Xəbər
verdiyimiz kimi, aprelin 21-də Gəncədəki 27
nömrəli məktəb-liseydə təhsil naziri Misir
Mərdanovun iştirakı ilə "Müasir təhsilin davamlı
inkişafı: reallıqlar, perspektivlər" mövzusunda
zona elmi-praktik konfransı keçirildi.
Konfransda Gəncə Şəhər İcra Hakimiyyətinin
başçısı Elmar Vəliyev, Təhsil Nazirliyinin
nümayəndələri, Təhsil Problemləri İnstitutunun
əməkdaşları, Gəncə Şəhər Təhsil İdarəsinin
müdiri Mahal Əliyev, Naftalan şəhər, Qazax,
Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən,
Samux, Göygöl, Goranboy rayon təhsil şöbələrinin
müdirləri, metodistlər, məktəb direktorları
iştirak edirdilər.
Təhsil naziri Misir Mərdanov öncə məktəbin
foyesində şagirdlərin əl işlərindən ibarət sərgi
ilə tanış oldu. Sonra riyaziyyat müəllimləri
Yeganə Səfərovanın III sinifdə, Nabat
Qasımovanın isə IX sinifdə apardıqları "açıq
dərs"lərdə iştirak etdi.
Konfransı giriş sözü ilə açan təhsil naziri
Misir Mərdanov son illər respublikada aparılan
təhsil islahatları haqqında məlumat verdi.
Bildirildi ki, ölkənin davamlı inkişafı üçün
təhsil sahəsi ən vacib sahələrdəndir. Son illər
Gəncədə olan dinamik inkişafdan söz açan nazir
ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla
davam etdirən ölkə Prezidenti cənab İlham
Əliyevin regionların sosial-iqtisadi inkişafına
böyük diqqət yetirdiyini bildirdi, bu məqsədlə
qəbul olunmuş proqram çərçivəsində görülən
misilsiz işlər haqqında danışdı. Ölkənin təhsil
sistemində həyata keçirilən islahatları, son
zamanlar xeyli sayda yeni məktəb binasının
tikilərək istifadəyə verildiyini, bütün
ümumtəhsil müəssisələrinin ən zəruri
avadanlıqlarla, o cümlədən kompüter
texnologiyaları ilə təchiz olunduğunu diqqətə
çatdırdı. Nazir bildirdi ki, Prezident cənab
İlham Əliyevin imzaladığı sərəncamlara və
müvafiq göstərişlərə əsasən hazırda ölkə üzrə
qəza vəziyyətində olan 525 məktəb 2013-cü ilə
kimi təmir olunaraq müasir tələblər səviyyəsinə
çatdırılacaq.
Son
illər yeni kurikulumun tətbiqi məsələlərindən
söz açan M.Mərdanov bu istiqamətdə görülən
işlərin davamlı olacağını nəzərə çatdırdı.
Təhsil naziri Misir Mərdanov pilot məktəbdə
iştirak etdiyi dərslərdən danışaraq tədris
prosesindən razı qaldığını bildirdi. Çox yüksək
səviyyəli dərslərin şahidi olduğunu, hər iki
müəllimin yüksək səviyyədə dərs apardığını,
xüsusilə Yeganə müəllimin dərsinin tam
standartlara uyğun və dünyanın ən inkişaf etmiş
ölkələrində keçilən dərslər səviyyəsində
olduğunu qeyd etdi. Nazir bildirdi ki, bizim
əsas məqsədimiz Azərbaycanda təhsil sahəsində
həyata keçirilən islahatların gedişini izləmək,
qiymətləndirmək və gələcək planlarımızı
qurmaqdan ibarətdir. Prezidentin tapşırığı ilə
yaxın illər ərzində Azərbaycanda bütün
məktəblərin maddi-texniki təminatı yaxşılaşacaq.
Hazırda bu istiqamətdə çox ciddi işlər aparılır.
Məqsədlərimizdən biri də ondan ibarətdir ki,
məktəblərin maddi-texniki bazasının
möhkəmləndirilməsi ilə bağlı proqrama Gəncə və
bölgə rayonlarına dair təkliflər verək. "Mən bu
gün 10 il əvvəl əsası qoyulmuş islahatların
uğurlu nəticələrini görürəm" deyən nazir
Azərbaycan Prezidenti cənab İlham Əliyevin
təhsilə göstərdiyi diqqət və qayğıdan söz açdı.
