Prezident
İlham Əliyev yığıncaqda iştirak edib
Aprelin 26-da
Azərbaycan Milli Elmlər Akademiyasının illik
ümumi yığıncağı keçirilmişdir.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev
yığıncaqda iştirak etmişdir.
Dövlətimizin
başçısı əvvəlcə Azərbaycan Milli Elmlər
Akademiyasının binası ətrafında aparılan
yenidənqurma və abadlıq işləri ilə tanış oldu.
Akademiyanın
prezidenti Mahmud Kərimov bildirdi ki, ərazidə
fəaliyyət göstərən Milli Elmlər Akademiyasının
elmi-tədqiqat institutlarında yenidənqurma
işləri görülmüş, binalar təmir olunmuş, geniş
yaşıllıq zolağı salınmışdır. 2007-ci ilin
sonundan başlanan təmir və yenidənqurma
tədbirlərinin tamamlandığı, iş otaqlarının
zəruri avadanlıqla təchiz olunduğu, akademiya
işçilərinin elmi fəaliyyəti üçün hər cür
şəraitin yaradıldığı qeyd edildi.
Prezident
İlham Əliyev binanın əvvəlki vəziyyətini və
aparılmış təmir işlərini əks etdirən fotolara
baxdı.
Bildirildi ki,
dövlətimizin başçısının qayğısı sayəsində
paytaxtın gözəl memarlıq nümunəsi olan
Azərbaycan Milli Elmlər Akademiyasının binası
yenidən möhtəşəm görkəmi ilə Bakıya yaraşıq
verir.
Sonra
Azərbaycan Milli Elmlər Akademiyasının illik
ümumi yığıncağı keçirildi.
Yığıncağı
AMEA-nın prezidenti Mahmud KƏRİMOV giriş sözü
ilə açaraq dedi:
- Möhtərəm
cənab Prezident!
Sizin Bakı
şəhərinin unikal memarlıq incisi sayılan
Azərbaycan Milli Elmlər Akademiyası binasının
əsaslı təmir və yenidən qurulmasından sonra onun
açılış mərasimində iştirakınız, həmçinin
əlamətdar hadisə olan akademiyanın illik ümumi
yığıncağına gəlişiniz ölkəmizin elmi
ictimaiyyəti tərəfindən böyük minnətdarlıq hissi
ilə qarşılanır.
Azərbaycan
Milli Elmlər Akademiyasının elmi-tədqiqat
institutlarının böyük bir hissəsi keçən əsrin
60-cı illərində görkəmli memar, akademik Mikayıl
Hüseynovun layihəsi əsasında tikilmiş bu binada
yerləşir. Bu bina uzun illər ölkəmizin elm
məbədgahı funksiyasını yerinə yetirmişdir. Sizin
xüsusi tapşırığınıza əsasən bu möhtəşəm binada
2007-ci ilin sonundan əsaslı təmir və
yenidənqurma işlərinə başlanılmışdır. Budur,
artıq bu bina klassik memarlıq xüsusiyyətləri
ilə modern memarlıq üslubunu özündə birləşdirən
möhtəşəm bir sənət abidəsi kimi yenidən
alimlərin ixtiyarına verilir.
Xüsusi
olaraq qeyd etmək istərdim ki, son illərdə
akademiyanın elmi-tədqiqat müəssisələrinin
maddi-texniki bazasının gücləndirilməsi,
binalarının əsaslı təmiri və yenidən qurulması
intensiv hal almışdır. Sizin birbaşa
göstərişiniz əsasında Azərbaycan Milli Elmlər
Akademiyasının Şamaxı Astrofizika
Rəsədxanasının, Milli Azərbaycan Tarixi
Muzeyinin, Nizami Gəncəvi adına Ədəbiyyat
Muzeyinin əsaslı təmirini misal gətirmək olar.
Buna görə mən akademiyanın çoxsaylı kollektivi,
bütövlükdə, respublikamızın elmi ictimaiyyəti və
şəxsən öz adımdan Sizə dərin minnətdarlığımı
bildirirəm.
Ümummilli
liderimiz Heydər Əliyevin həm sovet hakimiyyəti,
həm də müstəqillik illərində elmin inkişafı
sahəsində yeritdiyi ardıcıl siyasət nəticəsində
Azərbaycan Milli Elmlər Akademiyası qorunub
saxlanılmış, fəaliyyət dairəsi xeyli
genişləndirilmiş, səlahiyyətləri artırılmışdır.
Azərbaycanda elmi-texniki potensialı qorumaq və
inkişaf etdirmək, iqtisadiyyatı gücləndirmək,
mədəniyyəti zənginləşdirmək, xalqın milli
mənafeyini qorumaq baxımından onun qarşısında
mühüm vəzifələr qoyulmuşdur.
Cənab
Prezident!
