Təhsil sistemi
Böyük
Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı
(Birləşmiş Krallıq) yüksək inkişafa malik sənaye
ölkəsidir. Ölkədə adambaşına düşən illik ümumi
daxili məhsul 35720 dollar təşkil edir. Əhalinin
həyat səviyyəsinə görə dünyada 13-cü yerdədir.
Konstitusiyalı monarxiya olan Birləşmiş Krallıq
tərkibində dörd dövləti - İngiltərə, Şotlandiya,
Uels və Şimali İrlandiyanı birləşdirir. BMT-nin
2010-cu il üzrə müəyyənləşdirdiyi İnsan İnkişafı
İndeksinə görə Birləşmiş Krallıq dünyanın yüksək
reytinqə malik 30 ölkəsi siyahısında 0,849 balla
qiymətləndirilib.
Ölkədə təhsilin inkişaf prioritetləri tədrisin
səviyyəsini yüksəltmək, əmək bazarında
rəqabətliliyi artırmaq, uşaqların və gənclərin
təhsildən yayınmasının qarşısını almaq,
yaşlıların təlim imkanlarını genişləndirməkdən
ibarətdir. Böyük Britaniyanın 34000-dən çox
dövlət və özəl ümumtəhsil məktəbində 9 milyondan
artıq şagird təhsil alır. Onların
təlim-tərbiyəsi ilə 500 mindən çox müəllim
məşğul olur. Dövlət məktəblərində təhsil
pulsuzdur. Şagirdlər kitab və məktəb
ləvazimatları ilə təmin edilir.
1880-ci ildən 5-10 yaş arasında olan uşaqlar
üçün təhsil icbaridir. 1918-ci ildən isə 14
yaşına qədər məktəblilər icbari təhsilə cəlb
olunurlar. 1944-cü ildə qəbul olunmuş yeni
Təhsil Qanununa əsasən, tədris ocaqları ibtidai
və orta məktəblərə bölünüb və icbari təhsil yaşı
15-ə, 1972-1973-cü tədris ilindən isə 16-ya
qaldırılıb.
Əvvəllər ibtidai məktəbi başa vuran uşaqlar
müvafiq test yoxlamasından keçdikdən sonra
müxtəlif orta məktəblərdə oxumaq hüququ əldə
edirdilər. Lakin 1960-1970-ci illərdə bu qayda
tədricən aradan qaldırıldı və bütün şagirdlərə
ümumtəhsil məktəblərində təhsil almaq imkanı
verildi.
İngiltərədə, Uelsdə və Şotlandiyada hər bir uşaq
5-16, Şimali İrlandiyada isə 4-16 yaş arasında
icbari təhsilə cəlb olunur. Ölkədə qarışıq
məktəblərlə yanaşı, oğlan və ya qızlar üçün
ayrıca təhsil ocaqları da mövcuddur. İngiltərə,
Uels və Şimali İrlandiyadan fərqli olaraq
Şotlandiyada 7 illik ibtidai və 4 illik icbari
orta təhsildən sonra şagirdlərdən Təhsil
Şəhadətnaməsi almaq üçün imtahan götürülür. Bu
şəhadətnamə Birləşmiş Krallıq daxilində tanınır
və Ümumi Təhsil üzrə Şəhadətnamənin A səviyyəsi
ilə eyni qüvvəyə malik olaraq universitetə qəbul
imkanı verir.
Birləşmiş Krallıqda dövlət məktəbləri 3 qrupa
bölünür:
- yerli təhsil orqanları tərəfindən idarə olunan
və maliyyələşdirilən ərazi məktəbləri;
- əsasən dini təriqətlər tərəfindən açılmış
könüllü məktəblər;
- özünü idarə edən və qrantlar hesabına
maliyyələşdirilən məktəblər.
Hər bir ərazi və könüllü məktəbin özünüidarəetmə
orqanı var. Bu qurum yerli təhsil orqanları
tərəfindən seçilmiş sədr, müəllim, valideyn və
yerli icma nümayəndələrindən ibarət olur.
