza rolunu oynayır. Onların
məktəbəqədər təhsil mərhələsində qazandıqları
keyfiyyətlər təhsilin digər pillələrində əldə
etdikləri bacarıqların özülünü təşkil edir.
Yenicə dünyaya gəlmiş uşaqlar durmadan inkişaf
edir, əqli, hissi və fiziki cəhətdən formalaşır.
Bu inkişafın nizamlanması və müəyyən
normativlərə uyğun olaraq
istiqamətləndirilməsinin zəruriliyi meydana
çıxır. Müşahidələr göstərir ki, ailələr belə bir
inkişafın tənzimlənməsində hüquqi normativlər
çərçivəsində ardıcıl və sistemli fəaliyyət
göstərə bilmirlər. Valideynlərin fərdi
münasibətlərindən doğan yanaşmalar
rəsmiyyətçiliyin pozulması ilə nəticələnir. Ona
görə də məktəbəqədər təhsil müəssisələrinin
əvəzolunmaz rolu mühüm şərtlərdən biri kimi
özünü göstərir.
Uşaqların kommunikativ bacarıqlarının
formalaşdırılması da ciddi təhsil problemi kimi
əhəmiyyət daşıyır. Ümumiyyətlə, ünsiyyət
bacarıqlarına yiyələnmək, onu şəxsiyyətin mühüm
parametrlərindən biri kimi əxz etmək vacib
keyfiyyət hesab olunur. Bu keyfiyyətin əldə
edilməsi, təbii ki, ailə mühitindən başlayır.
Ata, ana, qardaş, bacı və başqaları ilə ünsiyyət
bağlarının qurulması ailə intizamının,
ab-havasının gedişatında təbii bir hiss kimi
yaranır, inkişaf edir. Bu inkişafın daha zəngin
və rəngarəng olması üçün ailənin imkanları
kifayət etmir. Həmin proses yalnız məktəbəqədər
təhsil müəssisələrinin maddi-texniki və mənəvi
bazasında özünün inkişaf istiqamətlərini tapır.
2010-cu ilə olan məlumata görə, respublikamızda
belə müəssisələrin sayı 1624-dür. Həmin
müəssisələrə 107954 uşaq cəlb olunmuşdur. Bu,
respublikamızda uşaqların 16,5%-nin məktəbəqədər
təhsil müəssisələrinə cəlb olunması deməkdir. "Halbuki
həmin göstərici Finlandiyada 99%, Fransada,
Belçikada 95%, Almaniyada 90%, bir sıra MDB
ölkələrində isə 50-85% təşkil edir" (Mərdanov M.
Azərbaycan təhsili yeni inkişaf mərhələsində.
Bakı, "Şərq-Qərb", 2009, səh.28). Fəaliyyət
göstərən bu məktəbəqədər təhsil müəssisələrində
13469 pedaqoji işçi çalışır. Ümumiyyətlə, ölkə
üzrə 3532 yaşayış məntəqəsindən 2667-də (75,5%)
məktəbəqədər təhsil müəssisəsi yoxdur.
Məktəbəqədərin ilk təhsil pilləsi kimi
əhəmiyyəti və rolunu nəzərə almış olsaq,
yuxarıda göstərilən faktların nə dərəcədə
narahatlığa səbəb olmasını aydın təsəvvür etmək
mümkündür.
Sevindirici haldır ki, vəziyyətin belə olması
diqqətdən yayınmır, onun aradan qaldırılması
istiqamətində ardıcıl və sistemli işlər aparılır.
Ölkə Prezidentinin bu istiqamətdə təhsilə,
xüsusən məktəbəqədər təhsil müəssisələrinə
qayğısı diqqəti cəlb edir. Onun 12 aprel 2007-ci
il tarixli Sərəncamı ilə təsdiq edilmiş
2007-2010-cu illəri əhatə edən "Azərbaycan
Respublikasında məktəbəqədər təhsilin
yeniləşdirilməsi Proqramı" ölkədə məktəbəqədər
təhsilin inkişafını istiqamətləndirmək
baxımından qəbul olunmuş Dövlət Proqramı kimi
tarixi əhəmiyyət daşıyır. Orada məktəbəqədər
təhsilin kurikulumunun hazırlanması nəzərdə
tutulmuş ən vacib vəzifələrdən hesab edilir.