Siz digər
sahələrdə olduğu kimi, dövlətin elm siyasəti
sahəsində də ümummilli liderimiz Heydər Əliyevin
ənənələrini davam etdirir, Azərbaycanın milli
sərvətinin ayrılmaz tərkib hissəsi olan elmi
potensialın qorunmasını, inkişaf etdirilməsini
dövlət siyasətinin ən vacib istiqamətlərindən
biri hesab edirsiniz. Sizin akademiya
işçilərinin maddi rifah halının
yaxşılaşdırılmasına, onun strukturunun
təkmilləşdirilməsinə, milli cəmiyyət və
demokratik dövlət quruculuğu işində elmi
potensialdan istifadəyə yönəlmiş sərəncamlarınız
bunun bariz nümunəsidir.
Siz
Milli Elmlər Akademiyasının ölkəmizin iqtisadi,
sosial və mədəni inkişafında, elmi kadrların
hazırlanmasında rolunu, həmçinin akademiya
əməkdaşlarının yaradıcı əməyini qiymətləndirərək
onların bir çoxunu müstəqil Azərbaycanın orden,
medal və fəxri adları ilə təltif etmisiniz.
Cənab
Prezident!
Hazırda
respublikanın ictimai həyatında əlamətdar
hadisələrdən biri Sizin xüsusi sərəncamınızla
təsdiq edilmiş Azərbaycan Respublikasının dövlət
müstəqilliyinin bərpasının iyirminci ildönümünün
təntənəli şəkildə qeyd edilməsidir. Siz yubiley
tədbirlərinin həyata keçirilməsi üçün digər
dövlət orqanları ilə bərabər akademiyanı da
tədbirlərin icrası üzrə məsul təşkilat kimi
müəyyənləşdirmisiniz. Bunu Sizin tərəfinizdən
akademiyaya göstərilən böyük etimad hesab
edirik.
Sizin
akademiyaya xüsusi diqqət və qayğınız, bu sahədə
həyata keçirdiyiniz siyasət, bu siyasətin
göstəricisi olan əməli addımlarınız akademiyanın
çoxsaylı kollektivi qarşısında yeni vəzifələr
qoyur. Hazırda Azərbaycan elmi Sizin
sərəncamınızla təsdiq edilmiş "Azərbaycan
Respublikasında 2009-2015-ci illərdə elmin
inkişafı üzrə Milli Strategiya və onun həyata
keçirilməsi ilə bağlı Dövlət Proqramı"nın
prinsiplərinə və tələblərinə uyğun fəaliyyət
göstərir.
Möhtərəm cənab
Prezident!
Hörmətli
yığıncaq iştirakçıları!
Azərbaycan
Milli Elmlər Akademiyasının 2010-cu il aprelin
29-da keçirilmiş illik ümumi yığıncağından sonra
akademiyanın yeddi üzvü dünyasını dəyişmişdir.
Bunlar
akademik Fuad Qasımzadə, akademik Toğrul
Şahtaxtinski, akademik Musa Musayev, akademik
Cəmil Quliyev, akademik Məhəmməd Emin
Şahtaxtinski, akademiyanın müxbir üzvü Səlim
Musayev, akademiyanın müxbir üzvü Zemfira
Verdiyevadır. Xahiş edirəm, akademiya üzvlərinin
xatirəsini bir dəqiqəlik sükutla yad edək.
Akademiyanın
vəfat etmiş üzvlərinin xatirəsi bir dəqiqəlik
sükutla yad edildi.
M.Kərimov
sözünə davam edərək dedi ki, bu gün biz bu
salona Azərbaycan Milli Elmlər Akademiyasının
2010-cu ildəki fəaliyyəti və respublikanın digər
elm və təhsil müəssisələrində yerinə yetirilmiş
elmi-tədqiqat işlərinin əsas nəticələri haqqında
hesabatı müzakirə etmək üçün toplaşmışıq.
Azərbaycan
Milli Elmlər Akademiyasının Rəyasət Heyəti
tərəfindən təsdiq edilmiş siyahı tərkibi 53
həqiqi üzvdən (akademik) və 106 müxbir üzvdən
ibarətdir. İclasda 49 akademik və 95 müxbir üzv
iştirak edir. Bu, o deməkdir ki, yetərsay
vardır. Beləliklə, iclas öz işinə başlamağa
səlahiyyətlidir.
Ümumi iclasın
gündəliyində bir məsələ vardır: Azərbaycan Milli
Elmlər Akademiyasının 2010-cu ildəki fəaliyyəti
və respublikanın digər elm və təhsil
müəssisələrində yerinə yetirilmiş elmi-tədqiqat
işlərinin əsas nəticələri haqqında hesabat.
Gündəlik səsə
qoyuldu və qəbul olundu, reqlament
müəyyənləşdirildi.
