Mən müharibəyə qışda - qarlı, çovğunlu bir gündə
getdim, - deyə Mərdan müəllim sözə başladı. Mən
müharibənin nə demək olduğunu hiss edirəm, onun
dəhşətlərini, qırılıb tələf olan insanları
gözlərimlə görmüşəm. O illər mənim qəlbimdə,
bədənimdə izlər qoyub gedib. Elə izlər ki,
əbədilik yaddan çıxmaz, unudulmaz.
KRIM! Yer qızmar kürə kimi yanırdı. Yerlərin
alovu göylərin sifətini qarsırdı. Sözün əsl
mənasında ölüm-dirim müharibəsi gedirdi. Vuruşma
əlbəyaxa şəklini almışdı. Demək olar ki, bütün
yollar bağlanmışdı. Simferopol, Yalta, Aluşta,
bir çox şəhər və kəndlər düşmənin əlində idi.
Sevastopol isə qan gölünə çevrilmişdi. Xülasə,
vuruşa-vuruşa Qara dənizin sahilindəki qayalığa
çəkildik. Qərargahdan xəbər gəldi ki, xilas
olmaq üçün heç bir ümid yolu yoxdur. Alman
ordusu Kerç boğazını keçmişdir. Biz bir neçə
dəfə su yolu ilə Tuapseyə çəkilmək istədik.
Lakin bu mümkün olmadı. Eh... o qayalıqda nələr
olmadı... Özünü dənizə atan, son patronunu özünə
vuranlar da çox oldu, gələcəyə inamı qalanlar da.
Krımda əsir düşdük. Bir neçə gündən sonra insan
axını qərbə tərəf getməyə başladı. Faşistlər
insan ölümündən ləzzət alır, tapançalarını
yoxlayır, at ayağı boyda çalalarda olan suya
can atanları biçir, yaralıları öldürürdülər.
Vətən torpağı arxada qaldı, qürbətə düşdük. Qərb
ölkələrinin əsir düşərgələri... Bu düşərgələr
hər gün nə qədər insan udurdu. Faşistlər
əsirləri düşərgədən düşərgəyə dağıdır, ağzıbağlı
vaqonlarda harasa aparırdılar. İllər arxada
qalırdı. Faşistlər əsirləri işgəncə verə-verə
işlədir, dağıdılmış dəmir yollarını bərpa
etdirirdilər. Müxtəlif millətlərdən olan əsirlər
bir-biri ilə dil tapır, çıxış yolu axtarırdılar.
Meşələrdə partizanlar fəaliyyət göstərirdilər.
Fürsət düşən kimi qaçanlar az olmurdu. Mən,
Məhərrəm və Mişa bir dərdləşib qaçmaq üçün
fürsət axtarırdıq. Alman zabitləri nədənsə
təşviş keçirirdilər. Görünür, Qızıl ordunun
həniri onlara çatmışdı. Necə qaçdığımızı
bilmədik. 15 sutka qaçdıq. Cəhətləri göy
cismləri ilə müəyyən edə bilirdik.
Aclıq bizi əldən salmışdı. Tanıdığımız ot və ot
kökləri tapıb yeyirdik. Üst-başımızı kol-kos
aparmışdı. Meşə getdikcə seyrəkləşirdi. Meşənin
kənarı ilə burula-burula gedən yola çatdıq.
Papirossuz idik. Yolun kənarını gəzir, papiros
tullantısı axtarırdıq. Uzaqdan bir nəfər
velosipedçinin gəldiyini gördük. Məhərrəm onun
qabağını kəsmək qərarına gəldi. Elə də oldu.
Gələn italyan idi. Az söhbətdən sonra partizan
olduğunu bildik. O, bizə partizan birləşmələrinə
qoşulmağı təklif etdi və bələdçimiz oldu. Alp
dağlarının ağlasığmaz bir guşəsində məskən salan
partizan briqadasına qoşulduq. Briqadanın
komandiri gözəl təşkilatçılıq bacarığı olan
qorxmaz italyan partizanı Salami idi.
İki gündən sonra mühüm tapşırıq aldıq.
Partizanların məskəni Piyaçensa, Paviya, Toptana
şəhərlərinin yaxınlığındakı dağlar və meşəliklər
idi. Xüsusi sənədlərlə mühüm döyüş
tapşırıqlarını yerinə yetirmək məqsədi ilə
Milan, Genuya, Boloniya, Venetsiya və Turin
şəhərlərinə göndərilmişəm. Mənim dostum Məhərrəm
az vaxt ərzində partizanların hörmətini qazandı.