Könüllü məktəblərin özünüidarəetmə orqanında
kilsə nümayəndəsi də iştirak edir. Şimali
İrlandiya və İngiltərədə ümumtəhsil
məktəblərində dini təhsil bütün mərhələlərdə
icbaridir. Belə məktəblərə ictimai fondlardan da
pul vəsaiti ayrılır və onun xərclənməsinə
nəzarət olunur. Müstəqil şəkildə özünü idarə
etməyən dövlət məktəblərini isə yerli təhsil
idarələri maliyyələşdirir.
Birləşmiş Krallıqda müəyyən peşəyə, ixtisasa
yiyələnmək istəyənlər peşə liseylərində,
altıillik kolleclərdə və ya müvafiq kurslarda
təhsil ala bilərlər. Ali məktəbə qəbul üçün
hazırlıq kurslarından geniş istifadə olunur. Ali
təhsil pilləsi bakalavriat, magistratura və
doktorantura mərhələlərinə bölünür.
Hazırda Birləşmiş Krallığın ali məktəblərində 2
milyona yaxın tələbə təhsil alır. Gənclərin
təxminən üçdə biri 18 yaşında ali təhsil
müəssisələrinə (Şotlandiyada 50 faizi) üz tutur.
Yaşlıların təhsili isə bütün pillələr üzrə təmin
olunur, onların ümumi təhsil və ya peşə ixtisası
əldə etməsinə hər cür şərait yaradılır.
Birləşmiş Krallıqda dərs ili sentyabrda başlanır,
iyula kimi davam edir və bir qayda olaraq, 3
semestrə bölünür.
Məktəbəqədər təhsil
Birləşmiş Krallıqda məktəbəqədər təhsil icbari
olmasa da, dövlət təhsilin bu pilləsinin ardıcıl
inkişafını təmin edir. 3-4 yaşlı uşaqların bir
qismi bağçalarda və ya ibtidai məktəblərin uşaq
siniflərində ibtidai təhsilə hazırlıq və
azyaşlıların ümumi inkişafını nəzərdə tutan
tədris proqramları əsasında təhsil alırlar.
Bəzi məktəbəqədər müəssisələrdə həftə ərzində
uşaqlarla müəyyən saatda məşğul olurlar. Bundan
əlavə, bir çox uşaqlar məktəbəqədər oyun
qruplarına cəlb edilirlər. Belə qrupların
əksəriyyəti valideynlər tərəfindən təşkil olunur
və Məktəbəqədər Oyun Qrupları Assosiasiyasında
birləşir. Məktəbəqədər təhsildə uşaqlar oxumağı
və yazmağı, həmçinin hesabın əsaslarını
öyrənirlər.
İbtidai
təhsil
İngiltərədə, Şotlandiyada, Uelsdə ibtidai təhsil
5 və Şimali İrlandiyada 4 yaşdan başlanır və
əsasən 6-7 il (bəzən 3-4 il) davam edir. Belə ki,
İngiltərənin bəzi yerli hakimiyyət dairələrinin
qərarı ilə 5-9 yaşlı uşaqlar ibtidai məktəblərdə
və 8-14 yaşlılar isə icbari orta məktəblərdə
təhsil alırlar. İbtidai məktəblərin
əksəriyyətində qızlar və oğlanlar birgə oxuyur.
İngiltərə, Uels və Şotlandiyada şagirdlər əsasən,
11 yaşında icbari orta məktəbə gedirlər.
Ümumi orta təhsil
Birləşmiş Krallıqda məktəblilər icbari orta
təhsili 16, tam orta təhsili isə 18 yaşda başa
vururlar. Ümumtəhsil məktəbləri - gimnaziya,
lisey, kollec və peşə liseyləri ən yüksək
maddi-texniki bazaya malikdir. Tədris prosesində
kompüter texnologiyalarından geniş istifadə
olunur.
