Professor Abuzər Xələfovun anadan olmasının 80
illiyi qarşısında
Azərbaycanda
milli kitabxanaşünaslıq elminin banisi, ali
kitabxanaçılıq təhsilinin təşkilatçılarından və
müstəqil kitabxanaçılıq-informasiya fakültəsinin
yaradıcılarından biri, görkəmli elm, təhsil və
mədəniyyət xadimi, əməkdar elm xadimi, əməkdar
mədəniyyət işçisi, Birləşmiş Millətlər Təşkilatı
yanında Beynəlxalq İnformasiyalaşdırma
Akademiyasının akademiki, Prezident təqaüdçüsü,
"Şöhrət" ordenli, Azərbaycan Kitabxanaçılar
Cəmiyyətinin prezidenti, Bakı Dövlət
Universiteti Kitabxanaşünaslıq kafedrasının
müdiri, tarix elmləri doktoru, professor...
Abuzər Xələfovun adının qarşısında bu titulları
yazmadan belə onun nüfuzu hamıya bəllidir. Düz
50 ildir ki, bu nüfuz damla-damla, misqal-misqal
yığılıb, tamlaşıb, durulub və nəsillərin iftixar
mənbəyinə, güvənc yerinə çevrilib. Zaman-zaman
bu elmi adları və mükafatları qazanmış Abuzər
müəllimi fəxarət zirvəsinə aparan yol heç də
asan olmayıb. Bu yol enişli-yoxuşlu,
acılı-şirinli, keşməkeşli olub. Əsl hikmət
sahibləri o şəxslərdir ki, onlar üzü gələcəyə
doğru inamla irəliləyərkən qarşılarını kəsən
qar-yağışdan, üzlərinə çırpılan tufan-qasırğadan,
yollarına yağan daş-kəsəkdən çəkinmir, cəsarətlə
öz məqsədlərinə və amallarına doğru yol gedirlər.
Professor Abuzər Xələfov da məhz belə cəsarət və
iradə sahiblərindəndir. Əgər belə olmasaydı,
Azərbaycan elmində yeni cığır açmaq, yeni yol
salmaq şərəfi onun taleyinə yazılmazdı. Abuzər
Xələfov əməlisaleh adam kimi çoxlarının könlünə
yol tapıb. Adı harada çəkilibsə, hörmət və
ehtiram bəsləyiblər. Şəxsiyyətindən harada söz
düşübsə, sanbalına, düzgünlüyünə, bütövlüyünə
güvəniblər.
Tərcümeyi - halından sətirlər
1931-ci ilin qışında Qərbi Azərbaycanda - ulu
Göyçədə dünyaya göz açan Abuzər Alı oğlu
Xələfovu zirvəyə aparan yol hamar olmayıb. O
qədər maneələrlə, çətinliklərlə, süni əngəllərlə
üz-üzə gəlib ki!.. Amma ustad Nizaminin: "Elm
yolunda günə dön, aya dön, ulduza dön" -
qənaətinə köklənib, amalı uğrunda yuxusuz
gecələr keçirib, narahat günlər yaşayıb, ömrünü
şam kimi əridib...
İkinci Dünya müharibəsi dövründə doğma Cil
kəndindəki kolxozda işləyib, "Rəşadətli əməyə
görə" medalı ilə təltif edilib.
1950-ci ildə orta təhsilini başa vurub və
Azərbaycan Dövlət Universiteti Filologiya
fakültəsinin Kitabxanaçılıq şöbəsinə daxil olub.
1955-ci ildə ali təhsilini tamamlayaraq
universitetin Kitabxanaşünaslıq və biblioqrafiya
kafedrasında müəllim vəzifəsində saxlanılıb.
Abuzər Xələfovun Azərbaycan xalqı qarşısında ən
dəyərli tarixi xidmətlərindən biri akademiklər
Abdulla Qarayev, Şəfaət Mehdiyev və başqa
görkəmli ziyalılarla birlikdə respublika ali
məktəblərinin bayraqdarı olan Azərbaycan Dövlət
Universitetində müstəqil Kitabxanaçılıq
fakültəsinin yaradılması ilə bağlıdır. Belə ki,
1962-ci ildə A.Xələfovun fəal iştirakı ilə ADU-nun
kitabxanaçılıq şöbəsi müstəqil Kitabxanaçılıq
fakültəsinə çevrilmiş və dosent Abuzər Xələfov
bu fakültənin ilk dekanı vəzifəsinə seçilmişdir.
