Aprelin 27-də Qafqaz Universitetində ənənəvi
aylıq seminarın növbəti məşğələsi keçirilib.
Seminarda Azərbaycan Respublikası Dövlət Neft
Şirkəti "Azərkimya" İstehsalat Birliyinin
Müşahidə Şurasının sədri, millət vəkili Muxtar
Babayev "Azərkimya" İstehsalat Birliyinin
inkişaf strategiyasında gənclərin rolu"
mövzusunda məruzə edib.
Seminarda giriş sözü söyləyən Qafqaz
Universitetinin rektoru, professor Ahmet Saniç
hörmətli qonağı salamlayaraq rəhbərlik etdiyi
ali məktəbin iş dünyası ilə əlaqələrə xüsusi
önəm verdiyini bildirib və "Azərkimya" ilə
işbirliyinin hər iki tərəf üçün faydalı
olacağını vurğulayıb.
Muxtar Babayev məruzəsində Azərbaycanda kimya
sənayesinin təşəkkülü, hazırkı durumu və
sənayenin bu sahəsini inkişaf etdirmək üçün
görülən və görülməsi nəzərdə tutulan işlər
haqqında məlumat verib, gənclərin kimya sənayesi
müəssisələrinə cəlbi üçün həyata keçirilən
tədbirlərdən danışıb. M.Babayev kimya
sənayesini, xüsusən də rəhbərlik etdiyi birliyin
işini canlandırmaq üçün bir sıra layihələrin
hazırlandığını və həyata keçirilməyə
başlandığını, sahənin müəssisə və
təşkilatlarında işçilərin hazırda 52 yaş təşkil
edən orta yaşının cavanlaşdırılmasına
çalışıldığını, son bir ildə test imtahanları
vasitəsi ilə 100 nəfər gəncin işə qəbul
olunduğunu, bu sahədə Qafqaz Universiteti ilə
əməkdaşlıq etməyə hazır olduqlarını bildirib.
Məruzəsini başa çatdırdıqdan sonra M.Babayev
tələbələrin çoxsaylı suallarını cavablandırıb.
Görüşün sonunda "Azərkimya" İstehsalat Birliyi
ilə Qafqaz Universiteti arasında əməkdaşlıq
müqaviləsi imzalanıb.
Yusif ƏLİYEV |