Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

5 May 2011 - ¹17

 

Dünya universitetləri

 

San-Diyeqo Kaliforniya  Universiteti

 
  Yerləşir: ABŞ, Kaliforniya ştatı,  San-Diyeqo şəhəri  
Yaranma tarixi: 1960-cı il
Tipi: Dövlət
İşçi heyətinin ümumi sayı: 8000 nəfər
Tələbələrin ümumi sayı: 30000 nəfər
İllik gəlirləri: 2498031000 ABŞ dolları
İllik xərcləri: 2750546000 ABŞ dolları 
Rəsmi saytı: www.ucsd.edu
 

 

San-Diyeqo Kaliforniya Universiteti (University of California, San Diego) ABŞ-da Kaliforniya ştatının San-Diyeqo şəhərində, La-Colla şəhərətrafı kurort ərazisində yerləşir. San-Diyeqo Kaliforniya Universiteti Kaliforniya Universitetinin 10 filialından biridir və ştatın böyük dövlət elmi-tədqiqat mərkəzi kimi fəaliyyət göstərir.

Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, San-Diyeqo Kaliforniya Universiteti 100 ən yaxşı ali məktəb arasında 76-cı yerdə olub. 2010-cu il üzrə dünyanın ən nüfuzlu universitetləri arasında San-Diyeqo Kaliforniya Universiteti "Times Higher Education World University Rankings"in apardığı araşdırmaya əsasən 32-ci, "QS World University Rankings"in açıqlamasına görə isə 65-ci yerdə qərarlaşıb. 

Tarixi 

1956-cı ildə Kaliforniya Universitetinin Naiblər Şurası bu ştatda yeni ali məktəb açmaq qərarına gəlir. Kaliforniyada yerləşən Skripps İnstitutunun direktoru Rojer Revell San-Diyeqo şəhərində təhsil səviyyəsi Kaliforniya Texnologiya İnstitutu ilə müqayisə edilə biləcək elmi-texniki məktəb yaratmağı tövsiyə edir. Səsvermə nəticəsində San-Diyeqo şəhərinin əhalisi bu fikri dəstəkləyir və Skripps İnstitutunun yaxınlığında - Sakit okeanın sahilində gələcək ali məktəb üçün 59 akr (240000 m2) ərazi ayrılır. Naiblər isə institutun şimal-qərbində yerləşən və istifadə edilməyən 550 akr (220 hektar), eləcə də əvvəllər Metius hərbi bazasının yerləşdiyi 500 akr (220 hektar) ərazini tələb edirlər. Lakin Revell La-Colla ərazisinə müstəsna hüquqlarını iddia edərək buradakı irqi azlıqlar dini qruplarla ziddiyyət aparır, bununla da yerli mühafizəkar partiyasının tərəfdaşlarının, eləcə də Kaliforniya Universitetinin naibi Edvin Polinin qəzəbinə səbəb olur.

Kaliforniya Universitetinin prezidenti Klark Kerr San-Diyeqodan olan ianəçilərin istəklərini nəzərə alaraq La-Colla Kaliforniya Universitetinin adının dəyişdirilməsinə razılıq verir və şəhər sakinlərinin səsverməsi nəticəsində ali məktəb San-Diyeqo Kaliforniya Universiteti adlandırılır. Revell ilə mübahisə yaşandığı üçün universitetin kansleri vəzifəsinə Livermor Milli Laboratoriyasının ilk direktoru Herbert York təyin edilir. York Revellin bir çox ideyasına əsaslanaraq  rəhbərlik etdiyi universitetin əsas kampusunun planını Oksford və Kembric  universitetinin kampuslarına oxşar hazırlayır.

