Məlum olduğu kimi, təhsilin keyfiyyəti pedaqoji
kadrların peşəkarlıq səviyyəsi ilə birbaşa
bağlıdır. Bu baxımdan onların düzgün seçilib
yerləşdirilməsi məsələsi xüsusi aktuallıq kəsb
edir. Son illərdə aparılmış təhlillər
göstərmişdir ki, bəzi yerli təhsili idarəetmə
orqanları və ümumi təhsil müəssisələri
tərəfindən pedaqoji kadrlara olan tələbatın
düzgün müəyyənləşdirilməməsi, vakant yerlər
barədə verilən sifarişlərin real tələbatla
uzlaşmaması, normadan az dərs saatına
müəllimlərin işə qəbulu, normativ-hüquqi
sənədlərdə qoyulmuş tələb və qaydalara kifayət
qədər riayət olunmaması hallarına yol
verilmişdir. Bu hallar ümumi təhsil
müəssisələrində müəllim-şagird nisbətinin xeyli
dərəcədə aşağı düşməsinə, süni müəllim
sıxlığının yaranmasına səbəb olmuş, habelə
kifayət qədər metodiki hazırlığı olmayan
pedaqoji kadrların işə qəbuluna şərait
yaratmışdır.
Mövcud nöqsanların aradan qaldırılması məqsədilə
2008-2009-cu tədris ilindən respublikanın
ümumtəhsil məktəblərində müəllim vəzifəsi
nazirliyin uçot nomenklaturasına daxil
edilmişdir. Bu məqsədlə 2009-2010-cu tədris
ilində Bakı şəhərinin, 2010-2011-ci dərs ilində
isə respublikanın ümumtəhsil məktəblərinə
müəllimlərin işə qəbulunun yeni qaydalar
əsasında müsabiqə yolu ilə aparılmasına
başlanılmışdır.
Eyni zamanda müəllimlərin işə qəbulu ali və orta
ixtisas təhsili müəssisələrini pedaqoji
ixtisaslar üzrə bitirmiş gənc mütəxəssislərin
"2005-2009-cu illər üçün ümumtəhsil məktəbləri
şəbəkəsində pedaqoji kadr təminatı üzrə İnkişaf
Proqramı" çərçivəsində həmin illərdə və 2010-cu
ildən isə Nazirlər Kabinetinin 14.04.2010-cu il
tarixli, 67 nömrəli qərarına uyğun olaraq dövlət
sifarişinə əsasən həvəsləndirmə tədbirləri
tətbiq olunmaqla kadra ciddi ehtiyac olan kənd
məktəblərinə birbaşa göndəriş yolu ilə də
aparılmışdır. Bu prosesin pedaqoji kadr
təminatında əhəmiyyətli rolu olsa da, indiyədək
həvəsləndirmə tədbirləri ali və orta ixtisas
təhsili müəssisələrini yalnız həmin ildə bitirən
məzunlara şamil edilirdi. Bu əmrlə
müəyyənləşdirilmiş yeni qaydalarda isə
həvəsləndirmə tədbirlərinin pedaqoji ixtisas
təhsilli 35 yaşınadək bütün gənclərə tətbiqi
nəzərdə tutulmuşdur.
Həmçinin, Təhsil Sektorunun İnkişafı üzrə İkinci
Layihənin "Təhsil sistemində idarəetmənin
təkmilləşdirilməsi, müəllim peşəsi ilə bağlı
reqlamentləşdirici qaydaların yenidən işlənməsi
və tətbiqi" alt-komponentində də müəllimlərin
işə qəbulu mexanizmlərinin təkmilləşdirilməsi,
beynəlxalq təcrübədən istifadə etməklə daha
səmərəli sistemin yaradılması vacib bir məsələ
kimi qarşıya qoyulmuşdur.
Respublikanın ümumi təhsil müəssisələrinə
müəllimlərin işə qəbulu sahəsində vahid
yanaşmaların tətbiqi, bununla bağlı mövcud
normativ-hüquqi bazanın daha da
təkmilləşdirilməsi, işə qəbul zamanı şəffaflığın,
obyektivliyin təmin edilməsi və bu prosesin daha
səmərəli mexanizmlərlə tənzimlənməsi məqsədilə
ƏMR EDİRƏM:
1. Təhsil Nazirliyi sistemindəki bütün tipdən və
növdən olan ümumi təhsil müəssisələrinə
müəllimlərin işə qəbulu nazirliyin 26.08.2008-ci
il tarixli, 1019 nömrəli əmrilə təsdiq olunmuş "Azərbaycan
Respublikası Təhsil Nazirliyi sisteminin
nomenklaturası"na uyğun və bu əmrlə
müəyyənləşdirilmiş reqlamentləşdirici sənədlər
əsasında mərkəzləşdirilmiş qaydada üç mərhələli
müsabiqə (elektron ərizədəki göstəricilərin
qiymətləndirilməsi, test imtahanı və müsahibə)
yolu ilə həyata keçirilsin.