25
il Kitabxanaçılıq fakültəsinin dekanı
vəzifəsində işləyən A.Xələfov özünün təşəbbüskar
fəaliyyəti, təşkilatçılıq bacarığı və idarəçilik
metodları ilə böyük nüfuz qazanmış,
yüksəkixtisaslı milli
kitabxanaşünaslıq-biblioqraf kadrların
hazırlanması istiqamətində səmərəli iş
aparmışdır.
1963-cü ildə eyni zamanda Kitabxanaşünaslıq
kafedrasının müdiri vəzifəsinə seçilən A.Xələfov
paralel olaraq dekanlığın və kafedranın işinə
nəzarət etməli, onların fəaliyyətini
əlaqələndirməli və istiqamətləndirməli, başqa
sözlə, idarəetmə funksiyası ilə elmi
tədqiqatçılıq prosesini bir-biri ilə sıx şəkildə
uzlaşdırmalı olur ki, bu da həm fakültənin, həm
də kafedranın müasir elmi əsaslar üzərində
düzgün istiqamətdə inkişafına ciddi kömək
göstərir.
Ali təhsil sistemində tədris proseslərinin mahir
bilicisi kimi tanınan professor A.Xələfov istər
respublikamızda, istərsə də Bakı Dövlət
Universitetində ali təhsilin yenidən qurulması
və optimallaşdırılması ilə bağlı mühüm
məsələlərin həllində yaxından iştirak edir və bu
sahəyə öz sanballı töhfəsini verir.
A.Xələfov 1955-1970-ci illəri həyatının mühüm
dövrü adlandırır. Belə ki, bir mütəxəssis alim
kimi özünün ustalığını artırır, elm və tədris
prosesinə rəhbərlik vərdişlərinə yiyələnir, bir
sözlə, hərtərəfli təkmilləşir. A.Xələfovun
xoşbəxtliyi ondadır ki, bu dövrdə o, Yusif
Məmmədəliyev, Əliheydər Qarayev, Şəfaət Mehdiyev,
Faiq Bağırzadə, Məmməd Arif Dadaşzadə, Cəfər
Xəndan, Feyzulla Qasımzadə, Məmməd Cəfər Cəfərov,
Həmid Araslı, Əli Sultanlı, Mir Cəlal Paşayev,
Məmmədhüseyn Təhmasib, Əliheydər Qəhrəmanov,
Mehdixan Vəkilov, Abbas Zamanov, Pənah Xəlilov,
Zülfəli İbrahimov kimi görkəmli alim-pedaqoqlar
dəstəsi ilə əhatə olunmuşdu və onların təsiri
ilə formalaşıb yetkinləşirdi. Bu tanınmış
şəxsiyyətlərdən hər biri gənc mütəxəssislərə
kömək göstərməyə hər an hazır olan geniş
dünyagörüşlü, yüksək səviyyəli qayğıkeş insanlar
idi.
Elmi araşdırmalar, dəyərli monoqrafiyalar
müəllifi
Abuzər Xələfov 1961-ci ildə Azərbaycanda
kitabxana işi üzrə ilk namizədlik, 1975-ci ildə
isə ilk doktorluq dissertasiyaları müdafiə edib.
Gənc tədqiqatçının 60-cı illərin əvvəllərində
nəşr etdirdiyi "Azərbaycanda kitabxana işinin
tarixindən (1870-1920)" və "Sovet Azərbaycanında
kitabxana işinin tarixindən (1920-1932)"
monoqrafiyaları elmi ictimaiyyətin böyük
rəğbətini qazanır. Sonuncu monoqrafiya müəllifin
namizədlik dissertasiyasının əsasını təşkil edir.
A.Xələfovun elmi üslubundakı arxiv sənədlərinə
sistemli müraciət, fasiləsiz axtarış, yeni fakt
və sənədlərin elmi dövriyyəyə daxil edilməsi və
s. kimi fərqləndirici cəhətlər məhz bu
araşdırmalarda formalaşmağa başlayır. Onun
elmi-tədqiqat işlərinin çoxu məhz təkzibolunmaz
arxiv-sənəd bazasına əsaslanması ilə seçilir.
Sovet hakimiyyəti illərində mövcud olan ideoloji
konsepsiyalara qeyri-standart yanaşması,
yaradıcı münasibət bəsləməsi, tənqidi təhlil
verməsi A.Xələfova həmin dövrdə kommunist
ehkamlarına uyğun olaraq cəhalət və avamlıq
ocağı adlandırılan məscidlərin kitabxana işinin
inkişafında, xalqın maariflənməsində rolu və
əhəmiyyəti haqqında orijinal fikirlər söyləmək
üçün imkan yaradır.