1957-ci ildə "General Dynamics" korporasiyasının prezidenti Con Hopkins San-Diyeqo Kaliforniya Universiteti üçün 1 milyon dollar vəsait bağışlayır, bu vəsait isə yüksək ixtisaslaşmış əməkdaşların cəlb olunmasına xərclənir. 1958-ci ildə fizika üzrə Nobel mükafatı laureatı, professor Harold Yuri universitetə ilk təyin edilən müəllimlərdən biri olur. 1960-cı ildə Mariya Höppert-Mayer fizika üzrə professorluq elmi dərəcəsi alır, 1963-cü ildə isə o, fizika üzrə Nobel mükafatına layiq görülür. 1960-cı ildə San-Diyeqo Kaliforniya Universiteti Skripps İnstitutunun binasında fəaliyyətə başlayır. 1963-cü ildə ali məktəbin texniki elmlər fakültəsinin binasının tikintisi başa çatır, sosial və humanitar elmlər fakültələri binalarının tikintisi isə davam etdirilir. Həmin ildə ali məktəbin kansleri H.York istefaya gedir və onun yerinə 1964-cü ildə Con Sempl Helbreyt təyin edilir. Universitetin 181 nəfərdən ibarət ilk buraxılışı da məhz bu ilə təsadüf edir.

1965-ci ildə alman və Amerika filosofu, sosioloq Herbert Markuze San-Diyeqo Kaliforniya Universitetində dərs deməyə başlayır. 1966-cı ildə universitetin tibb məktəbi ilk tələbələrini qəbul edir. 1980-1995-ci illərdə San-Diyeqo Kaliforniya Universitetinin kansleri vəzifəsində çalışmış Riçard Atkinson bir sıra şirkətlərlə texnoloji mübadilə nəticəsində universitetin bu sahədə liderlik əldə etməsinə nail olur. Ali məktəbə şəxsi yardımların məbləği 15 milyon ABŞ dollarından 50 milyon dollaradək artır, universitetin sahəsi 50 % genişlənir, tələbələrin sayı isə 20000-ə qədər çoxalır. 1995-ci ildə Milli Tədqiqat Şurası doktorantların səviyyəsi və hazırlıq keyfiyyətinə görə San-Diyeqo Kaliforniya Universitetinə 10-cu yeri verir.

2009-cu ildə San-Diyeqo Kaliforniya Universiteti dövlət büdcəsindən ayrılan 84,2 milyon vəsaitin ixtisarının nəticələrini azaltmaq üçün 40 milyon ABŞ dolları dəyərində kredit götürür.  

Büdcəsi və təhsil haqqı 

2009-2010-cu tədris ilində San-Diyeqo Kaliforniya Universitetinin illik gəlirləri 2498031000 ABŞ dolları olub. Bu məbləğin 312657000-ni təhsil haqqı və digər yığımlardan, 635847000-ni qrant və sazişlərdən, 854759000-ni universitetin tibb mərkəzi və universitet xəstəxanalarından, 260264000-ni tədris fəaliyyətindən, 133842000-ni köməkçi müəssisələrdən əldə olunan vəsaitlər, qalanlarını isə digər gəlirlər təşkil edib. 

Həmin tədris ilində universitetin xərcləri 2750546000 ABŞ dolları olub. Vəsaitin 1394308000-ni əməkdaşların əməkhaqqı, 90265000-ni tələbələrə verilən təqaüdlər, 388839000-ni müxtəlif avadanlıq və materiallar, 188641000-ni qiymətdən düşmə və amortizasiya, 11523000-ni əlavə müəssisələrə xərclənən vəsaitlər, 47082000-ni kommunal xərclər, qalanlarını isə digər məsrəflər təşkil edir.

San-Diyeqo Kaliforniya Universitetində təhsil haqqı kollec və məktəblərdə bir-birindən fərqlənir. 2010-2011-ci tədris ilində bakalavriatura səviyyəsində təhsil alanların təhsil haqqı 22879, magistratura və doktorantura səviyyəsində isə 15102 ABŞ dolları, Rady İdarəetmə Məktəbində 12245, Beynəlxalq Münasibətlər və Sakit Okean Tədqiqatları Məktəbində 12701 ABŞ dolları təşkil edir.