Məktəbəqədər təhsil kurikulumu necə olmalıdır?
Bu sual təhsil siyasəti ilə məşğul olan
mütəxəssislərin çoxunu düşündürürdü. "Məktəbəqədər
təhsil kurikulumunun hazırlanması, kurikulum
layihələrinin sınaqdan keçirilməsi üçün pilot
müəssisələrin müəyyən edilməsi, nəticələrin
ümumiləşdirilməsi, kurikulumların təsdiqi,
pedaqoji heyətin müvafiq treninqlərə cəlb
olunması" (Mərdanov M. Azərbaycan təhsili:
islahatların uğurlu nəticələri. Bakı, "Şərq-Qərb",
2010, səh.84) məktəbəqədər təhsil sahəsində
qarşıda duran vəzifələrdən biri kimi
axtarışların aparılmasını, konkret tədbirlərin
hazırlanaraq həyata keçirilməsini tələb edirdi.
2008-ci ildə Təhsil Problemləri İnstitutunun
Kurikulum Mərkəzində məktəbəqədər təhsilin
kurikulumu şöbəsinin yaradılması bu məsələnin
həll edilməsi üçün təşkilati baza rolunu oynadı.
Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihəyə
(TSİİL) əsasən, "Kurikulum islahatının davam
etdirilməsi və kurikulumun tətbiqinə dəstək"
alt-komponenti üzrə icra planına uyğun olaraq
məktəbəqədər təhsilin kurikulumunu hazırlamaq
məqsədi ilə yaradılmış bu şöbədə də sistemli
işlərin aparılmasına başlanıldı. İlkin yanaşmada
respublikadakı məktəbəqədər təhsilin durumu,
dünyanın inkişaf etmiş ölkələrində
kurikulumların hazırlanması təcrübəsi öyrənildi,
eyni zamanda məktəbəqədər təhsil kurikulumunu
hazırlayacaq işçi qrupunun tərkibi rəsmi olaraq
müəyyənləşdirildi.
Kurikulumların hazırlanması işində başlıca
məsələlərdən biri onun məzmun və strukturunun
müəyyənləşdirilməsi idi. Onun həll olunması üçün
işçi qrupunda müzakirələr aparıldı və ölkədə
təhsil kurikulumlarının hazırlanması sahəsində
əldə olunmuş təcrübələrin nəzərə alınması
məqsədəmüvafiq hesab edildi. Eyni zamanda bu
sənədin konseptual xarakterdə hazırlanması,
şəxsiyyətyönümlü mahiyyət daşıması,
nəticəyönümlü olması qərarlaşdırıldı. Bu, ölkədə
aparılan təhsil islahatlarından irəli gələn bir
vəzifə olmaqla yanaşı, eyni zamanda dünyanın
qlobal təhsil məkanında qəbul olunmuş ümumi
tələb idi. Onun yerinə yetirilməsində hər kəs
özünəməxsus kurikulumları hazırlamaqla, həm də
dünya standartları səviyyəsində bacarıqlar
nümayiş etdirməli idi.
Yaradılmış işçi qruplarında məktəbəqədər
təhsilin kurikulumunun hazırlanması
istiqamətində işlər aparıldı. Burada vacib olan
məsələlərdən biri də kurikulumun yaradılması
işində pedaqoji əsas kimi nəzərə alınacaq
prinsiplərin müəyyənləşdirilməsi idi. Bu
baxımdan xeyli işlərin görülməsinə baxmayaraq,
problem kimi onun indi də davamlı olaraq
öyrənilməsinə ehtiyac duyulur.