Akademiyanın
prezidenti sözünə davam edərək bildirmişdir ki,
2011-ci il olduqca əlamətdar bir ildir. Məhz bu
ildə bizim dövlət müstəqilliyinin bərpasının 20
ili tamam olur. Bu 20 ilə nəzər salaraq, böyük
qürur hissi ilə deyə bilərik ki, Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyev
hakimiyyətə qayıtdıqdan sonra onun ictimaiyyətlə
ilk görüşü Elmlər Akademiyasında keçirilmişdir.
Əgər hakimiyyət Milli Elmlər Akademiyasını
xalqımızın milli sərvəti sayırdısa, akademiya da
daim Azərbaycan dövlətçiliyini göz bəbəyi kimi
qorumağa çalışırdı.
Biz müxtəlif
formatda cənab Prezidentlə elmin problemlərini
müzakirə etmişik. Prezidentimiz Milli Elmlər
Akademiyasının illik yığıncağında iştirak edir.
İcazə verin,
hamınızın adından ali qonağı bir daha salamlayım
və onu çıxış üçün tribunaya dəvət edim.
Prezident
İlham Əliyev yığıncaqda giriş nitqi söylədi.
-Əziz dostlar!
Hörmətli
xanımlar və cənablar!
İlk növbədə,
məni akademiyaya dəvət etdiyinizə görə sizə
minnətdarlığımı bildirmək istəyirəm. Bu gün
akademiyanın ümumi illik yığıncağı keçirilir.
Əminəm ki, yığıncaq çox uğurlu keçəcəkdir və
Azərbaycan elminin gələcək inkişafı üçün burada
çox dəyərli fikirlər səslənəcəkdir. Akademiyanın
əsas binasında çox gözəl təmir işləri
aparılmışdır. Qısa müddət ərzində çox gözəl
işlər görülmüşdür və bildiyimə görə,
akademiyanın digər binalarında da təmir işləri
aparılır. Burada yaradılan şərait artıq ən
yüksək səviyyəyə cavab verir. Bütövlükdə
akademiyanın maddi-texniki bazasının
möhkəmləndirilməsi işində konkret addımlar
atılır. Bu siyasət bundan sonra da davam
etdiriləcəkdir. Elə etməliyik ki, akademiyanın
bütün ehtiyacları təmin olunsun və maddi-texniki
bazası daha da gücləndirilsin.
Azərbaycan
Elmlər Akademiyası 1945-ci ildən fəaliyyət
göstərir. 1945-ci ildən bu günə qədər akademiya
böyük və uğurlu yol keçmişdir. Alimlərimiz
Azərbaycanın inkişafına müxtəlif dövrlərdə
dəyərli töhfələrini vermişlər. Azərbaycan
müstəqilliyə qovuşanda isə müxtəlif fikirlər var
idi. Hətta, - siz yəqin ki, bunu yaxşı
xatırlayırsınız, - 1992-ci ildə akademiyanın
ləğvi barədə, bağlanması haqqında təkliflər
irəli sürülmüşdür. Əgər 1993-cü ildə Heydər
Əliyev xalqın tələbi ilə Azərbaycanda siyasi
hakimiyyətə qayıtmasaydı, yəqin ki, akademiyanın
taleyi çox acınacaqlı ola bilərdi. Məhz Heydər
Əliyevin Azərbaycan elminə bütün dövrlərdə
göstərdiyi diqqət və qayğı nəticəsində elmin
inkişafı sürətlə aparılırdı. Müstəqil yaşamağa
başlayanda əlbəttə ki, ölkədə mövcud olan ciddi
iqtisadi və sosial məsələlər gündəliyin birinci
sıralarında idi. Ancaq bununla bərabər, ulu
öndər Heydər Əliyev Azərbaycanın gələcəyini
düşünərək və uzaqgörənliklə, müdrikliklə bütün
dövrlərdə, o cümlədən müstəqillik dövründə elmin
inkişafına çox böyük diqqət göstərmişdir. Burada
səsləndi və təsadüfi deyil ki, hakimiyyətə
qayıdandan sonra onun Azərbaycan ictimaiyyəti
ilə ilk görüşü məhz akademiyada olmuşdur.
Akademiyada
Azərbaycanın intellektual elitası cəmlənib.
Akademiyanın inkişafı Azərbaycanda elmin
inkişafına birbaşa təsir göstərir. Əgər inkişaf
etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik
ki, həmin ölkələrin uğurlarının təməlində ideya,
fikir, innovasiya, elmi-texniki tərəqqi dayanır.
Biz də ölkəmizdə müxtəlif istiqamətlərdə
islahatlar apararkən müasirləşməyə üstünlük
veririk. Müasir dövlətin qurulması elmin
inkişafı olmadan mümkün deyildir.
