Ümumi məlumat
Dünyanın
109 ölkəsində fəaliyyət göstərən Britaniya
Şurası (British Council) təhsil və mədəniyyət
sahəsində əməkdaşlığa dəstək verir. İngiltərədə
xeyriyyə təşkilatı kimi qeydiyyatdan keçib.
Təşkilatın baş himayədarı Ülyahəzrət Kraliça və
himayədarı Əlahəzrət Uels şahzadəsidir. Onlar
dünyanın müxtəlif yerlərindən olan insanlara
Böyük Britaniyanın təhsil imkanlarından istifadə
etməyə şərait yaradır və Birləşmiş Krallıq ilə
digər ölkələr arasında səmərəli əlaqələrin
qurulmasına dəstək verirlər.
Qloballaşmanın geniş vüsət aldığı müasir dünyada
qarşılıqlı anlaşmanın və birgə əməkdaşlığın daha
aydın müstəviyə qədəm qoyması, sözsüz ki,
təhlükəsiz, uğurlu və xoşbəxt gələcəyin təmin
edilməsi baxımından çox vacibdir. Bu baxımdan
Britaniya Şurasının elm, təhsil, incəsənət,
idman, ingilis dilinin tədrisi, ekologiya
sahəsində fəaliyyəti müxtəlif ölkələr və
mədəniyyətlər arasında daha sıx inteqrasiyanın
əsasını qoyur.
Təşkilatın
Birləşmiş Krallıqda Belfast, Kardif, Edinburq,
London və Mançester şəhərlərində
nümayəndəlikləri fəaliyyət göstərir. Britaniya
Şurasının mərkəzi ofisi London şəhərində
yerləşir.
Bu qurumun dünyada 222 informasiya mərkəzi və
kitabxanasının 340 mindən çox üzvü var.
İnformasiya mərkəzi və kitabxana 8 milyondan
artıq kitab, audio-videokaset və sair
vəsaitlərdən ibarət resurslara malikdir.
Britaniya Şurası Kembric Universitetinə ingilis
dili imtahanları təklif etmək səlahiyyətlərinə
malik yeganə mərkəzdir. Təşkilat ilə Kembric
Universitetinin Yerli İmtahanlar Sindikatı
arasında 1940-cı ildən uzunmüddətli əməkdaşlıq
mövcuddur. Təşkilatın xarici ölkələrdə yerləşən
mərkəzləri Kembric Universiteti Yerli İmtahanlar
Sindikatını uğurla bitirənlərə şəhadətnamələr
verir.
Tarixi
Britaniya Şurası Böyük Britaniya Xarici İşlər
Nazirliyinin dəstəyi ilə Reqinald Liper
tərəfindən 1934-cü ildə yaradılıb. Təşkilatın
banisi Reqinald Liper olsa da, bu quruma
1934-1937-ci illər arasında Lord Tirel rəhbərlik
edib.
Britaniya
Şurasının ilk adı "Ölkələrarası əlaqələr üzrə
Britaniya Komitəsi" olub. Təşkilatın
yaradılmasında əsas məqsəd Böyük Britaniyanı
dünyada daha yaxından tanıtmaq idi. İlk vaxtlar
təşkilat digər ölkələrə kitablar göndərir,
xaricdə fəaliyyət göstərən İngiltərə
institutlarını və ingilis dili məktəblərini
dəstəkləyir, ayrı-ayrı şəxslərin Birləşmiş
Krallığa səfərlərini təşkil edir, tamaşalar və
incəsənət sərgilərinin təşkilini həyata keçirir.
1936-cı ildən Britaniya Şurası adlandırılan
qurumun ilk xarici ölkə nümayəndəliyi 1938-ci
ildə Misirdə açılıb. Həmin il Portuqaliya,
Rumıniya və Polşada da təşkilatın
nümayəndəlikləri fəaliyyətə başlayıb.
Ötən əsrin ortalarında dünyanın müxtəlif
ölkələrində təşkilatın ofislərinin sayı
əhəmiyyətli dərəcədə azaldı. Bəzi ölkələrdə bu
maliyyə, bir sıra ölkələrdə isə siyasi
səbəblərdən baş verdi. 1950-ci ildə
Çexoslovakiya, Macarıstan və Bolqarıstan
ofislərinin bağlanması ilə Britaniya Şurası
Şərqi Avropada öz fəaliyyətini dayandırdı.