Ölkədə orta məktəb yaşlı uşaqların təxminən 90
faizi icbari təhsilə cəlb olunub. Bu məktəblərə
şagirdlər bacarıq və hazırlıq səviyyələri
yoxlanılmadan qəbul edilirlər.
16 yaşından etibarən şagirdlər təhsillərini
altıillik kollec və ya peşə məktəblərində də
davam etdirə bilərlər. Hər iki halda spesifik
peşə, yaxud tətbiqi fənlərlə yanaşı, ümumi
təhsil kursu da keçilir. İngiltərə və Uelsdə 15
texnoloji kollec fəaliyyət göstərir. Dövlət
200-dən çox orta məktəbdə texnoloji
ixtisaslaşmaya yardım edir. Bu məktəblər
texnoloji təhsili inkişaf etdirmək üçün qrant
alırlar.
Orta məktəblər hər il valideynlərə övladının
tədris nailiyyətləri haqqında məlumat verməlidir.
Məktəb müfəttişi hər hansı bir tədris ocağında
aşağı səviyyədə təhsil verildiyini müəyyən
etdikdə, yerli təhsil orqanları məktəbin
özünüidarəetmə qurumunun sədrini dəyişir.
Özəl məktəblər Təhsil Nazirliyində qeydiyyatdan
keçir və açıq rəqabət şəraitində fəaliyyət
göstərirlər. Ölkədə mövcud olan 2500-ə yaxın özəl
məktəbdə ümumi şagirdlərin təxminən 7 faizi
təhsil alır. Özəl məktəblərdə təhsil pulludur.
Bu təhsil müəssisələrində aztəminatlı ailələrdən
olan şagirdlərə təqaüd verilir. Belə tədris
ocaqları, adətən uşaq bağçalarını, ümumtəhsil və
orta məktəbləri özündə birləşdirən komplekslər
kimi fəaliyyət göstərir.
Dövlət məktəblərində müəllimləri yerli təhsil
orqanı və ya məktəbin özünüidarəetmə
qurumu təyin edir. Müəllimlərin ixtisasları
Təhsil Nazirliyi tərəfindən təsdiq olunmalıdır.
İngiltərə və Uelsdə həyata keçirilən islahatlara
əsasən, məktəblər müəllimlərin ilkin
hazırlanmasında daha fəal rol oynayırlar. Belə
ki, məktəblər tələbələrin praktiki hazırlığı,
onların səviyyələrinin qiymətləndirilməsində
yaxından iştirak edirlər.
Təhsildə Standartları müəyyən edən Müstəqil
Qurum (OFSTED) Təhsil Nazirliyinə məktəb
təhsilinin keyfiyyəti, standartlar və təhsilin
effektivliyi haqda vaxtaşırı xəbər verir. Hər
bir məktəb müstəqil müfəttişlər qrupu tərəfindən
yoxlanılır. Yoxlama qrupuna təhsil
mütəxəssisləri ilə bərabər, valideynlər də daxil
edilir. Yoxlamanın nəticələri haqda valideynlərə
məlumat verilir. Yekun nəticələrə müvafiq olaraq
məktəbə rəhbərlik edən qurumlar perspektiv
planlarını hazırlayır və valideynləri gələcək
fəaliyyətləri barədə məlumatlandırırlar.
Böyük Britaniyanın Milli Kurikulumu 1992-ci ildə
qəbul edilib və dövlət məktəblərində təhsil alan
şagirdlər 16 yaşına kimi bu kurikulum əsasında
dərs keçirlər. 2008-ci ildən qərara alınıb ki,
2013-cü ildə 17, 2015-ci ildə isə 18 yaşlı
şagirdlərə Milli Kurikulum tətbiq olunsun. Özəl
məktəblər isə Milli Kurikulumu tətbiq etməyə
məcbur deyillər.
Milli Kurikulumda ingilis dili (Uels dilində
tədris aparılan məktəblərdə Uels dili),
riyaziyyat, təbiət elmləri, dizayn və
texnologiya, informasiya və kommunikasiya
texnologiyası, tarix, coğrafiya, xarici dillər,
musiqi, incəsənət və fiziki tərbiyə fənləri əsas
yer tutur. Bunlarla yanaşı, bir sıra digər
icbari fənlər də mövcuddur ki, bu sıraya da dini
fənləri aid etmək olar.
