Mayın
6-da Prezident İlham Əliyev Ağcabədi şəhərinin
Üzeyir Hacıbəyli prospektində yeni inşa olunan
şahmat məktəbinin binasının açılış mərasimində
iştirak etmişdir.
Dövlətimizin
başçısı binanın açılışını bildirən lenti kəsdi
və məktəblə yaxından tanış oldu.
Məlumat
verildi ki, rayonda 1983-cü ildən fəaliyyət
göstərən Uşaq Gənclər Şahmat Məktəbinin əvvəlki
binası yararsız halda olduğundan ötən ilin
iyunundan yeni binanın tikintisinə
başlanılmışdır. Müasir üslubda inşa olunan bu
tədris binası şahmat meydançasına
bənzədilmişdir. Məktəbin həyətində açıq havada
şahmat oynamaq üçün geniş sahə yaradılmışdır.
İtaliyadan gətirilən və xüsusi texniki qulluqla
yetişdirilən şahmat fiqurları formasında olan
kollar binaya əlavə gözəllik bəxş edir. Ərazidə
yaşıllıqlar salınmış, müasir işıqlandırma
sistemi yaradılmış, yaraşıqlı fəvvarə
tikilmişdir. Bildirildi ki, 483 kvadratmetr
sahəsi olan ikimərtəbəli binanın birinci
mərtəbəsində 8 sinif otağı vardır. Müasir
havalandırma sistemi ilə təchiz olunan bina
xüsusi dizaynla inşa edilmişdir.
Prezident
İlham Əliyev dərs otaqlarına baxdıqdan sonra
binanın ikinci mərtəbəsində ulu öndər Heydər
Əliyevin və Prezident İlham Əliyevin idmana,
xüsusən də şahmata və şahmatçılara olan diqqət
və qayğısını əks etdirən fotolardan ibarət
stendlərə baxdı.
Oyun
zalı ilə tanış olan dövlət başçısının diqqətinə
çatdırıldı ki, ümumi sahəsi 148 kvadratmetr olan
zalda eyni vaxtda 100-dək şahmatçı görüş keçirə
bilər. Oyunların canlı izlənilməsi üçün zalda
bir neçə kamera quraşdırılmışdır. Binanın
girişində quraşdırılan monitor məktəbdə gedən
yarışları canlı izləməyə imkan verir. Zalda
müxtəlif şahmat fiqurlarından və
kompozisiyalardan ibarət xüsusi guşələr də
yaradılmışdır. Bütün siniflər və yarış zalı
şahmat taxtaları, saat və lazımi avadanlıqla
təchiz olunmuşdur.
Sonra
Prezident İlham Əliyev burada yaradılan kompüter
otağına baxdı. Bildirildi ki, kompüter otağı
yüksək sürətli İnternetlə təmin edilmişdir ki,
bu da dərslərin kompüter vasitəsilə keçilməsinə,
ən son yenilikləri qısa zaman çərçivəsində
öyrənməyə şərait yaradacaqdır.
Vurğulandı ki,
Ağcabədi Şahmat Məktəbi bir sıra respublika
səviyyəli yarışlara da ev sahibliyi etməyə
hazırdır. Təsadüfi deyildir ki, Ağcabədi
şahmatçıları son 3 il ərzində respublika şahmat
turnirlərində 100-dək medal, diplom və kuboklara
layiq görülmüşlər. 2008-ci ilin avqustunda
Bakıda keçirilmiş uşaq gənclər şahmat məktəbləri
komandalarının Respublika birinciliyinin final
mərhələsində iştirak edən Ağcabədinin qızlardan
ibarət komandası uğurla çıxış edərək üçüncü yerə
layiq görülmüşdür. Fərdi yarışlarda isə Fərid
Abdullayev, Əsmər Həsənova, Aysun Bədəlova medal
qazanmışlar.
Dövlət
başçısına məlumat verildi ki, şahmat məktəbinin
yanında 100 min cildlik elektron kitabxananın
tikilməsi üçün yer ayrılmışdır.
Prezident
İlham Əliyev yaradılmış şəraiti yüksək
qiymətləndirdi, görülmüş işlərdən razılığını
bildirdi.
AzərTAc |