2010-2011-ci tədris ilində San-Diyeqo Kaliforniya Universitetinin bakalavriatura səviyyəsində təhsil alan tələbəyə ümumilikdə 27858 (Kaliforniya sakinləri üçün), 50737 (əcnəbi tələbələr üçün), magistratura və doktorantura səviyyəsində təhsil alanlara isə 29790 (Kaliforniya sakinləri üçün), 44893 (əcnəbi tələbələr üçün) ABŞ dolları lazım gəlib. Bu vəsaitə təhsil haqqı, yataqxana, qida, tibbi sığorta, dərs ləvazimatları, nəqliyyat, şəxsi xərclər və s. daxildir.   

Universitet bu gün 

San-Diyeqo Kaliforniya Universitetinin əsas kampusu San-Diyeqo şəhərinin kənarında -  Sakit okeanın sahilindəki meşəlik ərazidə yerləşir və 490 hektar (1200 akr) ərazini əhatə edir. Bu kampus enerji innovasiyaları üçün laboratoriya rolu oynayır. Ali məktəbin kampusu Oksford və Kembric universitetləri modelinə uyğun olaraq 6 kollecdən ibarətdir. Revella Kolleci 1964-cü ildə tikilib və burada humanitar elmlər (tarix, ədəbiyyat və incəsənət) tədris edilir. Con Myuir Kolleci 1967-ci ildə istifadəyə verilib və kollecdə "sərbəstlik və individual seçim" imkanı hökm sürür. Terqud Marşall Kolleci 1970-ci ildən fəaliyyət göstərir. Burada humanitar təhsil vasitəsilə gənclərə cəmiyyətdə öz rolunu müəyyənləşdirmək anlayışı, ictimai cavabdehlik və inam aşılanır. Erl Uorren Kolleci 1974-cü ildə yaradılıb və kollecdə fərqli fənlər tədris olunur. Eleonora Ruzvelt Kolleci "Müasir dünyanın qurulması" adı altında mədəniyyətlərarası proqram üzərində qurulub. Altıncı  Kollec 2002-ci ildə yaradılıb, burada əsas diqqət tarixi, fəlsəfi və mədəni əlaqələrə, incəsənət və texnologiyalara yönəlir. Hər bir kollecin təhsilə, müəllim qəbuluna xüsusi tələbi var. Kolleclər unikal təqaüd proqramları təklif edir və müxtəlif tədbirlər keçirir. Eyni zamanda həmin kolleclərdə tələbələr həm təhsil alır, həm də yaşayırlar. Universitetin Beynəlxalq ev adlanan yataqxanasında dünyanın 30 ölkəsindən 300-ə yaxın tələbə yaşayır. Bu ev Eleonora Ruzvelt Kollecinin ərazisində yerləşir.

San-Diyeqo Kaliforniya Universitetinin kampusunda 380 növdə 5000-dən çox heyvan saxlanan Berç akvariumu, İctimai muzey, San-Diyeqo Superkompüter Mərkəzi, açıq okeanda tədqiqatlarla məşğul olan Dəniz portu fəaliyyət göstərir.

Universitetin kampusu qeyri-adi (daha çox memar Stüartın kolleksiyasından olan) ictimai layihələrlə, abidələrlə bəzədilib. Bunlardan biri Günəş Allahını təcəssüm etdirən böyük qanadlı varlığın heykəlidir. Digər işlərdən Stounhencin analogiyasını, Böyük İlan Yolunu, neon lampaları ilə insanın yaxşı və pis əməllərini yazan rəngarəng binanı, üç metallik evkalipt ağacını və s. qeyd etmək mümkündür. Yeni layihələrdən biri də altı qaya parçasından hazırlanmış böyük uzun xovlu ayıdır. Kampusda onlarca tələbə nəslinin yadigarı olan qraffitiləri də (tələbələr tərəfindən divarlarda cızılmış küçə şəkilləri) nümunə göstərmək olar. Eyni zamanda kampusda kitabxanalar, kitab mağazaları, teatrlar, rəqs və digər əyləncə mərkəzləri, idman kompleksləri fəaliyyət göstərir.