İlkin araşdırmalar göstərir ki, məktəbəqədər
təhsilin kurikulumunun hazırlanmasında aşağıdakı
prinsiplərin nəzərə alınması didaktik əhəmiyyət
daşıyır:
1. Şəxsiyyətyönümlülük
2. Nəticəyönümlülük
3. Uşaqyönümlülük
4. İnteqrativlik
Şəxsiyyətyönümlülük kurikulumun məqsəd və
məzmunu ilə bağlı olub, onun daha çox cəmiyyət
üçün yararlı insanın formalaşdırılması
missiyasının yerinə yetirilməsini təmin edir.
Nəticəyönümlülük kurikulumun mühüm pedaqoji
sənəd kimi xarakterini diktə edir, məzmununda
uşaqların səviyyələrini əks etdirən
standartların verilməsini ciddi vəzifə kimi
qarşıya qoyur. Həmin standartların
təhsilalanlara yönəlməsi, onların səviyyələrini
göstərməsi uşaqyönümlülüyü ifadə edir.
Standartların əqli, hissi və fiziki bacarıqların
ifadə olunmasına yönəlməsi isə onun
inteqrativliyini meydana çıxarır.
Məktəbəqədər təhsil kurikulumunun struktur
vahidlərinin konkret olaraq aşağıdakı məntiqlə
əlaqələndirilməsi və düzülməsi nəzəri və praktik
cəhətdən faydalı hesab edilir:
*
Giriş
*
Fəaliyyət istiqamətləri:
- Fiziki inkişaf və sağlamlıq;
- Təhlükəsizlik;
- İdrakın inkişafı;
- Dil və ünsiyyət;
- Sosial və emosional inkişaf;
- Mədəniyyət və yaradıcılıq.
*
Fəaliyyət istiqamətləri üzrə gözlənilən ümumi
təlim nəticələri
*
Hər yaş qrupunun sonunda gözlənilən təlim
nəticələri
Məktəbəqədər təhsilin məzmunu dedikdə bu sahədə
məzmun standartları başa düşülür. Onların
müəyyənləşdirilməsi və təsdiq olunması
perspektiv fəaliyyət üçün zəruri hesab edilir.
Həmin standartlar uşaqların inkişafını izləmək
və istiqamətləndirmək üçün ardıcıl
qiymətləndirmə aparmağa imkan yaradır.
Uşağa istiqamətlənmiş, fəaliyyətyönümlü, kamil
insanın, rəqabətədavamlı şəxsiyyətin
formalaşdırılması üçün nəticəyönümlü təhsilin
qurulması, yeni yanaşmaların, interaktiv təlim
üsullarının tətbiqi əsas tələb kimi qəbul edilir.
Məhz bu mərhələdə məktəbəqədər təhsilin
kurikulumunda müəyyənləşdirilmiş ümumi təlim
nəticələrinin əldə olunmasına imkan verən
fəaliyyət istiqamətlərinin və təlim
strategiyalarının, bunların əsasında hər bir
istiqamət üzrə və hər bir yaş qrupunda
qiymətləndirmə meyarlarının hazırlanması nəzəri
və praktik cəhətdən əhəmiyyət daşıyır.
Hazırda qarşıda duran ən ümdə vəzifələrdən biri
məktəbəqədər təhsilin kurikulumunun tətbiqi ilə
əlaqədar insanların təhsillilik səviyyəsinin
yüksəlməsinə nail olmaqdır. Kurikulum dünyanın
mütərəqqi təhsil modelindən biri olmaqla hazırda
geniş miqyasda tətbiq olunur. Konseptual sənəd
kimi onun məzmununda standartlar, zəruri
minimum, təhsilalanların hazırlığına qoyulan
tələblər, təlim strategiyaları və uşaq
nailiyyətlərinin qiymətləndirilməsi məsələləri
əhatə edilir. Əslində, bu məsələlərin hər biri
kurikulumda onun tərkib hissəsi, mühüm
komponentləri kimi ehtiva olunur. Həmin
komponentlərin bir-biri ilə qarşılıqlı əlaqəsi,
hər hansı birinin digərini tamamlaması, onun
məntiqi davamı olması vacib tələb kimi
gözlənilir. Məktəbəqədər təhsilin məzmunu
təbiətin, cəmiyyətin, iqtisadi inkişafın qanun
və qanunauyğunluqları nəzərə alınmaqla elə
hazırlanmalıdır ki, müəyyən dövr üçün sabit qala
və tələbatları ödəyə bilsin.
