Günəş
düzü-dünyanı nuruna qərq edib qüruba endiyi kimi
insanlar da yaşayaraq keçdikləri ömür yolunda
əməlləri ilə özlərinə məxsus iz qoyurlar bu
dünyada. Ömrünü, gününü qətrə-qətrə şam kimi
əridərək xalqının maariflənməsinə, vətəninin
tərəqqisinə sərf edənlər ictimaiyyət tərəfindən
hörmət və ehtiramla qəbul edilir və sevilirlər.
Belə insanlardan biri, Bakı Şəhəri üzrə Təhsil
İdarəsinin müdir müavini, "Şərəf nişanı" ordenli,
bu günlərdə 70 yaşı qeyd edilən Məhəbbət
Qarabağlı haqqında söz açmaq niyyətindəyəm.
Məhəbbət İsmayıl oğlu Qarabağlı 1941-ci il mayın
5-də Gürcüstan Respublikası Bolnisi rayonunun
Kvemo-Bolnisi kəndində anadan olub. 1956-cı ildə
kənd 8 illik, 1958-ci ildə isə Bolnisi rayon
orta məktəbini bitirib. Həmin il Bolnisi Rayon
Xalq Maarifi Şöbəsinin əmri ilə doğma kənd 8
illik məktəbinə ibtidai sinif müəllimi təyin
edilib və orada uğurla işləyərək iki il pedaqoji
iş stajı topladıqdan sonra Azərbaycan Dövlət
Pedaqoji İnstitutunun tarix-filologiya
fakültəsinə qəbul olub.
Çalışqanlığı və ictimai fəallığı ilə
başqalarından seçilən Məhəbbət hələ birinci
kursda ikən institutun Tələbə Elmi Cəmiyyətinə
sədr seçilib. Bir neçə dəfə qonşu ölkələrdə
keçirilən tələbə elmi konfranslarında dəyərli
çıxışları ilə doğma institutunu təmsil edib.
1966-cı ildə ali təhsilini başa vuran Məhəbbət
təyinatla Mingəçevir şəhər 11 nömrəli orta
məktəbə ixtisası üzrə müəllim göndərilib. Qısa
müddət ərzində savadlı müəllim kimi şagirdlərin,
valideynlərin və pedaqoji kollektivin hörmətini
qazanan Məhəbbət Qarabağlı Mingəçevir şəhər
rəhbərliyinin diqqətini cəlb edir. Elə bunun
nəticəsidir ki, Məhəbbət müəllim 1970-ci ildə
şəhər 7 nömrəli 8 illik məktəbə, 1976-cı ildə
isə şəhər 14 nömrəli orta məktəbə direktor təyin
edilib.
1976-1978-ci illərdə Azərbaycan KP MK yanında
Marksizm-Leninizm Universitetinin qiyabi
şöbəsini fərqlənmə diplomu ilə bitirən
M.Qarabağlı intellektuallığı ilə zamanın
tələbinə cavab verən ixtisaslı kadr kimi
digərlərindən seçilib və yüksək insani
keyfiyyətlərinə görə rəhbərlik tərəfindən irəli
çəkilərək ona yeni etimad göstərilib. Mingəçevir
təhsilinə rəhbər təyin edilib.
1977-1978-ci
illərdə Məhəbbət müəllimin rəhbərlik etdiyi
Mingəçevir Şəhər Xalq Maarif Şöbəsi daha yeni
uğurlara imza atıb, səsi-sorağı yüksək
tribunalardan gəlib. Belə ki, bu təhsil şöbəsi
1978-1979-cu illərdə əldə etdiyi
müvəffəqiyyətlərə görə ardıcıl olaraq iki dəfə
Azərbaycan KP MK-nın, Azərbaycan SSR Nazirlər
Sovetinin, Azərbaycan Həmkarlar İttifaqı Mərkəzi
Şurasının Keçici Qırmızı, 1980-ci ildə isə SSRİ
Maarif Nazirliyinin və SSRİ Maarif İşçiləri
Həmkarlar İttifaqı Mərkəzi Şurasının da Keçici
Qırmızı bayraqlarına layiq görülüb.
