Azərbaycanda
son illər gənc nəslin sağlam böyüməsi, yüksək
təlim-tərbiyə alması istiqamətində uğurlu
tədbirlər həyata keçirilir, nəzərəçarpan işlər
görülür. Ölkə başçısı cənab İlham Əliyevin
imzaladığı bir sıra sərəncam və dövlət
proqramları, Heydər Əliyev Fondunun dəstəyi ilə
reallaşan layihələr xoşbəxt gələcəyimizin
qurucuları olacaq uşaqların sağlam böyümələrinə,
yüksək təhsil almalarına imkan və şərait
yaradır. Xüsusilə Azərbaycanın birinci xanımı,
Heydər Əliyev Fondunun prezidenti,YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri, millət vəkili
Mehriban Əliyevanın fəaliyyətində önəmli
məsələlərdən birini valideyn himayəsindən məhrum
olmuş və xüsusi qayğıya ehtiyacı olan uşaqlara
kömək etmək, onların cəmiyyətə gərəkli bir
vətəndaş kimi yetişmələrinə, sosial
problemlərinin həllinə dəstək göstərmək təşkil
edir. Bu istiqamətdə işlər Fondun "Uşaq evləri
və internat məktəblərinin inkişafı Proqramı"
çərçivəsində həyata keçirilir. Həmin proqrama
müvafiq olaraq görülən tədbirlər nəticəsində bu
tip müəssisələrin bir çoxu yenidən qurulmuş,
əsaslı təmir olunmuş, yeni inventar və
avadanlıqlarla təchiz edilmişdir. Belə
müəssisələrdə ailə ocağından məhrum uşaqlar üçün
ev şəraitinə maksimum yaxın olan bir mühit
yaradılıb. Onu da qeyd edək ki, proqram
çərçivəsində artıq xeyli işlər görülüb və bu
ardıcıl olaraq davam etdirilməkdədir.
Bu gün ölkəmizdə fəaliyyət göstərən uşaq evləri
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun
və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili
Mehriban xanım Əliyevanın daim diqqət və
qayğısını öz üzərilərində hiss edirlər. Məhz bu
diqqətin, qayğının və xeyirxahlığın nəticəsidir
ki, Bakının Suraxanı rayonunun Yeni Günəşli
yaşayış massivində yerləşən 2 nömrəli uşaq
evinin sakinləri də artıq neçə illərdir
özlərinin xoşbəxt, qayğısız günlərini
yaşayırlar. Azərbaycanın birinci xanımı
dəfələrlə adıçəkilən müəssisədə olub və buradakı
şəraitlə hər zaman maraqlanıb.
2
nömrəli uşaq evinin direktoru Sevda Hacıyeva
bizimlə söhbəti zamanı Mehriban xanım Əliyevanın
hər gəlişinin uşaqlar üçün əsl bayrama
çevrildiyini söylədi. Elə Heydər Əliyev Fondunun
prezidenti, millət vəkili Mehriban Əliyevanın
gələcəyimiz sayılan uşaqlara sevgisini, qayğı və
diqqətini buradakı uşaqlara olan isti
münasibətindən də aydın görmək olur.
Direktor onu da sevinc hissi ilə qeyd etdi ki,
uşaq evi nəyə nail olubsa, bu, ilk növbədə
millət vəkili Mehriban xanım Əliyevanın bizə
doğma münasibəti və yüksək qayğısı hesabınadır.
Fondun prezidenti Suraxanıya hər gəlişi zamanı
mütləq bizim uşaq evinə baş çəkir. Uşaq evinin
sakinləri olan uşaqlar onu doğmalarından çox
istəyirlər. Mehriban xanım Əliyeva bizim
himayədarımızdır. Xeyirxah əməllər sahibi olan
bizim hörmətli millət vəkilimizin uşaq evinə
gəlişi, uşaqlarla səmimi ünsiyyəti müəssisəmizin
tarixində ən yaddaqalan hadisəyə çevrilir. Bu il
aprelin 5-də Azərbaycanın birinci xanımı
Mehriban Əliyevanın yenidən uşaq evinə gəlişi də
bizim sevincli günlərimizdən biri kimi
yaddaqalan oldu.
Sevda xanım məlumat üçün bildirdi ki, 2000-ci
ildən fəaliyyət göstərən 2 nömrəli uşaq evi
Heydər Əliyev Fondunun "Uşaq evləri və internat
məktəblərinin inkişafı Proqramı" çərçivəsində
yenidən qurulub. Müəssisədə 3 yaşından 16
yaşınadək 126 nəfər yetim və valideyn
himayəsindən məhrum uşaq təlim-tərbiyə alır.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva
Heydər Əliyev Fondunun himayəsi altında olan bu
uşaq müəssisəsini daim diqqət mərkəzində
saxlayıb. Fondun dəstəyi ilə burada təmir və
abadlıq işləri aparılıb, müəssisə ən müasir
avadanlıqlarla, kompüterlərlə təmin olunub. Uşaq
evinə Fondun növbəti hədiyyəsi burada əsaslı
yenidənqurma işlərinin aparılması olub. Belə ki,
əsas korpusda yerləşən uşaq evi, məktəbəqədər
və məktəbyaşlı uşaqlar üçün nəzərdə tutulan
"Günərzi qayğı mərkəzi", kitabxana, akt salonu,
yeməkxana, psixoloq, loqoped, stomatoloq
kabinetləri yüksək səviyyədə təmir olunub,
həyətdəki əyləncə və idman meydançaları
təzələnib. Heydər Əliyev Fondu tərəfindən uşaq
evinə kompüterlər, plazma televizorları,
kondisionerlər hədiyyə edilib.