Bu gün Heydər
Əliyev siyasəti Azərbaycanda bütün
istiqamətlərdə davam etdirilir, o cümlədən
dövlətin elmə olan münasibətində də özünü
göstərir. Təsadüfi deyil ki, akademiyanın
maddi-texniki bazasının möhkəmləndirilməsi işinə
çox böyük diqqət göstərilir. Eyni zamanda,
akademiyanın fəaliyyətinin genişləndirilməsi və
elmi tədqiqatların iqtisadiyyatla, bizim
iqtisadi siyasətlə uzlaşması üçün konkret
addımlar atılır.
2009-cu ildə
Elmin İnkişafı üzrə Milli Strategiya və Dövlət
Proqramı qəbul edilmişdir, ondan sonra Elmin
İnkişafı Fondu yaradılmışdır. Bu fondun xətti
ilə nəinki müasir avadanlığın alınması öz
həllini tapır, eyni zamanda, müxtəlif qrantlar
verilir ki, biz Azərbaycanda elmi araşdırmaları
stimullaşdıraq.
Azərbaycan
müstəqil dövlət kimi uğurlu siyasət aparır.
Ölkəmiz inkişaf edir. Bu inkişaf özünü bütün
istiqamətlərdə göstərir. Əlbəttə, elmin inkişafı
da ümumi inkişaf templəri ilə uzlaşmalıdır.
Azərbaycanda elmin, ali təhsilin, iqtisadiyyatın
birliyi yaradılmalıdır. Bizim üçün elmin
inkişafı ilə bağlı əsas məsələ prioritetlərin
düzgün seçilməsidir. İşimizi bu prioritetlər
üzərində qurmaq üçün konkret təkliflər
verilməlidir.
Bütün
dövrlərdə alimlərimiz Azərbaycanın müxtəlif
istiqamətlərdə inkişafına dəyərli töhfələrini
vermişlər. İndiki şəraitdə, müstəqilliyimizin
inkişafı və möhkəmlənməsi şəraitində, əlbəttə,
elmi potensialın güclənməsinə böyük ehtiyac
vardır.
Azərbaycan
alimləri, bir də demək istəyirəm ki, müxtəlif
sahələrdə öz sözünü demişlər. Azərbaycanda dünya
səviyyəsində aparılan araşdırmalar da öz müsbət
təsirini göstərmişdir. Geoloq alimlərimiz
ölkəmizin təbii resurslarının kəşfi ilə bağlı
əvəzolunmaz xidmətlər göstərmişlər. Bu gün bu
təbii resurslar ölkəmizin müstəqilliyini
gücləndirir, müstəqil siyasət aparmaq
imkanlarımızı böyük dərəcədə şərtləndirir. XX
əsrin ortalarında Xəzər dənizində dünyada ilk
dəfə kəşf edilmiş neft bu gün müstəqil
Azərbaycana xidmət göstərir. Azərbaycanda uğurlu
neft strategiyasının aparılması nəticəsində bu
gün biz enerji təhlükəsizliyimizi tam şəkildə
təmin edə bilmişik. Təbii resurslardan çox
səmərəli şəkildə istifadə edirik. Avropanın
enerji təhlükəsizliyi məsələlərinin həlli üçün
səylərimizi göstəririk. Bu gün Azərbaycan
Avropanın enerji təhlükəsizliyinin təmin
edilməsi üçün ən vacib tərəfdaşlardan biridir.
Əgər vaxtilə
alimlərimiz böyük neft-qaz yataqlarını kəşf
etməsəydilər və Azərbaycanın bu təbii resursları
olmasaydı, müstəqil həyatımız başqa istiqamətdə
inkişaf edə bilərdi. Bir daha demək istəyirəm
ki, bu amil iqtisadi müstəqillik verir.
Beləliklə, Azərbaycanda siyasi müstəqillik də
lazımi səviyyədədir. Hesab edirəm ki, gələcək
illərdə bu sahədə əlavə tədbirlər görülməlidir.
Bu gün maliyyə resurslarımız belə imkanlar
yaradır. Elə etməliyik ki, bundan sonra da uzun
illər, onilliklər ərzində Azərbaycan dünya
enerji bazarında öz rolunu daha da artırsın və
milli maraqlarımız tam şəkildə təmin edilsin.
Hesab edirəm
ki, bütövlükdə Xəzər dənizinin tədqiqi ilə bağlı
əlavə addımlar atılmalıdır. Bu istiqamətdə böyük
işlər görülüb, ancaq biz hələ də Xəzər dənizini
istədiyimiz qədər bilmirik, tanımırıq. Ona görə,
elmi sahədə bu məsələ daim diqqət mərkəzində
olmalıdır.
Bu gün
Azərbaycan iqtisadiyyatı qarşısında duran
çağırışlar elmin inkişafı ilə bilavasitə bağlı
olmalıdır. Bu gün biz böyük neft-kimya
kompleksinin tikilməsi üzərində işləyirik.
Neft-kimya sahəsində böyük perspektivlər vardır.