M.Qarabağlı 1982-ci ildə Mingəçevir şəhər XDS
İcraiyyə Komitəsi sədrinin I müavini, 1990-cı
ildə isə xeyirxah əməlləri ilə əhalinin
məhəbbətini qazandığı üçün alternativ səsvermə
yolu ilə Mingəçevir Şəhər Sovetinə sədr seçilib.
Respublikada vəziyyətin gərgin olmasına
baxmayaraq, rəhbərlik etdiyi əhalinin mənafeyini
qorumaqla 1995-ci ilin sonuna qədər həmin
vəzifədə uğurla çalışıb.
1999-cu ilin iyun ayının 28-də Azərbaycan
Respublikası Prezidenti Heydər Əliyevin
sərəncamı ilə Mingəçevir Şəhər İcra
Hakimiyyətinə başçı təyin edilən və 2005-ci ilə
qədər bu vəzifədə layiqincə işləyən Məhəbbət
Qarabağlı ona göstərilən etimadı yüksək
səviyyədə doğruldaraq quruculuq işləri və
xeyirxah əməlləri ilə Mingəçevir şəhərinin
ictimai və siyasi həyatında silinməz izlər qoyub.
2005-ci ildə Bakı Şəhər Baş Təhsil İdarəsinə
rəis, 2006-cı ildə isə yeni yaradılmış Bakı
Şəhəri üzrə Təhsil İdarəsinə müdir müavini təyin
edilmiş Məhəbbət müəllim hazırda həmin vəzifədə
fəaliyyətini uğurla davam etdirir.
Məhəbbət Qarabağlının əmək fəaliyyəti dövlət
tərəfindən yüksək qiymətləndirilib. Belə ki o, "Şərəf
nişanı" ordeni, "Əməkdə fərqlənməyə görə" medalı
və digər müxtəlif medallar, diplom və fəxri
fərmanlarla təltif edilib. Keçmiş SSRİ-nin "Maarif
əlaçısı", Azərbaycan Respublikası Maarif
Nazirliyinin "Qabaqcıl maarif xadimi" döş
nişanlarına layiq görülüb.
"Qızıl qələm" media mükafatı laureatıdır.
Müxtəlif illərdə qurultaylara nümayəndə seçilib.
Ailəlidir, iki oğlu, bir qızı və altı nəvəsi
var.
Məlum 90-cı il hadisələrindən sonra uzun müddət
idi ki, beynəlmiləl şəhəri olan Mingəçevirə
yolum düşməmişdi. Səhv etmirəmsə, 2004-cü ilin
yazı idi. Xidməti işimlə əlaqədar Mingəçevir
təhsili haqqında qəzetə material hazırlamaq üçün
sübh tezdən Bakıdan çıxdım. Mingəçevirə çatanda
Günəş artıq bir çatı qalxaraq düzü-dünyanı
nuruna qərq etmişdi. Geniş asfalt yolda
avtomobilim rahatlıqla şütüyür, yol ətrafında
təzəcə çiçək açmış müxtəlif gül kolları, fərqli
meyvə ağacları gözəlliyi ilə diqqəti cəlb edir,
hər tərəfdə hökm sürən təmizlik, səliqə-sahman
ruh oxşayırdı. Uzaqdan görünən Qafqaz sıra
dağlarının zirvələrində təkəm-seyrək ağ, pəmbə
buludlar ilişib qalmış, sanki dağların başına
bəyaz kələğayı bağlamışdı. Əkib-becərmənin
qızğın vaxtı olduğu üçün ətraf sahələrdə,
tarlalarda, bağ-bağçalarda işi ilə məşğul olan
insanlar gözə dəyirdi. Hər tərəfdə həyat
qaynayır, insanı yaşayıb-yaratmağa sövq edirdi.
Bu əhvali-ruhiyyə ilə şəhərə daxil olanda
gözlərimə inanmaq istəmədim. İntibah dövrünü
yaşayan respublikamızın hər yerində olduğu kimi
burada da quruculuq-abadlıq işləri geniş vüsət
almış, Mingəçevir şəhəri görkəmini tamam
dəyişmiş, tanınmaz olmuşdu. Yeni inşa edilən
sosial və ictimai tikililər, rahat, geniş asfalt
yollar planlı şəkildə salınmış yaşıllıqla əhatə
olunmuşdu.