Şimali İrlandiyada da oxşar proqram tətbiq
olunur. Lakin məktəblər şagirdlərin fərdi
tələblərini, şəraiti nəzərə alaraq kurikuluma
əlavə elementlər daxil edə bilərlər.
İcbari orta təhsili başa vuran şagirdlər Orta
Təhsil üzrə Ümumi Şəhadətnamə imtahanı verirlər.
Bu imtahan hər fənn (10-a yaxın) üzrə verilir və
müstəqil imtahan eksperti tərəfindən
qiymətləndirilir. Orta Təhsil üzrə Ümumi
Şəhadətnamə imtahanından uğurla keçən şagirdlər
tam orta təhsil ala, yaxud da peşə və texniki
kolleclərdə müəyyən ixtisasa yiyələnə bilərlər.
Şagirdlər tam orta məktəbdə bir il təhsil
aldıqdan sonra AS səviyyəsini (Advanced
Subsidiary Level) əldə etmək üçün yenidən
imtahan verirlər. Tam orta təhsilini başa vuran
şagirdlər isə universitetlərə qəbul olunmaq üçün
ən yüksək mərhələ sayılan A-Level adlandırılan
imtahanda iştirak edirlər.
Peşə təhsili və təlimi
Birləşmiş
Krallıqda şagirdlər icbari və ya tam orta
təhsillərini başa vurduqdan sonra peşə
məktəblərində müvafiq ixtisaslara yiyələnə
bilərlər. Yaşlılar isə yeni peşə öyrənmək və ya
ixtisas səviyyələrini artırmaq üçün müraciət
etmək imkanına malikdirlər.
Ölkədə peşə təhsili və təlimi sistemi gənclərin
müəyyən peşələrə yiyələnməsinə, yaşlıların
məşğulluq səviyyəsinin yüksəldilməsinə, peşə
təhsili və təlimi vasitəsilə fasiləsiz təlimin
təşkil olunmasına xidmət edir. Bunun üçün
müvafiq islahatların həyata keçirilməsini davam
etdirən hökumət Milli Kvalifikasiya Çərçivəsini
tətbiq edib. Milli Kvalifikasiya Çərçivəsi və
peşə ixtisasları zamanın və iqtisadiyyatın
dəyişən tələblərinə cavab verən yeni
bacarıqların formalaşdırılması strategiyasına
uyğun olaraq tənzimlənir. Təlim proqramlarının
və ixtisasların təkmilləşdirilməsi bu
strategiyanın ən vacib elementlərindəndir.
Əmək bazarında iştirak edənlərin təhsil
səviyyəsi yüksəldikcə bu sahədə yeni
prioritetlər müəyyənləşdirilir. Bütün bunlar
Birləşmiş Krallıqda biliklərə əsaslanmış
cəmiyyətin və iqtisadiyyatın inkişaf
etdirilməsinə xidmət edir.
Ali təhsil
Böyük
Britaniyada ali təhsil bakalavriat, magistratura
və doktorantura pillələrinə bölünür. Bakalavriat
pilləsi İngiltərə, Uels və Şimali İrlandiyada 3
il (tibb, baytarlıq, hüquq və pedaqoji
ixtisaslar 5 il), Şotlandiyada 4 il davam edir.
Magistr dərəcəsi 1 ilə, tədqiqi magistr dərəcəsi
üzrə 2 ilə, doktorluq dərəcəsi isə 3 ilə başa
çatır.
Ali məktəbə qəbul üçün hazırlıq kurslarından
geniş istifadə olunur. Hazırda ölkə üzrə
təxminən 600 hazırlıq kursu fəaliyyət göstərir.
