Azərbaycan Respublikası Prezidentinin 3 iyul
2007-ci il tarixli, 2282 nömrəli Sərəncamı ilə
təsdiq edilmiş "Azərbaycan Respublikasında
texniki peşə təhsilinin inkişafı üzrə Dövlət
Proqramı (2007-2012-ci illər)nın" əsas məqsədi
ölkə iqtisadiyyatının inkişaf tələblərinə uyğun
peşə-ixtisas kadrlarına yaranan tələbatın
ödənilməsi, habelə əhalinin müasir peşə təhsili
almaq imkanlarının təmin edilməsi üçün iqtisadi
və sosial baxımdan səmərəli texniki peşə təhsili
sisteminin formalaşdırılmasıdır ki, bu da
aşağıdakı əsas prinsiplərin nəzərə alınmasını
tələb edir.
Fasiləsizlik
və çoxpilləlilik. Müasir dövrdə bütövlükdə
təhsil sistemində, eləcə də peşə təhsili
sistemində ən aktual problemlərdən biri
fasiləsiz təhsilin təmin edilməsi məsələsidir.
Fasiləsiz təhsil təhsil müəssisələrində insanın
bilik, bacarıq və vərdişlərinin səviyyəcə
artırılmasını və ömür boyu özünütəhsilin
təşkilini nəzərdə tutur. O, şəxsiyyətin durmadan
inkişafını, bir neçə ardıcıl mərhələdə daha
yüksək inkişaf həddinə çatması kimi başa düşülür.
Geniş mənada fasiləsiz peşə təhsili hər bir
insanın işləmək, sərbəst iş seçimi hüququnun
gerçəkləşməsini peşə təhsilinin ümumdünya insan
haqlarının deklarasiyasında (bəyannaməsində)
göstərildiyi kimi əlçatan olmasını ifadə edir.
Bu problemə bir neçə aspektdə baxmaq olar:
Ümumsosial aspektdə məsələnin mahiyyəti
vətəndaşlara təhsil verilməsində insanların və
işəgötürənlərin daimi dəyişən tələblərinə cavab
verən dövlət tərəfindən müəyyən edilmiş
normaların təmin edilməsidir.
İqtisadi aspekt baxımından bu, investisiya
şəraitinin yaradılması, maliyyələşməsi və
vətəndaşların peşə təhsilinin təminatını müvafiq
iş fəaliyyətinin, yüksəkmaaşlı işlə təmin
olunmaları və bununla əlaqədar olaraq
yüksəkkeyfiyyətli məhsulun buraxılmasındadır.
Təhsil aspekti baxımından peşə təhsilinin
fasiləsizliyi vətəndaşın biliyə, bacarığa,
əxlaqi dəyərlərə, onların seçdiyi ixtisasın
ixtisasartırma tələblərinə cavab verməsidir.
Fasiləsiz təhsilin sistemi dövlət və
qeyri-dövlət təhsil ocaqlarının kompleksini
təşkil edir, onlar təhsilin hər bir hissəsinin (növünün)
birliyini təmin edir, dövlətin tələbatını,
qoyulan məsələlərin ümumtəhsil, texniki peşə
hazırlığının inkişafına yönəldilir.
Fasiləsiz təhsilin mühüm əlamətlərindən biri də
onun bütövlüyüdür. Bu, hər bir insanın yaşından,
əvvəl hansı peşəyə yiyələnməsindən, yaşayış
yerindən, cinsindən asılı olmayaraq onun
hərtərəfli, harmonik inkişafına şəraitin
yaradılması kimi sosial-pedaqoji yönümə malikdir.
Bu
zaman onun şəxsi imkanlarını, maraqlarını və
dəyərlərini nəzərə almaq lazımdır. Fasiləsiz
təhsilin bütövlüyü ona yeni inteqral imkanlar
yaradır. Bu inteqral imkanlar əsasən davamlılıq
və dinamiklikdən ibarətdir.
