Aprelin 26-da Bakı Slavyan Universiteti
Azərbaycanda ilk dəfə olaraq respublikanın
elmi-mədəni həyatına töhfə verə biləcək möhtəşəm
layihəyə imza atdı. BSU-da ümummilli lider
Heydər Əliyevin anadan olmasının 88-ci
ildönümünə həsr olunmuş "Humanitar elmlərin
aktual problemləri" mövzusunda magistrantların I
Beynəlxalq elmi konfransı keçirildi.
Konfransda Türkiyə, Rusiya, Ukrayna, Belarus,
Gürcüstan, Çin, Cənubi Koreya kimi xarici
ölkələrdən, Azərbaycan Respublikasından isə
müxtəlif universitetlərdən (Bakı Dövlət
Universiteti, Azərbaycan Dillər Universiteti,
Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyası, Azərbaycan
Dövlət Pedaqoji Universiteti, Azərbaycan
Müəllimlər İnstitutu, Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət Universiteti, Sumqayıt,
Naxçıvan, Lənkəran, Gəncə Dövlət
universitetləri, Azərbaycan Diplomatiya
Akademiyası, Bakı Avrasiya Akademiyası və s.)
magistrantlar 112 elmi məruzə ilə çıxış etdilər.
Bakı Slavyan Universitetinin magistrantlarının
payına isə 182 elmi məruzə düşdü. Konfrans öz
işini "Dilçilik", "Ədəbiyyatşünaslıq",
"Pedaqogika, psixologiya və metodika" və
"İctimai elmlər" bölmələrində davam etdirdi.
Konfransın açılış mərasimindən əvvəl
iştirakçılar Fəxri xiyabanda ulu öndər Heydər
Əliyevin məzarını ziyarət etdilər.
Sonra konfransın plenar iclasını giriş sözü ilə
BSU-nun tədris işləri üzrə prorektoru, professor
Asif Hacıyev açaraq qonaqları salamladı və
tədbir haqqında auditoriyaya məlumat verdi,
konfransın mədəniyyətlərin və elmin
inteqrasiyası yolunda əhəmiyyətli addım olduğunu
bildirdi. Qeyd etdi ki, universitetimizdə yalnız
auditoriyadankənar ictimai tədbirlərdə deyil,
müxtəlif dərslərdə də Heydər Əliyevin
dövlətimiz, vətənimiz, ölkəmiz qarşısında
müstəsna xidmətləri və o cümlədən, BSU-nun
yaradıcısı kimi, universitetimizə yeni həyat
verən, müasir dövrün tələblərinə uyğunlaşdıran
böyük dövlət xadimi kimi rolu haqqında mütəmadi
məlumat verilir və öyrənilir. Ümummilli lider
Heydər Əliyev irsini öyrənməyin, təbliğ etməyin
bir amalı vardır. O da bundan ibarətdir ki, hər
bir gənc, hər bir yeni yetişən nəslin
nümayəndəsi öz fəaliyyətində, öz əqidəsində, öz
gələcək işlərində ulu öndərin ideyalarına layiq
olsun, dövlətimizə layiqli vətəndaş kimi
formalaşsın. Azərbaycanın gələcəyi üçün var gücü
ilə çalışsın. Bu tədbirdə olan çıxışların
səviyyəsi, burada olan məruzələrin əhəmiyyəti də
ulu öndərin xatirəsinə ən böyük hədiyyədir.
Sonra konfransın işi barədə BSU-nun elmi işlər
üzrə prorektoru Məmməd Əliyev ətraflı məlumat
verdi və konfransın işinə uğurlar arzuladı.
Konfransın plenar iclasında Gürcüstandan
A.Sereteli adına Kutaisi Dövlət Universitetinin
magistrantı A.K.Embralidze, Türkiyədən İstanbul
Kültür Universitetinin magistrantı
A.S.Hüseynova, Naxçıvan Dövlət Universitetinin
magistrantı E.N.Kəlbizadə, Sumqayıt Dövlət
Universitetinin magistrantı M.F.İsmayılova və
Bakı Slavyan Universitetinin magistrantı
P.E.Eyvazov çıxış edərək konfransın
magistrantlar üçün əhəmiyyətindən danışdılar və
bu möhtəşəm layihəyə dəstək verdiyinə görə
BSU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor
Kamal Abdullayevə dərin təşəkkürlərini
bildirdilər.
Konfrans çərçivəsində magistrantlar üçün
universitetdə çalışan və magistr elmi-tədqiqat
işlərinə uğurla rəhbərlik edən "Türk-Slavyan
əlaqələri" elmi-tədqiqai laboratoriyasının
müdiri, Ədəbiyyat nəzəriyyəsi kafedrasının
professoru, filologiya elmləri doktoru
R.Quliyeva "Dünya ədəbiyyatında arxetiplər",
Ümumi və rus dilçiliyi kafedrasının müdiri,
filologiya elmləri doktoru, professor İ.Həmidov
isə "Xalqın ruhu - onun dili, xalqın dili - onun
ruhudur" mövzusunda ustad dərslər də keçdilər.
Daha sonra konfrans öz işini bölmələr üzrə davam
etdirdi.
Ertəsi gün konfrans öz işini davam etdirdi.
Yekun tədbiri giriş sözü ilə açan professor
Kamal Abdullayev magistrantları salamladı və
artıq yekunlaşdırılan beynəlxalq konfransın
Azərbaycan təhsil sistemində əhəmiyyətindən
danışdı, son dərəcə maraqlı və məzmunlu bir
tədbirin keçirildiyini vurğuladı. Ulu
öndərimizin xatirəsinə həsr olunmuş bu elmi
tədbirdə fəal iştirak edən bütün magistrantlar
yüksək səviyyədə elm və zəka nümayiş etdirdilər.
Ümidvaram ki, elmin bir çox sahələri üzrə sizin
indi atdığınız ürkək addımlar mətin addımlara
çevriləcək və hər biriniz gələcəkdə öz sahənizdə
gözəl mütəxəssis kimi yetişəcəksiniz.
Daha sonra bölmə rəhbərlərinin məlumatları
dinlənildi və məzmunlu elmi məruzələrlə çıxış
etmiş magistrantlar diplomlarla, konfransın
işində fəal iştirak etmiş magistrantlar isə
təşəkkürnamələr ilə təltif olundular.
Şakir CƏFƏROV |
|