San-Diyeqo Kaliforniya Universiteti ölkədə təhsil və tədqiqatlar üzrə aparıcı yer tutan və yüksək akademik nəticələr göstərən ali məktəbdir. Burada tələbə və müəllimlərlə, eləcə də Nobel mükafatı laureatları ilə sıx əməkdaşlıq çərçivəsində yeni nailiyyətlərə imza atılır, tələbələrin şəxsi intellektual inkişafına xüsusi diqqət yönəldilir. Universitetdə kollec, məktəb, departament və fənlərarası proqramlar mövcuddur. Universitetin nəzdində İncəsənət və Humanitar Elmlər, Biologiya Elmləri, Beynəlxalq Münasibətlər və Sakit Okean Tədqiqatları, Ceykobs Mühəndislik, Fizika Elmləri, Redi İdarəetmə, Tibb, Skaqs Əczaçılıq Elmləri, İctimai Elmlər məktəbləri, Skripps Okeanoqrafiya İnstitutu, bakalavrlar üçün Marşall, Myuir, Revell, Ruzvelt, Uorren, Altıncı kollecləri fəaliyyət göstərir. 

İncəsənət və Humanitar Elmlər Məktəbinə Tarix, Ədəbiyyat, Fəlsəfə, Musiqi, Teatr və rəqs, Təsviri incəsənət fakültələri, Əsas yazı proqramı, Film tədqiqatları, Afro-Amerika, Afrika, Avropa, Almaniya, İtaliya, Yəhudi, Yaxın Şərq, Latın Amerikası, Yaponiya, Çin, Rusiya və sovet, Elmlər, Üçüncü dünya tədqiqatları, eləcə də Ekoloji, Klassik, Dini tədqiqatlar departamentləri, Hesablama Texnikası, İncəsənət, Memarlıq və Arxeologiya Fənlərarası Tədqiqatlar,  Bədii Qalereya elmi-tədqiqat mərkəzləri daxildir.

Biologiya Elmləri Məktəbində  biokimya və biofizika, hüceyrə və inkişaf biologiyası, ekologiya, davranış və təkamül, genetika və molekulyar biologiya, immunologiya, virusologiya və xərçəng biologiyası, neyrobiologiya üzrə tədqiqatlar həyata keçirən Hüceyrə və inkişaf biologiyası, Ekologiya, davranış və təkamül, Molekulyar biologiya, Neyrobiologiya akademik bölmələri fəaliyyət göstərir.

Beynəlxalq Münasibətlər və Sakit Okean Tədqiqatları Məktəbində Yaranma və Sakit okean İqtisadiyyatı, ABŞ-Meksika Tədqiqatları, Qlobal İnformasiya Sənayesi, Koreya-Sakit okean, XXI əsr Çin mərkəzləri, Qlobal Konflikt və Əməkdaşlıq İnstitutu, Beynəlxalq Hüquq və Qaydalar Laboratoriyası mövcuddur.

Ceykobs Mühəndislik Məktəbi Biomühəndislik, Kompüter elmləri və mühəndislik, Elektrik və kompüter texnologiyası, Mexanika və aerokosmik mühəndislik, Nanotexnologiya, Struktur Mühəndisliyi departamentlərindən ibarətdir.

