Türk Dünyası Riyaziyyat Cəmiyyətinin (TDRC)
(Turkish World Mathematical Society) növbəti IV
konqresi iyulun 1-3-də Bakıda keçiriləcəkdir.
Konqresin Təşkilat Komitəsinin sədri, təhsil
naziri Misir Mərdanovdur.
BDU-nun Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat
İnstitutunun direktoru, TDRC-nin
vitse-prezidenti, akademik Fikrət Əliyev AzərTAc-a
bildirmişdir ki, bu konqreslə bağlı Təhsil
Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası
ilə birgə müvafiq qərar qəbul etmişdir.
Türk Dünyası Riyaziyyat Cəmiyyəti 1999-cu ildə
təsis olunmuşdur. Bu qurum öz sıralarında
Azərbaycan, Türkiyə, Rusiya, Qırğızıstan,
Qazaxıstan, Özbəkistan, Çin, ABŞ, Monqolustan və
Avropa ölkələrindən olan riyaziyyatçıları
birləşdirir.
Cəmiyyətin ilk konqresi 1999-cu ildə Fırat
Universitetində (Türkiyə, Elazığ), II konqresi
2007-ci ildə Sakarya Universitetində (Türkiyə,
Adapazarı), III konqresi isə 2009-cu ildə
Əl-Farabi adına Qazaxıstan Milli Universitetində
(Qazaxıstan, Almatı) keçirilmişdir.
Təşkilatın məqsədi türk əsilli alimlərin bütün
dünya üzrə inteqrasiyasına nail olmaq, onların
qabaqcıl elmi mərkəzlərlə əlaqələrinin
qurulmasına və möhkəmlənməsinə yardım etmək,
yeni elmi nəticələri ölkələrimizin
iqtisadiyyatının inkişafına yönəltmək, eyni
zamanda türksoylu alimlərin dünya miqyasında
tanıdılmasına dəstək verməkdir.
Almatıda keçirilən konqresdə Cəmiyyətin IV
konqresinin 2011-ci ildə Bakı şəhərində təşkil
olunması tövsiyə edilmişdir.
Qeyd edilən birgə qərara əsasən, konqresin
təşkili və keçirilməsi üçün Beynəlxalq Proqram
Komitəsi, Məsləhət Şurası və İşçi qrupu
yaradılmışdır. Təşkilat Komitəsi tərəfindən
reallaşdırılan tədbirlərin nəticəsidir ki, artıq
konqresin saytında dünyanın 20-dək ölkəsindən
olan 800-dək alim qeydiyyatdan keçmiş, 500-dək
alim isə məruzəsini təqdim etmişdir.
Rəydən keçirilən həmin materiallar çapa
hazırlanır. |