1974-cü ildə Azərbaycan Dövlət Nəşriyyatında
A.Xələfovun "Azərbaycanda kitabxana işinin
tarixi (1933-1958)" adlı sanballı əsəri çapdan
çıxır. Monoqrafiyada 1930-50-ci illərdə
respublikamızda hərtərəfli inkişaf etmiş
kitabxana şəbəkələrinin formalaşması prosesinin
geniş mənzərəsi yaradılmışdır. Müəllif
Azərbaycanda kitabxana quruculuğunun inkişaf
dinamikasını ümumiləşdirərək, həmin mərhələdə
Azərbaycanın sosial-iqtisadi və mənəvi həyatının
bütün cəhətlərini qarşılıqlı əlaqədə göstərib.
Kitabxana işinin inkişafı bütün mərhələlərdə
Azərbaycan tarixi və mədəniyyəti ilə sıx əlaqədə,
cəmiyyətin siyasi, iqtisadi və mədəni həyatının
ayrı-ayrı sahələrində baş verən proseslər
fonunda əks etdirilib.
Tədqiqatda Azərbaycanda kitabxana işinin
inkişafının elmi əsasları və təcrübi metodları
açılıb göstərilir, kitabxana quruculuğu
sahəsində dövlət siyasəti təhlil edilir.
Həmin monoqrafiya Abuzər Xələfovun 1975-ci ildə
uğurla müdafiə etdiyi doktorluq
dissertasiyasının mövzusu idi.
Abuzər Xələfovun 15 illik tədqiqatının
nəticələrini ümumiləşdirən bu doktorluq
dissertasiyası həm Sovetlər İttifaqının
kitabxana ictimaiyyətinin, həm də
mədəniyyətşünaslıq sahəsi mütəxəssislərinin
diqqətini yalnız maraqlı və qiymətli elmi
faktların zənginliyi ilə deyil, eyni zamanda
elmi nəticələrin yeniliyi, orijinallığı və
ümumiləşdirilməsi səviyyəsi ilə cəlb etmişdir.
Təsadüfi deyil ki, A.Xələfovun tədqiqatına
görkəmli alimlərdən Azərbaycan EA-nın
vitse-prezidenti, akademik M.Dadaşzadə,
akademiyanın müxbir üzvü, professor A.Aslanov,
tarix elmləri doktoru, professor Z.İbrahimov,
filologiya elmləri doktoru, professor
Q.Qazımzadə, tarix elmləri doktoru, professor
A.Atakişiyev, tarix elmləri doktoru, professor
M.Vəkilov, tarix elmləri doktoru, professor
N.Paşayev, həmçinin Sovet İttifaqının tanınmış
kitabxanaşünasları, kitabxana işi tarixçiləri və
nəzəriyyəçiləri yüksək qiymətləndirmişdilər.
80-ci illərdə A.Xələfovun elmi araşdırmalarının
mühüm xarakterik cəhətlərindən biri da onun
Azərbaycanda kitabxanaların yaranmasının tarixi
köklərinə, ayrı-ayrı mərhələlərdə kitabxanaların
tarixi təcrübəsinə müntəzəm müraciət etməsi və
bu zaman kitabxanaların inkişafını Azərbaycan
xalqının mənəvi mədəniyyətinin inkişafı ilə sıx
əlaqədə öyrənməsi, varislik məsələsini diqqətdə
saxlamasıdır.
Həmin tədqiqatların nəticəsi olaraq 1986-cı ildə
alim "Azərbaycanda kitabxana işinin tarixindən"
adlı kitab nəşr etdirir. O, burada ilk dəfə
olaraq qədim dövrlərdə və orta əsrlərdə
Azərbaycanda kitabxanaların yaranmasının tarixi
köklərini araşdırıb, Qədim Albaniya dövründən
başlamış XVIII əsrədək kitabçılıq və
kitabxanaçılıq işinin inkişaf yolunu izləyib.
XX əsrin 90-cı illərində kitabxana işinin tarixi,
nəzəriyyəsi və metodikası sahəsində A.Xələfovun
elmi-tədqiqat fəaliyyəti Azərbaycan
Respublikasının müstəqilliyi və suverenliyi
şəraitində keyfiyyətcə yeni tarixi biçimdə
meydana çıxır.
Abuzər Xələfov bu illərdə özünün çoxsahəli elmi
və pedaqoji fəaliyyətini Azərbaycanda hüquqi,
demokratik cəmiyyət quruculuğu şəraitində siyasi
plüralizmin, informasiya azadlığının, milli və
ümumbəşəri dəyərlərin ilkinliyinin nəzərə
alınması əsasında kitabxana xidmətinin
təşkilinin metodik problemləri ilə, şəxsiyyətin
və bütövlükdə cəmiyyətin intellektual və mənəvi
inkişafında kitabxanaların rolu ilə sıx şəkildə
bağlayır.