Görüşdüyüm insanlarla söhbət əsnasında mənə
məlum oldu ki, bütün bu yeniliklər Mingəçevir
ŞİH-nin başçısı Məhəbbət Qarabağlının təşəbbüsü
və rəhbərliyi altında həyata keçirilir.
İqtisadiyyatın inkişafına çalışan icra başçısı
Mingəçevir vətəndaşlarının maddi-rifah durumunun
da yaxşılaşmasına ciddi səy göstərdiyi üçün
əhali tərəfindən sevilir.
Elə o vaxtdan haqqında eşitdiyim və qiyabi
tanıdığım Məhəbbət Qarabağlıya qarşı məndə bir
rəğbət hissi oyanmışdı. Və bu günlərdə 70
yaşının tamam olması münasibətilə haqqında
məqalə hazırlayacağıma sevindim. Zəngləşib
onunla görüşmək üçün vaxt təyin etdik. Əvvəl
təvazökarlıq edib razılaşmaq istəmirdi: "Mən nə
etmişəm ki, haqqımda da yazılsın. Sadəcə olaraq
insani borcumu yerinə yetirmişəm" deyirdi.
Nəhayət, razılığını alıb ertəsi gün Bakı Şəhəri
üzrə Təhsil İdarəsinə getdim. İş başında,
kabinetində köhnə dostlar kimi səmimi görüşdük.
İnsanpərvərliyi, nikbinliyi, qaynayıb coşan
həyat eşqi, yüksək intellekt sahibi olduğu və
başlıcası sadəliyi diqqətimi bir daha cəlb etdi.
Şuxluğu və zahiri görünüşünə görə ona bu yaşı
vermək mümkün deyil. Müdriklərin "Paxıllıq
hissindən uzaq olan insanlar gec qocalırlar"
kəlamını xatırladım.
Masa arxasında üz-üzə oturub çay içə-içə söhbət
edir, ona verdiyim suallara cavab olaraq keçdiyi
ömür yolunda baş vermiş maraqlı hadisələri
xatırlayır, yaşayaraq arxada qoyduğu uzun
illərin keşmə-keşliyindən bəhs edən həyat
kitabının saralmış vərəqlərini səhifələyir, olub
keçənləri xəyal süzgəcindən keçirirdi. Nurlu
çöhrəsi bəzən günəşli, güllü-çiçəkli yaz fəslini,
bəzən də üzü qara buludlarla örtülmüş səmanı
xatırladırdı. Bu hal isə ona ünvanladığım
suallara rəğmən həyatının ağrılı-acılı,
şirinli-vüsallı anlarını yenidən xəyalən
yaşadığına görə yaranırdı.
İki saata qədər səmimi söhbət əsnasında Məhəbbət
müəllimdən aldığım cavablardan yükümü tutdum.
Onu 70 yaşının tamam olması münasibətilə bir
daha təbrik etdim. Ona möhkəm cansağlığı, daha
yeni nailiyyətlər dilədim. Yenidən görüşmək
arzusuyla ondan ayrılıb redaksiyaya üz tutdum.
Yol boyu fikirləşdim ki, belə maraqlı,
zəhmətsevər insanlar olmasaydı, həyat mənasını
itirərdi. Hər bir insanın bizə məlum olmayan,
görünməyən tərəflərini qələmə alanda oxucu üçün
daha maraqlı olur. Bu baxımdan müsahibə zamanı
Məhəbbət müəllimdən aldığım maraqlı, maraqlı
olduğu qədər örnək cavabları oxuculara təqdim
edirəm.
"Uşaqlığım məşəqqətli keçib"
- Mən anadan olandan 40 gün sonra atamı II Dünya
müharibəsinə aparıblar. Bacımı və məni anam
olmazın əzab-əziyyətlə böyüdüb. Yazda
əkib-becərər, payızda qışa azuqə toplayar,
yaşamağımız üçün əlindən gələni əsirgəməzdi.
Mal-qara ilə, bağ-bostanla bütün günü əlləşən
anamı nadir hallarda yatıb dincələn görürdüm.
