Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyevin anadan olmasının 88-ci ildönümü
münasibəti ilə Naxçıvan Dövlət Universitetində
ənənəvi "Heydər Əliyev həftəsi" çərçivəsində
silsilə tədbirlər keçirilir.
Öncə
ulu öndərin Naxçıvan şəhərindəki abidəsi ziyarət
olundu. Ali məktəbin nəzdindəki Heydər Əliyev
Universitetinin "Heydər Əliyev və müstəqil
Azərbaycan" mövzusunda 144-cü məşğələsi ulu
öndərin Naxçıvan şəhərindəki ev-muzeyində təşkil
olunmuşdu. Məşğələdə giriş sözü ilə çıxış edən
rektor, akademik İsa Həbibbəyli dünya şöhrətli
siyasətçinin Azərbaycanın müstəqil dövlətçilik
tarixində, xalqın milli müqəddəratında, ölkənin
dinamik inkişafında əvəzsiz xidmətlərindən
danışdı. Hüquq fənləri kafedrasının müdiri,
tarix elmləri üzrə fəlsəfə doktoru, dosent Şükür
Məmmədov məruzəsində dahi öndərin dünya siyasət
arenasında parlaq şəxsiyyətlərdən biri, müstəqil
Azərbaycanın memarı və qarantı, ölkədə sülh və
siyasi sabitlik yaratmaqla Azərbaycanın
sosial-iqtisadi tərəqqisinə və dünyada
tanıdılmasına nail olan görkəmli dövlət xadimi
olmasından bəhs etdi.
Universitetin Beynəlxalq münasibətlər və xarici
dillər fakültəsində "Ulu öndərin irsi tükənməz
məxəzdir" mövzusunda keçirilən elmi-əməli
konfransda fakültə dekanı, filologiya üzrə
fəlsəfə doktoru, dosent, Naxçıvan MR-in əməkdar
müəllimi Qurban Qurbanlı "Heydər Əliyevin dili
və müasir azərbaycanşünaslığın vəzifələri",
Beynəlxalq münasibətlər kafedrasının müdiri,
fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Yusif
Hüseynov "Azərbaycan Respublikasının beynəlxalq
mövqeyinin gücləndirilməsində Heydər Əliyev
siyasətinin rolu", Beynəlxalq münasibətlər
ixtisası üzrə III kurs tələbəsi Anar Fərəczadə "Heydər
Əliyevin gənclər siyasətinin uğurları"
mövzularında məruzələr etdilər. Məruzələrdə ulu
öndərin dilçiliklə bağlı elmi-nəzəri
görüşlərinin əhəmiyyətindən, xarici siyasətinin
uğurlarından, müstəqil dövlət quruculuğunda,
idarəetmədə gənclərə böyük üstünlük verməsindən
bəhs olundu.
"Heydər Əliyev və müstəqil Azərbaycanın
inkişafı" mövzusunda keçirilən ümumuniversitet
elmi konfransında Beynəlxalq münasibətlər
kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə
doktoru, dosent Yusif Hüseynovun "Heydər Əliyev
və Azərbaycanın xarici siyasəti", iqtisadiyyat
fakültəsinin dekanı, iqtisad elmləri doktoru,
professor Asif Şirəliyevin "Heydər Əliyev və
Azərbaycan iqtisadiyyatı", Pedaqogika və
psixologiya kafedrasının dosenti, pedaqogika
üzrə fəlsəfə doktoru, əməkdar müəllim Kamal
Camalovun "Heydər Əliyevin təhsil siyasəti",
universitet Gənclər Təşkilatının sədri, III kurs
tələbəsi Nargilə Əsədovanın "Heydər Əliyev və
Azərbaycanda gənclər siyasəti" mövzularında
məruzələri dinlənildi. Məruzələrdə görkəmli
dövlət xadiminin uğurlu daxili və xarici
siyasəti, məqsədyönlü inkişaf strategiyası,
gəncliyə göstərdiyi yüksək qayğı və etimadla
bağlı məsələlərə toxunuldu.
Qeyd edək ki, "Heydər Əliyev həftəsi"
çərçivəsində "Heydər Əliyev və Naxçıvan Muxtar
Respublikası" mövzusunda ingilis dilində ilk
ümumuniversitet bilik yarışması, idman yarışları,
şeir müsabiqəsi, fakültədaxili simpozium və
konfranslar, mədəniyyət tədbirləri, muzey
ekskursiyaları keçirilməkdədir. Həftə ümummilli
liderin 88-ci ildönümünə həsr olunmuş zirvə
tədbiri ilə yekunlaşacaq.
Mehriban SULTAN |
|