Alimin "Müasir şəraitdə kitabxana işinin nəzəri
və təcrübi metodoloji əsasları haqqında", "Müasir
dövrdə kitabxanaların sosial funksiyaları" və
başqa konseptual məqalələrində cəmiyyətdə baş
verən sosial-iqtisadi və mədəni proseslərin elmi
şəkildə dərk edilməsi əsasında Azərbaycanda
kitabxana işinin nəzəriyyə və təcrübəsinin
inkişaf konsepsiyası hazırlanmışdır ki, bu da
yeni cəmiyyətin reallıqlarını özündə hərtərəfli
əks etdirir.
Yeni əsrin əvvəllərində "Kitabxanaşünaslığın
nəzəri əsasları" və "Kitabxana haqqında təlim"
adlı 2 hissədən ibarət "Kitabxanaşünaslığa giriş"
dərsliyinin çapdan çıxması A.Xələfovun elmi
fəaliyyətinin zirvəsi sayıla bilər. Bu nəşr
Azərbaycanda kitabxanaçılıq təhsili tarixində
kitabxanaşünaslığa dair meydana çıxmış ilk
dərslikdir.
Kitabxanaşünaslığı kitabxana-informasiya
proseslərinin və sosial kommunikasiyaların
qanunauyğunluqları haqqında elm kimi şərh edən
müəllif onun inkişafının tarixi və nəzəri
cəhətlərini hərtərəfli açıqlayır. Bu baxımdan
ilk dəfə işlənmiş "Tarixəqədərki
kitabxanaşünaslıq (bizim eradan əvvəl II
minilliyin ortalarından XVIII əsrə qədər)
fikrinin meydana gəlməsi və inkişafı", "XIX
əsrdə kitabxanaşünaslığın inkişafı", "XX əsrdə
kitabxanaşünaslığın inkişafı", "Azərbaycanda
kitabxanaşünaslıq fikrinin təşəkkülü və inkişafı
(ən qədim dövrlərdən XX əsrin əvvəllərinə qədər)",
"Azərbaycanda kitabxanaşünaslığın inkişafı
(1920-2000-ci illər)" bölmələri xüsusilə
qiymətlidir.
Bu əsərdə kitabxanaşünaslığın başqa elmlərlə
qarşılıqlı əlaqəsinin və qarşılıqlı təsirinin
sistemli xüsusiyyətlərini aydınlaşdırması
müəllifin xüsusi xidməti kimi qiymətləndirilə
bilər. Professor A.Xələfov "Kitabxanaşünaslıq və
fəlsəfə", "Kitabxanaşünaslıq və sosiologiya", "Kitabxanaşünaslıq
və iqtisadiyyat", "Kitabxanaşünaslıq və
riyaziyyat", "Kitabxanaşünaslıq və informatika",
"Kitabxanaşünaslıq və psixologiya" məsələlərini
hərtərəfli araşdırmışdır.
Ustad müəllim, tədris plan və proqramlarının
tərtibçisi
Professor kitabxanaşünaslığın nəzəri əsaslarını
cəmiyyətdə kitabxanaçılıq fəaliyyəti ilə məntiqi
şəkildə birləşdirməyə nail olmuşdur.
A.Xələfov yüksək səviyyəli alim, pedaqoq, rəhbər
işçi, fəal ictimai xadimdir. Onun səmərəli
elmi-tədqiqat fəaliyyəti Azərbaycanda və xarici
ölkələrdə geniş şöhrət qazanmışdır. Alim "Kitabxanaçılıq
informatikası", "Kitabxanaçılıq pedaqogikası", "Kitabxanaçılıq
psixologiyası", "Kitabxana iqtisadiyyatı", "Kitabxanaçı
peşəsi" kimi kitabxanaşünaslıq sahələrinin
formalaşmasına, həmçinin kitabxanaçı kadrların
hazırlığının ixtisaslaşdırılmasına,
genişprofilli kitabxana işçilərinin
hazırlanmasına dair perspektivli ideya və
təkliflər vermişdir.
Bu isə öz növbəsində Bakı Dövlət Universitetində
yeni ali təhsil sisteminin - bakalavriatura və
magistratura pillələrinin əsasını təşkil
etmişdir. O, eyni zamanda BDU-da
kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq,
kitabşünaslıq və informatika üzrə bakalavr və
magistr təhsilinin təşkilatçısı, bu
istiqamətlərdə ixtisas fənlərinə dair tədris
plan və proqramlarının əsas müəllifidir.