Davamlılıq təhsildə bir pillədən o biri pilləyə
yüksəlmək, bilik, bacarıq, istedadın
dərəcələrinin dəyişib dərinləşməsi, ayrı-ayrı
təhsil ocaqlarında məzmun, metod və təhsil (təlim)
tərbiyə forması ilə bağlılığıdır.
Müasir dövrdə ictimai inkişafın əsas fərqli
cəhəti fəaliyyətin daim məqsəd, status, şərait
və nəticələrinin dəyişməsidir. Peşə təhsili
sosial institut olduğundan ona daim dəyişən
dinamik daxili və xarici qarşılıqlı əlaqəli
amillərin təsiri altında inkişaf edən sistem
kimi baxılmalıdır. Bu mənada peşə təhsilinin
mühüm şərt və prinsiplərindən biri
fasiləsizlikdir.
Əmək sahəsinə və istehsalata müdaxilə etməklə bu
prinsip mənəvi mədəniyyəti, şəxsiyyətlərarası
münasibətləri, siyasi fəallığı daxil etməklə
şəxsiyyətin formalaşdırılmasında daha böyük
sahəni əhatə edir. Texniki istehsalat sahəsində
fasiləsizliyə qanunauyğun hadisə kimi baxılır,
ona görə ki, elmi-texniki tərəqqinin təsiri ilə
müxtəlif səviyyəli kadrlar hazırlanmasının
nisbəti dəyişir, həm də istehsala xidmət
baxımından onların funksiyası dəyişilir.
Peşə təhsilinin fasiləsizliyi ideyası əməyin
məzmun və xarakterindəki fasiləsiz dəyişilməsi
və fəaliyyətin inteqrasiya kateqoriyasından
irəli gəlir.
Açıqlıq. Peşə təhsilinin yeni sosial-iqtisadi
şəraitə uyğunlaşmaq zərurəti onun yenidən təşkil
edilməsi tələbini ortaya çıxarmışdır. Bu
yenidənqurulmanı ləngidən səbəblərdən biri peşə
təhsilinin mahiyyətcə insanların real maraqları
baxımından qapalı qalması və iqtisadiyyatda
gedən dəyişikliklərə adekvat cavab verə
bilməməsidir.
Təhsil o zaman qapalı inkişafa nail olur ki,
dövlət insanların peşə seçiminin tənzimlənməsini,
təhsil ocaqlarının fəaliyyətinin bütün
aspektlərində və təhsil prosesində bütün
məsuliyyəti, idarəetməni öz üzərinə götürür.
Açıq cəmiyyətdə əksinə, insanın öz fikrini
bildirmək imkanı var. Açıq təhsil sisteminə
keçid subyektiv əməklə bağlıdır. Yuxarıda qeyd
olunan təlimatlara riayət etməmək insanları
çətinliklərlə üz-üzə qoyur. Buradan da yenidən
qapalı sistemə qayıtmaq istəyi artır. Açıq
sistemdə hər bir insan öz fikrini bildirir və
heç bir qaydalara riayət etmək məcburiyyətində
qalmırlar.
Qapalı cəmiyyətdə insan tərəfindən yaradılmış
institutlar qəbul edilmir. Bununla əlaqədar
onların iş sisteminə qarışmaq qadağandır və
onların dəyişikliyi müzakirə edilmir. Sosial
institutların insan tərəfindən yaradılması
fikrini qəbul etmək tərəqqiyə çatmaq üçün çox
vacibdir, çünki insan öz məqsədlərinə uyğun
yenidən təkmilləşdirə bilər.
Açıqlıq prinsipinə görə dövlət orqanları ilə
bərabər, ictimai təşkilatlar, kooperativlər,
ayrı-ayrı vətəndaşlar təhsilin inkişafına
yaxından kömək edir, onun yeniləşməsinə şərait
yaradır.
Peşə təhsilində açıqlıq, hər şeydən əvvəl,
insanın peşə seçimindəki azadlıqdır. Həm də əldə
ediləcək ixtisas səviyyəsinin harada, hansı
forma və qaydalarla əldə edilməsində uyğunluğun
olmasıdır. İnsana belə seçimin verilməsi o
deməkdir ki, heç bir xarici təzyiq olmadan onun
peşə seçimi təmin edilir.