Belə tədbirlərin keçirilməsinin vacibliyini
vurğulayan təhsil naziri Misir Mərdanov 11
rayonun təhsili haqqında statistik məlumatları
slaydlar vasitəsilə iştirakçıların diqqətinə
çatdırdı. Gəncə və bölgədəki rayonlarda
məktəbəqədər təhsil sahəsi haqqında statistik
məlumatları iştirakçıların nəzərinə çatdıran
nazir bu sahədə ciddi problemlərin mövcud
olduğunu və bağçaların azlıq təşkil etdiyini,
problemin həllinə dair məsələlərin müzakirə
edildiyini bildirdı. Kadrlarla bağlı məsələlərə
toxunan Misir Mərdanov müəllimlərin və
tərbiyəçilərin yaş senzi ilə bağlı yaranan
problemlərə həssas yanaşmağı, gənc kadrlara
şərait yaradılmasını, yaşlı müəllimlərin isə
bacarıq və qabiliyyətlərinə görə tənzimlənməsini
tövsiyə etdi. Şagird-müəllim nisbətinə toxunan
təhsil naziri bu məsələnin ciddi xarakter
daşıdığını və rasionallaşdırmaya ehtiyac
olduğunu nəzərə çatdırdı. Yeni fənn
kurikulumlarının tətbiqi üzrə öyrədici
təlimlərdən keçən müəllimlər haqqında məlumat
verən nazir bu sahədə işlərin mərhələli şəkildə
həyata keçirildiyini vurğuladı.
Son illər bölgədə tikilən yeni məktəblərin
sayının sürətlə artdığını deyən nazir bildirdi
ki, təkcə Goranboyda 35 yeni məktəb binası
tikilərək istifadəyə verilib. Məktəblərin İKT
avadanlıqları ilə təchizatından söz açan nazir
şagird-kompüter nisbətinin 20/1 olduğunu, lakin
bu nisbətin gələcəkdə daha da azaldılmasının
nəzərdə tutulduğunu qeyd etdi. Fizika və kimya
laboratoriyalarının hazırkı durumuna toxunan
nazir kimya laboratoriyalarının tavanında
təmizləyici filtrlərin olmasının vacibliyini
bildirərək bu barədə tikinti şirkətlərinə
müəyyən göstərişlər verildiyini diqqətə
çatdırdı. Akt və idman zalları, kitabxanaları
olmayan məktəblərin hazırkı vəziyyətindən söz
açan Misir Mərdanov bu məsələyə xüsusi diqqət
yetirilməsinin vacibliyini bildirdi.
Son dörd ildə keçirilən "Ən yaxşı ümumtəhsil
məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin
əhəmiyyətindən danışan nazir bu müsabiqələrdə
fəal iştirak etməyin vacibliyini vurğuladı.
Təhsil naziri çıxışında istedadlı uşaqlarla iş,
fənn olimpiadalarının, buraxılış və ali
məktəblərə qəbul imtahanlarının nəticələri,
əlaçı məzunların ali məktəblərə qəbulu,
Valideyn-Müəllim Assosiasiyaları ilə iş,
məktəbdənkənar müəssisələr və məktəblərin
respublika və beynəlxalq müsabiqələrdə iştirakı,
dərsliklərlə təminat, peşə məktəbləri və onların
məzunlarının işlə təminatı, ali məktəblərin
maddi-texniki bazası və İKT ilə təminatı, daxil
olan şikayət məktubları və sair kimi
məsələlərdən söz açdı və bir sıra tapşırıqlar
verdi.
Tədbirdə çıxış edən Gəncə Şəhər İcra
Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirdi
ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən
qoyulan təhsil islahatları bu gün möhtərəm
Prezident cənab İlham Əliyev tərəfindən uğurla
davam etdirilir. Qeyd etdi ki, respublikamızda
bütün sahələrdə olan inkişaf göz qabağındadır.
Son vaxtlar "Təhsil haqqında" qanunun qəbul
olunması və bu yöndə aparılan işlərin məntiqi
nəticəsi kimi bu gün iştirakçısı olduğumuz
dərslər təqdirəlayiqdir. E.Vəliyev Gəncə
şəhərinə icra başçısı təyin olunduğu müddətdə
ilk görüşünü məhz təhsil işçiləri ilə
keçirdiyini və onlara daim lazım olan dəstəyi
əsirgəməyəcəyini iştirakçıların nəzərinə
çatdırdı. O, ali məktəbləri fərqlənmə diplomu
ilə bitirən məzunlarla xüsusi görüşdüyünü və
onlara böyük önəm verəcəklərini bildirdi.