Kitabxanaçılıq-informasiya fakültəsinin
magistraturasında dissertasiya tədqiqatları
mövzularının işlənib hazırlanması prosesi də
məhz professor A.Xələfovun başçılığı ilə həyata
keçirilir.
Onun "Azərbaycanda kitabxana işinin tarixindən (Ən
qədim zamanlardan başlayaraq XVIII əsrə qədər)",
"Azərbaycanda kitabxana işinin tarixi
(1870-1920-ci illər)", "Sovet Azərbaycanında
kitabxana işinin tarixindən (1920-1932-ci illər)",
"Azərbaycanda kitabxana işinin tarixi
(1933-1958-ci illər)", "Azərbaycanda kitabxana
işinin tarixindən (Qədim dövrlərdən başlamış
XVIII əsrin axırınadək)", "Azərbaycanda
kitabxana işinin tarixi (Ən qədim dövrlərdən XX
əsrə qədər)", "Respublika Elmi-Texniki
Kitabxanası (1930-2000-ci illər)", "Heydər
Əliyev və Azərbaycanda kitabxana işi", "Kitabxana
işinin tarixi kursuna giriş" və s. kitabları
milli mədəniyyət tariximizin bu zəruri sahəsinin
keçdiyi şərəfli yolu hərtərəfli izləməyə imkan
yaradan əvəzsiz mənbələrdir.
Professor A.Xələfovun 2006-cı ildə nəşr
etdirdiyi "XXI əsrin əvvəllərində Azərbaycanda
kitabxana işinin inkişaf istiqamətləri (mülahizələr,
təkliflər və proqnozlar)" monoqrafiyası
müstəqillik illərində Azərbaycanda
kitabxanaşünaslıq fikrinin zirvəsidir.
A.Xələfovun "Azərbaycanda kitabxanaçılıq
təhsilinin inkişafı", "Azərbaycanda ali
kitabxanaçılıq təhsili" kitabları, çoxsaylı
məqalələri, tədris-metodik materialları
respublikada kitabxanaçılıq-biblioqrafiya
təhsilinin, yüksəkixtisaslı mütəxəssislər
hazırlanmasının konseptual cəhətdən həllinə
ciddi təsir göstərmişdir.
XXI əsrin əvvəllərində Abuzər Xələfovun
xalqımızın mədəniyyət tarixinə verdiyi qiymətli
töhfələrindən biri də 2004-2010-cu illərdə çap
etdirdiyi 3 cildlik "Azərbaycanda kitabxana
işinin tarixi" adlı dərslik olmuşdur.
Son illərdə A.Xələfovun elmi-tədqiqat
istiqamətlərindən biri ümummilli liderimiz
Heydər Əliyevin Azərbaycanda kitabxana işinin
inkişafındakı xidmətlərinin təhlili, onun nəzəri
irsinin kitabxanalarda təbliği məsələləri təşkil
edir. Onun 2006-cı ildə çapdan çıxmış "Heydər
Əliyev və Azərbaycanda kitabxana işi" adlı
fundamental monoqrafiyası mühüm tarixi elmi əsər
kimi mütəxəssislərin diqqətini cəlb etmiş, həm
elmi nəşrlərdə, həm də kütləvi informasiya
vasitələrində çox yüksək qiymətləndirilmişdir.
Professor A.Xələfov
kitabxanaşünaslıq-biblioqrafiya elmi sahəsində
elmi-pedaqoji kadrların hazırlığında da əvəzsiz
rol oynamışdır. O, Azərbaycanda
kitabxanaşünaslıq elmi sahəsində xüsusi elmi
məktəb yaratmış, 1 doktorluq və 13 namizədlik
dissertasiyası məhz onun elmi rəhbərliyi ilə
müdafiə edilmişdir. Tanınmış alim eyni zamanda
25 nəfər elmlər namizədi və elmlər doktorunun
hazırlanmasında elmi məsləhətçi və ya opponent
kimi xüsusi fəallıq göstərmişdir.
Azərbaycan Respublikasının təhsil naziri,
əməkdar elm xadimi, professor Misir Mərdanov onu
belə xarakterizə edir: "Professor Abuzər Xələfov
Azərbaycanda kitabxanaşünaslıq elminin
yaradıcısı, bu sahədə elmi məktəb yaratmış
tanınmış alim, bacarıqlı elm və təhsil
təşkilatçısıdır. İftixar etməli haldır ki,
Azərbaycanda kitabxanaşünaslıq nəzəriyyəsinin
elmi əsası A.Xələfov tərəfindən qoyulmuş,
ölkəmizdə kitabxana işinin tarixi və inkişaf
perspektivlərinə həsr edilən araşdırmaları ilə
vətənimizdə mədəniyyət tarixinin nəzəriyyə və
təcrübəsini zənginləşdirmişdir".
