Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 32-ci bəndini rəhbər tutaraq
Azərbaycan Milli Elmlər Akademiyasının
elmi-tədqiqat institutlarının maddi-texniki
bazasının daha da gücləndirilməsini və mövcud
kitabxana fondlarının müasir tələblər
səviyyəsində qurulmasını təmin etmək məqsədi ilə
QƏRARA ALIRAM:
1. Azərbaycan Milli Elmlər Akademiyasının
Mərkəzi Kitabxanasının yeni binasının
2011-2013-cü illərdə "Akademiya şəhərciyi"
ərazisində (Hüseyn Cavid prospekti, 31)
tikilməsi təmin olunsun.
2. Azərbaycan Milli Elmlər Akademiyasının
Rəyasət Heyəti Azərbaycan Respublikasının
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə
birlikdə "Xəzər Elmi Tədqiqat Mərkəzi"nin
yaradılması ilə bağlı təklifləri iki ay
müddətində hazırlayıb Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin.
3. Azərbaycan Milli Elmlər Akademiyasının
Rəyasət Heyəti neft-kimya yönümlü institutların
zəruri avadanlıqlarla təchiz edilməsinə dair
təkliflərini üç ay müddətində hazırlayıb
Azərbaycan Respublikasının Prezidentinə təqdim
etsin.
4. Azərbaycan Milli Elmlər Akademiyasının
"Akademiya şəhərciyi" ərazisində yerləşən Fizika
və Geologiya institutlarının, eləcə də Sumqayıt
şəhərində yerləşən Polimer Materialları
İnstitutunun binalarının əsaslı təmiri
2011-2012-ci illərdə həyata keçirilsin.
5. Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan
Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət
Heyəti ilə birlikdə Azərbaycan Milli Elmlər
Akademiyasının "Akademiya şəhərciyi"
ərazisindəki qeyri-akademik qurumların
köçürülməsini təmin etsinlər.
6. Azərbaycan Respublikasının Nazirlər Kabineti
bu Sərəncamdan irəli gələn məsələləri həll
etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 aprel 2011-ci il |