Məktəbəqədər təhsil müəssisələrində təlim
prosesi
Məktəbəqədər təhsil müəssisələrində konseptual
problemlərdən biri də təlim prosesinin
təkmilləşdirilməsidir. Bütün təhsil
müəssisələrində olduğu kimi, burada da təlim
özünün dinamikliyi, produktivliyi, eləcə də
humanist xarakteri ilə seçilir.
Araşdırmalar göstərir ki, əksər hallarda
məktəbəqədər təhsil müəssisələrində təşkil
olunan məşğələlərə uşaqları sadəcə məşğul edən
sistemsiz tədbirlər kimi yanaşılır. Onlar bu
tədbirlərdə ardıcıl xarakter daşımayan
fəaliyyətlərə cəlb olunurlar. Belə məşğələlərdə
uşaqların səviyyəsi və marağı nəzərə alınmır.
Onlar xoşlamadıqları məşğələ saatlarında
sistemsiz fəaliyyət göstərməli olurlar.
Çox hallarda tərbiyəçilər təlim məşğələlərinə
hazırlıqsız gəlir, görəcəkləri işi əvvəlcədən
planlaşdırmırlar. Bu problemlə bağlı pedaqoji
söhbətlərə, məsləhətləşmələrə zəif diqqət
yetirirlər.
İlkin araşdırmalar göstərir ki, yeni
kurikulumların daha səmərəli tətbiq olunması
üçün təhsildə aparılan islahatların fəlsəfəsini
dərk etmək başlıca vəzifələrdən hesab edilir.
Bunun üçün inkişafımızın müasir mərhələsində
məktəbəqədər təhsilin rolu və yeri, məqsəd və
vəzifələri, cəmiyyətin formalaşmasındakı
əhəmiyyəti açıqlanmalı, yeni şəraitdə inkişaf
istiqamətləri şərh olunmalıdır. Eyni zamanda
uşaqların psixoloji, fizioloji xüsusiyyətləri
öyrənilməli, məşğələlərin qurulması prosesində
onlara istinad olunmalıdır.
Məktəbəqədər təhsil müəssisələrində təlim
prosesi özünəməxsus cəhətləri ilə fərqlənir.
Orada valideynlərin müraciətlərinə, arzu və
istəklərinə daha ciddi yanaşmaq, uşaqların
maraqlarının nəzərə alınmasını stimullaşdırıcı
vasitə kimi dəyərləndirmək zəruri hesab edilir.
Belə olan tərzdə məktəbəqədər təhsil
müəssisələrində təlim işinin demokratik
prinsiplər əsasında qurulmasına nail olmaq
mümkündür.
Psixoloji və pedaqoji araşdırmalarda uşaqların
hələ erkən yaşda maraq dairəsinin geniş olması,
onların zehninin itiliyi, öyrənmə və inkişaf
imkanlarının geniş olması xüsusi olaraq
göstərilir. Onlar daha çox informasiya toplamaq,
fakt və hadisələrin mahiyyətinə varmaq arzusunda
olurlar. Müşahidə etdiklərinin səbəblərini
aydınlaşdırmağa səy göstərirlər. Bunun üçün də
çoxlu suallarla müraciətlər edir, maraqlarını
bildirirlər. Müşahidələr göstərir ki, bu
vəziyyət əksər hallarda situativ xarakter
daşıyır. Onun müvafiq qaydada sistemə
salınmasına, müəyyən ardıcıllıqla şərh
olunmasına ehtiyac yaranır.
