- Mən burada səslənən təkliflərə münasibətimi
bildirmək istəyirəm.
Hesab edirəm ki, bu təkliflər çox dəyərlidir.
Bunlar nəzərə alınacaq və müvafiq tapşırıqlar
veriləcəkdir ki, qaldırdığınız məsələlər
tezliklə öz həllini tapsın. Burada bir neçə
məsələ qaldırıldı. İstərdim ki, öz fikrimi
bildirim.
Sosial
məsələlərin həlli ilə bağlı. Əlbəttə ki, bu
məsələlər daim diqqət mərkəzindədir,
Azərbaycanda maaşlar, təqaüdlər vaxtaşırı
qaldırılır. Ancaq son illər ərzində maaşların və
təqaüdlərin bir neçə dəfə qaldırılmasına
baxmayaraq, xüsusilə dövlət sektorunda
çalışanların sosial təminatı hələ ki,
istədiyimiz səviyyədə deyildir. Bu məsələyə
baxılacaq və əlbəttə ki, akademiya işçilərini
narahat edən məsələlər öz həllini tapacaqdır.
Kitabxananın
tikintisi ilə bağlı verilən təklifləri
dəstəkləyirəm. Bu məsələ bir müddət bundan əvvəl
müzakirə edilmişdi, hətta bəzi təkliflər də
irəli sürülmüşdü. Hesab edirəm ki, biz bu
məsələyə daha da ciddi baxmalıyıq. Ola bilsin
ki, gələn ilin dövlət büdcəsində kitabxananın
tikintisi ilə bağlı artıq maliyyə mənbələri də
müəyyən edilsin. Hesab edirəm ki, layihələndirmə
işləri bu il də başlana bilər. Müasir, gözəl
kitabxananın tikintisinə böyük ehtiyac vardır.
Əminəm ki, biz buna nail olacağıq.
Struktur
islahatları ilə bağlı məsələləri siz özünüz
müəyyən etməlisiniz. Ən optimal variant
seçilməlidir. Seçdiyiniz variantı mən də
dəstəkləyəcəyəm. Əsas məsələ ondan ibarətdir ki,
biz işin səmərəliliyini təmin edək. Struktur
islahatları sadəcə olaraq islahatlar naminə
deyil, real nəticələrə gətirib çıxarmasına
xidmət göstərməlidir.
Xəzər
dənizinin tədqiqatları ilə bağlı beynəlxalq
mərkəzin yaradılması təklifinə baxmaq olar.
Bildiyiniz kimi, hazırda bütün Xəzəryanı ölkələr
bir-biri ilə çox sıx əlaqədədir. Keçən ilin
sonunda Bakıda Xəzəryanı ölkələrin dövlət
başçılarının zirvə görüşünün keçirilməsi və
görüş zamanı qəbul edilmiş çox vacib qərarlar
Xəzər dənizində əməkdaşlıq meyillərini daha da
gücləndirir. Bütün qonşularımız qeyd etmişlər
ki, Xəzər ilə bağlı Bakıda keçirilən zirvə
görüşü çox uğurlu olmuşdur. Bu beştərəfli
əməkdaşlıq əlbəttə ki, davam etdiriləcəkdir.
Burada Xəzərin bioresursları ilə əlaqədar
müəyyən təkliflər var, Xəzər dənizinin hüquqi
statusunun müəyyən edilməsi ilə əlaqədar
danışıqlar gedir və Azərbaycan bütün bu
məsələlərdə çox konstruktiv mövqe nümayiş
etdirir. Elə etməliyik ki, Xəzər dənizi bundan
sonra da dostluq, mehriban qonşuluq dənizi
olsun. Xəzər dənizinin tədqiqatları ilə bağlı
mərkəzin yaradılmasına da baxmaq olar. Əlbəttə,
əgər belə bir mərkəz yaranacaqsa, bunun mərkəzi
Bakı olmalıdır. Çünki Bakı Xəzəryanı ölkələr
arasında yeganə paytaxtdır və əlbəttə Bakının
Xəzərin tədqiqatında və təbii resursların
işlənməsində xüsusi yeri vardır.
Gənc alimlər
üçün fondun yaradılması məsələsinə baxmaq olar.
Bildiyiniz kimi, hazırda "Azərbaycan gəncliyi
2011-2015-ci illərdə" Dövlət Proqramı
hazırlanır. Eyni zamanda, Azərbaycan elminin
inkişafı üzrə dövlət proqramı da 2015-ci ilə
qədər hesablanıbdır. Bu iki proqramı biz bir növ
bir-biri ilə bağlamalıyıq və gənclərin,
ümumiyyətlə, elmə cəlb edilməsi üçün əlbəttə ki,
əlavə tədbirlər nəzərdə tutulmalıdır. Mən o
fikirlə tam razıyam ki, biz gəncləri elmə cəlb
etmək üçün əlavə mexanizmlər hazırlamalıyıq,
stimullaşdırmalıyıq. Biz hərbi xidmətlə bağlı
məsələlərə də baxacağıq.
