Aprelin 27-də Müstəqil Dövlətlər Birliyi
Parlamentlərarası Assambleyası Şurasının
Demokratiyanın, Parlamentarizmin və
Vətəndaşların Seçki hüquqlarına Riayət
Olunmasının Monitorinqi Beynəlxalq İnstitutu
Bakı filialı Azərbaycan Müəllimlər İnstitutunda
institutun professor-müəllim və tələbə heyətinin
iştirakı ilə "Demokratiya və vətəndaş
cəmiyyətinin inkişafı: Azərbaycan
Respublikasının təcrübəsi" mövzusunda "dəyirmi
masa" keçirmişdir.
"Dəyirmi masa"nın keçirilməsində məqsəd "Demokratiya
və vətəndaş cəmiyyətinin inkişafı: Azərbaycan
Respublikasının təcrübəsi" mövzusu üzrə MDB PAA
DİMBİ Bakı filialının həyata keçirdiyi araşdırma
işi bu sahədə ölkəmizdə görülən tədbirlərlə
iştirakçıları yaxından tanış etməkdən ibarət
olmuşdur.
Tədbiri giriş sözü ilə açan AMİ-nin tərbiyə
işləri üzrə prorektoru T.Yusifova iştirakçıları
salamlayaraq tədbirin məqsədi, təşkili və MDB
PAA DİMBİ Bakı filialı haqqında ətraflı məlumat
verdi.
Daha sonra çıxış üçün söz MDB PAA DİMBİ BAKI
filialının direktor müavini T.Muradova verildi.
Natiq çıxışına Azərbaycanda demokratik
islahatların keçirilməsi və bu işlərə birbaşa
rəhbərlik etmiş ümummilli liderimiz Heydər
Əliyevin bu istiqamətdə gördüyü işlərə tarixi
nəzər salmaqla başladı. O, öz çıxışında
müstəqilliyimizin ilk illərindən ölkəmizə
rəhbərlik etmiş Heydər Əliyevin demokratiya və
vətəndaş cəmiyyətinin qurulması istiqamətində
gördüyü təxirəsalınmaz işlərindən söz açdı.
Tədbirdə "Tolerant cəmiyyətin Azərbaycan
nümunəsi", "Demokratik cəmiyyətdə Azərbaycan
nümunəsi" və "Demokratiya dünya təcrübəsində və
Azərbaycanda" kimi mövzularında məruzələr
dinlənildi.
Tədbirdə "Demokratiya və vətəndaş cəmiyyətinin
inkişafı: Azərbaycan Respublikasının təcrübəsi"
adlı əyani vəsait də iştirakçılara təqdim
olundu. |