Nəzərə alsaq ki, ölkəmizdə bu istiqamətdə bütün
dövrlərdə çox güclü elmi məktəb olmuşdur, bu,
iqtisadi gücümüzü artıracaq, yeni iş yerlərinin
açılmasına gətirib çıxaracaqdır. Hesab edirəm
ki, bu gün alimlərimiz öz işlərini bu sahə üzrə
müvafiq dövlət qurumları ilə əlaqəli şəkildə
aparmalıdırlar. Azərbaycan hökumətinə müvafiq
göstərişlər verilmişdir ki, bu sahəyə biz
Azərbaycan elmini də cəlb edək.
Bu gün ölkə
qarşısında duran vəzifələr prioritetlər əsasında
müəyyən edilib. Elm qarşısında duran məsələ də
eyni qaydada həll olunmalıdır. Yenə də demək
istəyirəm ki, ilk növbədə enerji təhlükəsizliyi
məsələləri gündəlikdə durmuşdur. Bu məsələlər öz
həllini tapıbdır və hazırda biz ölkəmizin
hərtərəfli inkişafı ilə bağlı siyasətimizi
aparırıq. İqtisadiyyatımızın qeyri-neft
sektorunun inkişafı ilə bağlı çox ciddi addımlar
atılıbdır. Konkret proqramlar icra edilir. Bu
proqramlar öz bəhrəsini verməkdədir.
Son yeddi ildə
Azərbaycanda bir milyona yaxın yeni iş yerləri
açılmışdır ki, bunların mütləq əksəriyyəti
qeyri-neft sektorunda yaradılmışdır. Bütövlükdə
Azərbaycan iqtisadiyyatının uğurlu inkişafı
dünya miqyasında bir fenomendir. Son bir neçə il
ərzində ölkəmizdə iqtisadi artım ən yüksək
səviyyədədir və biz bu göstəriciyə görə dünya
miqyasında birinci yerdəyik. Bununla bərabər,
iqtisadiyyatın hərtərəfli inkişafı da beynəlxalq
maliyyə qurumları tərəfindən qiymətləndirilir.
Azərbaycanın bütün beynəlxalq reytinqləri artır.
Hətta böhranlı 2009-2010-cu illərdə bu
göstəricilər ən yüksək səviyyədədir. Bununla
bərabər, biz uzunmüddətli inkişaf strategiyamızı
müəyyən edərkən mütləq güclü elmi bazaya
arxalanmalıyıq. Biz iqtisadi inkişafımızın
gələcək istiqamətlərini müəyyən edərkən güclü
elmi əsaslara söykənməliyik. Burada düzgün
proqnozlar verilməlidir. Biz nəinki beşillik
proqramı icra edərkən bu məsələlərlə məşğul
olmalıyıq, uzaq gələcəyə baxmalıyıq - 20 ildən,
30 ildən sonra Azərbaycan hansı imkanlar
hesabına inkişaf edəcəkdir?! Azərbaycanda elə
güclü potensial yaradılmalıdır ki, ölkəmizin
inkişafı uzunmüddətli, uğurlu və dayanıqlı
olsun. Biz neft-qaz amilindən asılılığımızı
tədricən azaldırıq. Artıq bu istiqamətdə müəyyən
işlər görülmüşdür. Gələcəkdə isə biz çoxşaxəli
iqtisadiyyat yaratmaqla elmi əsaslara
söykənərək, dayanıqlı inkişaf modelimizi
qurmalıyıq. Burada əlbəttə ki, alimlər öz sözünü
deməlidirlər. Biz hökumətlə bərabər, dövlət
strukturları ilə birgə bu fəaliyyəti
gücləndirməliyik. Ona görə bu sahədə aparılan
işlərə xüsusi diqqət göstərilməlidir.
Biz hazırda
ərzaq təhlükəsizlik məsələləri ilə çox ciddi
məşğuluq. Bildiyiniz kimi, sovet dövründə vahid
xalq təsərrüfatı kompleksi mövcud idi. Bu
məsələlər sovet hökuməti tərəfindən
tənzimlənirdi. Müstəqillik dövründə, xüsusilə
bəzi hallarda təbii fəlakətlər nəticəsində
ərzaqla bağlı yaranan çətinliklərlə üzləşərək
biz ərzaq təhlükəsizliyi məsələlərimizi daxili
imkanlar hesabına təmin etməliyik. Bu
istiqamətdə işlər aparılır.
Azərbaycanda
sahibkarlığın inkişafının dəstəklənməsi,
kreditlərin verilməsi, özəl sektorun inkişafı -
bütün bu məsələlər bir məqsədi güdür ki, biz
ərzaq təhlükəsizliyimizi tam şəkildə təmin edək.
Hesab edirəm ki, növbəti 2-3 il ərzində biz
özümüzü əsas ərzaq məhsulları ilə təmin
etməliyik və bununla bərabər, çox güclü ixrac
potensialımızı da yaratmalıyıq. Ona görə, aqrar
elmlərin inkişafı və iqtisadi inkişafla
uzlaşması xüsusi məna daşıyıb. Hesab edirəm ki,
Milli Elmlər Akademiyasının aqrar bölməsinin
yaradılması üçün konkret addımlar atılmalıdır.