Dahi İbn Sina çox gözəl deyirdi ki, dünyada
insan üçün elmdən daha yaxşı dost yoxdur. Elm
dövlətdən də yaxşıdır, çünki dövləti sən
saxlamalısan, elm isə səni saxlayır.
Bu baxımdan, Abuzər müəllim görkəmli ziyalılarla
sağlam elmi müzakirələr aparmağın və müəyyən bir
fikir formalaşdırmağın ustasıdır.
Abuzər müəllim alimliklə müəllimliyi, insanlıqla
ziyalılığı, müdrikliklə aqilliyi qoşalaşdıran,
birləşdirən, zirvələşdirən şəxsiyyətlərdəndir.
Ömrünün böyük hissəsini yaradıcısı olduğu
fakültənin inkişafına, müasir tələblərə cavab
verən kitabxanaçı kadrların hazırlanması işinə
həsr etmiş alim, haqlı olaraq, respublikamızda
çalışan 5 mindən artıq yüksəkixtisaslı kadrlar
ordusunun müəllimi adlandırılır. Bu gün
Azərbaycanda kitabxanaçı kadrların orta nəslinin
elə bir nümayəndəsi tapılmaz ki, o, "Professor
Abuzər Xələfov məktəbi"ni keçməmiş olsun, onun
mühazirələrindən, dərsliklərindən bəhrələnməmiş
olsun.
Ömrünün müdriklik və kamillik dövrünü yaşayan
Abuzər müəllim bütöv şəxsiyyətdir. Onun həyatı,
şəxsi və ictimai fəaliyyəti, insanlara məhəbbəti,
qayğısı və səmimiyyəti yeni nəsil üçün əsl
nümunə məktəbidir. O, qəlbində Vətən sevgisi,
torpaq nisgili, yurd həsrəti yaşadan
vətəndaş-ziyalıdır. İnanırıq ki, təkcə
Azərbaycanda deyil, həmçinin yaxın və uzaq
xarici ölkələrdə yaxşı tanınan görkəmli alim
bundan sonra da Azərbaycan kitabxanaşünaslıq
elmini özünün yeni-yeni sanballı əsərləri ilə
daha da zənginləşdirəcəkdir.
Şərəfli
ömürdən sətirlər
Bayram ALLAHVERDİYEV,
BDU-nun Kitabşünaslıq və nəşriyyat işi
kafedrasının müdiri, tarix elmləri doktoru,
professor
XX əsrin 50-ci illərində əvvəlcə tələbə, bir
qədər sonra isə bir yerdə işləyən həmkarım kimi
təmasda olduğum səmimi insan, gözəl ziyalı
Abuzər Xələfovu həmişə xoşxasiyyət, həm də ciddi
şəxsiyyət kimi tanıyıram. Bu illər ərzində
Abuzər müəllimə ağsaqqal gözü ilə baxmış,
səmimiyyətinə inanmış və məsləhətlərinə ehtiyac
duymuşam.
Professor Abuzər Xələfovun fəaliyyətinin əsas
hissəsi kitabxanaçılıq işi, kitabxanaçılıq
sənəti ilə bağlıdır. Abuzər müəllimin bu
ixtisasa böyük sevgisi var. O, öz biliyi,
istedadı, tələbkarlığı və ziyalılığı ilə
ölkəmizdə və keçmiş SSRİ məkanında böyük nüfuz
qazanmış alimdir.
Azərbaycanda müstəqil kitabxanaçılıq
fakültəsinin yaradıcısı və ilk dekanı kimi
mənalı həyat yolu keçmiş Abuzər Xələfov XX
əsrin 50-ci illərinin sonlarında kitabxana
işinin tarixinə xüsusi maraq göstərmişdir. Çünki
kitabxana işinin tarixi xalqın, vətənin keçmişi,
inkişaf səviyyəsi, mədəniyyəti, əxlaqı, elmi ilə
sıx surətdə bağlıdır. Bu, görkəmli alimdə
müqəddəslik kitaba olan müqəddəslikdən
yaranmışdır. Abuzər Xələfovun fəaliyyəti
çoxşaxəli və çoxcəhətlidir. İndiyə qədər o,
respublikamız üçün kitabxanaşünaslıq sahəsi üzrə
çox sayda elmlər namizədi və elmlər doktoru
yetirmişdir.
Professor A.Xələfov Azərbaycanda kitabxana işi
sahəsində ilk sanballı elmi tədqiqatlar aparmış,
ilk dəfə namizədlik və doktorluq
dissertasiyalarını müdafiə etmişdir. Bununla da
ölkəmizdə həmişəlik kitabxanaşünaslıq elminin
banisi statusunu qazanmışdır.
