Xalqımızın ümummilli lideri Heydər Əliyevin
anadan olmasının 88-ci ildönümü münasibəti ilə
mayın 4-də Azərbaycan Müəllimlər İnstitutunda
elmi-praktik konfrans keçirilib.
Konfransdan
öncə tədbir iştirakçıları ulu öndərin həyat və
fəaliyyətini əks etdirən filmə baxdılar. Tədbiri
giriş sözü ilə institutun rektoru, millət vəkili,
siyasi elmlət doktoru, professor Aqiyə
Naxçıvanlı açaraq bildirmişdir ki, tarix boyu öz
xalqının milli mənəvi irsini, mental-əxlaqi
dəyərlərini qoruyub saxlayan, tarixi kimliyini,
özünəməxsusluğunu gələcək nəsillərə ötürmək kimi
çətin missiyanın ağırlığını öz çiyinlərində
daşıyan fenomen şəxsiyyətlər olmuşdur. Bu
şəxsiyyətlər həmişə xalqının xoşbəxt gələcəyi
naminə məharətlə mübarizə aparıb, gələcəyə doğru
inamla addımlamışlar. Belə bənzərsiz
şəxsiyyətlərin ön sırasında şübhəsiz ki,
Azərbaycanın böyük oğlu, ulu öndər Heydər Əliyev
durur. Ölkəmizin dünəni, bu günü və zirvələrə
doğru ucalmaqda olan sabahı bu tarixi
şəxsiyyətin adı ilə qırılmaz tellərlə bağlıdır.
Professor A.Naxçıvanlı çıxışında onu da qeyd
etdi ki, Heydər Əliyev, sözün əsl mənasında,
müstəqil Azərbaycan dövlətinin inkişafının bütün
istiqamətlər üzrə əsasını formalaşdırdı.
Ölkəmizin demokratik inkişaf yolunu
müəyyənləşdirdi, sosial-iqtisadi-mədəni inkişaf
xəttinin təməlini qoydu. Ən əsası isə
Azərbaycanın dövlət müstəqilliyinin daimiliyini,
əbədiliyini, dönməzliyini təmin edən mükəmməl,
gələcək illərdə təməli daha da möhkəmlənəcək
milli dövlətçilik ideologiyasını formalaşdırdı.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin
şəxsində bu ideologiyanı Azərbaycanın
sosial-iqtisad-siyasi-mədəni tərəqqisini uğurla
həyata keçirə biləcək ən layiqli varisini
yetişdirdi.
Tədbirdə
institutun İctimai fənlər kafedrasının müdiri,
tarix elmləri doktoru Qafar Cəbiyev geniş məruzə
ilə çıxış etdi. O bildirdi ki, Heydər Əliyev
əksər elm sahələrini kifayət qədər yaxşı bilirdi.
Məruzə və çıxışlardan, ayrı-ayrı elm adamları
ilə görüş və söhbətlərdən onun humanitar elmləri
xüsusilə yaxşı bildiyi dərhal nəzəri cəlb edirdi.
Bu, əlbəttə, hər şeydən əvvəl, ulu öndərin iti
təfəkkürə, möhkəm məntiqə, fonemenal yaddaşa,
geniş və zəngin dünyagörüşə malik olduğundan, ən
nəhayət, onun yorulmaq bilmədən mütaliə
etdiyindən xəbər verirdi.
Ulu öndərlə təmasda olmuş tarixçi alimlərin də
etiraf etdikləri kimi, Heydər Əliyev Azərbaycan
tarixinin bütün dövrləri ilə maraqlanırdı və bu
problemləri kifayət qədər yaxşı bilirdi.
Təsadüfi deyildir ki, o, hər dəfə alimlərlə
görüşündə çoxcildlik "Azərbaycan tarixi", "Azərbaycan
şəhərlərinin tarixi", "Azərbaycan xalqının hərb
tarixi", habelə Azərbaycanın görkəmli
şəxsiyyətlərinin həyat və fəaliyyətini əks
etdirən fundamental əsərlərin yazılması
zəruriliyini dönə-dönə xatırladırdı.
Tədbirdə bir daha vurğulandı ki, Heydər Əliyev
Azərbaycan xalqının dünyaya bəxş etmiş olduğu ən
böyük siyasətçi, ən nüfuzlu dövlət xadimi
olmaqla yanaşı, həm də, sözün əsl mənasında,
qurucu və yaradıcı bir insan idi. O, müstəqil
Azərbaycanın həm memarı, həm də qurucusudur.
Tanınmış Amerika senatorlarından biri Heydər
Əliyevi "Asiyanın Corc Vaşinqtonu"
adlandırmışdır.
Sonra tədbirdə İctimai fənlər kafedrasının
dosenti Namiq Əliyev və I kurs tələbəsi Türkanə
Kamallı çıxış etdilər.
Tədbirdən sonra iştirakçılar institut
tələbələrinin ulu öndərin anadan olmasının 88-ci
ildönümü münasibəti ilə təşkil etdikləri gül
müsabiqəsi, rəsm və əl işlərindən ibarət sərgi
ilə tanış oldular.
T.YUSİFOVA,
AMİ-nin Tərbiyə işləri üzrə prorektoru |
|