Bu kurslarda ali məktəbə qəbul üçün müvafiq
bilik səviyyəsinə malik olmayan abituriyentlər
hazırlaşır. Onların arasında etnik icmaların
nümayəndələri çoxluq təşkil edir.
Ölkədə 165-ə yaxın universitet və ali təhsil
institutu fəaliyyət göstərir. Ali məktəblər
tədrisin təşkilində sərbəstdirlər.
Universitetlər əməkdaşlarını müəyyənləşdirir,
tələbə qəbulu barədə qərar çıxarır, tədris
planlarını tərtib edir və məzunlara müvafiq
dərəcələr verirlər.
Oksford və Kembric universitetləri XII, XIII,
Qlazqo, Aberden və Edinburq universitetləri isə
XIV, XV əsrlərdən fəaliyyət göstərir.
Britaniyanın digər universitetlərinin əsası XIX
və XX əsrlərdə qoyulub. Ötən əsrin 60-cı
illərində və 1992-ci ildə politexnik və digər
ali təhsil müəssisələrinə universitet statusu
verildikdən sonra universitetlərin sayı
nəzərəçarpacaq dərəcədə artıb.
Ali
məktəblər ticarət və sənaye müəssisələri ilə sıx
əlaqə saxlayırlar. Universitetlər dərəcə verə
bilməyən digər ali təhsil müəssisələrinin
məzunlarına dərəcə vermək hüququna malikdir. Ali
təhsildə fərqlənmiş tələbələrin bir qismi elmi
işlərə cəlb olunurlar.
1987-ci ildə hökumətin dəstəyi ilə Açıq
Universitet yaradıldıqdan sonra ölkədə açıq
təhsil almaq imkanları daha da genişlənib.
Avropa Birliyi ölkələrində yaşayan şəxslərə
dərəcələr vermək səlahiyyətinə malik Açıq
Universitetin daimi tədris korpusu olmasa da,
müvafiq kurslar təşkil edir. Nəzəriyyəçi
pedaqoqlar, peşəkar diktorlar və iş adamları ilə
əməkdaşlığa üstünlük verən bu tədris ocağı
xüsusi hazırlanmış mətnlərdən, qiyabi təhsil
formasından, televiziya və radio verilişlərindən,
audio və videomateriallardan, məktəblərdən,
təhsil mərkəzləri şəbəkəsindən istifadə edir.
Müstəqil 4-cü telekanal vasitəsi ilə tədris
proqramları müntəzəm olaraq tamaşaçılara
çatdırılır və maarifləndirici verilişlər təşkil
olunur.
Birləşmiş Krallığın universitetlərində illik
təhsil haqqı 2009-2010-cu tədris ilində bakalavr
pilləsi üçün maksimum 3225 ingilis funtu təşkil
edib. Universitetdən asılı olaraq magistr və
yuxarı pillələr üzrə təhsil haqqı isə daha
yüksəkdir.
Əcnəbi tələbələr
Universitetləri
əcnəbi tələbə kontingentinə görə dünyada öncül
yerlərdən birini tutur. Təbii ki, bunun əsas
səbəbi ölkədə yüksək təhsilin və məşhur
universitetlərin olmasıdır. Oksford və Kembric
kimi tanınmış universitetlərin Britaniyada
yerləşməsi də ölkə təhsilinə əlavə nüfuz gətirir.
Bakalavr təhsili almaq istəyən əcnəbi tələbələr
Böyük Britaniyada Baza (Foundation) proqramını
keçməlidirlər. Baza proqramı, bakalavr təhsili
almaq istəyənlər üçün dünyada tanınan və çox
üstünlük verilən universitetə hazırlıq
proqramıdır. Əgər tələbənin TOEFL və IELTS
imtahanından keçmək barədə sertifikatı yoxdursa,
o zaman bu proqram vasitəsilə xaricdə təhsil
almağa nail ola bilər. Amma bəzi məşhur
universitetlər Baza proqramına qəbul apararkən
TOEFL və ya IELTS imtahanlarının nəticəsini də
tələb edir. Bu baxımdan Baza proqramını iki
qrupa bölmək olar:
- Universitetlərin nəzdində fəaliyyət göstərən
Baza proqramları;
- Universitetdən kənar fəaliyyət göstərən Baza
proqramları.