E.Vəliyev təhsil işçiləri ilə görüşü zamanı bir
çox məsələlərin müzakirə olunduğunu və həmçinin
məzunların ali hərbi məktəblərə
istiqamətləndirilməsi məsələsinə xüsusi önəm
verildiyini qeyd etdi.
Sonra söz Azərbaycan Milli Elmlər Akademiyasının
müxbir üzvü, kimya elmləri doktoru, professor
Vaqif Abbasova verildi. Professor elmi-praktik
konfransın bölgələrdə keçirilməsinin zəruri
olduğunu və bu konfransların ümumi işin xeyrinə
olacağına ümidvar olduğunu bildirdi. Qeyd etdi
ki, təhsil naziri Misir Mərdanov mütəmadi olaraq
bölgələrə səfər edir və mövcud problemləri
yerində araşdırır ki, bu da təhsilin inkişafına
təkan verir. Son illər təhsildə aparılan
islahatlardan söz açan V.Abbasov bildirdi ki, bu
sahəyə təkcə təhsil işçilərinin deyil, hər bir
şəxsin az da olsa müəyyən köməkliyi olmalıdır.
O, imkanlı iş adamlarına məktəblə daim əlaqə
saxlamalarını tövsiyə etdi. V.Abbasov bu
praktikanın dünyanın inkişaf etmiş ölkələrində
mövcud olduğunu və müsbət nəticələr verdiyini
nəzərə çatdırdı. Qərb bölgəsinin Azərbaycanın
ictimai-siyasi həyatında mühüm yeri olduğunu və
bölgənin mərkəzi Gəncə şəhərində bir çox
görkəmli şəxsiyyətlərin yetişdiyini qeyd edən
professor VIII sinifdə iştirakçısı olduğu kimya
dərsindəki şagirdlərin də belə şəxsiyyətlərdən
olacağına ümid etdiyini bildirdi. V.Abbasov
dərsin gedişindən razı qaldığını və
gənclərimizin böyük potensiala malik olduqlarını
qeyd etdi. O, dərsdən sonra uşaqlarla səmimi
söhbət etdiyini və onlarda elmə olan marağın
yüksək olduğunu söylədi. Bildirdi ki, vətənə
layiqli, savadlı vətəndaş yetişdirmək təhsil
işçilərinin üzərinə düşən əsas vəzifədir. Bu
vəzifənin öhdəsindən gəlmək üçün hamımız var
gücümüzlə çalışmalıyıq. Belə tədbirlərin
keçirilməsini təqdirəlayiq hal kimi
qiymətləndirən V.Abbasov konfransın
təşkilatçılarına minnətdarlığını bildirdi.
Çıxış edən riyaziyyat dərsliklərinin müəllifi
Nayma Qəhrəmanova kurikulum islahatlarından söz
açdı. Bildirdi ki, kurikulumun tətbiqi
cəmiyyətimizə yeniliklər gətirəcək və müəyyən
vaxt müddətində biz bunun şahidi olacağıq. Bu
məsələ ilə bağlı cəmiyyətin, xüsusilə KİV
nümayəndələrinin üzərinə böyük iş düşdüyünü
inkişaf etmiş ölkələrin təcrübəsindən görmək
olar. Kurikulum islahatları və kurikulumun
tətbiqi ilə bağlı maarifləndirici verilişlər
göstərilməsi, onun mahiyyətinin ictimaiyyətə
çatdırılması əsas amillərdəndir. O, kurikulumu
tətbiq edən müəllimlərin ingilis dilini
bilməsinin ümumi işə müsbət təsir edəcəyini,
belə olduğu təqdirdə islahatın sürətlə həyata
keçəcəyini vurğuladı. N.Qəhrəmanova elmi-praktik
konfransların bölgələrdə keçirilməsini və
dərslik müəlliflərinin regionlarda vaxtaşırı
olmasını təqdirəlayiq hal hesab etdi.
Digər çıxış edənlər mövzu ətrafında fikirlər
səsləndirdilər.
Bölgə üzrə respublika fənn olimpiadasının
qalibləri diplomlarla mükafatlandırıldı.
Niyazi RƏHİMOV,
fotolar müəllifindir |
|