Görkəmli alim respublikanın və keçmiş SSRİ-nin
nüfuzlu dövri mətbuat səhifələrində kitabxana
işinin tarixi, kitabxanaşünaslığın tarixi,
nəzəriyyəsi, kitabxanaçılıq təhsili və digər
əlaqədar problemlər üzrə 200 addan çox elmi
məqalə dərc etdirmişdir.
Professor Abuzər Xələfovun elmi-pedaqoji
fəaliyyətində ali kitabxanaçılıq təhsilinin
təşkili xüsusi yer tutur. O, ali kitabxanaçılıq
təhslinin nəzəriyyəçisi və təşkilatçısıdır.
Ölkəmizdə ali kitabxanaçılıq-biblioqrafiya
təhsilinin inkişafında və optimallaşdırılmasında
onun xidmətləri əvəzsizdir.
1999-cu ildə professorun təşəbbüsü ilə
Azərbaycanda respublika kitabxanaçılarının ilk
peşəkar ittifaqı - Azərbaycan Kitabxanaçılar
Cəmiyyəti yaradılıb və prezidenti Abuzər Xələfov
seçilib.
Professor Abuzər Xələfov işləməkdən, elmi əsər
yazmaqdan zövq alır. Çox maraqlıdır ki, 2011-ci
ildə "Kitabxanaşünaslıq və informasiya" adlı
elmi-nəzəri və praktiki jurnalı nəşr olunur.
Təsisçisi və baş redaktoru Abuzər Xələfov olan
bu jurnal kitabxanaşünaslığın, kitabxana işinin
tarixi, nəzəriyyəsi və təcrübi problemlərinə
dair elmi məqalələri dərc edən nüfuzlu elmi
jurnallardan hesab edilir.
O, indi ömrünün müdriklik çağını yaşayır. Hər il
yeni əsərləri, dərslik və dərs vəsaitləri ilə
Azərbaycan kitab mədəniyyətini zənginləşdirir və
inkişaf etdirir.
Milli
ziyalılıq meyarı
Aybəniz ƏLİYEVA-KƏNGƏRLİ,
AMEA-nın Mərkəzi Elmi Kitabxanasının
direktoru, filologiya elmləri doktoru
Görkəmli ziyalı, minlərlə tələbəyə elm öyrətmiş
insan, müəllim haqqında yazmaq həm
məsuliyyətlidir, həm də şərəfli. Bu məsuliyyət
həmin alimin nüfuzu, elmə verdiyi töhfələri,
insanlara, vətənə, millətə, dövlətə münasibəti
ilə bağlıdır. Adını həmişə böyük hörmət hissi
ilə çəkdiyimiz, şəxsiyyətinə sonsuz rəğbət
bəslədiyimiz müəllimimiz Abuzər Xələfov da məhz
elə alimlərdəndir ki, onun haqqında fikirlərimiz
bir neçə vərəqlik təəssüratla kifayətlənmir.
Abuzər Xələfovun böyüklüyü ondadır ki, onun
mənəviyyat dünyası ilə intellektual aləmi tam
harmoniya təşkil edir. Abuzər müəllim klassik
müəllimlərə, köhnə kişilərə xas olan ədəb-ərkanı,
səliqə-sahmanı, oturuşu-duruşu ilə hamını özünə
cəlb edən saf ürəkli, həlim təbiətli bir
insandır. Biz onu həmişə belə görmüşük, belə
tanımışıq...Bu gün də - 80 yaşının tamamında da
o, belədir!..
***
Universitetə təzəcə daxil olmuşduq,
kitabxanaçılıq şöbəsi filologiya fakültəsinin
tərkibindən çıxaraq fakültəyə çevrilmişdi. Lakin
bu çevrilmə yalnız hər hansı bir göstərişin,
əmrin məntiqi nəticəsi deyildi, bu həm də
kitabxana işi sahəsində kadr potensialının
formalaşmasının, kitabxanaçılığın bir elm kimi
ortaya çıxmasının və bu elmə öndərlik edə
biləcək, onun inkişafı naminə əlindən gələni
əsirgəməyəcək bir insanın - Abuzər Xələfovun
məsələyə olduqca ciddi və ardıcıl yanaşmasının
bəhrəsi idi. Təhsil aldığımız ilk günlərdə
Abuzər müəllim haqda çox az şeydən xəbərdar idik,
hələ onun bu gün göz bəbəyi kimi qoruduğumuz
sənətimizin var olması üçün nələri etdiyindən,
nələrlə üzləşdiyindən, kitabxanaçılığı bir elm
kimi qurub-yaratmaq yolunda hansı məşəqqətlərdən
keçdiyindən xəbərsiz idik.