2. Müəllimlərin işə qəbulunda yeni mexanizmlərin
tətbiqi məqsədilə "Respublikanın ümumi təhsil
müəssisələrinə müəllimlərin vakant yerlərə işə
qəbulu üzrə reqlament (Əlavə 1)", "Namizədlər
tərəfindən vakant yerlərin seçilməsi və elektron
ərizənin doldurulmasına dair təlimat (Əlavə 2)",
"Test suallarının cavablandırılmasına dair
təlimat (Əlavə 3)", "Müsabiqədə iştirak edən
namizədlərin elektron ərizələri əsasında təhsil
və nailiyyət göstəricilərinin qiymətləndirilməsi
meyarları (Əlavə 4)", "Elektron ərizə forması (Əlavə
5)" və "Vakant yerlər barədə məlumat forması (Əlavə
6)" təsdiq edilsin (əlavə olunur).
3. Müəllimlərin işə qəbulunda mərkəzləşdirilmiş
vahid sistemə keçidlə əlaqədar dövlət ali və
orta ixtisas təhsili müəssisələrini pedaqoji
ixtisaslar üzrə bitirən məzunların iş yerinə
göndərilməsi üçün təyinatların verilməsi
dayandırılsın.
4. Pedaqoji profilli dövlət ali və orta ixtisas
təhsili müəssisələrinin rəhbərləri məzunlara
müəllimlərin işə qəbulu üzrə yeni qaydalar
barədə ətraflı məlumat verilməsini və geniş
izahat işi aparılmasını təmin etsinlər.
5. Yerli təhsili idarəetmə orqanlarının və
Təhsil Nazirliyinin birbaşa tabeliyində olan
ümumi təhsil müəssisələrinin rəhbərləri:
5.1. Bu əmrdən irəli gələn vəzifələrin yerinə
yetirilməsini və müvafiq izahat işlərinin
aparılmasını təmin etsinlər.
5.2. Azərbaycan Respublikası Nazirlər
Kabinetinin "Təhsil müəssisələrinin pedaqoji
işçilərinin dərs yükü normalarının müəyyən
edilməsi haqqında" 24.11.2010-cu il tarixli, 215
nömrəli qərarına uyğun müəllimlər arasında dərs
bölgüsünün aparılmasını təmin etsinlər.
5.3. Hər tədris ili başa çatdıqdan sonra 10 gün
ərzində vakant yerlər barədə məlumatı
müəyyənləşdirilmiş forma üzrə (Əlavə 6)
nazirliyin Strateji təhlil, planlaşdırma və
kadrların idarə olunmasi şöbəsinə təqdim
etsinlər.
5.4. İşə qəbul üzrə müsabiqənin nəticələrinə
uyğun olaraq nazirliyin rəsmi məktubu əsasında
vakant yeri tutmuş müəllimlərlə əmək
müqaviləsinin bağlanmasını və əmrlə
rəsmiləşdirilməsini təmin etsinlər.
5.5. Əlavə güzəştlər və stimullaşdırıcı
tədbirlər şamil olunmaqla kənd yerlərindəki
ümumi təhsil müəssisələrinə işə qəbul olunmuş
pedaqoji kadrlara Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 14.04.2010-cu il tarixli,
67 nömrəli qərarına uyğun həvəsləndirmə
tədbirlərinin tətbiqi ilə bağlı məsələləri həll
etsinlər.
6. Nəzərə alınsın ki:
6.1. Həvəsləndirmə tədbirləri ali və orta
ixtisas təhsili müəssisələrini pedaqoji
ixtisaslar üzrə bitirmiş yaşı 35-dək olan
gənclərə şamil olunur.
6.2.
Rayon və şəhər daxilində bir ümumi təhsil
müəssəsindən digərinə müəllimlərin yerdəyişməsi
yerli təhsili idarəetmə orqanları tərəfindən
həyata keçirilir.
6.3. İşə qəbul üzrə müsabiqə başa çatanadək elan
edilmiş vakant yerlərə rayon (şəhər) daxilində
yerdəyişmə yolu ilə və ya əvəzçilik qaydasında
əmək müqaviləsinin bağlanmasına, eləcə də bir
rayondan (şəhərdən) digərinə yerdəyişmə yolu ilə
müəllimlərin işə qəbuluna icazə verilmir.