O, qorxu bilməzdi. Partizanlar ona "Əzrayıl"
ləqəbi qoymuşdular.
Müharibənin qurtarmasını radio ilə elan etdilər.
"Əzrayıl" bu şad xəbəri eşidən kimi gedib oturdu
bir kötüyün üstündə və başladı zar-zar ağlamağa.
18 gün idi ki, müharibə qurtarmışdı. Rus
partizanları İtaliyada at oynadırdılar. Bir gün
biz şəhərdə gəzirdik. Bir nəfər boy-buxunlu adam
məni saxladı və cibindən bir şəkil çıxarıb mənə
göstərdi:
- Bu sizsiniz?
- Bəli, mənəm.
- Mən sizi qəzet, radio vasitəsilə axtarmalı
idim. Yaxşı ki, təsadüfən görüşdük. Mən burada
mebel kombinatının direktoruyam. Bu qız (o,
şəkildə bir vaxt bir yerdə şəkil çəkdirdiyim
italyan qızını göstərdi) mənim bacım qızıdır.
Gedək.
Mən Məhərrəmə məlumat verməyə macal tapmadım,
getdik. Bir az keçmiş dayısı qızı tapdı.
Hərəmizə bir velosiped gətirdilər. Düşdük yola.
Mən o kəndə getdim ki, orada vaxtı ilə
qərargahımız olub. Alman ordusundan götürdüyümüz
əsgərləri, zabitləri burada... İndi ora
"Şvarçehende" (Qara rubaşkalıların) əlində idi.
Onlar 30 nəfərə yaxın idilər. Biz onların
qarşısından keçib getdik, evə çatdıq. Qızın
atası-anası məni səmimi qarşıladılar. Mənim
tapılmağıma bir cöngə qurban saxlamışdılar.
Onların adəti tamam başqadır. Malı, qoyunu,
toyuğu boğazından asırlar, sonra dərisini soyub
ətini yeyirlər. Bizim adəti əvvəlcə onlara
demişdim. Ona görə bıçaq gətirdilər, cöngəni
mənə kəsdirdilər. Elə təzəcə cöngəni dəridən
çıxarmışdım, üç nəfər qara rubaşkalı gəldi.
Mənim qollarımı bağladılar. Kişi ilə arvadı
təhqir edib döydülər. Məni apardılar, ikinci
mərtəbədə otaqda bir kifir, üz-gözündən zəhrimar
yağan alman zabiti oturmuşdu. O, başını yuxarı
qaldırmadan:
- Bolşeviksən?
- Xeyr.
- Partizansan?
- Xeyr.
- Onda buralarda nə sülənirsən?
O kifir zabit ayağa durdu, otaqda var-gəl elədi,
sonra üzünü mənə tutdu və istehza ilə:
- İndi sənə general paltarı geyindirəcəyik.
Mən bilirdim, o, nəyə işarə edir. Adamın sağ
böyründən dəyən tapança gülləsi sol böyründən
çıxır. Hər iki tərəfdən axan qırmızı qan
şalvarda qırmızı zolaq əmələ gətirir. Nə isə...
O, qapıda duranı çağırıb dedi:
- Salın zirzəmiyə.
O zirzəmidə vaxtı ilə kömür, buz saxlamışıq.
Qollarımı açıb məni saldılar zirzəmiyə. Qaranlıq
zirzəmidə ayağımı hara qoyurdum batırdım
lehməyə. Buz ərimişdi, qarışmışdı kömürə.
Türklər mənə kibrit qutusu boyda Quran
bağışlamışdılar. Onu boynumdan asmışdım. Quranı
çıxartdım, öpdüm, qoydum gözümün üstünə. Elə bu
vaxt qız pəncərəni döydü. Qərargahın ünvanını
istədi. Mən ünvanı dəqiq dedim. O getdi. Gecə
saat 24-də zirzəminin qapısı açıldı, iki nəfər
əllərində əl fənəri ilə içəri keçdi. Biri o
birinə amiranə:
- Yıx yerə, başını kəs.
"Başını kəs" sözünü eşidəndə dünya başıma
hərləndi, bir az cəsarətə gəldim:
- Eybi yoxdur, indi mənim adamlarım gələcək.
