Şimali Kiprin Doğu Akdeniz Universitetinin (DAU)
rektoru, professor Abdullah Öztoprak və Ərdahan
Universitetinin rektoru, professor Ramazan
Qorxmaz universitet təmsilçilərindən ibarət
heyətlə birlikdə Naxçıvan Dövlət Universitetində
olmuşlar. Qonaqlar Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyevin abidəsini ziyarət etmiş,
ev-muzeyinə ekskursiya etmişlər.
Universitetin
konservatoriyasında keçirilən görüşdə rektor,
akademik İsa Həbibbəyli ali məktəbin strukturu,
maddi-texniki bazası, professor-müəllim heyəti,
tələbə kontingenti haqqında ətraflı məlumat
vermişdir. Ali məktəbin çoxşaxəli beynəlxalq
əlaqələrinə toxunan rektor Türkiyə
universitetləri ilə tərəfdaşlığın coğrafi,
tarixi, milli birlik baxımından xüsusilə
əhəmiyyətli olduğunu vurğulamışdır. Qeyd
olunmuşdur ki, ali təhsil ocağının Türkiyənin
İzmit Kocaeli, Elazığ Fırat, Qars Qafqaz, Van
100-cü il və Ankara universitetləri ilə sıx
əlaqələri mövcuddur, bu əlaqələrin inkişafı üçün
əhəmiyyətli addımlar atılmaqdadır.
Qonaqlar İncəsənət fakültəsinin hazırladığı
konsert proqramına maraqla tamaşa etmişlər.
Universitetin müəllimi, Naxçıvan MR əməkdar
artisti Gülyanaq Fərzəliyevanın, türk, eləcə də
digər xarici tələbələrin də qatıldıqları vokal
və "Yallı" rəqs qruplarının ifaları məmnunluqla
qarşılanmışdır. Türkiyəli heyət müəllim və
tələbələrin karikatura sərgisinə da baxmışdır.
Universitet ərazisi ilə tanışlıqdan sonra
rektorluqda rəsmi görüş keçirilmişdir. Rektor,
akademik İsa Həbibbəyli türkdilli ölkələrin ali
məktəblərinin əlaqələrinin əhəmiyyətindən, üç
universitetin birgə əməkdaşlıq haqqında müqavilə
imzalayacağı günün tarixiliyindən bəhs etmişdir.
Doğu Akdeniz Universitetinin (DAU) rektoru,
professor Abdullah Öztoprak Kiprin və Avropanın
qabaqcıl universitetlərindən biri olan,
Beynəlxalq Universitetlər Assosiasiyasının,
İslam Ölkələri Universitetlər Federasiyasının və
Avropa Universitetlər Assosiasiyasının üzvü olan
universitetdə 13 mindən artıq tələbə, o cümlədən
37 azərbaycanlının təhsil aldığını qeyd etmiş,
qardaş ölkə ilə elm, təhsil sahəsində
tərəfdaşlığa maraqlı olduğunu vurğulamışdır.
Ərdahan Universitetinin rektoru, professor
Ramazan Qorxmaz 2008-ci ildə yaradılan
universitetdə 3 fakültənin fəaliyyət
göstərdiyini, tədris ocağının Türkiyədə
Azərbaycan dili və ədəbiyyatının tədris olunduğu
yeganə universitet olduğunu bildirmiş,
əməkdaşlığın inkişafı istiqamətində perspektiv
vəzifələrdən söz açmışdır.
Sonra çoxcəhətli əməkdaşlıq haqqında üçtərəfli
müqavilə imzalanmışdır. Müqavilədə dünya elm,
təhsil sisteminə inteqrasiya, ortaq mənəvi
dəyərlərin öyrənilməsi və təbliği, modern tədris
üsullarının mənimsənilməsi məqsədilə elm, təhsil,
mədəniyyət, idman sahəsində əlaqələrin inkişafı,
müştərək elmi tədqiqat işlərinin, simpozium və
konfransların, mədəni tədbirlərin, idman
yarışlarının keçirilməsi, elmi kadr və tələbə
mübadiləsi məsələləri öz əksini tapmışdır.
Mehriban SULTAN,
NDU-nun Mətbuat şöbəsinin müdiri |
|