Vaxt itirmədən
bu bölmə yaradılmalıdır və fəal işə
başlamalıdır. Beləliklə, əgər bu məsələlər öz
həllini taparsa hesab edirəm ki, bu, Azərbaycan
elminin inkişafına güclü təkan olacaq,
sifarişlər veriləcəkdir. Dövlət qurumları və
özəl sektor tərəfindən sifarişlər verilməlidir.
Alimlərimiz bu sifarişlər əsasında işləyəcəklər.
Nəzərə alsaq ki, Azərbaycan dövləti bundan sonra
da elmin inkişafı üçün maliyyə dəstəyini
verəcək, beləliklə, biz elmin inkişafına uğurla
nail ola bilərik.
Ölkəmizdə
hazırda müasirləşmə siyasəti aparılır. Bu
siyasət özünü bütün istiqamətlərdə
göstərməkdədir. Xüsusilə, elmi-texniki tərəqqi
ilə bağlı addımlarımız gələcəyə yönəldilib.
Bəlkə biz gənc müstəqil ölkə üçün xas olmayan
təşəbbüslərlə çıxış edirik. Azərbaycanda kosmik
sənayenin yaradılması prosesi gedir. Mən əminəm
ki, bu proses sürətlə gedəcəkdir. Bu, bizim
dövlət siyasətimizdir. Hesab edirəm ki, birinci
telekommunikasiya peykinin orbitə
çıxarılmasından sonra bu sahəyə daha da böyük
təkan veriləcəkdir. Azərbaycanda çox güclü
kosmik sənaye yaradılacaqdır. Azərbaycan elmi də
bu təşəbbüslərə öz dəstəyini verməlidir. Burada
əlbəttə ki, beynəlxalq əlaqələr öz rolunu
oynamalıdır. Dünyanın aparıcı elmi mərkəzləri
ilə əməkdaşlıq səviyyəsi daha da güclü
olmalıdır. Çünki bu sahədə bizdə olan potensial
hesab edirəm ki, hələ istədiyimizə cavab vermir.
Bütövlükdə beynəlxalq elmi mərkəzlər ilə
əməkdaşlıq daha da geniş olmalıdır.
İnformasiya-kommunikasiya sektorunda uğurlarımız
göz qabağındadır. Qısa müddət ərzində bu sahədə
böyük nailiyyətlər əldə edilmişdir. Bu gün MDB
məkanında Azərbaycan İKT ilə bağlı ön
sıralardadır. Ancaq vəzifəmiz bununla bitmir.
Yəni, istəyimiz ondan ibarətdir ki, Azərbaycan
dünya miqyasında İKT-nin inkişafı üzrə birinci
sıralarda olsun. Dövlət dəstəyi, maliyyə
təminatı göstərilir, bəzi hallarda kreditlərin
verilməsi ilə əlaqədar beynəlxalq maliyyə
qurumları ilə aparılan danışıqlar nəticə
verməyəndə, Azərbaycan dövləti öz maliyyə
imkanlarını təşkil edir. İndi imkanlarımız
genişlənir və elmin, elmi tərəqqinin inkişafına
xüsusi diqqət göstərilməlidir, xüsusilə İKT
sektorunda. Çünki İKT-nin inkişafı bir neçə
məqsədi güdür. İlk növbədə bu, Azərbaycanın
intellektual potensialının inkişafına xidmət
göstərəcəkdir. Ölkədə gedən müasirləşmə
siyasətinə dəstəyini verəcəkdir. Digər tərəfdən,
bu sahədə çox böyük iqtisadi imkanlar vardır.
Gələcəkdə İKT sektorunda yaranacaq gəlir
Azərbaycan iqtisadiyyatının inkişafına çox böyük
təsir göstərəcəkdir. Ona görə hesab edirəm ki,
akademiyada bu istiqamətdə daha da ciddi
addımlar atılmalıdır.
Biz hərbi
sənaye kompleksini yaradırıq. Qısa müddət
ərzində demək olar ki, yaratmışıq. Bu gün
Azərbaycanda 430 adda hərbi təyinatlı məhsul
buraxılır. Gələcəkdə bu məhsulların sayı daha da
çoxalacaqdır.