1952-ci ildə Çindəki nümayəndəliyin fəaliyyətinə
son qoyuldu. 1956-cı ildə baş vermiş Süveyş
böhranı Misir, Suriya, İordaniya, Yunanıstan və
Kiprdə təşkilatın fəaliyyətinin bitməsi ilə
nəticələnir.
Yalnız 1960-cı ildə Britaniya Şurası Qərbi
Avropada öz fəaliyyətini genişləndirməyə nail
olur. Bundan sonra təşkilat Oman, Qatar, Bəhreyn
və Birləşmiş Ərəb Əmirliklərində öz
nümayəndəliklərini açır.
Həmin
dövrdən etibarən Britaniya Şurası fəaliyyət
göstərdiyi ölkələrdə tədricən, ingilis dilinin
tədrisindən ingilis dili müəllimlərinin təliminə
keçməyə başlayıb. Kommunizmin tənəzzülündən
sonra təşkilat Qərbi Avropa və keçmiş sovet
respublikalarında fəaliyyətini əhəmiyyətli
dərəcədə genişləndirməyə nail olub.
Formal olaraq, Britaniya Şurası Böyük Britaniya
Xarici İşlər Nazirliyinin bir hissəsi hesab
edilir. Bununla belə, təşkilat tam müstəqil bir
qurum kimi Xarici İşlər Nazirliyi ilə sıx
əməkdaşlıq şəraitində fəaliyyət göstərir.
2006-2007-ci illərdə Britaniya Şurasının ümumi
büdcəsi 553 milyon funt-sterlinq təşkil edib. Bu
məbləğin 195 milyon funtu Böyük Britaniya
hökuməti tərəfindən verilib. Təşkilatın
büdcəsinin qalan hissəsi isə müxtəlif
ölkələrdəki ingilis dilinin tədrisi kurslarında
oxuyanların ödədiyi vəsait hesabına formalaşıb.
Britaniya Şurası Azərbaycanda
Birləşmiş Krallığın Azərbaycanla ikitərəfli
əlaqələrinin inkişafında mühüm rol oynayan
təşkilat 1993-cü ildən ölkəmizdə ingilis dili,
biznes administrasiyası və idarəetmə sahələrində
təlimlərə başlayıb.
Azərbaycan
Respublikasının Prezidenti Heydər Əliyev və
Böyük Britaniyanın Baş naziri Con Meycor
tərəfindən 23 fevral 1994-cü ildə "Təhsil, elm
və mədəniyyət sahəsində əməkdaşlığa dair
saziş"in imzalanması ilə ölkələrimiz arasında
mədəni əməkdaşlığın hüquqi əsası qoyulub.
Xalqlarımız arasında dostluq münasibətlərinin,
eləcə də təhsil, elm və mədəniyyət sahələrində
əlaqələrin inkişafında mühüm əhəmiyyət daşıyan
bu saziş əlaqələrimizin genişlənməsinə zəmin
yaradıb.
1998-ci ilin mayında Britaniya Şurasının rəsmi
dəvəti ilə Azərbaycan Respublikası Təhsil
Nazirliyinin nümayəndə heyəti Böyük Britaniyaya
səfər edib. Səfər nəticəsində Azərbaycan
Respublikası Təhsil Nazirliyi ilə Britaniya
Şurası arasında əməkdaşlıq haqqında saziş və
niyyət memorandumu imzalanıb. Memoranduma əsasən,
tərəflər məktəblər və kolleclər arasında
əlaqələr, ingilis dilinin tədrisi, müəllim və
məktəb rəhbərlərinin mübadiləsi baxımından
həyata keçiriləcək konkret tədbirləri
razılaşdırıblar.