Məktəbəqədər təhsil müəssisələrində ilkin olaraq
bu vəziyyət öyrənilməli, ümumiləşdirilərək
planlaşmalarda nəzərə alınmalıdır. Hər hansı
konkret təlim məşğələlərinin planı (kurikulumu)
hazırlanarkən onlara istinad olunmalıdır.
İşin göstərilən texnoloji ardıcıllıqla qurulması
aşağıdakı xüsusiyyətlər baxımından əhəmiyyətli
hesab edilir.
Əvvəla, uşaqların təlim məşğələlərinə böyük
marağı yaranacaqdır. Onlar bağçaya çox böyük
həvəslə gələcək və təlim məşğələlərində
məqsədyönlü fəallıq göstərəcək, tapşırıqları
həvəslə yerinə yetirəcəklər.
İkincisi, təlim məşğələlərində deklarativlik
zəifləyəcək və canlılıq artacaqdır. Məşğələlərdə
olan dinamiklik uşaqları öyrənməyə, hadisə və
faktlara daha fəal yanaşmağa sövq edəcəkdir.
Üçüncü, uşaqlarda yaradıcı (kreativ) təfəkkürün
formalaşması üçün imkan və şərait yaranacaqdır.
Onlar özlərinin maraq dairəsinə uyğun olan hər
hansı yaradıcı tapşırığın icrasında xüsusi
bacarıqlar nümayiş etdirməklə istedad və
qabiliyyətlərini nümayiş etdirəcəklər.
Dördüncü, ən zəruri həyati bacarıqların (kommunikativ,
qrupda işləmək, problemi həll edə bilmək və s.)
formalaşmasına imkan yaranacaqdır.
"Ailə və bağça" xəttinin kəsişmə nöqtəsi
Məktəbəqədər müəssisələrdə aparılan işlərin bir
istiqamətini də ailə ilə əlaqələr təşkil edir.
Bağçanın tarixi boyu bu əlaqələr həmişə olmuşdur.
Məktəbəqədər təhsil müəssisələri həmin
əlaqələrin qurulmasında maraqlı olmuş, etibarlı
mənəvi resurs kimi valideynlərin potensial
imkanlarından istifadə etmişlər. Araşdırmalar
göstərir ki, ənənəvi olaraq uzun illər bu
əlaqələr inzibati dövrün xarakterinə uyğun
qurulmuşdur. Bağça özünün idarəçilik prinsipləri
əsasında fəaliyyət göstərmiş, valideynlərlə
müxtəlif formalarda əlaqələr saxlamışdır. Bu
əlaqələr sistemində valideynlər müşahidəçi kimi
prosesə müdaxilə etmədən fəaliyyət göstərmişlər.
Humanist və demokratik prinsiplər əsasında
qurulan yeni təhsil sistemində ailə və təhsil
müəssisəsi arasında əlaqələrin xarakteri dəyişir.
Valideyn sifarişçi mövqeyində çıxış edir.
Məktəbəqədər müəssisələrdə bu funksiya daha
qabarıq şəkildə diqqəti cəlb edir. Uşaqlarının
inkişafı ilə maraqlanan valideynlər onu təmin və
təşkil etmək məqsədi ilə bağçalarla yaxından
əməkdaşlıq edir, təlim-tərbiyə işində onlara
dəstək olurlar. Müəssisənin problemləri ilə
yaşayır, onun aradan qaldırılması istiqamətində
rəhbərliklə birgə fəaliyyət göstərirlər.
Beləliklə, "ailə və bağça" xəttinin kəsişmə
nöqtəsində dayanan uşağın ümumi inkişafının
təmin olunmasında maraqlı olan hər iki tərəf
məqsədlərinə çatmaq üçün bərabər əmək sərf etmiş
olurlar.