Geyinməyə sətin və ya pamazı parçadan əl ilə
tikilmiş paltar tapanda sevincimizin
həddi-hüdudu olmazdı. Başqa yaşıdlarım kimi mən
də futbol oynamağı sevirdim. Çitdən lopa, yəni
"top" düzəldib çarıqlarımız yırtılmasın deyə
əksər hallarda ayaqyalın futbol oynayardıq. O
vaxtlar ayağımıza geyinmək üçün ildə bir cüt
çarıq tikdirə bilirdiksə buna sevinirdik. Yalnız
müharibə qurtarandan sonra nadir hallarda rezin
qaloş əldə edə bilirdik. IV sinifdə oxuyanda ilk
dəfə əlimə rezin top almışam. Müharibəni qələbə
ilə başa vursaq da atam geri qayıtmadı. Sən
demə o, birdəfəlik gedibmiş. Anam ümidini yalnız
bizə bağlamışdı.
"Həkim mənə dərman kimi buğda çörəyi yeməyi
məsləhət bilmişdi"
- İbtidai siniflərdə oxuyanda yaxşı
qidalanmadığım üçün hədsiz dərəcədə cılız və
zəif idim. Yediyimiz qarğıdalı dacı, arpa çörəyi
olardı. Onu da tapandan tapana. Elə anlar olurdu
ki, yeriməyə taqətim olmurdu. Anam məni həkimə
göstərəndə həkim buğda çörəyi ilə qidalanmağımı
məsləhət bilmişdi. Bunu eşidən Nəbi və Bayram
dayılarım ailələrinin pis yaşamasına baxmayaraq
bizə kömək etməyə başladılar. Müəyyən vaxtdan
sonra arada buğda çörəyi yediyim üçün özümə
gəldim. Artıq taqətə gəlir, ətə-qana dolurdum.
51-ci ildə dayılarım nəsilliklə Qazaxıstana
sürgün edildilər. Buna baxmayaraq ümidsizliyə
qapılmadıq. Taleyin hökmü ilə çətinliklərdən
çıxıb yaşadıq. "Pis günün ömrü az olur", -
deyənlər düz deyiblər.
"Uşaqlıqda hər şeyi öyrənməyə maraq göstərmişəm"
- Uşaqlıqda şıltaq, yəni qaynayıb-qarışan, hər
şeyi öyrənməyə maraq göstərən olmuşam. Hələ 5-6
yaşlarımda ikən məktəbə gedəcək günlərimi
sadalayır, şagird olmağa darıxırdım. Anamın
mənim üçün sətindən tikdiyi çantanı, çantanın
qabaq cibliyində yerləşdirəcəyim mürəkkəbqabını
və perolu qələmimi hər gün əzizləyir, gələcək
arzularla yaşayırdım. I sinifdə mənə dərs demiş
ilk müəllimim Musa Mehdiyevi heç vaxt unutmuram.
Axı ana, ata kəlməsini, əlifbanı mənə o öyrədib.
Anam da mənim oxumağıma ciddi fikir verirdi.
Yaxşı yadımdadır, V sinifdə oxuyanda müəllim
sinfə Abbas Səhhətin "Əhmədin qeyrəti" şeirini
əzbərləməyi tapşırmışdı. Həmin şeiri tənbəllik
edib əzbərləmədiyim üçün ertəsi gün müəllim mənə
bir sillə vurdu. Ərköyünlük edib əsəbi halda evə
qaçdım və anama şikayətləndim. Anam müdafiə edib,
mənə qahmar durmaqdansa, əksinə, məni bərk
danladı, - Bir də dərsini oxumasan, dərsdən iki
alsan, səni evə buraxmayacağam - dedi. Və həmin
sillə təhsilimdə bir dönüş nöqtəsi oldu. O
gündən dərslərimə cidd-cəhdlə hazırlaşdım.
Aldığım yüksək qiymətlər, müəllimlərimin tərifi,
anamın qayğı və tövsiyələri məni ruhlandırdı.
