Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev mayın
5-də Sabirabad rayonunun Qasımbəyli kəndində
əsaslı təmir edilmiş Hilal Ənnağıyev adına tam
orta məktəbin binası ilə tanış olmuşdur.
Kənd ictimaiyyətinin nümayəndələri dövlətimizin
başçısını hərarətlə qarşıladılar.
Prezident İlham Əliyev sakinlərlə görüşdü.
Sakinlər dövlətimizin başçısı ilə xatirə şəkli
çəkdirdilər.
Sonra Prezident İlham Əliyev məktəblə tanış
oldu.
Bildirildi ki, Sabirabad rayonunun Qasımbəyli
kənd orta məktəbinin binasında yaradılan şərait
bir daha göstərir ki, Azərbaycanda təhsilin
inkişafı dövlət siyasətinin prioritet
istiqamətlərindən birini təşkil edir. Son illər
ölkəmizdə yüzlərlə yeni məktəb binasının inşası,
bir çoxunda yeni korpusların tikilməsi həyata
keçirilən təhsil islahatlarının mühüm tərkib
hissəsi olmaqla yanaşı, Azərbaycanın gələcəyinin
daha etibarlı təminatına geniş imkanlar açır.
Bu, bir daha təsdiqləyir ki, "qara qızıl"ın
insan kapitalına çevrilməsi istiqamətində
görülən işlər öz bəhrəsini verir. Yeni təhsil
ocaqlarının inşası bu baxımdan mühüm əhəmiyyət
kəsb edir. Təhsilin inkişafına qayğı işində
Heydər Əliyev Fondunun fəaliyyəti xüsusilə
diqqəti cəlb edir. Fondun bu sahədə həyata
keçirilən dövlət siyasətinə verdiyi dəstək və
onun təşəbbüsü ilə tikilən çoxsaylı yeni məktəb
binaları Azərbaycan ictimaiyyəti tərəfindən
yüksək qiymətləndirilir.
Qeyd
edildi ki, ötən ilin mayında Kür çayının daşması
ilə yaranan təbii fəlakət nəticəsində Qasımbəyli
kəndinə külli miqdarda ziyan dəymiş, demək olar
ki, bütün infrastruktur dağılmışdı. Kənd məktəbi
də tamamilə yararsız vəziyyətə düşmüşdü. Lakin
dövlətimizin başçısının tapşırığına əsasən
məktəbin binası qısa müddətdə müasir tələblər
səviyyəsində yenidən qurulub istifadəyə
verilmişdir.
Dövlətimizin başçısına məlumat verildi ki,
əsaslı təmirdən sonra daha geniş və müasir
standartlara uyğunluğu ilə seçilən bu məktəb
binası qasımbəylililər üçün əsl hədiyyə
olmuşdur. Hazırda 246 şagird yeri olan binada
təlim-tədris üçün bütün şərait yaradılmış, sinif
otaqları zəruri avadanlıqla təchiz edilmişdir.
Şagirdlərin informasiya-kommunikasiya
texnologiyalarından istifadə imkanları diqqət
mərkəzində saxlanılmışdır. Fənn
laboratoriyalarında da yüksək şərait
yaradılmışdır. Əyani vəsaitlərin bolluğu ilə
diqqət çəkən siniflərdə şagirdlərin elmin
sirlərinə yiyələnmələri üçün heç bir problem
yoxdur. Şagirdlərin yüksək təhsili və pedaqoji
kollektivin səmərəli fəaliyyəti üçün bütün
amillər nəzərə alınmışdır. Məktəb istilik
sistemi ilə təchiz olunmuş, burada yaradılmış
müasir idman zalında zəruri avadanlıq
quraşdırılmışdır.
Bildirildi ki, rayonda təhsil sisteminin
maddi-texniki bazasının möhkəmləndirilməsi
məqsədi ilə bir sıra digər tədbirlər də həyata
keçirilir. Sabirabadın Yuxarı Axtaçı kəndində
240 şagird yerlik orta məktəb binası tikilir.
Ulacalı, Mürsəlli, Bala Həşimxanlı kənd orta
məktəblərində əsaslı təmir işləri başa
çatdırılmış, Əsgərbəyli və Muradbəyli kənd
məktəblərində isə yenidənqurma işləri davam
etdirilir.
Prezident İlham Əliyev görülmüş işlərdən
razılığını bildirdi.
AzərTAc |