Ümummilli
lider Heydər Əliyevin anadan olmasının 88-ci
ildönümü ilə əlaqədar Sumqayıt Dövlət
Universitetində (SDU) ulu öndərin büstünün
açılışı olmuşdur. Mərasimdə iştirak edən
respublikanın təhsil naziri Misir Mərdanov və
Sumqayıt İcra Hakimiyyətinin başçısı Eldar
Əzizov ulu öndərin büstü önünə əklil qoymuşlar.
Universitetin vestibülündə ümummilli liderin
yorulmaz fəaliyyətini işıqlandıran fotostend
təşkil edilmişdir.
Misir Mərdanov və Eldar Əzizov Azərbaycanın ən
yeni tarixində ümummilli lider Heydər Əliyevin
yüksək xidmətləri barədə söhbət açmış, ali
məktəblərin maddi-texniki bazasının
möhkəmləndirilməsində, təhsilin inkişafında və
ölkəmizin kadr potensialının yaradılmasında onun
rolunu vurğulamışlar.
Sonra qonaqlar universitetlə tanış olmuşlar.
Onlar 480 yerlik akt salonuna və idman zalına
baxmışlar. SDU-nun rektoru, professor Nadir
Qəhrəmanov universitetdə yaradılmış müasir
videokonfrans zalını qonaqlara göstərərək
bildirmişdir ki, bu konfrans zalı 13 ölkənin ali
məktəbləri ilə onlayn rejimdə əlaqə yaratmağa
imkan verir. Daha sonra o bildirmişdir ki,
Avropa İttifaqının TEMPUS proqramı çərçivəsində
universitetdə 8 müasir tədris laboratoriyası
yaradılmışdır. Qonaqlar həmin laboratoriyaların
bəziləri ilə tanış olmuşlar.
Xatırladaq ki, şəhərdə yeganə ali təhsil
müəssisəsi olan Sumqayıt Dövlət Universiteti
1960-cı ildə Azərbaycan Sənaye İnstitutunun
filialı kimi təsis edilmişdir. 1989-cu ildən
müstəqil ali məktəb kimi fəaliyyət göstərən bu
institut 2000-ci ildə dövlət başçısının
sərəncamı ilə yenidən təşkil edilərək Sumqayıt
Dövlət Universiteti adlandırılmışdır. Hazırda
universitetin yeddi fakültəsində 4 mindən çox
tələbə təhsil alır. Burada 400-ə yaxın müəllim
21 ixtisas üzrə bakalavr və 42 ixtisas üzrə
magistr kadrları hazırlayır. Universitetin
professor-müəllim heyətinin üzvləri arasında
AMEA-nın 5 müxbir üzvü, 40 elmlər doktoru və 140
dosent vardır. Son illərdə burada 10 beynəlxalq,
20 respublika və 40 universitet miqyaslı elmi
konfrans keçirilmişdir.
AzərTAc |