Fizika Elmləri Məktəbində Dəqiq elmlər və riyaziyyat, Ekoloji sistemlər, Kimya və biokimya, Fizika, Riyaziyyat departamentləri, Astrofizika və Kosmik Elmlər, Hesablama Riyaziyyatı, Spektroskopiya və Zülalların Təsviri, Nəzəri Bioloji Fizika, San-Diyeqo Sistem Biologiyası, Superkompüter elmi-tədqiqat mərkəzləri, Kaliforniya Telekommunikasiya və İnformasiya Texnologiyaları, Biosirkuts institutları fəaliyyət göstərir.

Redi  İdarəetmə Məktəbi iqtisadiyyat üzrə tədqiqatlar həyata keçirir. Burada MBA, PhD üzrə müxtəlif proqramlar, Konfliktlərin həlli, Dəyişikliklərə nəzarət, Mühasibatlıq və maliyyə, Menecment, Danışıqların aparılması bacarığı, İşçi mülkiyyətinin idarə olunması və digər kurslar təklif olunur.

Tibb Məktəbində Anesteziologiya, Onkologiya, Hüceyrə və molekulyar tibb, Təcili tibbi yardım, Ailə sağlamlığı və tibbi profilaktika, Tibb, Biotibbi informatika, Beyin sümüyünün köçürülməsi, Kardiologiya, Dermatologiya, Endokrinologiya və metabolizm, Qastroenterologiya, Ümumi daxili tibb, Geriatriya, Qlobal səhiyyə, Hemato-onkologiya, İnfeksion xəstəliklər, Tibbi genetika, Nefrologiya, Fiziologiya, Ciyər və intensiv terapiya, Revmatologiya, allergiya və immunologiya, Neyroelmlər, Oftalmologiya, Ortopedik cərrahiyyə, Patologiya, Pediatriya, Farmokologiya, Psixiatriya, Radiasiya onkologiyası, Radiologiya, Reproduktiv tibb, Cərrahiyyə, Neyrocərrahiyyə, Anatomiya, Otolarinqologiya - baş və boyun cərrahiyyəsi, Plastik cərrahiyyə, Zədə, Urologiya departamentləri mövcuddur.

Skaqs Əczaçılıq Elmləri Məktəbində ən yeni dərman preparatlarının hazırlanması üzrə tədqiqatlar aparılır, təbii yolla dərman vasitələrinin əldə olunmasına üstünlük verilir.  Kollecə Diabet, Geriatriya, Müalicə idarəetməsi və terapiya, Onkologiya, Bərk orqanların köçürülməsi, Psixiatriya əczaçılığı bölmələri daxildir.

İctimai Elmlər Məktəbinə Antropologiya, Koqnitiv elmlər, Komminikasiya, İqtisadiyyat, Etnik tədqiqatlar, Linqvistika, Siyasi elmlər, Psixologiya, Sosiologiya departamentləri, Afrika və Afroamerika Tədqiqatları, Amerika Siyasəti və Müəssisələri, İnsan Resurslarının İnkişafı, Müqayisəli İmmiqrasiya Tədqiqatları, Ətraf Mühit İqtisadiyyatı, Təhsil Aksiyası, Qiymətləndirmə və Pedaqoji Bacarıq, Dil, ABŞ-Meksika tədqiqatları mərkəzləri, Tətbiqi İqtisadiyyat, Beynəlxalq, Müqayisəli və Region Tədqiqatları, Neyron Hesablama, Kavli Beyin və Ağıl institutları, Müqayisəli İnsan İdrakı Laboratoriyası aiddir. Məktəbdə Kritik gender tədqiqatları, Pedaqogika, İnsan inkişafı, Beynəlxalq tədqiqatlar, Latın Amerikası tədqiqatları, Şəhər tədqiqatları və planlaşdırma, Afrika tədqiqatları, Koqnitiv elmlər, Müasir problemlər, Səhiyyə və sosial məsələlər, Beynəlxalq miqrasiya tədqiqatları, Dil və kommunikativ qarışıqlıq, Hüquq və cəmiyyət, Yaxın Şərq, Elm, texnologiya və ictimaiyyətlə əlaqə fənlərarası proqramları təklif olunur. 