Universitet nəzdində fəaliyyət göstərən
proqramlar, adətən TOEFL və ya IELTS
imtahanlarının nəticəsini tələb edir.
Universitetdən kənar fəaliyyət göstərən
proqramlar isə belə bir tələb irəli sürmür.
Əcnəbi tələbələrin təhsil haqqının
müəyyənləşdirilməsində bir sıra meyarlar nəzərə
alınır. Bu məbləğ universitet, ixtisas və tədris
olunan fənlərdən asılı olaraq illik 5000-20000
ingilis funtu arasında dəyişə bilər.
Təhsilin idarə olunması
İngiltərədə təhsil üzrə dövlət katibi məktəb və
məktəbdənsonrakı təhsilə nəzarət edir.
Şotlandiya, Uels və Şimali İrlandiyanın müvafiq
dövlət katibləri də öz ölkələrində eyni
səlahiyyətə malikdirlər.
Dövlət tərəfindən maliyyələşdirilən məktəblərin
bir çoxu yerli təhsil orqanlarının
tabeliyindədir. Yerli təhsil orqanları
müəllimlərin maaşının verilməsini təmin edir,
məktəblərin maddi-texniki təchizatı işini yerinə
yetirir. Özünüidarəetmə sisteminə malik dövlət
məktəblərində isə bu işlə idarəedici orqanlar
məşğul olur.
İngiltərə, Şotlandiya və Uelsdə təhsil
xidmətlərinin bir qismi bilavasitə mərkəzi
hökumət tərəfindən maliyyələşdirilir. Vəsaitin
böyük bir hissəsi ali təhsilə ayrılır və
müxtəlif fond şuraları tərəfindən təyinatı üzrə
sərf olunur. Hökumət, eyni zamanda
özünüidarəetmə sisteminə malik dövlət
məktəblərinin də xərclərini ödəyir.
Yerli təhsil orqanları tərəfindən həyata
keçirilən, xüsusi əhəmiyyət kəsb edən
layihələrin xərclərini dəstəkləmək məqsədilə
mərkəzi hökumət dotasiya ayırır. Bu vəsaitlər
dövlət tədris planı, məktəblərin yerli
özünüidarəetməsi, müəllimlərin
təkmilləşdirilməsi, məktəblərdə texniki
biliklərin və tibbi təhsilin dəstəklənməsi üçün
xərclənir. Yerli hökumət orqanları dövlət
tərəfindən edilən yardımın bölüşdürülməsində
sərbəstdirlər.
Şimali İrlandiyada təhsil xərcləri, əsasən
Təhsil Nazirliyi tərəfindən ödənilir. Əmək,
Ticarət və Sənaye departamentləri də təhsil
proqramlarına maliyyə yardımı göstərirlər.
İngiltərə, Şotlandiya və Uelsdə universitetlərə
və digər ali təhsil müəssisələrinə hökumət
yardımı bu ölkələrdəki Ali Təhsilə Yardım
şuraları tərəfindən həyata keçirilir. Şimali
İrlandiyada isə universitetlərə yardım Şimali
İrlandiya Ali Təhsilə Yardım Şurasının tövsiyəsi
ilə birbaşa Təhsil Nazirliyi tərəfindən edilir.
Ali təhsil müəssisələri kommersiya qurumları
üçün tədqiqatlar aparmaq, məsləhətlər vermək
xidmətlərindən də müəyyən qədər yararlanırlar.
Hökumət ali təhsil müəssisələrinin bu
mənbələrdən gəlir götürməsinə geniş imkanlar
yaradır.
Bəşarət MƏMMƏDOV,
Ramil HÜSEYNOV
Yazının hazırlanmasında Britaniya Şurasının
Bakıdakı nümayəndəliyinin təqdim etdiyi rəsmi
materiallardan istifadə olunub. |