Rusiya
Federasiyası hökuməti ölkənin ali məktəblərinə
xarici alimlərin cəlb olunması üçün növbəti dəfə
vəsait ayırıb. Universitetlərdə işləmək üçün
qrant alınması üzrə ikinci müsabiqə elan olunub.
Qrantların ayrılmasında və xarici
mütəxəssislərin cəlb olunmasında məqsəd RF
universitetlərində beynəlxalq tipli tədqiqat
laboratoriyaları yaratmaq, yüksək səviyyəli
mütəxəssislər hazırlamaq və perspektivli elmi
nailiyyətlərin istehsalata tətbiqidir.
Müsabiqənin nəticələrinə görə, qalib ildə 4
aydan az olmayaraq yerində bilavasitə
laboratoriyaya və elmi tədqiqatlara rəhbərlik
etməlidir.
Bir il əvvəl RF hökuməti bu məqsədlər üçün 12
milyard rubl ayırıb. Bu vəsaitdən 5,33 milyard
rubl artıq birinci müsabiqənin qaliblərinə çatıb.
Müsabiqənin birinci mərhələsinə 507 ərizə daxil
olub. Onların arasından yalnız 40 aparıcı alim
qalib elan olunub. Onlar qrant üzrə hökumət
şurası üzvlərinin səslərinin yarıdan çoxunu
qazana biliblər. 20 qalib RF vətəndaşıdır, 6
nəfər ikili vətəndaşlığa malikdir. Xarici
mütəxəssislər arasında 10 nəfər ABŞ nümayəndəsi
var. 7 nəfər Almaniya Federativ Respublikasını
təmsil edir. Qaliblərdən 4 nəfər biologiya, tibb,
fizika və biotexnologiya sahələrində fəaliyyət
göstərəcək. 13 tədqiqatçı Moskva ali
məktəblərində işləyəcək, onlardan 6 nəfər
M.V.Lomonosov adına Moskva Dövlət Universitetini,
6 nəfər Sankt-Peterburq Universitetini seçib.
Ayrılmış 12 milyard rubldan qalan hissə ikinci
müsabiqənin qaliblərinə çatacaq. RF elm və
təhsil naziri Andrey Fursenkonun sözlərinə görə,
müsabiqənin keçirilməsi rusiyalı və xarici
alimlərin arzusu əsasında baş tutub. İkinci
müsabiqədə əvvəlki yarışmada iştirak etmiş,
lakin 40 qalib arasına düşə bilməmiş
mütəxəssislər də iştirak edə bilərlər. İkinci
turun qalibləri 2011-2013-cü illər üzrə elmi
tədqiqatlar üçün 150 milyon rubl alacaqlar.
Müsabiqədə iştirak üçün ərizələr iyunun 16-a
kimi qəbul olunacaq. Qaliblərin adlarının isə
cari il oktyabrın 1-ə kimi açıqlanması vəd
olunub. |