Tədrisdə Abuzər müəllim ən mürəkkəb məsələni
belə özünəməxsus şəkildə elə anlaşıqlı təsvir və
şərh edirdi ki, elə bil ən sadə bir şeydən
danışır. Və təbii ki, bu sadəlik böyük zəhmətin
sayəsində fəth edilmiş yüksəklikdən xəbər
verirdi. Təsadüfi deyil ki, Abuzər müəllim
həmişə öz mühitində güclü hafizəyə, aydın ağıla
və çox geniş erudisiyaya malik bir şəxsiyyət
kimi xarakterizə olunub. O, demək olar ki,
istənilən sahədə (dil, ədəbiyyat, incəsənət,
tarix və s.) öz müsahibini maraqlandıran
söhbətlər apara bilər və öz konkret
mülahizələrini təvazökarlıqla şərh edər. Tələbə
olduğumuz illərdə onu dinlədikcə əmin olurduq ki,
o, hansı bir sahə ilə məşğul olsa, ciddi uğurlar
əldə edər və həmin sahənin görkəmli mütəxəssisi
olar.
Bu məqamda Abuzər müəllimin qəzetlərə verdiyi
müsahibələrdən birini xatırlayır və bir sitata
toxunmaq istəyirəm: "Əvvəllər bizim sənətə o
qədər ağız büzən, istehza edənlər vardı ki...
Məhəl qoymadım, dövlət orqanları qarşısında
dəfələrlə məsələ qaldırmaqla məqsədimə nail
oldum. Mən enerjimi ancaq işə verdim. Kimsənin
qeybətini eləmədim, kimsəyə pisliyim dəymədi.
Buna görə də ətrafımdakılar həmişə hörmətimi
saxlayıblar". O, uzun illərdən sonra qəbul
olunmuş "Kitabxana işi haqqında" Qanunun
hazırlanmasında bilavasitə iştirak etmiş və çox
mürəkkəb bir məsələnin həllinə - qanunda
kitabxanaların elm, mədəniyyət mərkəzi olmaqla
bərabər, həm də təhsil müəssisəsi adlanmasına
nail olmuşdur.
Kitabxanaşünaslıq elminə dair bir çox elmi
əsərlər yaratmış Abuzər müəllim bu gün də
usanmadan çalışır, yeni əsərlər üzərində işləyir.
Onun müəllifi olduğu 3 cildlik "Kitabxanaşünaslığa
giriş", "Azərbaycanda kitabxana işinin tarixi",
"Kitabxana işinin tarixi kursuna giriş" kimi
əsərləri kitabxana işi sahəsinin bütün
mütəxəssisləri üçün ən dəyərli mənbədir. "Heydər
Əliyev və Azərbaycanda kitabxana işi" kitabı
Abuzər müəllimin Heydər Əliyev şəxsiyyətinə
dərin ehtiramının təcəssümüdür. İki fəsildən
ibarət olan bu kitabda ümummilli lider Heydər
Əliyevin Azərbaycan mədəniyyətinin ayrılmaz
tərkib hissəsi olan kitabxana işi sahəsindəki
misilsiz xidmətlərindən bəhs olunur.
Professor Abuzər Xələfovu tanıyanlar yaxşı
bilirlər ki, o, daim elmi axtarışlardadır, o,
daim tədqiq edir, daim yazır, öyrənir, öyrədir.
Abuzər müəllimin elmi və pedaqoji fəaliyyəti
bütöv bir vəhdət təşkil edir. Onun həyat
salnaməsində alimlik və müəllimlik hər zaman
qoşa addımlamış, bir-birini tamamlamışdır.
Abuzər müəllim kimi ziyalılar millətin yoluna
işıq tutan, insanlara elm, təhsil, mənəviyyat
nuru çiləyən, onu aydın sabaha aparan
insanlardır. Ziyalı isə Vətən və millət yolunda
zəkasını, intellektini əsirgəməyən insan olub,
yaxşıların yaxşısı, mənəviyyatca zəngin
şəxsiyyətdir. Ziyalı millətinə, dövlətinə
sədaqətlə xidməti ilə, cəmiyyətə verdiklərinin
sanbalı və miqyası ilə böyükdür. Abuzər Xələfov
milli ziyalılıq meyarıdır, ustaddır. 80 yaşın
mübarək, ustad!
Knyaz ASLAN,
pedaqogika üzrə fəlsəfə doktoru, dosent,
Şamxəlil MƏMMƏDOV,
Azərbaycan Respublikasının əməkdar jurnalisti
|
|