Neft
hasilatının sabit səviyyədə saxlanılması
məsələsi bizim üçün çox vacibdir. Bildiyiniz
kimi, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq
şirkətlər böyük investisiyalar qoyurlar və eyni
zamanda, Azərbaycan tərəfi də bu işlərdə fəal
iştirak edir. Bildiyiniz kimi, hazırda
konsorsium tərəfindən hasil edilən neftin gəlir
hissəsinin 75 faizi Azərbaycanın payına düşür.
Bu, məhz vaxtilə "Əsrin kontraktı"nın üzərində
danışıqların aparılması zamanı Azərbaycanın
mövqeyinin kifayət qədər ciddi olmasından xəbər
verir. Baxmayaraq ki, o vaxt həm iqtisadi
vəziyyətimiz o qədər yaxşı deyildi, siyasi
proseslər də müəyyən dərəcədə bizi narahat
edirdi. O vaxt biz maksimum məqbul şərtləri əldə
etmişdik. Məhz buna görə bu gün xarici
tərəfdaşlar tərəfindən hasil edilən neftin əksər
hissəsi Azərbaycanın payına düşür. Xarici
şirkətlərlə apardığımız danışıqlarda biz daim bu
məsələ ilə bağlı öz fikrimizi bildiririk. Biz
istəyirik ki, uzunmüddətli hasilata nail olaq.
Hasilatın artırılmasına o qədər də müsbət
baxmırıq. Mən hesab edirəm ki, hasilatın hazırkı
səviyyəsi optimaldır. Elə etməliyik ki, bundan
sonra da uzun illər ərzində Azərbaycan nefti
Azərbaycan iqtisadiyyatının inkişafına xidmət
göstərsin.
Hazırda biz
böyük qaz layihəsinin icrası ilə məşğuluq və
"Şahdəniz" qaz yatağı dünya miqyasında ən böyük
yataqlardan biridir, nadir yataqdır. "Şahdəniz"
yatağından sonra Azərbaycan alimləri,
geoloqları, neftçiləri "Ümid" yatağını
aşkarlayıblar. Beləliklə, bizdə çox böyük qaz
potensialı yaranır və şübhəsiz, giriş sözümdə
qeyd etdiyim Avropanın enerji təhlükəsizliyi
məsələləri də müəyyən dərəcədə Azərbaycan
qazının hesabına təmin edilə bilər. Hazırda bu
istiqamətdə ciddi danışıqlar aparılır. İlin
əvvəlində Avropa İttifaqı ilə Azərbaycan
arasında "Cənub" qaz dəhlizi üzrə bəyannamə
imzalanmışdır, işçi qrupu yaradılmışdır, konkret
işlər aparılır. Burada biz, ilk növbədə, həmişə
olduğu kimi, ölkəmizin və xalqımızın milli
maraqlarını təmin etməliyik. Bizə xüsusilə qazın
ixracı üçün yeni bazarlar, tərəfdaşlara isə yeni
alternativ mənbələr lazımdır. Burada
maraqlarımız demək olar ki, üst-üstə düşür və
gələcəkdə Azərbaycanda həm neftin, həm də qazın
hasilatının səviyyəsini biz müəyyən edəcəyik.
Biz bu hasilatı lazım olan səviyyədə
saxlayacağıq. Burada bu məsələlər əlbəttə ki,
uzunmüddətli inkişaf strategiyamızla
uzlaşmalıdır. Yenə də deyirəm, alimlər də öz
sözünü deyirlər və deyəcəklər.
Mən seysmoloji
xidmətin inkişafı ilə əlaqədar verilən
təkliflərə baxmağa hazıram. Əgər əlavə vəsait
ayırmaq lazımdırsa, biz bunu edərik ki, bu
sahədəki işi daha da təkmilləşdirək. Artıq
zəlzələdən demək olar ki, 10 il vaxt keçir. Ola
bilsin ki, o vaxt alınmış avadanlıq köhnəlib.
Çünki indi yeni texnologiyalar, yeni
avadanlıqlar çıxır və biz əlbəttə ki, buna
baxacağıq.
Biz tarixi
təbiət muzeyinin təmiri ilə əlaqədar təklifə
baxarıq. Hesab edirəm, Azərbaycanda,
ümumiyyətlə, bu sahədə aparılan siyasətə uyğun
olar ki, biz bu muzeyi də yüksək səviyyədə təmir
etdirək, yaxud da yenisini yaradaq. Əgər
yenisini yaradacağıqsa, gərək yer müəyyən
edilsin, şəhərin mərkəzində gözəl bir yer olsun.