San-Diyeqo Kaliforniya Universitetinin kitabxana sistemi ABŞ-ın 25 ən aparıcı kitabxanalarından biridir və 9 kitabxanadan ibarətdir (Geyzel, İncəsənət, Biotibbi, Beynəlxalq Münasibətlər və Sakit Okean Tədqiqatları, Mandevill Xüsusi Kolleksiyalar, Dəqiq Elmlər və Mühəndislik, Sosial və Humanitar Elmlər, Skripps Okeanoqrafiya İnstitutu, Kitabxana Tədris Hesablama Mərkəzi). Kitabxana sisteminə ümumilikdə 7 milyon kitab, jurnal, kitabça, multimedia materialları, verilənlər bazası və s. daxildir. Biotibbi kitabxana əsas kampusun yaxınlığında Tibb Məktəbinin ərazisində yerləşir. Özünəməxsus memarlıq üslubuna aid Geyzel kitabxanası əsas kampusun mərkəzində yerləşir və oxucuların sevimli məkanıdır. İncəsənət, Mandevill Xüsusi Kolleksiyalar, Dəqiq Elmlər və Mühəndislik, Sosial və Humanitar Elmlər kitabxanaları Geyzel kitabxanasının binasında yerləşir. Ayrılıqda universitetin hər bir kitabxanasını 7300 oxucu ziyarət edir, kitabxananın veb-saytına gündə 87500 istifadəçi daxil olur. San-Diyeqo Kaliforniya Universitetinin kitabxana sistemi qlobal rəqəmsal sistem yaratmaq məqsədi ilə Google axtarış sistemi ilə əməkdaşlıq edir.

San-Diyeqo Kaliforniya Universiteti Kaliforniya Universitetinin 10 filialından biridir. 26 senat naibindən ibarət Şuranın iqamətgahı Kaliforniya ştatının Oklənd şəhərində yerləşir. 2008-ci ilin iyununda hüquq üzrə professor Mark Yudof Kaliforniya Universitetinin prezidenti seçilib. Kaliforniya Universitetinin filialları kanslerlər tərəfindən idarə olunur. Kanslerləri Qəyyumlar Şurası təyin edir. San-Diyeqo Kaliforniya Universitetinin kansleri hazırda 2004-cü ildən bu vəzifəni daşıyan xanım Meray Enn Foksdur. Kanslerin tədris, tədqiqat, tələbə işləri, dəniz, tibb, planlaşdırma, xarici əlaqələr, biznes əməkdaşlığı üzrə 8 vitse-kansleri var. Bakalavrlar üçün ali məktəbdə tələbə şurası, magistr və doktorantlar üçün isə tələbə assosiasiyası fəaliyyət göstərir. Ali məktəbdə ümumilikdə 8000-ə qədər işçi çalışır. Onların arasında hazırda 9 Nobel mükafatı laureatı, 8 Makartur fondu təqaüdçüsü, 3 Milli Elmlər medalı mükafatçısı, 1 Filds mükafatı laureatı var. Bu günədək San-Diyeqo Kaliforniya Universitetinin müəllimləri arasında 19 nəfər Nobel mükafatına layiq görülüb.

San-Diyeqo Kaliforniya Universitetində tələbələrin ümumi sayı təxminən 30000-ə qədərdir. Tələbələrin 24000-ə qədərini bakalavr, 6000-ə qədərini isə magistr və doktorantlar təşkil edir. Universitetdə ümumilikdə dünyanın 90 ölkəsindən 2000-dən çox əcnəbi tələbə təhsil alır və 2200 alim (müəllim və tədqiqatçı) fəaliyyət göstərir.