Bu cümlə ağzımdan çıxmamışdı ki, onlardan biri
gözümün üstünə elə bir yumruq düyünlədi ki,
gözümün odu parladı. Qaranlıq zirzəmidə şümşürük
oynadı elə bil. O birisi qarnıma bir karlı təpik
vurdu. Məni soyundurdular, paltarımı götürüb
getdilər...
Səhər açıldı. Zirzəminin dəmir şəbəkələri
arasından içəri boylanan günəş şüaları zirzəmini
nura qərq elədi. Qapının qıfılının açılmasını
eşitdim. Həmən kifir alman zabiti məni çagırdı.
Bədənimi lüt görəndə təəccübləndi.
- Səni kim bu kökə salıb?
- Sənin adamların.
O, məni qatdı qabağına. Sağ tərəfə gedən yol
alma bağına, sol tərəfə gedən yol kəndə gedirdi.
Mən fikirləşdim, əgər zabit "Sağa dön" əmrini
versə, deməli məni güllələməyə aparır, yox kəndə
tərəf getsək, hələ yaşamağa güman var. Biz kəndə
tərəf getdik. Kəndin camaatı məni tanıyırdı.
Lakin qorxudan heç kəs yaxınlaşmırdı. Zabit məni
qızgilə gətirdi. Gördüm arvadla kişinin
üzündə-gözündə islahat yoxdur. Nə isə. Kifir
zabit məni təhvil verdi onlara və ciddi
tapşırdı:
- Əgər bunu qaçırsanız, gəlib benzin töküb sizi
və evinizi yandıracağam.
O, çıxıb getdi. Qız su gətirdi, əl-üzümü yudum.
Mənə elə gəlirdi ki, ayaqlarım yerdən üzülür.
İnsanlar gözümə qeyri-adi görünürlər. Evin
qadını mənə bir stəkan süd gətirdi, boğazımdan
keçmədi. Birdən qapı taybatay açıldı.
"Əzrayıl"ın dəstəsi doldu içəri. O məni bəsdi
deyincə danladı. "Əzrayıl"a cavab qaytarmaq
olmazdı.
Bir Amerika həkimi ayaq baş barmağıma bir iynə
vurdu. Ayaqlarım yerə dəydi. Bax belə...
Bir dəfə Siciliya adasına gedən gəmiyə mindim.
Maraq üçün gəzməyə getdim. Adada qədim bir kilsə
var, kilsənin keşişi uzun saqqallı bir adam idi.
Buraya ziyarətə gələnləri o yerbəyer edirdi və
bütün dilləri bilirdi. Keşiş mənə yaxınlaşdı:
- Hansı millətdənsən?
- Müsəlman.
- Əzizim, bu kilsə tikiləndən buraya müsəlman
ayağı dəyməyib, otur gözlə.
O, başqa millətlərdən olanları apardı kilsənin
görkəmli yerlərini, ibadət evlərini göstərdi.
Növbə mənə çatdı.
- Dur, Məhəmməd peyğəmbərin ziyarətinə gedirik.
O, bir qapını açdı, üç pillə aşağı düşdü. Mənim
isə ağlım başımdan çıxmışdı.
- Əzizim, peyğəmbər hüzurundasan, salavat xətm
elə...
Biz qayıtdıq. O, bir otağın qapısını açdı,
otağın divarı boyda bir kitab var idi. Kitab
ipək kəndirlə bağlanmışdı. Yanında bir bayda
mürəkkəb, lələk qələmlər vardı. Keşiş kitabın
ipək kəndirini açdı, qələmi və mürəkkəbi
göstərdi:
- Əzizim, indi buraya gəlişinin məqsədini,
kimliyini yaz.
Mən lələk qələmin birini götürüb latın qrafikası
ilə yazmağa başladım. Fikrimi tamamlayıb nöqtə
qoydum. Keşiş əlini saqqalına çəkdi və dedi:
- Əzizim, axı mən dedim ki, bu kilsə bina
olunandan buraya müsəlman ayağı dəyməyib.
Müsəlmanlar sağdan sola, sən isə soldan sağa
yazırsan. Sən azərisən...
