Bu il tədris ocağımızın-paytaxtımızın Suraxanı
rayonunda yerləşən Ə.Eyvazov adına 275 nömrəli
tam orta məktəbin 25 yaşı tamam olur.
Məktəbimiz
1986-cı ildən fəaliyyət göstərir. Birtipli
layihə əsasında tikilmiş 1176 şagird yerlik
məktəbdə hazırda 1600-ə yaxın şagird təhsil alır.
Onların təlim-tərbiyəsi ilə 245 müəllim məşğul
olur. 78 sinif komplektindən 62-si Azərbaycan,
16-sı isə rus bölməsini əhatə edir.
Son illər təhsilin keyfiyyətini yüksəltmək,
tədris prosesinin təşkilində innovativ
yanaşmalara geniş meydan vermək, dərslərdə
müasir təlimin forma və üsullarından, İKT-dən
istifadə etmək, elektron dərsliklərin açdığı
imkanlardan maksimum faydalanmaq pedaqoji
kollektivimizin əsas fəaliyyət məqsədinə
çevrilmişdir.
Müəllimlərimizin böyük əksəriyyəti müasir təlim
metodlarının mənimsədilməsi, İKT-dən istifadə,
yeni fənn kurikulumlarının tətbiqi ilə bağlı
təşkil olunan kurslardan keçərək öz bilik və
bacarıqlarını, hazırlıqlarını artırmışdır.
Ayrı-ayrı müəllimlərin yeni təlim
texnologiyalarından istifadə ilə bağlı
topladıqları müsbət təcrübəni öyrənmək və yaymaq
məqsədi ilə məktəbimizdə tez-tez elmi-praktik
konfranslar, "açıq dərs"lər təşkil olunur,
müəllimlərimiz paytaxtın digər tədris
ocaqlarında keçirilən belə tədbirlərdə müntəzəm
iştirak edir, həmkarları ilə təcrübə mübadiləsi
aparırlar.
Cari dərs ilinin birinci yarısında ibtidai
siniflərdə kurikulumların tətbiqi vəziyyəti
öyrənilmiş, onun nəticələri, habelə fəal təlim
metodları ilə iş sahəsində toplanmış təcrübə "Fəal
təlim üsulları təhsildə keyfiyyətin başlıca
amili kimi" mövzusunda keçirilmiş "dəyirmi
masa"da geniş müzakirə olunmuşdur. 2010-2011-ci
dərs ilində ibtidai sinif müəllimi Mədinə
Məmmədova, ingilis dili müəllimi Simuzər
Qocayevanın qabaqcıl iş təcrübəsi öyrənilmişdir.
Dərs ili ərzində məktəbin illik fəaliyyət
planına uyğun olaraq müxtəlif fənlər üzrə
keçirilən fənn həftələri çərçivəsində dərslər
dinlənilmiş, IX-X-XI siniflər üzrə məktəbdaxili
test-sınaq yoxlamaları aparılmış və nəticələri
pedaqoji şurada, direktoryanı müşavirədə
müzakirə edilmişdir.
Məktəbimizin tarix müəllimi Tərlan Mahmudovanın
ötən ilin oktyabrında X "b" sinfində "40-cı
illərin aqrar islahatları", ibtidai sinif
müəllimi Nəcibə Hüseynovanın bu il aprelin 13-də
II "q" sinfində riyaziyyatdan "Məlumatı araşdır
və təqdim et" mövzularında apardıqları "açıq
dərs"lər müəllimlərimizin fəal təlimlə işləmək
bacarığının nümayişinə çevrilmiş, dərsləri
dinləyən müəllimlər, təhsil mütəxəssisləri
tərəfindən yüksək qiymətləndirilmişdir.
Belə yaradıcı, öz işinə məsuliyyətlə yanaşan
müəllimlər məktəbimizdə çoxdur. Qazanılan
uğurlarda onların zəhməti xüsusilə böyükdür.
Uğurlarımız isə az deyil. Ən böyük
müvəffəqiyyətlərimizdən biri 2008-2009-cu dərs
ilində möhtərəm Prezidentimizin sərəncamı ilə
ölkə üzrə keçirilən "Ən yaxşı ümumtəhsil məktəbi"
müsabiqəsində qalib gəlməyimizdir.
Hər il məzunlarımızın böyük əksəriyyəti yüksək
balla ali məktəblərə daxil olur. 2001-2005-ci
illərdə ali məktəblərə qəbul imtahanlarının
nəticələrinə əsasən məktəbimiz üzrə qəbulolma
faizi orta respublika göstəricisindən təxminən
1,9 dəfə yüksək olmuşdur.
2001-2006-cı illər ərzində məktəbimizin 108
məzunu 500-dən, o cümlədən 17 nəfər 600-dən çox
bal toplamışdır. 2008-2009-cu dərs ilində
məzunların 82 nəfəri ali məktəblərə daxil
olmuşdur ki, onlardan da 13-ü 500-700 arasında
bal toplamışdır.
Ötən dərs ilində isə məzun olmuş 92 şagirdimiz
tələbə adını qazanmış, 11 məzunumuz 600-dən
artıq bal toplamışdır. Məzunlardan Səbuhi
Əbülhəsənli 690 balla Prezident təqaüdünə layiq
görülmüşdür. Əvvəlki illərdə də Prezident
təqaüdü alan və ali məktəbə fərqlənmə attestatı
ilə qəbul olunan məzunlarımız olmuşdur.
Məktəbimizin 25 illik tarixinin ən yaddaqalan
dövrü isə şübhəsiz, 2002-2003-cü tədris ilinin
ilk günündə ümummilli liderimiz Heydər Əliyevin
tədris ocağımıza gəlişi, müəllim və şagirdlərlə
görüşü olmuşdur. O vaxtdan 9 il ötməsinə
baxmayaraq, biz həmin günü həmişə böyük fəxrlə
xatırlayır, ulu öndərin həmin görüşdə bizə
verdiyi tövsiyələrə daim əməl etməyə çalışırıq.
Hazırda məktəbimizdə yubileyə geniş hazırlıq
işləri gedir. Bununla bağlı xüsusi tədbirlər
planımız var. Keçirdiyimiz bütün tədbirləri
yubileyimizə həsr edirik. Belə tədbirlər isə az
deyil. Cari dərs ilində məktəbimizdə "Bilik
günü"nü, "Konstitusiya günü"nü, ümummilli lider
Heydər Əliyevin anım gününü yüksək səviyyədə
qeyd etmiş, şeir, rəsm və inşa müsabiqələri
keçirmişik.
Şagirdlərimiz Bakı şəhəri üzrə keçirilən
məktəblilərin bilik yarışında müxtəlif fənlər
üzrə mükafata layiq yerlər qazanmış, 6
şagirdimiz fənn olimpiadasının şəhər turunda
iştirak etmiş, 2 şagirdimiz bilik yarışmasının
finalında mübarizə aparmışdır.
Hazırda bütün kollektivimiz çalışır ki,
məktəbimizin 25 illik yubileyini təhsildə yüksək
keyfiyyət və nailiyyətlərlə qarşılasın.
E.İSMAYILOVA,
Bakıdakı 275 nömrəli tam orta məktəbin direktoru |