6.4. Analıq məzuniyyəti yerinə müəllimlərin işə
qəbulu yerli təhsili idarəetmə orqanlarının
razılığı əsasında ən çoxu 3 il müddətinə əmək
müqaviləsi bağlanmaqla məktəb direktorunun
əmrinə əsasən aparılır. Həmin müddət bitdikdən
sonra əmək müqaviləsinin tərəf, müddət və
şərtlərinə yenidən baxılır.
7. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə),
Təhsil sisteminin informasiyalaşdırılması
idarəsi (S.Məmmədov) nazirliyin rəsmi İnternet
saytında "Müəllimlərin işə qəbulu üzrə müsabiqə"
səhifəsinin açılmasını, işə qəbul üzrə
müsabiqədə iştirak edən namizədlər üçün nəzərdə
tutulmuş məlumatların həmin səhifədə
yerləşdirilməsini təmin etsin və reqlamentlə
müəyyənləşdirilmiş digər aidiyyəti məsələləri
həll etsinlər.
8. Strateji təhlil, planlaşdırma və kadrların
idarə olunması şöbəsi (F.Qədirov):
8.1. Hər il iyul ayının 1-dək vakant yerlər
barədə məlumatların təhlilini aparsın,
nazirliyin rəsmi İnternet saytında və "Azərbaycan
müəllimi" qəzetində elanların verilməsini, o
cümlədən həvəsləndirmə tədbirləri tətbiq olunan
vakant yerlərin elanda reqlamentlə
müəyyənləşdirilmiş qaydada göstərilməsini təşkil
etsin.
8.2. Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 14 aprel 2010-cu il tarixli, 67
nomrəli qərarına uyğun əlavə güzəşt və
stimullaşdırıcı tədbirlər tətbiq olunan limit
yerlərini hər tədris ili üçün müəyyənləşdirsin
və iyun ayının 15-dək Azərbaycan Respublikası
Maliyyə Nazirliyinə təqdim etsin.
8.3. Müsabiqənin keçirilməsi üçün müvafiq
ixtisaslar üzrə işçi qruplarının yaradılmasını
və "Test bankı"nın hazırlanmasını təmin etsin.
8.4. İşə qəbul prosesinin səmərəli təşkili və
keçirilməsi üçün müsabiqə komissiyasının, habelə
imtahanın nəticələri ilə bağlı şikayətlərə
baxılması məqsədilə apelyasiya komissiyasının
tərkibini müəyyənləşdirib təsdiqə təqdim etsin.
8.5. Müəllimlərin işə qəbulu üzrə müsabiqə
iştirakçılarının elektron ərizələrinin təsdiq
olunması, test imtahanlarının təşkili,
keçirilməsi, müsahibənin aparılması və
müsabiqənin nəticələrinin rəsmiləşdirilməsi üçün
tədbirlər görsün.
8.6. Müəllimlərin işə qəbulu ilə bağlı
müsabiqənin nəticələrinin nazirliyin rəsmi
İnternet saytında yerləşdirilməsini, təsdiq
olunmuş siyahıların müşayiətedici məktubla yerli
təhsili idarəetmə orqanlarına və Təhsil
Nazirliyinin birbaşa tabeliyində olan ümumi
təhsil müəssisələrinə göndərilməsini təmin etsin.
9. Müəllimlərin işə qəbulunun tənzimlənməsi ilə
əlaqədar əmək qanunvericiliyindən və bu əmrdən
irəli gələn tələblərə ciddi riayət olunması,
eləcə də yol verilən nöqsanlara görə bilavasitə
məsuliyyət daşımaları yerli təhsili idarəetmə
orqanlarının və ümumi təhsil müəssisələri
rəhbərlərinin nəzərinə çatdırılsın.
10. Müəllimlərin müsabiqədənkənar işə qəbuluna
yol vermiş yerli təhsili idarəetmə orqanları və
ümumi təhsil müəssisəsi rəhbərləri barəsində ən
ciddi intizam tənbehi tətbiq edilsin.
11. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) bu
əmrin və ona əlavələrin, eləcə də vaxtaşırı
olaraq müəllimlərin işə qəbulu üzrə vakant
yerlər haqqında məlumatların "Azərbaycan
müəllimi" qəzetində dərc olunmasını təmin etsin.
12. Ümumi şöbə (H.Məmmədova, A.Nəbiyev) əmrin
çoxaldılaraq bütün yerli təhsili idarəetmə
orqanlarına, Təhsil Nazirliyinin birbaşa
tabeliyində olan ümumi təhsil müəssisələrinə və
pedaqoji profilli dövlət ali və orta ixtisas
təhsili müəssisələrinə göndərilməsini təmin
etsin.
13. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının
təhsil naziri
11 may 2011-ci il |