Çünki doğrudan da bizdə nümayiş etdirmək üçün
kifayət qədər materiallar, eksponatlar vardır.
Siz yaxşı bilirsiniz ki, palçıq vulkanlarının
sayına görə Azərbaycan dünyada birincidir. Bu,
böyük sərvətimizdir. Əfsuslar olsun ki, nə ölkə
daxilində, nə də ki, xaricdə bu barədə kifayət
qədər bilgilər yoxdur. Alimlər bunu bilir, ancaq
geniş ictimaiyyət bundan xəbərsizdir. Hesab
edirəm ki, müxtəlif yollarla həm muzeyin
yaradılması, ondan sonra internet
materiallarının hazırlanması, elmi tədqiqatların
aparılması sayəsində biz bütün dünyaya
göstərəcəyik ki, Azərbaycan, o cümlədən bu
sahədə də birinci yerdədir.
Şamaxı
Astrofizika Rəsədxanasında əsaslı təmir işləri
gedir, daha doğrusu, bütün infrastruktur yenidən
qurulur. Bu məqsədlər üçün Prezidentin Ehtiyat
Fondundan vəsait ayrılmışdır. Mən bir müddət
bundan əvvəl Şamaxı rayonunda olarkən orada
gedən işlərlə tanış olmuşdum. Alimlərin
yaşaması, fəaliyyəti, elmi-tədqiqatların
aparılması üçün bütün işlər çox gözəl, müasir
səviyyədə görülür. Yəni, hesab edirəm ki, bu
rəsədxana dünya miqyasında öz müasirliyi və
gözəlliyi ilə seçiləcəkdir. Beləliklə,
Azərbaycan elminin inkişafına, bu sahədəki elmin
inkişafına yeni təkan veriləcəkdir. Hesab edirəm
ki, gələcəkdə rəsədxana, eyni zamanda, turistlər
üçün də açıq olmalıdır. Orada müəyyən
ekskursiyalar təşkil olunmalıdır, çünki bu, həm
də maraq doğuran məsələdir, eyni zamanda, bundan
rəsədxananın saxlanması üçün müəyyən əlavə
vəsait də əldə oluna bilər. İndi Azərbaycanda
turizm imkanları geniş inkişaf edir. Xüsusilə
Bakıda, Bakıya yaxın olan Şamaxı rayonunda böyük
quruculuq işləri aparılır, gözəl yol çəkilib.
İndi biz Bakı-Şamaxı yolunu genişləndirəcəyik.
Gözəl avtoban yaranacaq və hesab edirəm ki,
əhali üçün maraqlı olacaqdır. Əlbəttə ki, elmi
işçilər üçün şərait yaradılır.
Sumqayıtda
Polimer Materialları İnstitutunun təmiri ilə
əlaqədar fikir səslənmişdir. Mən tapşırıq
verəcəyəm ki, bu məsələ araşdırılsın və kömək
göstəriləcəkdir. Bütövlükdə kimya elminin
inkişafına diqqət göstərilməlidir və göstərilir.
Mən giriş
sözümdə qeyd etdim ki, neft-kimya sahəsinə böyük
diqqət göstərilir. Azərbaycanda müasir
neft-kimya kompleksinin yaradılması ilə əlaqədar
tapşırıqlar verilmişdir. Yeni müasir neftayırma
zavodunun tikintisi ilə bağlı tapşırıqlar
verilmişdir. İndi layihə hazırlanır. Biz bu
sahədə də ən müasir texnologiyaları cəlb
etməliyik. Mən Dövlət Neft Şirkətinə göstəriş
verəcəyəm ki, Azərbaycan alimlərini bu işlərə
maksimum dərəcədə cəlb etsinlər və bu işləri
birgə görsünlər.
Nizami
mərkəzinin yaradılması ilə əlaqədar səslənən
təkliflər hesab edirəm ki, təqdirəlayiqdir. Heç
kimdə şübhə yoxdur ki, Nizami Gəncəvi dahi
Azərbaycan şairidir. Bunu bütün dünya bilir.
Əgər belə ehtiyac yaranıbsa ki, bunu kiməsə
sübut edək, biz bunu çox asanlıqla sübut edə
bilərik. Nizaminin xatirəsi hər bir azərbaycanlı
üçün əzizdir, doğmadır. Nizaminin əsərləri
əlbəttə ki, milli şüurumuzun tərkib hissəsidir.