Peşə təhsilinin açıq şəraitdə fəaliyyət
göstərməsi, aşağıdakılarla qarşılıqlı təsirdə
olması xüsusi əhəmiyyət kəsb edir: şəxsiyyətlə,
əhatə edən sosial mühitlə, əmək bazarı ilə,
xarici təhsil sistemləri ilə, peşə təhsili
mütəxəssisləri ilə, elmi-texniki və texnoloji
yeniliklərlə, əməyin müxtəlif formaları ilə.
Bu əlaqələr peşə təhsilinin inkişafı stimulunda
əsas hərəkətverici qüvvələr hesab olunur.
Təhsil insanların ehtiyaclarına və maraqlarına
yaxınlaşan digər sosial institutlarla qarşılıqlı
təsirə açıq olmaqla onların hərtərəfli peşə
fəaliyyətində, bütövlükdə həyata hazırlığında
əsas rol oynamalıdır.
Açıq təhsil elm və texnikadakı yenilikləri daha
tez qəbul etməli, onu təhsilin məzmununa daxil
etməli, o həyat tərzinin, eləcə də cəmiyyətdəki
dəyərlər sisteminin dəyişilməsinə reaksiya
verməlidir.
İqtisadi dəyişikliklər mərhələsində, istehsal
sahələrinin bir qisminin fəaliyyətinin
dayandırılması və fəhlə qüvvələrinin artıqlığı
şəraitində açıq peşə təhsili yalnız kadr
hazırlığını deyil, həm də sosial gərginliyin
azaldılmasına qarant olmalıdır.
Gənclər, eləcə də iş qabiliyyətli yaşlı insanlar
işə düzəlmə şansları az olduqda azad vaxtlarında
yeni peşə və ixtisas qazanmaqla işə düzəlmədə
daha çox şans əldə edirlər.
Peşə təhsilinin qapalılığı əvvəlki illərdə
yalnız şagirdlərin müəyyən fəaliyyətə
hazırlanmasından ibarət olmuş, konkret insanın
ehtiyaclarının nəzərə alınması isə arxa planda
qalmışdır.
Peşə təhsili sisteminin açıqlığının zəruriliyini
şərtləndirən sosial-iqtisadi amillər bunlardır:
*
əmək və peşəyə dair yeni konsepsiya;
*
məşğulluğun yeni nümunələri;
*
təhsilliyin səviyyəsinə və həcminə olan
tələblərin dəyişilməsi;
*
əmək müqavilələrinin qısa müddətliliyi;
*
peşə fəaliyyəti sikllərinin ixtisar olunması.
Şəxsiyyətyönümlülük. Son onillikdə pedaqogika
elmi və pedaqoji praktikada yeni yaranmış ltəlim
və təhsilin şəxsiyyətyönümlülüyü» anlayışı geniş
müzakirə olunur. Dəbdə olan bu termin tez-tez
işlədilir, lakin bəzən təyinatına görə istifadə
olunmur. Çox zaman ona müxtəlif mənalar verirlər.
Bəziləri şagirdlərin qabiliyyətini nəzərə alaraq
fərdi yanaşmanı, digərləri tədris materialının
müxtəlif çətinlik səviyyəsinə və
mənimsənilməsinə (güclülər, ortabablar və
zəiflər üçün) uyğun formalaşdırılmasını,
üçüncülər-profilləşmə və predmet
diferensasiyasını nəzərdə tuturlar, dördüncülər
- onu innovassion və alternativ proseslərlə
əlaqələndirirlər.
Bizim fikrimizcə, şəxsiyyətyönümlülük -
istiqamətləndirilmiş təhsil deməkdir. Bu, ilk
növbədə, yeniyetmənin, gəncin daxili təcrübəsi,
insanda ən müqəddəs şey olan onun subyektivliyi
ilə işləmək bacarığıdır. Bu yanaşma humanist
postulatdan irəli gəlir və həmin postulata görə,
hər bir uşaq istedadlı, hər bir insan unikaldır,
hər kəs özünəməxsus şəkildə həqiqəti tapır.
Burada yalnız onun idrak aparatının qüvvətli və
zəif tərəflərini anlamaq lazımdır ki, sonradan
güclü tərəfləri inkişaf etdirib zəifləri isə
aradan qaldırasan. Elə buradaca şəxsiyyətyönümlü
təhsilin anlaşması üçün bir şərti də əlavə edək.
O özündə iki anlayışı: bir tərəfdən, cəmiyyət
fəaliyyətinin xüsusi növü kimi təşkil olunmuş
ənənəvi təlim və tərbiyə, digər tərəfdən,
insanın daxili təcrübəsi reallaşıb və inkişafına
imkan verən fərdi əhəmiyyətli fəaliyyət növü
olan təlimi və özünütərbiyəsini birləşdirir.
Peşə təhsilinin şəxsə istiqamətləndirilməsi
şagirdlərin qabiliyyətindən istifadə edilməsini
nəzərdə tutur. Burada şagirdin intellektual,
iradi, əxlaqi və digər şəxsi keyfiyyətlərinin
məcmusu olan fərdiyyətçiliyi əsas götürülür.
Onlardan istifadə etmək təlimin optimal
strategiyasını seçməyə və idrakı fəaliyyətə fəal
təsir göstərməyə imkan verir.
Psixoloqlar tərəfindən şəxsiyyətyönümlü təhsilin
dərk edilməsi, layihələndirilməsi və həyata
keçirilməsi üçün 8 əsas şərt müəyyən edilmişdir.
Peşə təhsilinin spesifikliyi baxımından onları
nəzərdən keçirək:
1. Şəxsiyyətyönümlü təhsil şagird şəxsiyyətinin
inkişafını təmin etməlidir. İdrak subyekti kimi
şagirdin fəaliyyət predmeti, professional
fəaliyyəti kimi fərdi xüsusiyyətlərindən çıxış
etməlidir.
2. Təhsil prosesi hər bir şagirdə onun
qabiliyyətinə, peşə fəaliyyətinə, maraqlarına,
şəxsiyyətyönümlülüyünə imkan verməlidir.
3. Təhsilin məzmunu, vasitə və metodları elə
seçilib təşkil edilməlidir ki, şagirdin fənn
materialını onun forma və mənimsəmədə çətinlik
səviyyəsinə görə seçmək imkanı olsun.
4. Şəxsiyyətyönümlü təhsilin baza meyarı yalnız
əldə edilmiş bilik, bacarıq, yeniliklərin
səviyyəsini deyil, həm də intellektin (onun
xüsusiyyət, strukturu və təzahür xarakterini)
formalaşmasını nəzərə alır.
5. Şagird və tələbələrin təhsilli və tərbiyəli
olması onun mənəvi və intellektual
keyfiyyətlərinin yaranması kimi anlaşılır ki, bu
da yeni təhsilin əsas məqsədi kimi çıxış edir.
6. Təlim ilə təhsilliliyi prinsipial şəkildə
fərqləndirirlər. Hesab olunur ki, bilik, bacarıq
və vərdişləri əldə etməklə təlim alma məzunun
cəmiyyət və istehsalatda ictimai və professional
uyğunlaşmasını təmin edir. Təhsil isə dünyanı
bütövlükdə və onun ayrı-ayrı sahələrini
(mədəni-texnoloji məkan, sahələr) fərdi
qavramasını formalaşdırır.
7. Verilmiş kontekstdə ənənəvi təlim və tərbiyə
fasiləsiz təhsil prosesində aparıcı ola bilməz.
Təhsilin əsas komponentləri şagirdin
fərdiliyinin inkişafı, onun
intellektual-yaradıcı və peşə-ixtisas
potensialını müəyyən edir, onun öz inkişafı üçün
bütün zəruri şəraiti yaradır.
8. Şəxsiyyətyönümlü təhsil variativlik və
diferensial (alternativlik) prinsiplər əsasında
qurulur.
Diferensiallaşmış prinsipdə təhsil prosesinin
təşkilində forma, metod və məzmunun mürəkkəblik
səviyyəsinin uyğunluğu baxımından idrak
fəaliyyətinin dərinləşməsi üzrə müəllim və
şagirdlərin birgə fəaliyyətində seçim edilməsinə
imkan verilir. Bu zaman məqsəd qoyulur, şagirdin
öz insanlıq ləyaqətinin müxtəlif situasiyalarda
saxlanılmasına mane olan problemlərin aradan
qaldırılmasına və təlimdə gözlənilən nəticənin
özünütərbiyə, ünsiyyət, davranış müstəqilliyi
əldə edilməsinə şərait yaranır.
Peşə təhsilinin şəxsiyyətyönümlü sisteminin
layihələndirilməsi və həyata keçirilməsi
aşağıdakıları nəzərdə tutur:
1. Şagirdlərin təhsil prosesinin əsas subyekti
kimi qəbul edilməsi;
2. Şagirdlərin fərdi qabiliyyətlərinin
inkişafının keyfiyyət baxımından əsas məqsəd
hesab edilməsi;
3. Şagirdlərin subyektiv təcrübəsindən istifadə
edilməsi və məqsədyönlü inkişafına
sistemləşdirilməsinə istiqamətlənmiş təhsilin
forma, metod və vasitələrinin müəyyən edilməsi;
4. Təhsil prosesinin bütün iştirakçılarının -
şagirdlər, müəllimlər, valideynlər və
işəgötürənlərin sosial tərəfdaşlığının
işlənilməsi və qaydaya salınması.
Şəxsiyyətyönümlü təlim modelinin həyata
keçirilməsi üçün nə lazımdır? Bunun üçün
birincisi, təhsilvermə konsepsiyasının təlim və
tərbiyənin vəhdəti deyil, həm də fərdiliyin
inkişafı, qabiliyyətlərin yaradılması prosesi
kimi qəbul etmək; ikincisi, təhsilvermə
prosesinin əsas iştirakçılarının -
idarəedənlərin, müəllimlərin, şagirdlərin və
valideynlərin qarşılıqlı münasibət
xarakterlərini müəyyən etmək; üçüncüsü,
təhsilvermə prosesinin effektivlik
kriteriyasının müəyyən edilməsini, təlim və
tərbiyənin tək vəhdəti deyil, həm də fərdlərin
inkişafı, qabiliyyətlərin yaranması prosesi kimi
qəbul etmək lazımdır.
İnteqrativlik. İnteqrasiya yalnız müxtəlif
fənlərin tədris elementlərinin bir sintez
edilmiş kursu olmayıb, hər şeydən əvvəl,
biliklərin inteqrasiyasıdır. Başqa sözlə,
təhsilin inteqrasiyası yalnız formal olaraq
müxtəlif biliklərin yeni tədris mətnində
birləşdirilməsi deyil, şagirdin şüurunda məna
kəsb edən mental anlayışın formalaşdırılmasına
gətirən müxtəlif mətnlərin birləşdirilməsidir.
Beləliklə, təhsildə məzmun yox, biliklərin
ardıcıl inteqrasiyası aparılır (yaranır).
Müəllimin fəaliyyəti bu prosesi təmin edir və
buna aparıcı inteqrasiya mexanizmi kimi baxılır.
Belə nəticə çıxarmaq olar ki, təhsilin
inteqrasiyası - şagird tərəfindən müəllimin
rəhbərliyi ilə məlumatların bir tədris dilindən
digərinə ardıcıl köçürülməsidir, bu prosesdə
biliklərin mənimsənilməsi, anlayışların
formalaşdırılması və yeni fikirlərin yaranması
həyata keçirilir.
İstehsalatda texnoloji yeniləşmə fəhlənin peşə -sahə
strukturunda ciddi dəyişikliyə səbəb olur. Bu
proses bir tərəfdən mürəkkəb əmək peşələrini
ortaya çıxarır, digər tərəfdən fəhlənin xidmət
sahəsinin genişləndirilməsi vəzifəsini qarşıya
qoyur. Bazar iqtisadiyyatı şəraitində bu proses
bir qədər də güclənir və fəhlə qüvvələri
qanunauyğun şəkildə azaldılır.
Planlı təsərrüfatdan fərqli olaraq indi kiçik və
orta müəssisələrdə sahibkarları texnoloji
zəncirin istənilən həlqəsində işləməyi bacaran
ixtisaslı, çevik fəhlə daha çox maraqlandırır.
Bu da bir istehsalat sahələrindəki peşələrin
inteqrasiyasına zərurət yaradır.
Bu baxımdan, inkişaf etmiş ölkələrdə texniki
peşə təhsilinin yüksək səviyyədə təşkil
edilməsinin əsas səbəbi elm, istehsalat və
təhsildəki inteqrasiyadır.
Müəssisələrin istehsalla bağlı struktur
quruluşunun, texnoloji ardıcıllığının fəhlə
əməyinin məzmunundakı oxşarlıqlar peşələrin
inteqrasiya edilməsinə tam əsas verir. Maddi
istehsalatda nailiyyətlər yalnız ayrı-ayrı
elmlərin inkişafından asılı olmayıb, həm də bu
elmlərin (fənlərin) inteqrasiyasından, onların
nəticəsindən asılıdır.
Peşələrin inteqrasiyasında həm istehsalat, həm
də didaktik olmaqla iki məqsəd həyata keçirilir.
Birinci halda bu problemin həyata keçirilməsi
istehsalatın genişprofilli fəhlələrlə təmin
olunmasına imkan verir. İkinci halda isə
inteqrasiya olunmuş peşələr tədris-proqram
sənədlərinin maksimum unifikasiya olunmasına
şərait yaradır ki, bu da bir sosial problemin
həlli deməkdir.
Təhsilin məzmununda ilkin inteqrasiya səviyyəsi
didaktik sintez səviyyəsidir. Fəhlə peşələrinin,
eləcə də tədris fənlərinin bu səviyyədə
inteqrasiyası iki, yaxud bir neçə peşə (fənnin)
bazasında həyata keçirilir. Qarşılıqlı təsirdə
olan peşə və fənlər öz statusunu saxlayır.
Təhsilin məzmununda inteqrasiyanın ən yüksək
səviyyəsi yeni tədris fənninin formalaşması ilə
bitən inteqrativ xarakterə və özünün öyrənilmə
predmetinə malik olan bütövlük səviyyəsindən
ibarətdir.
Peşə təhsilinin məzmununun inteqrasiyası elm,
texnika və istehsalatda baş verən inteqrasiya
proseslərinin əks etdirilməsindən ibarətdir.
Bununla da əvvəl sərbəst kurslarda mövcud olan
materialların sadəcə yığılması həyata
keçirilməyib onların yeni məntiqi quruluşu
yaradılır. İnteqrasiya prosesi iki istiqamətdə
gedir: şaquli istiqamət üzrə - ümumtexniki və
ixtisas biliklərinin sıx əlaqəsi və üfüqi
istiqamət üzrə - inteqrasiyalı tədris fənlərinin
yaradılması.
Fəhlə peşələrinin inteqrasiyası, peşə təhsilinin
məzmununun unifikasiyasına, bilik, bacarıq və
vərdişlərin sintezinə, ümumi texniki və peşə
təhsilinin vəhdətinə əsaslanmışdır.
Fəhlə hazırlığında unifikasiya təhsilin
məzmununun peşə qrupları üzrə vahid didaktiki
formaya gətirilməsidir.
Bunların zəruriliyi həm də cəmiyyət, elm,
texnika, istehsalatın inkişafında qarşılıqlı
təsir və qarşılıqlı asılılığın dialektik
vəhdətindən irəli gəlir.
Peşələrin inteqrasiyası eyni zamanda yeni
istehsalat fəaliyyətinə çıxış yaradır,
genişprofilli fəhlə əməyinin əsas məzmunu yeni
mexanizm və tipik avadanlıqların tətbiqi ilə
şərtlənən istehsal vasitələrinin ümumiliyini əks
etdirir. Əsasən tipik mexanizm və qurğulara
qulluq və idarə etməkdən ibarət olan əmək
funksiyalarının ümumiliyi dar profilli bir çox
peşələrin inteqrasiyası üçün əsas təşkil edir.
Peşələrin inteqrasiya prosesində əsas obyektiv
şərtlər bunlardır:
*
istehsalatda yerinə yetirilən işlərin
mürəkkəbləşməsi, onun texniki və texnoloji
səviyyəsinin artması;
*
fəhlənin əməyinin məzmununun dəyişilməsi və əmək
fəaliyyəti sahəsinin genişlənməsi. Yeni çevik
əməliyyatların yerinə yetirilməsi və onların
müxtəlif variantlılığı;
*
əmək bazarının tələblərinə uyğun olaraq
ixtisaslı fəhlə kadrları hazırlığı;
*
fəhlə kadrlarının hazırlığına çəkilən xərclərin
azaldılması, onların hazırlanmasında ixtisas
səviyyəsinin profilinin genişləndirilməsi;
*
unifikasiya edilmiş tədris-plan və proqramların
həyata keçirilməsi;
*
şəxsiyyətin yaradıcılıq qabiliyyətinin
genişləndirilməsi, əmək məhsuldarlığının
yüksəldilməsi;
*
istehsalatın tələblərinə cavab verə bilən fəhlə
kadrları hazırlanmasını təmin edən yeni, daha
səmərəli peşə-ixtisas strukturunun yaradılması;
*
əmək ehtiyatlarının effektiv istifadə edilməsi,
fəhlə qüvvəsinə olan çatışmazlığın aradan
qaldırılması.
Yuxarıda sadalananları əsas götürərək eyni
istehsalat sahəsindəki peşə qrupları üzrə peşə
təhsilinin məzmununun unifikasiya edilməsi üçün
belə kriteriyalara əsaslanmışıq:
*
əməyin məzmunundakı qohumluğu;
*
istehsalatın texnika və texnologiyasındakı
ümumiliyi;
*
tədris materialının müasir elm, texnika və
texnologiyaya uyğunluğu;
X peşə profilinin genişliyi, əməyin mürəkkəbliyi.
Bu əsasda mövcud olan sənəd, tədris plan və
proqramlarının sayının ixtisarına və
təlim-tərbiyə prosesinin effektliliyinin
yüksəldilməsinə imkan verir.
İndiki mərhələdə peşə təhsilinin inteqrasiyalı
məzmununun formalaşdırılmasında əsas mənbə kimi
istehsalatın elmi-sənaye tipi, insan
fəaliyyətinin yeni növləri, texnika, istehsalat,
peşə hazırlığında mövcud olan sosial-iqtisadi,
elmi-texniki, didaktik, psixoloji-pedaqoji
hazırlığa istinad edilir.
Məlumdur ki, peşə ictimai istehsalatda öz yeri
və əhəmiyyəti ilə həm də öz profili, genişliyi,
ixtisas səviyyəsi ilə xarakterizə olunur. Peşə
çərçivələri dinamik ola bilər, lakin
istehsalatın hər bir inkişaf mərhələsində onun
öz sərhədi vardır.
İstehsalatın özündə gedən inteqrasiya prosesi
geniş peşə profillərinin yaradılmasına öz
təsirini göstərir. Geniş peşə profili dedikdə
elmi-texniki tərəqqinin təsiri altında
formalaşan yeni əmək fəaliyyəti başa düşülür.
Kamil AĞAMALIYEV,
Təhsil Nazirliyinin Texniki peşə təhsili
şöbəsinin
baş məsləhətçisi |