Britaniya Şurasının Azərbaycandakı fəaliyyətini
aşağıdakı istiqamətlər üzrə qruplaşdırmaq olar:
- Müəllimlərin təkmilləşdirilməsi üzrə
seminarların keçirilməsi;
- İngilis dili müəllimlərinin Britaniyada yay
məktəblərində təkmilləşmə kursları keçməsinin
maliyyələşdirilməsi;
- Şirkətlər və qeyri-hökumət təşkilatları üçün
idarəetmə-menecment üzrə təlimlər;
- İncəsənət və elm sahələrində görüşlər və
informasiya mübadiləsi;
- Britaniyada təhsil, incəsənət və mədəniyyət
haqqında seminarların təşkil olunması;
-
Təhsilin maliyyələşdirilməsi, ingilis dilinin
tədrisi mərkəzlərində keyfiyyətə nəzarət
sahələrində mütəxəssislərin başqa ölkələrə
səfərlərinin maliyyələşdirilməsi;
- Təhsil Nazirliyi ilə birlikdə ali və orta
məktəblərdə müəllimlər üçün "İngilis dilinin
tədrisi metodikası", "Böyük Britaniyada təhsil
və mədəniyyət tarixi" mövzusunda seminarların
keçirilməsi;
- Britaniya Şurası ekspertləri tərəfindən ali
təhsil müəssisələrinin ingilis dili müəllimləri
üçün "İngilis dilinin tədrisinin müasir
metodikası" üzrə seminarların keçirilməsi;
- İngilis dilinin tədrisi üçün dərsliklərin və
vəsaitlərin hazırlanması;
- İngilis dilinin tədrisi ilə məşğul olan dövlət
və qeyri-dövlət təşkilatlarına tədris metodları
haqqında kitabların və müəllimlər üçün ingilis
dili kurslarının təşkili, onlara lüğətlərin və
məlumat kitabçalarının hədiyyə edilməsi;
- İncəsənət sahəsində tədbirlərin
maliyyələşdirilməsi.
Britaniya Şurası Təhsil Nazirliyi ilə əməkdaşlıq
çərçivəsində Azərbaycanda təhsil sahəsində
çoxsaylı layihə və proqramlar həyata keçirir.
Azərbaycan İngilis Dili Müəllimləri
Assosiasiyasına (AzETA) dəstək layihəsi,
Müəllimləri Təkmilləşdirmə layihəsi (İNSETT),
Təbiət fənləri üzrə müəllimlərin təlimləri
layihəsi, Britaniya Çivninq Təqaüdü Proqramı, BP
Təqaüdü Proqramı, Con Smit Təqaüd Proqramı,
Azərbaycan - Britaniya Məzunlar Birliyi layihəsi,
"İş üçün bacarıqlar" layihəsi, "Peşə təhsili və
təlimi islahatı və Azərbaycanın seçilmiş
regionunda tətbiqi" layihəsi, Elm layihəsi,
Universitetlər arasında əlaqələr - ekoturizm
layihəsi, Məktəblər arasında əlaqələr - robotlar
missiyası layihəsi, "Birlikdə yaşayaq" layihəsi,
"Dostlar dəryası" layihəsi, "Avropa bacarıqları"
layihəsi, "Beynəlxalq idman həyəcanı" proqramı,
UK Sport - Təhsil Nazirliyi əməkdaşlığı layihəsi,
Təlim modulları vasitəsilə ingilis dilinin
öyrənilməsinə yardım layihəsi, İngilis dilinin
onlayn tədrisi (ETTO) layihəsi çərçivəsində
görülmüş işlər qarşılıqlı münasibətlərin
səmərəli nəticələr verdiyini bir daha təsdiq
edir.
Təhsil Nazirliyinin əməkdaşlıq istiqamətlərindən
biri də təşkilatın maliyyə və təşkilati dəstəyi
ilə Təhsil Nazirliyinin nümayəndə heyətinin
müxtəlif beynəlxalq konfrans və seminarlarda
iştirakına şərait yaradılmasıdır. Bu qurumun
təşkil etdiyi səfərlər çərçivəsində Təhsil
Nazirliyinin nümayəndə heyətləri, müəllimlər bir
çox ölkələrdə olub, olduqca maraqlı məsələlərin
müzakirəsində iştirak edib və təcrübə mübadiləsi
aparıblar.
Azərbaycanda Britaniya Şurasının Təhsil
Nazirliyi və digər qurumlarla səmərəli
əməkdaşlığı həyata keçirilən layihələrin uğurla
reallaşdırılmasına zəmin yaradır və ölkələrimiz
arasındakı çoxşaxəli münasibətlərin daha da
dərinləşməsinə müsbət təsir göstərir.
Yazının hazırlanmasında Britaniya Şurasının
Bakıdakı nümayəndəliyinin təqdim etdiyi rəsmi
materiallardan istifadə olunub. |