Bununla
bərabər, tanınmış beynəlxalq şirkətlərlə birgə
fəaliyyətimiz genişlənir, yeni texnologiyalar
gətirilir və hazırda Azərbaycanda istehsal
olunan məhsullar dünya səviyyəsindədir. Nəzərə
alsaq ki, biz hərbi gücümüzü daim
möhkəmləndirməliyik və ordu quruculuğu prosesi
Azərbaycanda sürətlə gedir, buna böyük ehtiyac
vardır. Biz müharibə şəraitində yaşayırıq və
dövlətin bu məsələlərə çox böyük diqqəti və
maliyyə təminatı vardır. Hesab edirəm ki,
Azərbaycan alimləri bu istiqamətdə də öz sözünü
deməlidirlər. Dövlət qurumları ilə, xüsusilə
Müdafiə Sənayesi Nazirliyi ilə işlər daha da
yüksək səviyyədə aparılmalıdır. Bu işlər
aparılır. Ancaq bu, çox perspektivli
istiqamətdir və daim diqqət mərkəzində
olmalıdır.
Bir sözlə,
iqtisadi inkişafımızla, sənaye inkişafımızla
bağlı çox konkret proqramlar vardır. Azərbaycan
elmi bu istiqamətdə öz sözünü deməlidir. Hazırda
Azərbaycanda böyük texnoparklar və çox böyük
sənaye potensialı yaradılır. Əlbəttə ki, bu
təşəbbüslər gözəl nəticələrini verəcək və qeyd
etdiyim kimi, ölkə iqtisadiyyatının neft
amilindən asılılığını azaltmaq üçün öz təsirini
göstərəcəkdir. Bu halda Azərbaycan elmi də
burada ön sıralarda olmalıdır.
Humanitar
elmlərlə bağlı məsələlər, əlbəttə ki, daim
diqqət mərkəzindədir və bu sahədə aparılan işlər
çox uğurludur, təqdirəlayiqdir. Biz bu sahəyə
daim diqqət göstərməliyik. Çünki bildiyiniz
kimi, müstəqillikdən əvvəl bizi millət kimi
qoruyub saxlayan milli dəyərlərimiz, milli
ənənələrimiz, ana dilimiz, ədəbiyyatımız,
musiqimiz olub. Ona görə bu sahəyə dövlət
tərəfindən daim diqqət göstərilir. Hesab edirəm
ki, Elmlər Akademiyası bu istiqamətdə çox uğurlu
fəaliyyət göstərir. Sadəcə olaraq, qeyd
etməliyəm ki, bu məsələ daim diqqət mərkəzində
olmalıdır.
Ana dilimizə
hörmət və qayğı daimi olmalıdır. Biz ana
dilimizi xarici təsirdən qorumalıyıq. Ana
dilimiz bizim toxunulmaz sərvətimizdir.
Azərbaycan xalqının formalaşmasında, müstəqil
Azərbaycanın formalaşmasında ana dilimiz
�
Azərbaycan dili müstəsna rol oynamışdır. Biz elə
etməliyik ki, dilimizin saflığını daim qoruyaq.
Bu məsələyə çox ciddi diqqət göstərilməlidir.
Ədəbiyyat üzrə
araşdırmalar davam etdirilir. Burada da
fəaliyyət üçün çox geniş meydan vardır. Çünki
ədəbiyyatımız dünya ədəbiyyatının inkişafında
çox böyük rol oynamışdır. Biz haqlı olaraq bu
barədə qürur hissi ilə danışa bilərik.
Arxeoloji
qazıntıların aparılmasına dəstək verilir, vəsait
ayrılır. Bu da çox vacib sahədir. Biz
keçmişimizi bilirik, daha da dərindən
öyrənməliyik və bu istiqamətdə aparılan işlər
davam etdiriləcəkdir. Arxeoloji qazıntılar bizə
yeni bilgilər, yeni məlumatlar verir. Beləliklə,
tariximiz haqqında bizdə və dünyada daha da
dolğun təsəvvür yaranacaqdır.
Tarix elmləri
ilə bağlı olan məsələlər daim diqqət
mərkəzindədir. Biz bu məsələyə çox böyük diqqət
göstəririk. Mən çox şadam ki, tarixçilərimiz çox
sanballı və əsaslı əsərlər yaradırlar. Xüsusilə,
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin mövcudluğu bizə diktə edir ki, bu
sahəyə daha da böyük diqqət göstərək. Çünki bu
bölgənin tarixi ermənilər tərəfindən daim
saxtalaşdırılır, daim təhrif olunur. Şadam ki,
alimlərimiz mənim çağırışıma müsbət cavab
verərək qısa müddət ərzində bu bölgənin tarixi
ilə bağlı çox gözəl və real faktlara əsaslanmış
əsərlər yaratmışlar. Başlıcası, İrəvan
xanlığının tarixi ilə bağlı yaradılmış əsərlər
xüsusi məna daşıyır. Çünki əfsuslar olsun ki,
dünya birliyi demək olar, bilmirdi ki, bugünkü
Ermənistan dövləti tarixi Azərbaycan
torpaqlarında yaranmışdır.