VII-VIII siniflərdə Azərbaycan dili və
ədəbiyyatdan bizə dərs demiş Rəşid Acalov mənim
peşə seçimimdə müstəsna rol oynayıb. Rəşid
müəllim səliqəli, şux geyimi, mədəni davranışı,
aydın, səlis nitqi ilə diqqətimi cəlb etmişdi.
Böyüyəndə ona oxşamaq, onun kimi müəllim olmaq
arzusu baş qaldırmışdı qəlbimdə. Bu arzu ilə
orta məktəbi "əla" qiymətlərlə başa vurdum.
"17 yaşımda ikən ilk əmək fəaliyyətimə müəllim
kimi başlamışam"
- O zamankı sovet qanunlarına görə orta məktəbi
bitirdikdən sonra iki il iş stajı olmadan ali
məktəblərə qəbul olmaq qadağan edilmişdi. Bunu
nəzərə alan rayon maarif şöbəsi orta məktəbi "əla"
qiymətlərlə bitirdiyimə görə və kənd
məktəblərində müəllim çatışmadığı üçün əmrlə
məni kəndimizdə fəaliyyət göstərən doğma 8 illik
məktəbə ibtidai sinif müəllimi göndərdi. İki il
həvəslə sevimli şagirdlərimə dərs dedim. Sonra
Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil
oldum. Yataqxanada qalırdım. 35 manat əlaçı
təqaüdü alsam da, bu məbləğ yaşamaq üçün çox az
idi. Ancaq dünya yaxşı insanlardan xali deyil.
Bir nəfər mənə kömək edib məni 40 manatlıq
məvaciblə axşamlar ikisaatlıq iş vaxtıyla
gözətçi götürtdü. Beləliklə, işlərim qaydasına
düşdü. Və oxumağa ciddi cəhd göstərməyə başladım.
Hələ birinci kursda ikən institutun Tələbə Elmi
Cəmiyyətinin sədri seçildim və 4 il yarım bu
vəzifəni layiqincə apardım. O zaman APİ-nin
tarixində ilk dəfə olaraq ildə 1 dəfə
tələbələrin elmi işlərindən ibarət əsərlərin
qısa tezislərinə həsr edilmiş kitabçalar
buraxıldı.
1964-cü ilin may ayında məni Qazaxıstanın
Alma-Ata Dövlət Universitetinin 30 illik
yubileyinə həsr edilmiş Beynəlxalq Tələbə Elmi
Konfransına nümayəndə göndərmişdilər.
İnstitutumuzu orada layiqincə təmsil edə
bilmişdim.
Tələbəlik illərində mənə dərs demiş Əbülfəz
Dəmirçizadə, Feyzulla Qasımzadə, İsmayıl Şıxlı,
Məmməd Şıxlı və Əhəd Hüseynov dünyagörüşümün
inkişafında mühüm rol oynayıblar.
"Anam qazancımın tamını dadmadı"
- Ali məktəbi fərqlənmə diplomu ilə bitirdikdən
sonra təyinatla Mingəçevir şəhərinə müəllim
göndərildim. Anamın sevincdən uçmağa qanadı yox
idi. Axı onun ən böyük arzusu məni ali təhsilli
görmək idi. Oğul qazancı yemək, toy vurdurub
oğluna gəlin gətirmək, sonra ağ günə çıxaraq
rahat yaşamaq və gələcəkdə nəvələrini tərbiyə
edib böyütmək arzusu anamda o qədər güclü idi ki...
Bu xoşbəxt günlərə qovuşacaq ümidi ilə yaşayan
anam başıma pərvanə kimi dolanır, məni yenidən
tapıbmış kimi körpə uşaq təki əzizləyir, uzun
sürən əziyyətlərdən sonra vüsala yetişibmiş kimi
sevinirdi. Mən də, öz növbəmdə, yay tətilində
anamın yanında qalmağı, avqustun ortalarında
işləyəcəyim Mingəçevir şəhərində kirayə ev tutub
anamı da yanıma gətirməyi və ona qulluq
göstərməyi qərara almışdım. "Sən saydığını say,
gör fələk nə sayacaq" kəlamını heç yada da
salmırdım. Ağlıma gəlməyən başıma gəldi. Taleyin
ağır hökmü yenidən məni sınağa çəkdi. Heç olmasa
qazancımın tamını dadmayan anam qəfil dünyasını
dəyişdi. Tükənməz arzuları ürəyində torpağa
gömülüb əbədiyyətə qovuşdu. Atamı görmədiyim
üçün ölümün nə dərəcədə ağır olduğunu hiss
etməmişdim. Anamınsa ölümü məni dəhşətə gətirdi,
sarsıldım. Bir daha özümə, gələcəyimə inanmırdım.