Onu da qeyd edək ki, Təhsil Nazirliyinin 10
sentyabr 2008-ci il tarixli 1046 nömrəli əmri
ilə 2 nömrəli uşaq evində "Günərzi qayğı
mərkəzi" yaradılıb. Adıçəkilən mərkəz risk
qrupuna daxil olan, yeganə valideyninin günün
çox hissəsini işdə keçirən aztəminatlı ailələrin
məktəbəqədər və məktəbyaşlı uşaqları üçün gün
ərzində təmin edilən qayğı növüdür. Mərkəzin
yaradılmasında məqsəd uşaqların müəssisələrə
düşməsinin qarşısının alınmasıdır. Mərkəzin
fəaliyyətə başlaması ilə uşaq evinə ölkənin
digər bölgələrindən olan uşaqların qəbulu
dayandırılmışdır. Burada uşaqlara psixoloq və
loqoped xidmətləri də göstərilir. Mərkəzdə hər
bir uşaq üçün ayrıca fərdi qayğı planı
hazırlanır və plana uyğun olaraq uşaqla iş
aparılır. Əsas məqsəd isə "Günərzi qayğı
mərkəzi"ndə hər bir uşağa göstərilən qayğı
nəticəsində onun cəmiyyətə inteqrasiyası və
sosial adaptasiyasını təmin etməkdir. Uşaqlar
həmçinin maraq və bacarıqlarına əsasən mərkəzdə
yaradılmış müxtəlif dərnəklərə cəlb olunublar.
Hazırda mərkəzin xidmətlərindən 80 nəfər
məktəbəqədər və məktəbyaşlı uşaq istifadə edir.
Həmin uşaqlar dövlət uşaq müəssisələrinə düşmək
riski altında olanlardır.
Artıq altıncı dəfə bu uşaq evinə gələn Heydər
Əliyev Fondunun prezidenti Mehriban xanım
Əliyeva "Günərzi qayğı mərkəzi" ilə yaxından
tanış olaraq balacaların təhsilləri ilə
maraqlanıb. Fondun prezidentinə "Günərzi qayğı
mərkəzi" haqqında geniş məlumat verilib.
Bildirilib ki, "Azərbaycan Respublikasında
dövlət uşaq müəssisələrindən uşaqların ailələrə
verilməsi (de-institutlaşdırma) və alternativ
qayğı Dövlət Proqramı (2006-2015-ci illər)"na
uyğun olaraq Xəzər və Suraxanı rayonları pilot
rayonlar kimi seçilib. Bununla bağlı
respublikada ilk dəfə olaraq pilot layihə
2009-cu ilin yanvarından 2 nömrəli uşaq evində
həyata keçirilir. Pilot layihənin əsas məqsədi
gələcəkdə risk qrupuna aid ailələrin
uşaqlarının, habelə tək valideyni olan,
valideynləri əlil olan ailələrin övladlarının
"Günərzi qayğı mərkəzi"nə qəbul edilməsidir. Bu
uşaqlar mərkəzdə 12 saat ərzində qalır, asudə
vaxtları təşkil olunur. Onlar məktəblərə
aparılır və gətirilir, mərkəzdə gün ərzində
qidalanır, axşamlar isə evlərinə qayıdırlar.
Mehriban xanım Əliyeva görülən işlərdən razı
qaldığını bildirmiş və müəssisənin daha nəyə
ehtiyacı olduğunu soruşmuşdur. Uşaq evinin
direktoru qeyd etdi ki, yeni yaradılan xidmətin
inkişaf etdirilməsi üçün əlavə bir korpusa da
ehtiyacımızın olduğunu biləndə hörmətli millət
vəkilimiz bu məsələnin də həll olunacağını
söylədi. Uşaqlarla səmimi söhbəti,
mehribançılığı və qayğıkeşliyi ilə onların
qəlbində silinməz izlər qoyan millət vəkili
Mehriban xanım Əliyeva mərkəzlə tanışlığı zamanı
bura cəlb olunan uşaqların ailələrindəki sosial
vəziyyətlə də maraqlanıb.
Sevda Hacıyeva onların himayədarı olan Mehriban
xanımın uşaqların asudə vaxtlarının daha
səmərəli təşkili, gəzintilərə, əlamətdar
tədbirlərə, ekskursiyalara rahat gedib-gəlmələri
üçün böyük bir arzunu da həyata keçirdiyini
minnətdarlıq hissi ilə qeyd etdi. Belə ki,
Mehriban xanım Əliyeva budəfəki gəlişində də
buranın sakinlərini sevindirdi, uşaq evinə
Fondun adından 28 yerlik avtobus hədiyyə etdi.
Hər zaman Heydər Əliyev Fondunun prezidenti,
YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri,
millət vəkili Mehriban xanım Əliyeva tərəfindən
diqqət və qayğı gördüklərini söyləyən uşaq
evinin direktoru rəhbərlik etdiyi müəssisədə
böyüyən, tərbiyə alan uşaqların xalqımıza layiq
vətəndaş kimi yetişməsində var qüvvələrini
əsirgəməyəcəklərini və onlara göstərilən etimadı
bundan sonra da layiqincə doğruldacaqlarını
bildirdi.
Samirə KƏRİMOVA |
|