Biz
təşəbbüslərimiz, tarixə müraciətimiz və konkret
dəlillərlə, faktlarla mövqeyimizi
əsaslandırmışıq ki, İrəvan Ermənistanın paytaxtı
kimi Azərbaycan dövləti tərəfindən 1918-ci ildə
verilmişdir. İrəvan xanlığında yaşayan əhalinin
əksəriyyəti azərbaycanlılar idi. Zəngəzur mahalı
qədim Azərbaycan torpağıdır və süni şəkildə
Ermənistana verilmişdir. Zəngəzur mahalının
Ermənistana verilməsi böyük ədalətsizlik idi.
Doğma torpağımızın bir parçası Ermənistana
birləşdirildi. Bunun çox böyük mənfi nəticəsi
oldu. Bu, bütün türk dünyasını parçaladı. Bu gün
türk dünyası coğrafi baxımdan parçalanıb.
Düzdür, biz siyasi addımlarla, iqtisadi
təşəbbüslərlə, türkdilli dövlətlərin zirvə
görüşlərinin keçirilməsi ilə, - mən TÜRKSOY-un
fəaliyyətini də qeyd etməliyəm, - çalışırıq və
çalışacağıq ki, bütün türk dünyasını
birləşdirək, siyasi maraqları birləşdirək,
iqtisadi sahədə daha da çoxtərəfli əməkdaşlıq
aparılsın. Ancaq coğrafi cəhətdən bu gün türk
dünyası parçalanıbdır. Yəni, bütün bu tarixi
həqiqətlər işıq üzü görməlidir. Nəinki ölkə
daxilində, eyni zamanda, xaricdə də bunu
bilməlidirlər. Ona görə bu kitabların xarici
dillərdə nəşri xüsusi məna daşıyır.
Bütün indiki
Ermənistan ərazisinin əksər toponimləri
Azərbaycan mənşəli toponimlərdir. Şəhərlərin,
kəndlərin adları. Hətta bunu Böyük Sovet
Ensiklopediyasında da görmək mümkündür. O vaxt
erməni şəhərlərinin adları və onların əski
variantı yazılmışdı. Biz bütün bunları
bilməliyik. Bu gün Ermənistan dövləti bizə qarşı
ərazi iddiası ilə çıxış edir. Torpaqlarımız
işğal altındadır. Dağlıq Qarabağ işğal
altındadır. Dağlıq Qarabağ əzəli Azərbaycan
torpağıdır. Erməni təbliğatı bütün dünyada bizə
qarşı işə salınıbdır. Biz isə həqiqətləri
çatdırmalıyıq ki, Xankəndi şəhəri Stepanakert
deyil, Xankəndidir. Stepanakert quldur
dəstəsinin rəhbəri Şaumyanın adına verilmişdir.
Mən dəfələrlə bu barədə demişəm, əgər o yaşayış
məntəqəsinin tarixi adı olsa idi, o tarixi adı
ermənilər bərpa edərdilər. Bu, bizim
torpağımızdır. Elmi araşdırmalar və elmi
əsərlər, kitablar çox vacibdir. Mən çox şadam
ki, bu istiqamətdə işlər gedir. Biz bu sahədəki
işimizi daha da gücləndirməliyik,
müasirləşdirməliyik. Bu məsələlərə nəinki
alimlərimiz, hesab edirəm ki, ictimaiyyətin
üzvləri də internet vasitəsilə fəal
qoşulmalıdırlar. Nəzərə alsaq ki, həqiqət və
tarixi ədalət bizim tərəfimizdədir, bu, bu gün
də lazımdır, gələcək üçün də.
Mən yenə də
deyirəm, bu sahədəki işlərlə bağlı təşəbbüslər
reallaşır. Bu, çox müsbət haldır. Hesab edirəm
ki, bu məsələyə xüsusi diqqət göstərilməlidir.
Biz həm bu məsələnin elmi tərəfindən, həm də
təbliğatımızda bu amildən daha da geniş şəkildə
istifadə etməliyik.
Mən bu gün
ölkəmizin və elmimizin inkişafı ilə bağlı bəzi
fikirlərimi ifadə etdim. Mən əminəm ki, hörmətli
alimlər, siz bütün bu məsələləri yaxşı
bilirsiniz. Sizin təklifləriniz əlbəttə ki,
nəzərə alınacaqdır. Hazırda qeyd etdiyim
təşəbbüslər
�
Elmin İnkişaf Fondunun yaradılması, Azərbaycan
Elminin İnkişafı üzrə Strategiyanın və Dövlət
Proqramının qəbul edilməsi də alimlər tərəfindən
verilmiş təşəbbüslər idi.
Biz elə
etməliyik ki, Azərbaycan elmi inkişaf etsin,
yaşasın və Azərbaycan dövlətinə, Azərbaycanın
milli maraqlarına həmişə olduğu kimi xidmət
etsin.
Mən sizi bir
daha ürəkdən salamlayıram. Dəvətinizə görə
minnətdaram. Sizə və akademiyanın bütün
üzvlərinə yeni uğurlar arzulayıram.
Sağ olun.
|