Müasir idarəetmənin parametrləri
"Məktəbəqədər təhsilin dövlət standartı və
proqramı"nda qeyd olunur ki, "Məktəbəqədər
təhsil müəssisəsi aşkarlıq, şəffaflıq və
demokratiklik prinsipləri əsasında... idarə
edilir" (Məktəbəqədər təhsilin dövlət standartı
və proqramı. "Kurikulum" jurnalı, 2010, ¹4,
səh.130). Bu müəssisələr ciddi elmi-pedaqoji
əsaslara söykənməklə fəaliyyət göstərir. Hazırkı
şəraitdə onlara istinad etmədən məktəbəqədər
müəssisələrin fəaliyyətini müasir tələblər
əsasında nizamlamaq mümkün deyildir.
Məktəbəqədər təhsil müəssisələri həcminə görə
kiçik olsa da, funksiyasına görə ciddi və
məsuliyyətli bir vəzifənin yerinə yetirilməsi
ilə məşğul olur. Onun fəaliyyəti dövlətin, eyni
zamanda valideynlərin diqqət mərkəzində dayanır.
Bunun üçün fəaliyyətlərin istiqamətlərini
aşkarlıq şəraitində müəyyənləşdirmək, bu
məqsədlə faydalı arzu və təkliflərin nəzərə
alınması zəruri hesab edilir. İlk növbədə,
maraqlı olan tərəflərin fikirləri əsas götürülür.
Eləcə də bağçaların iqtisadi və digər
problemlərinin həllində şəffaflığın nəzərə
alınması vacib hesab edilir.
Müasir məktəbəqədər təhsil müəssisələrinin
fəaliyyətində demokratikliyin gözlənilməsi də
zəruri prinsiplərdən hesab edilir. Müəssisənin
fəaliyyətinin təşkilində, idarə olunmasında,
məşğələlərin qurulmasında və s. ona istinad
olunması məqsədəuyğundur.
Kadr və maddi-texniki baza problemi
Məktəbəqədər təhsil müəssisələri barədə son
məlumatlarda pedaqoji kadr hazırlığı
səviyyəsinin aşağı olduğu göstərilir. Belə ki,
onların bütövlükdə 2,6 %-nin ali, 7,9%-nin isə
orta ixtisas təhsilli olması bildirilir. İlkin
yanaşmada bu balansın aradan qaldırılması, ali
təhsilli mütəxəssislərin sayının artırılması
gündəmdə olan problem kimi diqqəti cəlb edir.
Onların səviyyələrinin peşəkarlıq baxımından
yüksəldilməsi, müasir təhsil siyasətinin
tələblərinə uyğun keyfiyyətlərlə
zənginləşdirilməsi tələb olunur.
Bundan əlavə, respublikamızda məktəbəqədər
təhsil müəssisələrində maddi-texniki bazanın
zəif olması və onların təlim-tərbiyə prosesinin
səmərəli qurulmasına mənfi təsir göstərməsinin
də problem kimi həll olunması aktuallıq kəsb
edir.
Bütün bunlarla yanaşı, məktəbəqədər təhsilin
problemlərinin elmi əsasda, ardıcıl və sistemli
aradan qaldırılması onun elmi-nəzəri əsaslarının
tədqiq olunmasını, bunun üçün sistemli pedaqoji,
psixoloji araşdırmaların aparılmasını tələb edir.
Eyni zamanda bu sahədə elmi-pedaqoji potensialın
gücləndirilməsini, zəruri resursların, pedaqoji,
metodik ədəbiyyatın yaradılmasını bir vəzifə
kimi qarşıya qoyur.
Biz bu yazıda məktəbəqədər təhsilin konseptual
problemləri barədə ilkin qənaətlərimizi şərh
etdik. Heç şübhəsiz, bu təşəbbüs gələcəkdə də
davam etdiriləcək, problemlərin həlli
istiqamətində daha geniş və sistemli
araşdırmalar aparılacaqdır.
Aydın ƏHMƏDOV,
Təhsil Nazirliyinin şöbə müdiri,
"Kurikulum islahatının
davam etdirilməsi və
kurikulumun tətbiqinə dəstək"
alt-komponentinin koordinatoru
ahmedov@edu.gov.az
Ənvər ABBASOV
TPİ-nin direktor müavini,
Kurikulum Mərkəzinin direktoru
anvar_abbasov@mail.ru |