O ki qaldı hansısa qüvvələr tərəfindən bu
əsərlərə yiyə çıxmaq, yaxud da özünküləşdirmək
məsələsinə, əfsuslar olsun ki, biz belə hallarla
dəfələrlə üzləşirik. Bunun da əsas səbəbi
ondadır ki, Azərbaycan ədəbiyyatı, Azərbaycan
mədəniyyəti, incəsənəti o qədər zəngindir ki,
başqa tərəflərdən bizim milli sərvətimizi
özünküləşdirmək üçün cəhdlər göstərirlər. Bu
təkcə ədəbiyyatla, yaxud da ki, Nizaminin
əsərləri ilə bağlı olan məsələ deyildir. Bizim
musiqimiz ermənilər tərəfindən utanmadan
oğurlanır. Dahi Üzeyir bəyin əsərləri
özünküləşdirilir. Bizim milli mətbəximiz yenə də
ermənilər tərəfindən oğurlanır. Onlar bunu
müxtəlif yollarla erməni mətbəxi kimi təqdim
etməyə çalışırlar. Halbuki milli yeməklərimizin
adları da Azərbaycan sözləridir. Əgər ermənidən
soruşsan, dolma ermənicə nə deməkdir, onu deyə
bilməz. Necə ki, Qarabağ deyəndə, onlar üçün bu,
sadəcə bir sözdür, onu anlamırlar. Çünki bu,
erməni sözü deyildir. Ona görə də belə
hərəkətlər əlbəttə ki, bizi çox üzür.
Biz öz milli,
mədəni irsimizi qorumalıyıq. Bunun üçün təbliğat
işləri daha da güclü olmalıdır. Bizim
imkanlarımız daha da geniş olmalıdır. Baxın,
indi demək olar ki, bütün dünyada Azərbaycan
diaspor təşkilatları fəaliyyət göstərir, 50-dən
yuxarı ölkədə Azərbaycan səfirlikləri fəaliyyətə
başlamışdır və uğurla fəaliyyət göstərirlər.
Yəni, indi bizim təbliğat imkanlarımız genişdir.
Biz heç vaxt, tarix boyu başqa xalqın milli
dəyərinə, yaxud da ki, milli irsinə göz
dikməmişik. Ancaq əfsuslar olsun ki, bizə qarşı
həmişə belə cəhdlər olub. Yenə də deyirəm, bunun
əsas səbəbi Azərbaycan xalqının istedadı və
mədəniyyətimizin zəngin olmasıdır. Ancaq biz
əlbəttə ki, mədəni irsimizi qoruyacağıq,
bütövlükdə müstəqilliyimizi qoruyacağıq,
müstəqil seçimimizi qoruyacağıq. Əminəm ki,
Azərbaycanın inkişafı çox parlaq, çox uğurlu
olacaqdır. Azərbaycan dünyanın ən inkişaf etmiş
ölkələri sırasına daxil olacaqdır.
Əziz dostlar,
bir daha sizi ürəkdən salamlayıram. Əminəm ki,
akademiyanın inkişafı bundan sonra da uğurlu
olacaqdır. Verilən əlavə tapşırıqlar yaxın
zamanlarda akademiyanın inkişafına müsbət təsir
göstərəcəkdir. Sağ olun!
***
Mahmud
KƏRİMOV: Möhtərəm cənab Prezident, alimlərin iş
şəraitinin yaxşılaşdırılması, sosial
müdafiəsinin gücləndirilməsi, akademik və elmi
məktəblərin qorunub saxlanılması və elmi kadr
hazırlığı işinin təkmilləşdirilməsi
istiqamətində apardığınız ardıcıl siyasətinizə
görə Azərbaycan elmi ictimaiyyəti adından Sizə
bir daha dərin təşəkkürümüzü bildiririk.
Azərbaycanın
inkişafına, xalqımızın maddi rifah halının
yüksəldilməsinə, dövlətimizin beynəlxalq
nüfuzunun artırılmasına yönəlmiş fəaliyyətinizdə
Sizə uğurlar arzulayırıq. Eyni zamanda, Sizi
əmin edirik ki, Azərbaycan Milli Elmlər
Akademiyası həmişə olduğu kimi, bundan sonra da
Sizin apardığınız siyasəti dəstəkləyərək dövlət
maraqlarını hər şeydən üstün tutacaqdır.
Beləliklə,
bugünkü yığıncağımız başa çatdı.
***
Yığıncaqdan
sonra Prezident İlham Əliyevə akademiyanın
strukturunda yer alan bəzi binaların inşası və
yenidən qurulması ilə bağlı həyata keçirilən
işlər barədə məlumat verildi.
Dövlətimizin
başçısı akademiyanın digər hissələrində aparılan
yenidənqurma və abadlıq işləri ilə də tanış
oldu.
AzərTAc |
|