1944-cü il idi. İtaliya torpağını partizan
hərəkatı bürümüşdü. Bütün briqadanı əsirlikdən
qaçan sovet əsgərləri və zabitləri təşkil
edirdi. Partizan hərəkatı faşistləri cana
gətirmişdi. Onlar şəhərlərdə, kəndlərdə elan
vurur, rus partizanlarını tutub təhvil verənlərə
külli miqdarda mükafat vəd edirdilər. Onu da
deyim ki, qızlar da misli-bərabəri olmayan
qəhrəmanlıqlar göstərirdilər. Bir gün qızlardan
biri - Bertanino çox mühüm bir məlumat
gətirmişdi. Ryançesadan Paviyaya - partizanlara
qarşı hücum etmək üçün 16 yük maşını hərbi
sursatla yüklənmişdi. Və faşist korpusuna silah
çatdırmağa can atır. Salami təcili işə başladı.
Alman dilini yaxşı bilənlərdən Cuzeppe, mən, "Əzrayıl"
Məhərrəm, Mişa, Covanni, Davidion və
başqalarından ibarət 12 nəfərlik təxribatçılar
dəstəsi yaradıldı. Salami dedi:
-Dəstəyə başçılıq etməyi Mərdan Rzayevə və
Cuzeppeyə tapşırıram.
Vaxtın hər dəqiqəsi qiymətli idi. Po çayının
üzərindəki körpü partladılmalı, düşmənin sursatı
məhv edilməli idi. Körpü möhkəm mühafizə
edilirdi. Cuzeppe dedi:
- Mərdan, mühafizəçiləri aradan götürmək
lazımdır, başqa çıxış yolu yoxdur. İş bölgüsü
belə oldu. "Əzrayıl", Covanni və Cuzeppe fürer
mayoru paltarlarında, Məhərrəmlə Covanni baş
leytenant libasında mühafizəçiləri tərk-silah
etdilər. 9 nəfər körpünü minaladı, hər şey hazır
idi. Meşəyə çəkildik. Körpü aydın görünürdü.
Maşınlar hərəkətə gəldilər. Birdən elə bil göy
guruldadı, yer tərpəndi, körpü və maşınlar
havaya sovruldular. Elə o vaxt Mərdan Rzayevə
komandanlıq tərəfindən verilən vəsiqədə deyilir:
"Vətənpərvərlərin vəsiqəsi, Birləşmiş
millətlərin xalqları və hökumətləri adından
Rzayev Mərdana təşəkkür edirəm. Ona görə ki,
azadlığın böyük qələbəsi uğrunda silah işlədib,
vətənpərvərlər sırasında vuruşub. Onların
igidliyi və mətinliyi İtaliyanın, bütün
tərəqqipərvər bəşəriyyətin faşizmdən xilas
olmasına köməklik göstərmişdir. Bu attestatın
sahibi yeni yaradılmış İtaliya tərəfindən səadət
və azadlıq naminə döyüşən vətənpərvər kimi qəbul
ediləcəkdir. Aralıq dənizi mərkəzindəki müttəfiq
qüvvələrin baş komandanı Aleksandr".
Mərdan müəllim o vaxt yurdumuzun qəhrəman oğlu
Mehdi Hüseynzadənin İtaliyada göstərdiyi
qəhrəmanlıqlardan da xeyli danışdı. Sonra
kövrəldi:
- Eh! O illəri yada salanda yaramın qaysağı
yenidən qopur, gizildəyir. Bəxtəvər çağlarım,
müsibətli günlərim kino lenti kimi gəlib
gözlərimin önündən keçir.
Sinəsi dolu nənəmlə saldaşın üstündə oturardıq,
Zümzüməylə axan çaya baxardıq.
Saçlarını göz yaşı tək suda yuyan
Bədirlənmiş aya baxardıq.
Sular ayna, səma aydın, ulduzlar parlaq.
Ömür kitabımız yazılardı varaq-varaq.
Birdən!
Qulaqlara vahiməli bir səs dəydi,
Sifətlərə can sıxıcı nəfəs dəydi,
Müharibə!
Buna baxmayaraq, hər büstün önündə dayananda,
bir əsgər paltarı geyinmiş oğlan görəndə o qanlı
illərin qanlı səhnələri gözlərim önündə canlanır.
Müharibənin vurduğu yaraların unudulmadığını,
könüllərdə iz saldığını hiss edirəm. Hiss edirəm
ki, hələ çoxlarının göz yaşları qurumayıb.
Əvəz Mahmud LƏLƏDAĞ |