Lakin torpağın üzü soyuq, həyatsa davam edir.
"Müstəqilliyimizi göz bəbəyimiz kimi qorumalıyıq"
- Həyatı dərindən düşünən ziyalılarımız kimi mən
də müstəqillik arzusuyla həmişə alışıb yanmışam.
Uzun müddət yaşadığım və işlədiyim Mingəçevir
şəhərində daima ikinci rəhbər işçi
qeyri-millətin nümayəndəsi olurdu. Rəsmi
yerlərdə Azərbaycan dilində danışmaq yasaq
edilmişdi. Milli mentalitetimizə, milli mənəvi
dəyərlərimizə yer verilmirdi. Mingəçevirdə bir
dənə də olsun məscid yox idi. Soy kökümüz,
ənənələrimiz unudulurdu. Bütün bunları hər an
özümə dərd edirdim. Elə bunun nəticəsidir ki,
1986-cı ildə Mingəçevir Şəhər Partiya
Komitəsində keçirilən plenumda kəskin çıxış
edərək ikinci katib olan Veliçkonu, şöbə
müdirləri Barinovu, Çernuxini və Makarovanı
tənqid etdim. Onların dilimizi bilmədiklərini,
adət-ənənələrimizdən xəbərsiz olduqlarını dedim.
Tutduqları vəzifələri milli kadrlara verməli
olacaqlarının vacibliyini elan etdim. Bu
çıxışımdan sonra mənə təzyiqlər artsa da,
haqq-ədalət öz yerini tutdu. Bu gün bütün
xalqımıza, xüsusilə Azərbaycan gənclərinə üzümü
tutub ümummilli liderimiz Heydər Əliyevin memarı
və qurucusu olduğu və bizə ərməğan etdiyi
müstəqil Azərbaycan Respublikasını göz bəbəyimiz
kimi qorumağı tövsiyə edirəm. Müdriklərimizin "Torpaq,
uğrunda ölən varsa Vətəndir" kəlamını heç vaxt
yaddan çıxarmamalı, vətənimizin hər qarışı
uğrunda canımızdan keçməyə daima hazır
olmalıyıq.
"Hər bir insan vətəninin sadiq əsgəri olmalıdır"
- Mingəçevir Şəhər İcra Hakimiyyətinə başçı
təyin olunandan sonra arzularımın heç olmasa bir
qismini həyata keçirməyə fürsət tapdığıma
sevindim. İdeoloji işlə yanaşı, əhalinin maddi
durumunun yüksəlməsinə, yeni iş yerlərinin
açılmasına, mənzil-məişət şəraitinin
yaxşılaşmasına xidmət edən planlar həyata
keçirməyə başladım. Belə ki Kür çayından şəhərə
3,5 kilometr uzunluğu olan 600 mm-lik su xətti
çəkildi. Mingəçevir-Bakı, Bakı-Mingəçevir
sərnişin qatarı əhalinin istifadəsinə verildi.
Şəhid ailələri və Qarabağ əlilləri üçün müxtəlif
mənbələr hesabına 105 mənzildən ibarət bir neçə
ev tikilib istifadəyə verildi. Asiya İnkişaf
Bankının xətti ilə 416 mənzillik kompleks
evlərdən ibarət qəsəbə salındı. 4 yeni məktəb
binası inşa edilərək şagird və müəllimlərin
ixtiyarına verildi.
Möhtərəm Prezidentimiz İlham Əliyevin qayğısı
sayəsində 2005-ci ildə Mingəçevir şəhərində "Kür"
elektron vasitələri zavodu və beton dayaqlar
istehsal edən kombinat istifadəyə verildi.