San-Diyeqo Kaliforniya Universitetində "The Guardian" müstəqil tələbə qəzeti, "The Koala" satirik nəşri mövcuddur. Universitet tələbələrinin əsas istirahət məkanı Geyzel kitabxanasından cənubda yerləşən ticarət mərkəzidir. Burada restoranlar, kitab mağazası, kinoteatr, müxtəlif  tələbə təşkilatları fəaliyyət göstərir. Universitetdə 425 tələbə təşkilatı mövcuddur. Kampusda musiqi kollektivləri və melomanların (musiqi sevərlər) görüşdüyü yer "Che Cafe" adlanır.

Bütün ABŞ universitetlərində olduğu kimi, San-Diyeqo Kaliforniya Universitetində də idmana xüsusi diqqət göstərilir. Ali məktəbin idman komandalarının talismanı Qədim yunan allahı Tritondur və bu komandalar "Tritonlar" adlanır.  Universitetdə idmanın üzgüçülük, su polosu, futbol, voleybol, yüngül atletika, qılıncoynatma, basketbol, qolf, softbol, beysbol, tennis, velosiped yarışları, xokkey, reqbi, dağ xizəyi və digər növlərinə üstünlük verilir. Universitetin sörfinqçiləri 6 dəfə dalbadal milli yarışların qalibləri olublar. Ölkə çempionu Amanda Felder bu ali məktəbin yetirməsidir.

San-Diyeqo Kaliforniya Universiteti təhsil, elmi-tədqiqat və mütəxəssis hazırlığı üzrə innovativ layihələri ilə tanınır. Universitet əhalinin dövlət qulluğuna cəlb olunması, sənayenin inkişafı, əhalinin sağlamlığının təmin olunması, regionun, dövlətin, millətin və ümumilikdə bəşəriyyətin inkişafı üçün ən yeni töhfələr vermək məqsədini daşıyır. Universitetin dünya üzrə tanınmış müəllimləri, qayğıkeş işçi personalı, istedadlı tələbələri onun inkişafını təmin edən əsas amillərdir. Təhsil və tədqiqatlar üzrə ən yaxşı göstəricilərə sahib olmaq məqsədi ilə San-Diyeqo Kaliforniya Universiteti ədalətlilik, müxtəliflik, əməkdaşlıq, professionallıq prinsiplərinə əməl edərək yeni-yeni uğurlar qazanmaqda davam edir.   

Universitetin məşhur məzunları 

  Ancelina İvonna Devis  ABŞ hüquq müdafiəçisi, sosioloq və yazıçı  
  Salli Kristen Rayd ABŞ astronavtı, kosmosa uçmuş ilk amerikalı qadın  
  Cef Raskin

kompüter interfeysləri üzrə mütəxəssis, "The Human Interface" kitabının müəllifi, "Apple Computer" firmasının əməkdaşı,  70-ci illərdə Makintoş layihəsinin təşəbbüsçüsü

 
  Sidney Brenner Cənubi Afrika bioloqu, tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı  
  Klayv Uilyam Con Qrencer iqtisadiyyat üzrə Nobel mükafatı laureatı  
  Robert İnql iqtisadiyyat üzrə Nobel mükafatı laureatı  
  Harri Markovits iqtisadiyyat üzrə Nobel mükafatı laureatı  
  Valter Kon kimya üzrə Nobel mükafatı laureatı  
  Paul Jozef Krutsen kimya üzrə Nobel mükafatı laureatı  
  Mario Molina kimya üzrə Nobel mükafatı laureatı  
  Renato Dulbekko İtaliya virusoloqu, tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı  
  Frensis Krik həkim və neyrobioloq, tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı  
  Sudzumi Toneqava tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı  
  Yefim Zelmanov  riyaziyyat üzrə Filds mükafatı laureatı  
  Herbert York  nüvə üzrə fizik, Manhetten layihəsinin iştirakçısı  
  Devid Brin tanınmış Amerika yazıçısı  
  Ronald Lanqaker ABŞ linqvisti  

                                                                        Hazırladı:
Lamiyə ƏLİYEVA

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Dünya universitetləri" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov