Uppsala Universiteti (Uppsala University) İsveç
Krallığının Uppsala əyalətinin eyniadlı
şəhərində yerləşir və Şimali Avropanın ən qədim
ali təhsil ocaqlarından biridir.
Böyük Britaniyanın "Times Higher Education
Supplement - QS World Universities Rankings"
jurnalının 2009-cu ildə apardığı dünya
universitetlərinin reytinqinə əsasən, Uppsala
Universiteti 100 ən yaxşı ali məktəb arasında
75-ci yerdə olub. 2010-cu il üzrə dünyanın ən
nüfuzlu universitetləri arasında Uppsala
Universiteti "Times Higher Education World
University Rankings"in apardığı araşdırmaya
əsasən 147-ci, "QS World University Rankings"in
açıqlamasına görə isə 62-ci yerdə qərarlaşıb.
Tarixi
Uppsala
Universitetinin yaranmasında arxiyepiskop Ceyms
Ulfssonun əhəmiyyətli rolu olub. XV əsrin
ortalarında C.Ulfsson Uppsala şəhərində
universitet yaratmaq qərarına gəlir, bunun üçün
isə mütləq, orta əsrlər universitetlərində
olduğu kimi, papa bullası almaq lazım idi.
1477-ci ildə Uppsala Universiteti bu sənədi
almağa nail olur. Bullaya əsasən, Papa IV
Sikstus Uppsala Universitetinə daha əvvəl
yaranmış Boloniya Universitetində olduğu kimi
bir sıra hüquq və imtiyazlar verir. Belə ki,
Uppsala Universitetində 4 ənənəvi fakültə -
ilahiyyat, hüquq (kilsə və Roma hüququ), tibb və
fəlsəfə fakültələri açılır. Uppsalanın
arxiyepiskopu yeni yaradılmış universitetin
kansleri adlandırılır, ilahiyyat fakültəsi ali
məktəbin mərkəzi qüvvəsi hesab olunur.
1515-ci ildə arxiyepiskop Ceyms Ulfsson təqaüdə
çıxdıqdan sonra Uppsala Universitetinin
inkişafında durğunluq yaranır. Kral XIV Erikin,
sonradan isə onun qardaşı və davamçısı III
İoannın universiteti dirçəltmək cəhdləri
nəticəsiz qalır. 1593-cü ildə Uppsala şəhər
rəhbərliyinin keçirdiyi iclasda universitetin
əvvəlki nüfuzunun qaytarılması barədə qərar
qəbul edilsə də, bununla bağlı faktiki olaraq
ciddi heç bir iş görülmür.
İsveç
orta əsrlərdə istila etdiyi ərazilər hesabına
böyüməyə başlayır, ölkədə dövlət qulluqçularına
və müəllimlərə daha çox ehtiyac duyulur. İsveçin
müxtəlif şəhərlərində gimnaziya və hazırlıq
məktəbləri tikilir. 1620-ci ildə kral II Qustav
Adolfun səxavətli yardımı nəticəsində Uppsala
Universitetinin iqtisadi təməli möhkəmlənir və
ali məktəb inkişaf yoluna qədəm qoyur. Artıq
1630-cu ildə universitet tələbələrinin sayı
1000-i keçir. Eləcə də həmin dövrdə İsveç
Krallığının tərkibində olan Estoniyada Derpt
(1632), Finlandiyada Abo (1640), Danimarkada
Lund (1666) universitetləti açılır. XVII əsrin
əvvəllərində Almaniya universitetlərində təhsil
almış İsveçin dövlət xadimi Aksel Oksenstierna
ömrünün son illərində universitetdə kansler
vəzifəsində çalışır və ali məktəbin inkişafında
gördüyü xüsusi işlərlə yadda qalır. Kraliça
Yelizaveta universitetə etdiyi bir çox
yardımlarla yanaşı, ali məktəbdə keçirilən
tədbirlərə də şəxsən qatılır. O, gənc alim Olaus
Rudbekin Anatomik teatr memarlıq işinin
nümayişində iştirak edir. Qeyd edək ki,
Niderland Krallığının Leyden Universitetində
təcrübə qazanan və ixtisasca həkim olan O.Rudbek
1655-ci ildən Uppsala Universitetində çalışmağa
başlayıb və memarlıq sahəsində gördüyü işlərlə
tarixə düşüb. Xüsusi gümbəzlərdən ibarət
Anatomik teatr binası, hazırda XVIII əsr muzeyi
hesab edilən və Botanika bağı məhz onun əməyinin
bəhrəsidir. Sonradan bu bağda tibb sahəsi üzrə
professor Karl Linney uzun müddət fəaliyyət
göstərdiyi və xüsusi qulluq işləri apardığı üçün
bağa onun adı verilir.
XVII
əsrin sonunda universitetin tarixində
nəzərəçarpacaq inkişaf hiss edilmir.
Universitetdə dəqiq elmlər üzrə alimlərin sayı
xeyli azalır, bu zamanadək ali məktəbdə aparılan
fəal fəlsəfi debatlar Fransa inqilabından sonra
ləngiməyə başlayır.
1702-ci
ildə Uppsala Universitetində baş vermiş yanğın
nəticəsində universitetin bir çox binaları yansa
da, Rudbekin tikdiyi binalar yanğına daha az
məruz qalır. Yanğından daha çox zərər çəkən
Uppsala kilsəsi və Uppsala qəsri görkəmli İsveç
memarı Karl Harleman tərəfindən bərpa edilir.
Həmçinin K.Harleman yeni Konsistoriya (xristianlarda
inzibati və məhkəmə hüququna malik ruhani idarə)
binasını tikir, rəsədxana, Linney botanika
bağının binalarında bir sıra dəyişiklik edir.
XVIII əsrdə universitetdə ortodoksal Lüteran və
klassik filologiya hökm sürsə də, dəqiq elmlər
üzrə də yeni layihələr həyata keçirilməyə
başlanılır. 1728-ci ildə riyaziyyatçı və fizik
Samuel Klingenstierna, 1729-cu ildə astronom və
fizik Anders Selsi, 1741-ci ildə isə botanik və
həkim Karl Linney professor elmi dərəcəsini
almağa nail olurlar. Universitetdə dəqiq və
humanitar elmlərin tərəfdaşları arasında
mübarizə aparılır. 1741-ci ildə Uppsala
Universitetində iqtisadiyyat kafedrası yaradılır.
Bu, Almaniyanı çıxmaq şərti ilə, Avropada
yaradılan ilk iqtisadiyyat fakültələrindən biri
olur. 1759-cu ildə universitetdə təsərrüfat
məqsədi ilə Təcrübi iqtisadiyyat bölməsi
yaradılır.
1865-ci ildə İsveç parlamentinin sonuncu
sessiyası zamanı qadınların ali məktəblərə qəbul
edilməsi barədə ilk dəfə olaraq məsələ
qaldırılır. Sonrakı illər bu məsələ ölkə
universitetlərində də müzakirə olunur. İsveç
Krallığı üzrə ilk qız tələbə Uppsala
Universitetinin tələbəsi Berti Petterson olur.
O, 1872-ci ildə kralın icazəsi ilə Uppsala
Universitetinə qəbul edilir və burada müasir
Avropa dillərini öyrənir. Sonradan isə
B.Petterson oğlanlar üçün məktəbdə müəllim
işləyən ilk isveçli qadın kimi tarixə düşür.
Ölkədə ilk doktorluq səviyyəsi alan qadın da
Uppsala Universitetinin tarix elmləri doktoru
Ellen Fries olur (1883-cü il). 1809-cu ildə
qəbul edilmiş İsveç Konstitusiyasına əsasən
yalnız isveçli kişilər dövlət vəzifələri tuta və
professor adını ala bilərdilər. Bu qanun 1925-ci
ildə ləğv edildikdən sonra İsveçdə ilk dəfə
olaraq 1949-cu ildə xanım Gerd Enequist Uppsala
Universitetində insan coğrafiyası üzrə professor
adına yüksəlir.
Büdcəsi
və təhsil haqqı
Uppsala Universitetinin illik büdcəsi 5000000000
İsveç kronu təşkil edir.
Universitetdə yerli və Avropa Birliyi, eləcə də
Avropa İqtisadi Məkanı ölkələrini təmsil edən
tələbələr ödənişsiz təhsil alırlar. Əcnəbi
tələbələrdən isə təhsil haqqı ödəmək tələb
olunur. Bakalavr pilləsində onların təhsil haqqı
ildə 80000-180000 İsveç kronu təşkil edir.
Təhsil haqqı İsveç kronu ilə ödənilir. Tələbə
qeydiyyatdan keçmək üçün 900 İsveç kronu (100
avro) verir. Universitetin magistratura və
doktorantura səviyyəsində təhsil haqqı tələbənin
seçdiyi proqrama görə fərqlənir.
Uppsala Universitetinin təqaüd proqramı Avropa
Birliyi və Avropa İqtisadi Məkanından kənar
ölkələri təmsil edən tələbələr üçün nəzərdə
tutulub. Təqaüd elanları payız və yaz aylarında
(1 noyabr, 1 aprel) verilir və tələbələrin ərizə
qəbuluna başlanılır. Universitetdə təhsil
haqqını tamamilə ödəyəcək məbləğdə bir neşə
təqaüd mövcuddur. Burada təqaüdlə yanaşı
tələbələrə qrant və kreditlər təklif olunur.
Universitetin verdiyi Vallenberq fondu, Linney
qrantlarının məbləği 86000 İsveç kronu təşkil
edir.
Universitet bu gün
Uppsala
şəhəri Stokholm şəhərindən 70 km şimalda Uppsala
bələdiyyə ərazisində yerləşir. Bu şəhər
Skandinaviyanın ən qədim ali təhsil
mərkəzlərindən biridir. Qədim tarixə malik şəhər
inkişafı boyu genişlənib, dəyişib və hazırda
sakit idilliyalı orta əsrlər şəhərindən
səsli-küylü müasir şəhərə çevrilib. 200000-ə
qədər əhalisi olan bu şəhər çox da böyük olmayan
əraziyə malikdir və burada ən geniş istifadə
olunan nəqliyyat növü velosipeddir. Şəhərdə
çoxlu sayda tarixi binalar, abidələr var. Qədim
binaların əksəriyyəti Uppsala Universitetinin
binalarıdır. Şəhərdə yerləşən qədim binalardan
Uppsala kilsəsini, universitet kitabxanasını,
kral Qustav Adolfun adını daşıyan Qustavianum,
Stora Torget, Yohann Skittin adını daşıyan
Skitteanum tikililərini qeyd etmək olar.
Uppsala şəhərinin mərkəzindən şimalda Uppsala
Universitetinin Müəllimlərin Hazırlanması
Mərkəzi, cənubda Uppsala Biotibbi, İnformasiya
Texnologiyaları və Geo mərkəzlər, Anqstrem,
Rudbek laboratoriyaları, universitet
xəstəxanaları, qərbdə Humanitar elmlər, o
cümlədən Xarici dillər, Təkamül biologiyası
mərkəzləri, Botanika bağı, Kilsə ətrafında
Qustavianum, Qədim Konsistoriya, Universitet
Holl, Ekerman, Din, Oksentierna, Reqnellianum,
Karolina Rediviva binaları, şəhərin müxtəlif
hissələrində isə Teatr Oekonomikum və Qamla
Torget, Anders Selsi binaları, Linney bağı
yerləşir.
Uppsala Universitetində 50-dən çox bakalavr,
60-dan çox magistr və doktorluq proqramı, 1900
müxtəlif kurs təklif edən 16 fakültə fəaliyyət
göstərir. Bu ali məktəbdə humanitar və sosial
elmlər üzrə İlahiyyat, Hüquq, Tarix və fəlsəfə,
Dillər, Sosial elmlər, Pedaqogika, tibb və
əczaçılıq elmləri üzrə Tibb, Əczaçılıq, Tibb
bacısı fakültələri, Tibb və Əczaçılıq Elmləri
Elmi-Tədqiqat Mərkəzi, dəqiq və texniki elmlər
üzrə Riyaziyyat və dəqiq elmlər, Fizika, Kimya,
Biologiya, Texniki elmlər, Geoelmlər,
Texnologiya və dəqiq elmlər fakültələri
mövcuddur.
Uppsala
Universitetinin Tibb və tibb bacısı
fakültələrinin "Akademiska sjukhuset" adlı
təhsil və təcrübə xəstəxanası fəaliyyət göstərir.
Universitet xəstəxanasının yaşı universitetdən
qədimdir, belə ki, bu xəstəxananın binası
1302-ci ildə tikilib və müstəqil xəstəxana kimi
fəaliyyət göstərib, sonradan isə Uppsala
Universitetinə birləşdirilib. Tibb fakültələri
tələbələri üçün tikilmiş xüsusi universitet
xəstəxanası Riddartorget ərazisində yerləşən və
1708-ci ildə inşa edilən "Nosocomium Academicum"
xəstəxanasıdır. Ali məktəbin digər "Akademiska
sjukhuset" xəstəxanası 1850-ci ildə universitet
klinikasının ətraf xəstəxanalarla birləşməsi
nəticəsində yaradılıb. Uppsala qəsrinin
cənub-şərqindəki xəstəxananın yeni binası isə
1867-ci ildə inşa edilib.
Hazırda bu xəstəxana kompleksinin
genişləndirilməsi üzrə işlər davam etdirilir.
2000-dən çox pasiyent tutumuna malik bu
xəstəxananın 8000-dən çox əməkdaşı var.
Universitet xəstəxanaları nəzdində Diaqnostika,
anesteziya və texnologiya; Təcili tibbi yardım
və reabilitasiya; Onkologiya, döş qəfəsi;
Nevrologiya; Psixiatriya, Cərrahiyyə, Qadın
sağlamlığı və pediatriya bölmələri, 100-ə yaxın
departament fəaliyyət göstərir. Eyni zamanda
Uppsala Universitetinin Uşaq xəstəxanası,
Uppsala Qabaqcıl Texnologiyalar və Neyroendokrin
Şişlər Mərkəzi, Mobil İntensiv Müalicə,
Helikopter İntensiv Müalicə, Bərkidilən Qanad
İntensiv Müalicə (xəstənin yanına ən sürətli
yetişmə, bütün avadanlıqla təchiz olunan
vertolyot və təyyarələrə malik) şöbələri
mövcuddur. Universitetin Uppsala Qayğı Xidməti
ölkədə yaşayan əcnəbi vətəndaşlar üçün tibbi
xidmətlər təklif edir. Qayğı Xidməti Endokrin
onkologiya; Daxili xəstəliklər; Ginekologiya və
sonsuzluq; İmmun catışmazlığı; Nevrologiya və
neyrofiziologiya; Neyrocərrahiyyə, əmək
terapiyası, reabilitasiya; Protez; Onurğa beyini
zədələri reabilitasiyası; Xərçəngin cərrahiyyə
və şüa terapiyası yolu ilə müalicəsi; Orqanların
transplantasiyası; Uroloji xəstəliklər
bölmələrindən; Döş Xəstəlikləri (kardiologiya,
angioplastika və aritmiya daxil olmaqla)
Mərkəzindən ibarətdir.
***
Uppsala
Universitetinin kitabxana sistemi ölkənin ən
zəngin universitet kitabxanalarından hesab
edilir. Universitetin kitabxana sistemi əsas
Karolina Rediviva kitabxanası daxil olmaqla 18
filial kitabxanalarından (Karolina Rediviva,
Boye Karin, Blasenhus, Hüquq, Daq Hammarşeld,
İqtisadi elmlər, Şəhər və yaşayış yeri
tədqiqatları, Təhsil və tədqiqat, Tibb, Səhiyyə
və qayğı, Biotibbi, Anqstrem, Yer elmləri,
Biologiya, Əlyazma və musiqi, Xəritə və çap,
İlkin nəşrlər, Arxiv kitabxanaları) ibarətdir.
Kitabxanalarda humanitar, ilahiyyat, sosiologiya,
mədəniyyət, hüquq, pedaqogika, tibb, əczaçılıq,
dəqiq elmlər və texnologiya üzrə kolleksiyalar
toplanıb. Əsas kitabxana olan Karolina Rediviva
binası 1841-ci ildə memar Karl Frederik Sundvall
tərəfindən inşa edilib. Bu kitabxanada 6 milyona
yaxın kitab, 61959 əlyazma, 7200-ə qədər musiqi
partiturası, 345734 xəritə və digər coğrafi
sənəd, eləcə də minlərlə digər materiallar
saxlanılır. Arxiv və əlyazmalar arasında qotik
İncil əlyazmaları (Kodeks Argenteus), astronom
Nikolay Kopernikin və digər alimlərin əsərləri,
kralların şəxsi sənədləri mövcuddur.
Uppsala Universitetinin unikal kolleksiyaya
malik bir neçə muzeyi fəaliyyət göstərir. Bu
muzeylər tədqiqatçılar, Uppsala şəhərinə gələn
insanlar üçün böyük resurs mənbəyi hesab edilir.
Universitetin zəngin kolleksiyalara malik
muzeyləri arasında Təkamül, Tibb tarixi
muzeylərini, Qustavianum binasını, Karolina
Rediviva sərgisini xüsusi qeyd etmək olar.
Uppsala
Universiteti Senat tərəfindən idarə olunur.
Senat ali məktəbin elmi, iqtisadi, inzibati
işlərinin planlaşdırılması və həyata
keçirilməsinə cavabdehlik daşıyır. Senatın
üzvlərini İsveç dövləti təyin edir. Müəllim və
tələbələr də Senatın üzvü ola bilərlər. Senatın
hər bir üzvü səsvermə hüququna malikdir. Senatın
müəyyən etdiyi işlərin həyata keçirilməsinə
operativ nəzarət universitet rektorunun üzərinə
düşür. Uppsala Universitetinin rektoru və
vitse-kansleri professor Anders Hallberqdir.
Rektorun humanitar və sosial elmlər, tibb və
əczaçılıq, eləcə də dəqiq elmlər və texnika üzrə
3 müavini var. Fakültələr dekanlar tərəfindən
idarə olunur. Universitetdə ümumilikdə 5000
nəfər işçi çalışır. Onların 3000-i professor-müəllim
və tədqiqatçılardır, qalanları isə inzibati
heyətə daxildir. Universitetdə 550 nəfər baş
müəllim işləyir, müəllimlərin 20 faizini
qadınlar təşkil edirlər.
Uppsala Universitetində 45000-ə yaxın tələbə
təhsil alır. Onların 23000-ni əyani, qalanlarını
isə qiyabi oxuyan tələbələr təşkil edirlər.
Tələbələrin yarıdan çoxu humanitar və sosial
elmlər üzrə təhsil alır.
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"
çərçivəsində Uppsala Universitetinin
magistratura səviyyəsində Şəbnəm Zöhrab qızı
Alməmmədova beynəlxalq münasibətlər, Fərrux
Mübariz oğlu Əliyev Avroasiya araşdırmaları
ixtisasları üzrə təhsil alırlar. 2010-2011-ci
tədris ilində həmin proqrama əsasən Naidə Tofiq
qızı Süleymanova Uppsala Universitetinin
magistratura səviyyəsinə Tibbi biokimya və
mikrobiologiya bölməsi üzrə yoluxucu biologiya
ixtisasına qəbul olunub.
Uppsala Universitetinin tələbə şəhərciyində 3500
birotaqlı və 2700-ə qədər mənzildən ibarət
yataqxana kompleksi fəaliyyət göstərir. Buna
baxmayaraq, tələbələr universitet
yataqxanalarında yer tapmaqda bir qədər çətinlik
çəkir, kirayə otaq tutmaq və şəhərdə müstəqil
olaraq yaşayış yeri axtarmaq məcburiyyətində
qalırlar. Bu işdə tələbələrə universitetin
Tələbə Təşkilatı yardım edir. Tələbə Təşkilatı
bir sıra xüsusi mənzil və otaqlara malikdir və
təşkilata üzv olan tələbələri burada yerləşdirir.
Təşkilat Kvarnqardet, Floqsta, Centrum, Hoqanas,
Luthagen, Ultuna, Qamla Uppsala və digər
rayonlarda yerləşən yataqxanalarda otaqlar
təklif edir. Bir otağın qiyməti yerləşdiyi ərazi
və şəraitindən asılı olaraq ayda 2300-5000 İsveç
kronu arasında dəyişir.
Uppsala Tələbə Təşkilatı 1849-cu ildə yaradılıb
və bu təşkilata Əczaçılıq fakültəsinin
tələbələrini çıxmaq şərti ilə millətindən asılı
olmayaraq bütün tələbələr daxil edilir.
Əczaçılıq fakültəsinin tələbələrinin təşkilata
üzvlükdən azad olmasının səbəbi onların ayrıca
olaraq Əczaçılıq Tələbələri Assosiasiyasının
fəaliyyət göstərməsi ilə əlaqədardır. Eyni
zamanda Uppsala Universitetində hər ölkəni və ya
milləti təmsil edən tələbələr də xüsusi
təşkilatlar yaradırlar.
Universitetdə musiqi sahəsinə xüsusi diqqət
ayrılır. Kral Akademik Orkestri 1627-ci ildən
fəaliyyət göstərir. Bu orkestrdə Vilhelm
Stenhammar, Uqo Alfven və Lars-Erik Larson kimi
dahi bəstəkarlar çalışıblar. Universitetin
məşhur xor qrupu fəaliyyət göstərir və bu qrupun
tanınmış simalarından Erik Eriksonun adını qeyd
etmək olar. Onun şərəfinə universitetdə Erikson
Xor Rejissorluğu kafedrası, 2000-ci ildə isə xor
mərkəzi açılıb. Mərkəz xor kursları təklif edir.
Amerika və Britaniya universitetlərindən fərqli
olaraq Uppsala Universiteti tələbələrinin
həyatında idman elə də böyük rol oynamır.
Universitet daha çox musiqi və xor sahəsi üzrə
məşhurdur. Burada tələbələr qılıncoynatma,
gimnastika, yüngül atletika, atçılıq və s.
idman növlərinə üstünlük verirlər.
Dünyanın ən qədim ali məktəblərindən olan
Uppsala Universiteti hazırda beynəlxalq
əməkdaşlıq, ticarət, iqtisadiyyat, mədəni
mübadilə və bir sıra digər sahələr üzrə ən
innovativ tədqiqat və təhsil tədbirləri keçirir.
Ali məktəbin qarşısında duran əsas məsələlərdən
biri də fənlərarası tədqiqatların aparılması və
dünyanın müxtəlif böyük şirkətləri ilə
əməkdaşlıq çərçivəsində yeni modellərin
işlənməsidir. Son illər universitet apardığı
tədqiqatların öyrənilməsi üçün beynəlxalq
ekspertlər dəvət edib. Universitetin əldə etdiyi
nəticələr ekspertlər tərəfindən yüksək
qiymətləndirilib. Bu gün Uppsala Universiteti
tək Avropanın deyil, bütün dünyanın sürətlə
inkişaf edən elmi-tədqiqat müəssisələrindən
birinə çevrilib.
Universitetin məşhur məzunları
|
Şahzadə Viktoriya |
İsveç Krallığının taclı şahzadəsi |
|
|
X Karl |
İsveç Krallığının sabiq kralı |
|
|
XV Karl |
İsveç Krallığının sabiq kralı |
|
|
II Oskar |
İsveç Krallığının sabiq kralı |
|
|
V Qustav |
İsveç Krallığının sabiq kralı |
|
|
VI Qustav |
İsveç Krallığının sabiq kralı |
|
|
XVI Karl Qustav |
İsveç Krallığının sabiq kralı |
|
|
Nils İden |
İsveç Krallığının sabiq baş naziri |
|
|
Hens Bliks |
İsveçin sabiq xarici işlər naziri,
Beynəlxalq Atom Enerjisi Agentliyinin
sabiq rəhbəri |
|
|
Anna Lind |
İsveçin sabiq xarici işlər naziri |
|
|
Per Yakobson |
Beynəlxalq Valyuta Fondunun direktoru |
|
|
Hans Korell |
BMT Baş katibinin hüquq məsələləri üzrə
sabiq müavini |
|
|
Hans Henrik von Essen |
Norveçin general-qubernatoru |
|
|
Karl Qustav Vestman |
İsveçin sabiq ədliyyə naziri |
|
|
Tito Steyn Dolanc |
Yuqoslaviya Təhlükəsizlik Xidmətinin
sabiq rəhbəri |
|
Universitetin Nobel mükafatı laureatları
|
Arne Tiselius |
kimya üzrə Nobel mükafatı laureatı
|
|
|
Teodor Svedberq |
kimya üzrə Nobel mükafatı laureatı |
|
|
Svante Arrenius |
kimya üzrə Nobel mükafatı laureatı |
|
|
Allvr Qulstrand |
fiziologiya və tibb üzrə Nobel mükafatı
laureatı |
|
|
Robert Barani |
fiziologiya və tibb üzrə Nobel mükafatı
laureatı |
|
|
Huqo Teorell |
fiziologiya və tibb üzrə Nobel mükafatı
laureatı |
|
|
Manne Siegbahn |
fizika üzrə Nobel mükafatı laureatı |
|
|
Hannes Alfven |
fizika üzrə Nobel mükafatı laureatı |
|
|
Kay Siegbahn |
fizika üzrə Nobel mükafatı laureatı |
|
|
Erik Aksel Karlfeldt |
ədəbiyyat üzrə Nobel mükafatı laureatı |
|
|
Per Laqerkvist |
ədəbiyyat üzrə Nobel mükafatı laureatı |
|
|
Yalmar Brantinq |
ədəbiyyat üzrə Nobel mükafatı laureatı |
|
|
Natan Söderblom |
sülh üzrə Nobel mükafatı laureatı |
|
|
Alva Mirdal |
sülh üzrə Nobel mükafatı laureatı |
|
|
Daq Hammarşeld |
sülh üzrə Nobel mükafatı laureatı |
|
Hazırladı:
Lamiyə ƏLİYEVA |
|