Yuxarıdakılarla yanaşı, Mingəçevir şəhərində "Azərbaycanlıların
soyqırımı və deportasiyası"na, "Ana dili"mizə və
"İstiqlaliyyətimizin şərəfi"nə həsr edilmiş
abidələr qoyulub. Yeri gəlmişkən qeyd edim ki,
"Ana dili" abidəsinin şəkli 2003-cü ildən
2009-cu ilədək II-III-IV sinif "Ana dili"
dərsliklərinin üz qabığını bəzəyib.
Respublikanın regionları arasında birinci olaraq
ümummilli liderimiz Heydər Əliyevin abidəsi
Mingəçevir şəhərində ucaldılıb. Həmçinin
ümummilli liderimizin nəhəng ictimai-siyasi
fəaliyyətinin təbliği və təşviqi məqsədilə
Mingəçevirdə Heydər Əliyev Universiteti
yaradılıb və rəhbərliyim altında həmin
universitetdə ayda bir dəfə olmaqla 6 ildə 58
məşğələ keçirilmişdir. Məşğələlərdə görkəmli
ictimai-siyasi xadimlər, akademik və
professorlar aktuallığı ilə seçilən maraqlı
mövzularla çıxış etmişlər. Məşğələlər
ictimaiyyət tərəfindən maraqla qarşılanırdı.
"Müəllimlər ən yüksək hörmətə layiqdirlər"
- Ümummilli liderimiz və dünyanın görkəmli
xadimləri müəllim əməyinə yüksək qiymət veriblər.
Bu bir həqiqətdir, axı onlar həyatın aparıcı
qüvvələridir. Bu baxımdan, harada işləməyimdən
asılı olmayaraq müəllimlərə həmişə xüsusi qayğı
ilə yanaşmışam. Yaxşı yadımdadır, icra başçısı
işləyəndə bir gün şəhərin rəhbər işçiləri ilə
kabinetimdə kiçik müşavirə keçirirdim.
Müşavirənin başlanmasından heç beş dəqiqə
keçməmişdi ki, gözüm monitora sataşdı. Qəbul
otağında 75 yaşlı Məhəd müəllimin oturub
gözlədiyini gördüm. Qeyri-ixtiyari ayağa
qalxaraq qəbul otağına keçib Məhəd müəllimlə
görüşdüm. Qoluna girib kabinetimə gətirdim.
Oğlunu işə düzəltmək istəyini öyrənib dərhal
müşavirədə iştirak edən rəhbər işçilərə göstəriş
verdim. Mənim bu davranışım müşavirə
iştirakçılarına qeyri-adi, qəribə görünsə də,
sonralar şəhərin bütün rəhbərləri müəllimlərə
həssaslıqla, qayğı ilə yanaşmağa başladılar.
Məhəd müəllimin oğlu isə üç gün ərzində işlə
təmin olundu. Ümumiyyətlə, harada işləmişəmsə,
qapım müəllimlərin üzünə həmişə açıq olub.
Onların qəbul otağında gözləməsinə razı
olmamışam.
"Həmin günlər özümü xoşbəxt sanmışam"
- Keçdiyimiz ömür yolu gecə-gündüzdən,
ağ-qaradan, xeyir və şərdən ibarətdir. Həyat
yolu həmişə hamar olmur. Bu yolun enişi-yoxuşu,
kolu, kolağanı var. Bunlardan mətinliklə
keçənlər müjdələrlə dolu xoşbəxtliyə qovuşurlar.
Ağır günlərimlə yanaşı, sevincli günlərim də az
olmayıb. Müstəqillik qazanılanda, orden və digər
təltiflərlə mükafatlandırılanda çox sevinmişəm.
Nəvəm Nahid dünyaya göz açanda sevincimin
həddi-hüdudu olmayıb. Çünki baba olmuşam,
gələcəyimi də nəvələrimdə görürəm.
Lakin sevinc gəldi-gedərdi, ötəri hissdir. Kədər
isə son mənzilimizə qədər bizimlə yoldaşlıq edir.
Kədərin, qəmin-qüssənin labüdlüyünü dərk edib
onlarla barışanlar müdrik insanlardır. Və belə
insanlar dözüm və iradələri ilə xoşbəxtliyə nail
ola bilirlər.
Söhbətləşdi: Nizami MİRZƏ |