Aprelin 22-də "Xalq qəzeti"nin mətbuat
mərkəzində Azərbaycanın xalq rəssamı,
yaradıcılığının mühüm hissəsini jurnalistikada
keçirmiş Hüseyn Əliyevin anadan olmasının 100
illiyi münasibəti ilə unudulmaz sənətkarın anım
günü keçirildi.
Uzun
illər Hüseyn Əliyevlə bir redaksiyada çalışmış
əməkdaşların və KİV nümayəndələrinin iştirak
etdiyi tədbiri "Xalq qəzeti"nin baş redaktoru
Həsən Həsənov açaraq qonaqları salamladıqdan
sonra bildirdi ki, 92 il bundan əvvəl
"Kommunist" adı altında nəşrə başlamış "Xalq
qəzeti" ilk gündən öz ətrafına ölkəmizin
tanınmış ziyalılarını, yazıçılarını,
jurnalistlərini toplamışdı. Qəzetdə Məmməd Səid
Ordubadi, Tağı Şahbazi, Cəfər Cabbarlı, Seyid
Hüseyn, Məmmədəli Sidqi, Mir Cəlal Paşayev, Əli
Vəliyev, Süleyman Məlikov, Şəmsəddin Abbasov,
Xəlil İbrahimov, Nəsir İmanquliyev və başqa
qələm sahibləri əməkdaşlıq ediblər. Eyni
zamanda görkəmli sənət ustası Əzim Əzimzadə
1922-ci ildən başlayaraq bu qəzetin baş rəssamı
işləyib. Belə tarixi şəxsiyyətlərlə birlikdə
çalışmaq səadəti istedadlı fırça ustası Hüseyn
Əliyevə də nəsib olub. O, Ə.Əzimzadədən sonra
redaksiyanın bədii tərtibat şöbəsinə 52 il
rəhbərlik edib. Qəzetin maraqlı, nəfis şəkildə
çıxması üçün böyük əmək sərf edib.
İstedadlı rəssam haqqında daha ətraflı məlumat
verən baş redaktor sonra qeyd etdi ki, Hüseyn
Əlirza oğlu Əliyev 1911-ci il aprelin 22-də
Zəngəzur qəzasının Comərdli kəndində anadan
olub. Bakı Rəssamlıq Texnikumunu və Leninqrad
Rəssamlıq Akademiyasının nəzdində fəaliyyət
göstərən üçillik xüsusi kursu müvəffəqiyyətlə
bitirən Hüseyn Əliyev 1935-ci il oktyabrın 4-dən
"Xalq qəzeti"ndə əmək fəaliyyətinə başlayıb.
İkinci Dünya müharibəsi başlayanda könüllü
surətdə cəbhəyə gedən Hüseyn müəllim şərəfli
döyüş yolu keçib. O, 1944-cü ilin avqustunda
qəzetin redaktoru Əli Vəliyevin SSRİ Müdafiə
Nazirliyinə göndərdiyi tələbnamə əsasında
yenidən redaksiyaya qayıdıb və təqaüdə çıxana
kimi burada əmək fəaliyyətini davam etdirib.
1940-cı ildən Rəssamlar İttifaqının üzvü olan
Hüseyn Əliyevə 1976-cı ildə Azərbaycan
Respublikasının əməkdar, 1982-ci ildə isə xalq
rəssamı fəxri adı verilib. O, üç dəfə Azərbaycan
Ali Sovetinin, bir dəfə isə Ukrayna Ali
Sovetinin fəxri fərmanını alıb. Müharibədə
iştirakına görə bir neçə medala layiq görülən
Hüseyn Əliyev "Xalqlar dostluğu" ordeni ilə
təltif edilib.
Daha sonra H.Həsənov öz çıxışında vurğuladı ki,
Hüseyn Əliyev böyük sənətkar, əsl vətəndaş ömrü
yaşayıb. Onun əmək kitabçasına yalnız bir ünvan
yazılıb - "Xalq qəzeti" redaksiyası. Ailə
səadətini də burada tapıb. Qəzetin əməkdaşı
Ruqiyyə xanımla evlənərək, iki oğul və iki qız
atası olub. Övladlarını Vətənə, cəmiyyətə
layiqli vətəndaş kimi böyüdüb, tərbiyə edib.
Şərəfli və mənalı bir ömür sürmüş Hüseyn Əliyev
20 ildir ki, aramızda yoxdur. Lakin onun qoyub
getdiyi sənət əsərləri - təbiət mənzərələri,
karikaturalar, müxtəlif mövzulara həsr etdiyi
süjetlər bu gün də xalqımız tərəfindən rəğbətlə
qarşılanır,- deyən natiq elə həmin gün Telman
Əliyevin imzası ilə "Xalq qəzeti"ndə dərc
olunmuş "Xoşbəxt taleli sənətkar" adlı yazıda
YUNESKO-nun nəzdində fəaliyyət göstərən
Beynəlxalq Rəssamlar Federasiyasının
vitse-prezidenti, Azərbaycanın xalq rəssamı,
Sosialist Əməyi Qəhrəmanı, akademik Tahir
Salahovun Hüseyn müəllim haqqında söylədiyi
qiymətli fikirləri yenidən tədbir
iştirakçılarının nəzərinə çatdırdı:
-
Qəlbimdə Azərbaycanın xalq rəssamı Hüseyn
Əliyevin işıqlı, cazibəli xatirəsi yaşayır. O,
Azərbaycanın rəssamlıq ənənəsini Bəhruz Kəngərli
və Əzim Əzimzadədən alaraq layiqincə davam
etdirmişdir...
Tədbirdə "Xalq qəzeti"-nin Hüseyn Əliyevlə bir
işləmiş sabiq əməkdaşları Firidun Rəsulov,
Mehman Fərzullayev, Tamara Əliyeva, Fərman
Bağırov və qəzetin hazırkı əməkdaşları Telman
Əliyev, Tahir Aydınoğlu, İttifaq Mirzəbəyli
çıxış edərək Hüseyn müəllimin mərdliyindən,
haqqı, ədaləti sevdiyindən, haqsızlığa
dözməməsindən, incə, kövrək qəlbli olmasından,
darda olana kömək etməsindən, gənclərə qayğı
göstərməsindən bəhs edən bir-birindən maraqlı
xatirələr söyləyib, Allahdan rəhmət diləyərək,
onu yad etdilər.
Ədalət DAŞDƏMİRLİ |
|