Mayın 4-də Bakı Slavyan Universiteti və Gəncə
Dövlət Universitetinin təşkilatçılığı ilə BSU-da
ümummilli lider Heydər Əliyevin anadan olmasının
88-ci ildönümünə həsr olunmuş "Azərbaycanşünaslığın
aktual problemləri" mövzusunda II beynəlxalq
elmi konfrans öz işinə başladı. Öncə
iştirakçılar BSU-da ümummilli lider Heydər
Əliyevin büstü önünə əklil qoydular.
Konfransda
respublikanın ali məktəbləri və elmi
müəssisələrinin nümayəndələri ilə yanaşı,
Türkiyə, Rusiya, ABŞ, Belarus, Gürcüstan, Litva,
Polşa və Qazaxıstandan 30-a yaxın alim və
tədqiqatçı iştirak edirdi. Tədbirin
keçirilməsində məqsəd azərbaycanşünaslıq
ideyalarının bir elmi istiqamət kimi öyrənilməsi
və mənimsənilməsi, xarici ölkələrin
universitetlərində fəaliyyət göstərən
azərbaycanşünaslıq tədris və mədəniyyət
mərkəzlərinin fəaliyyətinin gücləndirilməsi,
azərbaycanşünaslığın inkişafı, təbliği və
tətbiqi, müxtəlif ölkələrdən olan
azərbaycanşünasların Azərbaycan dili, ədəbiyyatı,
tarixi və mədəniyyətinə marağını artırmaqdan
ibarət idi. Qeyd edək ki, BSU ümummilli lider
Heydər Əliyevin anadan olmasının 88-ci
ildönümünə həsr olunmuş tədbirlər planında 48
tədbir keçirməyi nəzərdə tutub ki, bu da həmin
tədbirlərdən ən əhəmiyyətlisidir.
Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru,
professor Kamal Abdullayev ulu öndər Heydər
Əliyevin dövlətçiliyimizə bəxş etdiyi
töhfələrdən söz açdı. Heydər Əliyevin dünya
siyasi arenasında böyük bir siyasətçi olduğunu
və ömrünü xalqına, onun gələcəyinə həsr etdiyini
iştirakçıların nəzərinə çatdırdı. Professor
K.Abdullayev ulu öndər Heydər Əliyevlə bağlı
universitetin ən böyük xatirəsinin ümummilli
liderlə Rusiya Federasiyasının Prezidenti
Vladimir Putinin universitetə birgə gəlişi ilə
bağlı olduğunu qeyd etdi. Bildirdi ki,
universitetin yaranmasının təşəbbüskarı olan
Heydər Əliyev BSU-ya diqqət və qayğısını
əsirgəməmişdir. Ümummilli lider Heydər Əliyev
Azərbaycan xalqının milli mənəvi dəyərlərinə və
adət-ənənələrinə daim hörmətlə yanaşaraq, bundan
irəli gələn məsələləri diqqət mərkəzində
saxlamışdır.
Konfransın
artıq ikinci il keçirildiyini və böyük əhəmiyyət
daşıdığını qeyd edən K.Abdullayev bildirdi ki,
elmi məclisin işi müasir azərbaycanşünaslığın
müxtəlif aspektlərini əhatə edəcək. Burada
siyasət, hüquq, tarix, etnoqrafiya, dil və
ədəbiyyat, mədəniyyət, elm və təhsil,
iqtisadiyyat və coğrafiya sahələri üzrə
məruzələr olunacaq.
Tədbirdə çıxış edən təhsil nazirinin müavini
Elmar Qasımov iştirakçıları və qonaqları
salamlayaraq konfransın əhəmiyyətindən söz açdı.
Nazir müavini konfransın ulu öndər Heydər
Əliyevin anadan olmasının 88-ci ildönümü ilə
əlaqədar keçirilməsinin konfransın əhəmiyyətini
daha da artırdığını qeyd etdi. E.Qasımov
bildirdi ki, Heydər Əliyev müasir Azərbaycanın
qurucusudur və beynəlxalq tədbirin onun ildönümü
ərəfəsində keçirilməsi təqdirəlayiqdir.
E.Qasımov ulu öndər Heydər Əliyevin ideyaları
əsasında formalaşan və gündən-günə inkişaf edən
respublikamızda azərbaycanşünaslıq sahəsinə
böyük diqqət yetirildiyini bildirdi. Nazir
müavini gündəliyə salınmış mövzuların aktual
olduğunu və bu işi davam etdirməyin vacibliyini
vurğuladı. Bildirdi ki, konfransın
keçirilməsində əsas məqsədlərdən biri də dünya
universitetlərində azərbaycanşünaslıq
bölmələrinin yaradılmasıdır. Artıq bəzi
ölkələrdə - Rusiya, Polşa universitetlərində
belə bölmələr fəaliyyət göstərir.
Digər çıxış edənlər-Ural Dövlət Universitetinin
professoru Aleksandr Nesterov, ABŞ-ın Kolumbiya
Universitetinin nümayəndəsi Amanda Erikson,
Polşa Şərqşünaslıq İnstitutunun elmi işçisi
Elizabeta Kustra-Pirvere, Belarus Dövlət İqtisad
Universitetinin nümayəndəsi Eleonora Hüseynova,
Moskva Dövlət Beynəlxalq Münasibətlər
Universitetinin professoru Stanislav
Çernyayevski və başqaları azərbaycanşünaslıq
haqqında fikirlərini söylədilər.
Konfrans öz işini mayın 6-da Gəncə Dövlət
Universitetində davam etdirəcək.
Niyazi RƏHİMOV |
|